Biləsuvar: Dövlət proqramı uğurla icra olunur

 

    Azərbaycanın bütün sahələrdə diqqəti cəlb edən tərəqqisi neçə illərdir ki, davamlı xarakter daşıyır. Dövlətimizin başçısı İlham Əliyevin daxili siyasətdə prioritet verdiyi istiqamətlərdən biri də regionların sosial-iqtisadi inkişafıdır. Vaxtaşırı rayonlara səfərlər edən möhtərəm Prezidentimiz yerlərdə əhalinin güzəranı ilə yaxından tanış olur, sosial proqramlar çərçivəsində qarşıya qoyulmuş vəzifələrin ardıcıl həyata keçirilməsini şəxsi nəzarətində saxlayır. Fərəhli haldır ki, bu gün ölkəmizin bölgələrinə yatırılan sərmayənin əksəriyyəti yerli mənbələr hesabına təmin edilir. Aprelin 29-da Salyan, Biləsuvar və Cəlilabad rayonlarına səfəri zamanı ölkə rəhbərinin açılışlarında iştirak etdiyi bir çox obyektlər məhz bu zəmində araya-ərsəyə gətirilib.

 

    Prezident İlham Əliyevin açılış lentini kəsdiyi Ələt-Astara avtomobil yolunun 22 kilometrlik hissəsindən rahatlıqla keçərək bölgəyə çatırıq. İndi burada avtomobillər maksimum 90 kilometr sürətlə şütüyür. Belə bir yolda sükan arxasında oturub maşını idarə etmək adama xüsusi zövq verir. Bu keyfiyyətli və müasir yol yaxın vaxtlarda düz İranla dövlət sərhədinə qədər uzanacaq. Mərasimdə dövlət başçısı görülən işi bəyənərək təqdir edib: "Arzu edirəm bu yol sərhədə qədər bu keyfiyyətlə və bu sürətlə tezliklə tikilib istifadəyə verilsin ki, insanlarımız rahat yollardan istifadə edə bilsinlər. Bu yol bizim üçün çox vacibdir. Bütün yollar vacibdir. Amma bu yol həm iqtisadi inkişaf, həm nəqliyyatın daha da yaxşı səviyyədə tənzimlənməsi, qonşu İranla aramızda iqtisadi əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Eyni zamanda bu yol cənub istiqamətində yerləşən bütün rayonlarımızı Bakı ilə daha da yüksək keyfiyyətlə birləşdirir. Beləliklə, cənub bölgəsində yaşayan bütün insanlar paytaxtla və Azərbaycanın digər şəhərləri ilə daha da rahat əlaqə saxlaya biləcəklər"...

    Salyandan sonra dövlət başçısı Biləsuvar rayonuna gəlmişdir. Burada Biləsuvar dairəvi yolunun açılışında iştirak edib. Bu yol Ələt-Astara -İranla dövlət sərhədi avtomobil yolu ilə hərəkət edən tranzit nəqliyyat vasitələrinin Biləsuvar şəhərinə girmədən yolunu davam etdirməsi məqsədilə inşa olunmuşdur. Təsəvvür edin ki, hər gün yolun bu hissəsindən 7300-dən çox avtomobil keçir. Görün, şəhərin içərisində bundan əvvəl nə qədər böyük nəqliyyat sıxlığı vardı! İndi isə 10,6 kilometr uzunluğunda olan asfalt-beton örtüklü dairəvi yolun istismara buraxılması sayəsində həmin sıxlıq və narahatlıqlar tamamilə aradan qalxıb.

    Həm Ələt-Astara magistralının 9-31-ci kilometrlik mənzilinin yenidən qurulması, həm də Biləsuvar dairəvi yolunun tikintisi Azərbaycanın iqtisadi qüdrətinin, potensial imkanlarının göstəricilərindəndir. Bundan qürrələnməmək mümkün deyil!

