Ədəbiyyatın
mövzusunu cəmiyyət və zaman verir
Sumqayıt şəhərindəki Səməd
Vurğun adına Mərkəzi Kitabxanada fəaliyyət
göstərən Poeziya klubunun rəhbəri şair
İbrahim İlyaslı görüş
iştirakçıları adından
yazıçı-dramaturq, millət vəkili Hüseynbala Mirələmovu
salamlayaraq bildirdi ki, müasirimizin əsərlərinin bu
gün daha çox oxucu cəlb etməsinin
bəlkə də əsas səbəbi onun gerçək həyatımızın
ədəbi mənzərəsini bütün ziddiyyətləri
ilə ədəbiyyatımıza gətirməsidir. Əsərləri
istər respublikamızda, istərsə də bir sıra
ölkələrdə müxtəlif mükafatlara layiq
görülmüş H.Mirələmovun
yaradıcılığının iki istiqaməti haqqında
danışmaq və müəllifin özünün bizi
maraqlandıran suallara cavab verməsi bu günki
görüşümüzün əsas qayəsidir.
İ.İlyaslı
yazıçı-dramaturq Hüseynbala Mirələmovun siyasi
publisistika yaradıcılığının zirvəsi
adlandırıldığı Moskvanın məşhur
"Molodaya qvardiya" nəşriyyatının "Görkəmli
adamların həyatı" seriyasından nəşr olunan
"Heydər Əliyev" əsəri barəsində məlumat
verdi və bildirdi ki, əsər artıq dünyanın bir
çox dillərinə tərcümə olunub və çox
böyük maraqla qarşılanıb. Bu seriyadan müəllifin
"İlham Əliyev: tərcümeyi hal davam edir" və
"Zərifə Əliyeva" əsərləri də bu
gün siyasi publisistikanın parlaq nümunələri kimi
oxucuların dərin rəğbətini qazanmışdır.
Müəllifin ədəbi-bədii
yaradıcılığı haqqında görüş
iştirakçılarına ətraflı məlumatı isə
filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə
verdi:
- İki adamı təqdim etmək
həmişə çətin olub. Biri hamının
tanıdığı, digəri isə heç kimin
tanımadığı adamı. Mən elə bilirəm ki,
hamının tanıdığı adamı təqdim etmək
daha çətindir. Hər bir oxucunun yaddaşında bir
Hüseynbala Mirələmov var. İndi mən nə
danışım ki, oxucuların tanıdığı
Hüseynbala Mirələmov haqqında yeni bir şey olsun?
Böyük alman filosofu Hegel
demişdir: "Ehtiras olmadan heç bir böyük iş
görülməz". Ədəbiyyatın da canı,
cövhəri insan ehtiraslarıdır və
Hüseynbalanın əsərlərinin hər birində bu
ehtiras var.
Sonra alim "Görkəmli
adamların həyatı" nəşri və onun
bütün dünyada böyük nüfuza malik olması barədə
məlumat verdi və bildirdi ki, heç də hər bir
yazıçının əsəri bu seriyada nəşr
olunmur. Son bir neçə ildə görüşünə
toplaşdığımız yazıçının,
şair İ.İlyaslının da qeyd etdiyi kimi, bu seriyada
üç çox qiymətli əsəri nəşr olunub. Sual
oluna bilər ki, bu yazıçının istəyi, məramı
nədir ki, hələ gənc yaşlarından Heydər Əliyev
ideyaları ilə əsərlər yazıb və bu gün də
bu ideyalara yüksək sədaqət nümayiş etdirərək
üç əsəri Azərbaycan ictimai fikir tarixinə, Azərbaycan
ədəbiyyatına və oxucusuna təqdim etdi?
Mən qətiyyətlə deyə
bilərəm ki, bu üç kitab XXI əsr Azərbaycan
siyasi publisistikasının ən parlaq nümunəsidir. Etiraf
edək ki, ölkənin Prezidenti haqqında, ölkənin
ümummilli lideri elan olunmuş və qəbul edilmiş şəxs
haqqında əsər yazmaq çox çətindir. Ümumiyyətlə,
dahilər böyük şəxsiyyətlər haqqında
yazmaq çox çətindir. Çox çətindir ona
görə ki, gərək o şəxsiyyətin xalqın
yaddaşında olan obrazına xələl gətirməyəsən.