    Biləsuvarda görüşüb söhbət etdiyimiz hər kəs dövlət başçısının regionların inkişafına qayğısından ürəkdolusu danışdı. İcra hakimiyyətinin başçısı Adil Məmmədov rayonun sosiai-iqtisadi inkişaf göstəricilərindən bəhs etdi və rayon ictimaiyyətinin hələ də Prezidentlə görüşlərin xoş təəssüratını yaşadığını söylədi:

    - Ötən illəri Biləsuvarın sürətli inkişaf dövrü kimi dəyərləndirmək olar. Möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində rayonumuzun siması tamamilə dəyişib, burada bir sıra vacib sosial obyektlər, istehsal və emal sahələri tikilərək istifadəyə verilib. Elə cari ilin ilk rübünün yekunları da bu yüksəlişdən soraq verir. Rüb ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas iqtisadi göstəricilərdən tutmuş, kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə, tikinti, ticarət və xidmət sahələrində müsbət irəliləyişlər qeydə alınıb. Dövlət büdcəsinin gəlirləri 3 milyon manat və ya 101 faiz yerinə yetirilib, əhalinin gəlirləri 19,4 milyon manat olub. Gəlirlərin adambaşına düşən məbləği 217,2 manat, orta aylıq əməkhaqqı isə 169 manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur. Cari ilin ilk rübündə ümumi məhsul buraxılışının həcmi artaraq 13,2 milyon manata çatıb. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 2,7 faiz artaraq 21 milyon manat olub.

    Son illərdə isə rayonumuzda ümumi məhsul buraxılışının həcmi 2,5 dəfə artaraq 101 milyon 200 min manata çatıb. Artım kənd təsərrüfatı, sənaye məhsulları istehsalı sahələrində, habelə əsas kapitala yönəldilən investisiyalarda qeydə alınıb. Rayonda sahibkarlığın inkişafı diqqətdə saxlanılır. İş adamlarına yaradılan şərait yeni müəssisələrin açılmasına imkan verib. Son illərdə rayonda 16921 yeni iş yeri açılıb ki, onlardan da 12237-si daimidir. Bütün bu rəqəmlərin arxasında dövlətin daimi qayğısından rişələnən quruculuq əzmi, etimadı doğrultmaq istəyi, gərgin zəhmət və səylər durur.

    Ulu öndərin adını daşıyan parkda unudulmaz böyük insanın abidəsini ziyarət etdikdən sonra Regional Ana və Uşaq Mərkəzinin binası ilə tanış olan, "Azərsun" Holdinqin "Natural Green Land" kənd təsərrüfatı müəssisəsinin və konserv zavodunun açılışında iştirak edən möhtərəm Prezidentimizin burada kollektivlə unudulmaz görüşü də oldu. Sonra ölkəmizin rəhbəri yeni gömrük buraxılış məntəqəsinin açılışında iştirak etdi. Səfər çərçivəsində reallaşdırılan proqramın hər bir anı biz biləsuvarlıların qəlbində dərin izlər buraxdı və yeni qələbələr qazanmaq əzmimizi qat-qat artırdı. Gərək bundan sonra da ən yüksək səviyyədə göstərilən diqqətə, qayğıya əməli işlərimizlə cavab verək, işə salınan obyektlərin potensialından maksimum istifadə edək. Hazırda rayonumuzun bütün sakinlərinə məhz bu hisslər hakimdir.

    "Natural Green Lant" MMC-nin planlaşdırma üzrə meneceri Samir Əliyev:

    - Ölkəmizdə əlverişli biznes mühiti yaradılıb. Möhtərəm Prezidentimizin sahibkarlığın inkişafına verdiyi dəstək regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla yerinə yetirilməsinə müsbət təsir göstərir. Bizim bu nəhəng kompleksimizin yaradılması, təbii ki, böyük təcrübə, müasir texnologiya və vəsait tələb edirdi. Bu da Sahibkarlığa Kömək Milli Fondu və "Azərsun" Holdinq şirkətinin hesabına başa gəldi və rayonumuzun iqtisadiyyatına güclü təkan verdi. Eyni zamanda bizlərə yeni iş yerləri yaradıldı. Quraşdırılan avadanlıq Amerika Birləşmiş Ştatları, İtaliya və Türkiyədən gətirilib.