Müəllif bu kitabı yazana qədər Heydər Əliyev
haqqında 9 kitab yazıb. Bu onu göstərir ki,
yazıçı böyük düha haqqındakı bu
kitabı bütün dünyanın oxuyacağını,
obrazın möhtəşəmliliyini, əzəmətini dərk
edib. Azərbaycan kimi çətin və mürəkkəb
bir vəziyyətdə olan ölkəni dünya sahmanına
daxil edən şəxsiyyət haqqında əsər təbii
ki, bir gündə yazılmır. Ona görə də burada
bütün faktlar, hadisələr və gerçəkliklərlə
yanaşı bir şey onun köməyinə daha çox gəlib
ki, bu da onun bu şəxsiyyətə olan səmimi münasibəti,
sevgisidir. Şübhəsiz ki, bu üç əsər
Hüseynbala Mirələmovun təkcə Heydər Əliyev
ideallarına, Azərbaycan dövlətinə, Azərbaycan
xalqına sədaqətindən, bu millətə sevgisindən
irəli gəlmir.
Onun "Xəcalət" povestində
bir qəhrəman var. O, yanacaq dolu maşınlarla güllə
yağışı altında on cəbhəyə gedir. Heç nədən
qorxmur. Bu Hüseynbala Mirələmovun
özüdür. Vaxtilə Dövlət
Yanacaq Komitəsində rəhbər vəzifədə işləyərkən
döyüş bölgələrinə, cəbhəyə
yanacaq aparıb. Heç nədən
qorxmayıb. Vətən məhəbbəti
buradan başlayır.
N.Şəmsizadə
yazıçının yaşadığı həyat və
formalaşdığı mühütlə bağlı bir
çox məqamları da görüş
iştirakçılarına çatdıraraq bildirdi ki, H.Mirəlləmov
halal bir ocaqda böyüyüb və dünyaya da bu
ocağın işığında baxıb. Kişinin varlığında halallıq olmayanda onun
uşağı əyriqıç doğulur.
Mən bir fikrimdə də israrlıyam ki,
Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu
qaldıran və onu axıracan həll edən, ən
ardıcıl mövqeyə malik yazıçı
Hüseynbala Mirələmovdur. Deyirlər,
ədəbiyyatın böyüklüyü ondadır ki, o
tarixi qabaqlaya bilir. Mən belə bir
faktı dönə-dönə tənqid etmişəm ki, ədəbiyyatçılar,
yazıçılar gözləyir siyasətçilər
Qarabağ problemini həll etsin, sonra onlar əsərlər
yaratsınlar. Yanlış fikirdir. Bu düyünü ədəbiyyat
açmalıdır və tarixi qabaqlamalıdır. Ədəbiyyat hadisələrin arxasında yox,
önündə getməlidir.
Hüseynbala müəllimin əsərlərində
bu problemin ədəbi həlli var. "Yanan qar"
romanında müharibədə qalib gəlməyin bir yolu -
partizan müharibəsi göstərilir. Sual
olunur, hanı bu ölkənin partizan oğlanları? Niyə
Qarabağda erməni dığalarını göz yummağa
qoymayan bir əli-silahlı dolaşmır?...
Mən yazıçının "Cəza"
povestinin ilk oxucularından olmuşam. Və
ilk təəssüratımı yazıçı dostuma
"Dünyanı gözəlləşdirən "Cəza"
açıq məktubumda bildirmişəm. Təbiətə qəsd etmək olmaz. Bu qəsdin acı nəticələrini, insan
tamahının ağır bəlalarını bu gün
bütün bəşəriyyət çəkir. Mirələmovun "Cəza" povesti təbiətin
intiqamı haqqında əsərdir. Təbiətin
intiqamı Allahın intiqamıdır.
Allah öz varlığını göstərmək
üçün təbiətin gözəlliklərini,
heyvanlar aləmini yaradıb. Qədim
türklər Allahı günəş kimi təsəvvür
edirdilər. "Kitabi- Dədə Qorqud"da
yazılır:
"Ucalardan ucasan,
Kimsə bilməz necəsən".
Günəşin üzünü görmək
mümkün deyil.
"Cəza" povesti sadəcə bədii
ədəbiyyat faktı deyil. "Cəza"
povesti təbiət və insan qarşıdurmasının ən
yüksək bədii-fəlsəfi həllini verən bir əsərdir.
Hüseynbala Mirəlləmovun "Xəcalət"
povesti Yazıçılar Birliyinin ədəbiyyatın təbliği
bürosunun təsis etdiyi "Yaddaş" milli
mükafatına layiq görülmüş ilk əsərdir.
Çünki "Xəcalət" povesti
Qarabağ dərdinin, Qarabağ probleminin göz yaşı
yox, böyük bir xəcalət olduğunu ədəbiyyatımıza
gətirib. Kiçik bir qızın
iztirabları Azərbaycan xalqının hər bir ailəsinə
daxil oldu, heç kimin xəbəri olmadan hər bir evdə o
kitab oxundu.
Natiq yazıçının "Güllələnmiş
heykəllərin fəryadı" əsəri barədə
də fikirlərini bölüşdü və bildirdi ki, bu əsərin
mahiyyəti onu göstərdi ki, o güllələr bizim
yaddaşımıza atılıb. Millətin
faciəsi onda başlayır ki, yadın yaddaş üzərində
hakimiyyəti başlayır. Yad təkcə
kənardan gəlmiş əcnəbi deyil. O, öz
içimizdə də var.
Mən elə bilirəm ki, o güllələrin
vurduğu yaraların qanı hələ kəsilməyib.
O qan axa-axa biz hələ də yol gedirik. Bütün
dünya bizə ağıl verir ki, biz qan tökməyək.
Amma bizə qanımızın tökülməsini
rəva görürlər.
Üç şey var ki, onlar ancaq səmimiyyətlə
icra olunur. Bunun birincisi dua-ayindir. İkincisi sevgi, üçüncüsü isə
yaradıcılıqdır. Hüseyinbala
Mirələmov həqiqəti yazan səmimi yazardır.
Yazıçı-dramaturq Hüseynbala Mirələmovun ədəbi-bədii,
publisistik yaradıcılığının müasir nəslin
təlim-tərbiyəsinə təsirindən, onların həqiqi
vətəndaş kimi formalaşmasındakı rolundan
danışan Sumqayıt Dövlət Universiteti
kitabxanasının işçisi Xatirə xanım məhz bu
səbəbdən namizədlik dissertasiyası
üçün "Hüseynbala Mirələmovun ədəbi
yaradıcılıq yolu" mövzusunu seçdiyini bildirdi
və müəllifin əsərləri ilə bağlı
düşüncələrini bölüşdü:
- Bu əsərlərdə diqqət çəkən əsas
cəhət mövzu aktuallığıdır.
Yazıçının hansı əsərinə müraciət
edirsən et, burada real həyatla üzləşəcək,
müasirinlə qarşılaşacaq, onun düşüncələrini,
qənaətlərini bölüşəcəksən. H.Mirələmovun reallıqlardan yaranan ümumiləşdirmələri
cəmiyyəti düşündürməyə məcbur
edir, onu ağladır. Nahaq deyil ki, böyük
şairimiz Bəxtiyar Vahabzadə Hüseynbala müəllimin
"Xəcalət" povestini oxuyandan sonra ona
ünvanladığı məktubda yazırdı:
"Hörmətli Hüseynbala Mirələmov, "Xəcalət"
povestinizi yalnız yarıya qədər oxuya bilidm. Qəhər məni boğdu, göz
yaşlarımı saxlaya bilmədim, bacarmadım. Bu boyda dərdlə qol-qola, baş-başa yaşaya
bildiyimə xəcalət çəkdim. Bəli,
biz hamımız babalarımızın bizə əmanət
verib getdiyi cənnətməkan Qarabağı düşmənə
təslim edəndən sonra yenə də yaşaya bildiyimizə
görə o müqəddəs torpaqda yetişən dahilərimizin
ruhundan utanmalıyıq".
Müəllifin ədəbi-bədii
yaradıcılığının əsas mövzularından
olan Qarabağ dərdi, ağrısı təkcə "Xəcalət"də,
"Güllənmiş heykəllərin fəryadı"nda
və "Yanar qar"da yox, digər əsərlərdə də
geniş əks olunur. Yazıçı təkcə
bu dərdi, ağrını bizə xatırlatmır, milləti
müqəddəs torpaqlarımız uğrunda cihada, müqəddəs
savaşa çağırır.
Görüş iştirakçılarından
olan oxucu Səlimə Xasıyeva isə
yazıçının milli-mənəvi dəyərlərimizin
zamanın ağır zərbəsindən hansı
deformasiyalara, aşınmalara məruz qaldığını,
adət-ənənələrimizin nəzərə
alınmadığı yerdə hansı faciələrin
baş verdiyini ustalıqla ədəbiyyata gətirməsindən
danışdı. Qeyd etdi ki, son illər gənclərin,
xüsusilə gənc qızların böyük maraqla
oxuduğu "Gəlinlik paltarı" romanı məhz bu
baxımdan diqqət çəkir. Hüseynbala
Mirələmov bu əsərdə qəhrəman səviyyəsinə
qaldırdığı Fənayə obrazı ilə gənc
qızlarımıza həyatın mənən zəiflərə,
milli-əxlaqi dəyərlərdən uzaq
düşmüş insanlara qarşı necə amansız
olduğunu göstərir, onları düşünməyə,
var-dövlətə deyil, ülvi məhəbbətə, sədaqətə
qiymət verməyə çağırır.
Sumqayıt Dövlət Universitetinin tələbələri
Günel Mustafayeva, İradə Adıgözəlova, Günel
Teymurşahova və başqaları yazıçının əsərlərində
aforizm və atalar sözlərindən geniş istifadə
olunduğunu, yazıçının sadə,
anlaşıqlı dildə dərin fəlsəfi fikirlər
ifadə etdiyini, çoxlarının göz yumduğu mənəvi
aşınmaları, bəlaları çəkinmədən,
cəsarətlə cəmiyyətin müzakirəsinə
çıxardığını qeyd etdilər.
Sumqayıt şəhər 5 saylı orta məktəbin
dil-ədəbiyyat müəllimi Şəlalə xanım isə
qeyd etdi ki, Hüseynbala Mirələmov haqlı olaraq bu gün
ədəbi mühitdə Qarabağ mövzusunun baş
yazarı hesab olunur. Yazıçının
elə bir əsəri yoxdur ki, orada Qarabağ dərdini,
ağrısını hiss etməyəsən, görməyəsən.
Bu, şübhəsiz alqışa layiqdir.
Sumqayıt Dövlət Universitetinin tarix fakültəsinin
dekanı, tarix elmləri doktoru Adil Baxşəliyev isə
bildirdi ki, istər Azərbaycan, istərsə digər ölkələrin
oxucularına Hüseynbala Mirələmovun imzası rast gələndə,
ilk növbədə xalqımızın ümummilli lideri,
müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev
obrazının sonsuz bir sevgi və məhəbbətlə qələmə
alan, bu əvəzsiz insanın həyat və fəaliyyətinə
yaradıcılığında dönə-dönə
müraciət edib bir neçə samballı əsər
ortaya qoyan bir yazar yada düşür. Mən elə bilirəm
yanılmaram desəm ki, fenomen siyasətçi, böyük
dövlət xadimi Heydər Əliyevi bunca böyük sevgi və
sayğı ilə öyrənib, onun xarakterinin bütün
koloritini açmağa, onu Azərbaycan xalqının rəmzi
kimi təqdim etməyə yaradıcılıq
imkanlarını əsirgəməyən
yazıçını son on ildə bu qədər
populyarlaşdıran əsas amillərdən biri məhz budur.
Heydər Əliyev zəmanəmizin
canlı əfsanəsi, dünya siyasət panteonunun nəhənglərindən
idi. Düşmənlər ondan ehtiyat edir,
qorxur, dostlar onu son dərəcə sevirdilər. Belə məqamlar əksər hallarda sadə
adamların, Heydər Əliyev sevərlərin görə
bilmədiyi anlar idi.
Hüseynbala Mirələmov xalqının
rəmzi, şərəf simvolu kimi sevə-sevə qələmə
aldığı Heydər Əliyev obrazının həyatdan
qaynaqlanan bu məqamlarını oxucusuna çatdırır.
Dünyanın ondan çox xalqının dilinə tərcümə
olunan "Görkəmli adamların həyatı"
seriyasından olan "Heydər Əliyev" əsəri ilə
Hüseynbala Mirələmov bütöv bir Azərbaycanlı
obrazını dünyaya təqdim edib...
Görüşün maraqlı məqamlarından
biri də yazıçı-dramaturqla sual-cavab oldu. Gənc
oxuculardan birinin "siz özünüzü bir
yazıçı kimi xoşbəxt hesab edirsinizmi"
sualına yazıçı çox səmimi bir cavab verərək
dedi: - Yazıçının uğuru, əsərlərinin
populyarlığı və ya yaratdığı
obrazların, qəhrəmanların xoşbəxtliyi heç
də onun özünün xoşbəxtliyi deyil. Yazıçı o vaxt xoşbəxt olar ki, onun
xalqı, milləti xoşbəxt olsun.
Yaradıcılığında Heydər Əliyev
obrazının daimi bir mövzu olacağını
vurğulayan H.Mirələmov onu da əlavə etdi ki, Heydər
Əliyev şəxsiyyəti ümmansız bir dəryadır:
"Mənə elə gəlir ki, onu tam öyrənmək və
bitkin bir obraz kimi yaratmaq üçün bir
yazıçı ömrü az olardı.
Qarabağ mövzusuna gəldikdə isə deməliyəm
ki, nə qədər bu xəcalət bizim üstümüzdədir,
nəinki yazarların, heç bir azərbaycanlının
Qarabağı bir an belə unutmağa
haqqı yoxdur".
Yazıçının, "ən çox nədən
qorxursunuz?" sualına cavabı da orijinal səsləndi:
- Yalandan. Mənə elə gəlir ki, təkcə
bizim yox, bütün bəşəriyyətin faciəsi
yalandan başlayır. Yalan insanı nəşələndirən
faciədir.
Məhz bu səbəbdən həyatı
olduğu kimi görməyi və göründüyü kimi ədəbiyyata
gətirməyi ədəbi
yaradıcılığımın əsas prinsipi
seçmişəm. Həyatda həmişə
həqiqəti axtardığım üçün qəhrəmanlarım
da həyatın reallıqlarından yaranır. Ona görə canlıdırlar, bütün əyər-əskikləri
ilə müasirlərimizdirlər. Onlar da
yaşadığımız zamanın və mühitin yetirmələridirlər.
İnsan o zaman təsirlənir ki, ədəbiyyatda
öz mühitini, öz yaşantılarını,
yanaşı yaşadığı insanları və
özünü görür.
Bu gün hamı bir ağızdan
dünyada yaranan problemləri iqtisadi, siyasi böhrana
bağlayır. Amma mənim fikrimcə
böhran insanların özündə, psixologiyalarında,
daxili aləmlərində, fikir və düşüncələrində,
yaxınlarına, doğmalarına və bütövlükdə
insanlara münasibətindədir.
Dahilərdən hansısa deyib ki,
"uşaqlar millətin gələcəyi, qocalarsa onun
vicdanıdır". Biz ədəbiyyata
bu vicdanı gətirməliyik ki, millətin gələcəyi
vicdansız olmasın. "Orijinal insanlar dünyanın
xəzinəsidir" deyəndə Tomas Karleyl məhz belə
insanları nəzərdə tuturdu. O insanları ki,
onlar öz dövrlərini və mühitlərini səciyəlləndirirdilər.
Mən elə bilirəm ki, bizim cəmiyyətdə
belə insanlara böyük ehtiyac var.
Görüşün sonunda
yazıçı onun yaradıcılığına maraq
göstərib görüşünə gələnlərin
hamısına təşəkkür etdi.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2010.- 3 iyun.- S. 6.