    Fəxr edirik ki, dövlətimizin başçısı müəssisəmizin açılışında iştirak etdi. Rəmzi lenti kəsdi və işimizlə tanış oldu. Burada yüksək keyfiyyətli məhsul almaq üçün hər cür şərait yaradılıb. Müəssisəmizin özəl cəhətlərindən biri ondan ibarətdir ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı kompleks şəkildə həyata keçirilir. Bitkilərin becərilməsi ən qabaqcıl texnologiyalara uyğun elmi əsaslarla aparılır. Bunun nəticəsidir ki, müəssisə yüksək iqtisadi səmərə ilə işləyir.

    Möhtərəm Prezidentimiz əkin sahələrimizlə tanış oldu, istifadə olunan müasir kənd təsərrüfatı texnikalarına da baxdı. Bizimlə görüşündə zavodumuzun işə düşməsini Azərbaycanda aqrar sahənin, emal sənayesinin inkişafı istiqamətində çox önəmli bir addım kimi dəyərləndirdi. Mühüm tövsiyələrini verdi. "Azərsun" Holdinqin prezidenti Əbdülbari Gözəl bizim hər birimizin ürəyindən xəbər verən sözlərlə dövlət başçısına minnətdarlıq etdi. Müəssisənin işıqlı perspektivləri barədə məlumat verdi.

    Hazırda "Natural Green Land"da 250 nəfər işlə təmin olunub. Lakin mövsümlə əlaqədar 2500-ə yaxın işçi qəbul edilir. Konserv zavodunda isə 600 nəfər çalışır. Bu il ərazidə çoxlu nar və heyva ağacının əkilməsi planlaşdırılıb. Zavodda iki yaşıl noxud istehsalı, bir tomat pastası və bir turşu istehsalı sexləri var. İstehsal gücü 60 min tona bərabərdir. Burada məhsulların saxlanması və inkubasiyası üçün 3 anbar da tikilib. Hər birində 3000 ton məhsul saxlamaq mümkündür. Ümumilikdə 31 çeşiddə tomat pastası, 45 çeşiddə turşu, 20 çeşiddə yaşıl noxud, 5 çeşiddə qarnir və 9 çeşiddə müxtəlif tərəvəz konservləri istehsal edilir. Məhsullar ekoloji saflığı ilə seçilir. Onlara əlavə konservat qatılmır. Laboratoriyalardakı müasir avadanlıq məhsulun keyfiyyətini dəqiq yoxlamağa imkan verir. Məhsullar isə daxili bazarla yanaşı, MDB, Yaxın Şərq və Avropa ölkələrinə ixrac edilir. Məhsuldarlığı artırmaqdan ötrü şoran torpaqların yararlı vəziyyətə gətirilməsi ilə bağlı tədbirlər görülür.

    Rayonun sürətli inkişafı daha bir qurumun - sərhəd keçid məntəqəsinin yenidən qurulması və yeni gömrük məntəqəsinin yaradılması zərurətini ortaya çıxarmışdı. Səfər zamanı yeni gömrük məntəqəsinin də açılışında iştirak edən dövlət başçısı ərazi ilə yaxından tanış olub. Məntəqənin imkanları və yaradılan iş şəraiti barədə Prezidentə məlumat verilib. Məntəqədə yük və nəqliyyat vasitələrinin yoxlanması ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Gömrük-buraxılış məntəqəsində "Bir pəncərə" sistemi tətbiq olunur. Terminalın ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Prezident İlham Əliyev məntəqədə kinoloqların təlim prosesini izləyib. Dövlət başçısı gömrük işçilərinə tapşırıq və tövsiyələrini verib.

    Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Xalid Rüstəmov ürək sözlərini belə ifadə etdi:

    - Fərəhləndirici haldır ki, son illərdə möhtərəm Prezidentimiz bizim rayona üç dəfə səfər edib. Yaraşıqlı Olimpiya İdman Kompleksi, digər mühüm obyektlər dövlət başçımızın ilk növbədə biz gənclərə əvəzsiz töhfəsidir. Axı, biz ölkəmizin sabahının sahibləriyik. Nə edilirsə, bizim üçün edilir. Gənclərin istedad, bilik və bacarıqlarının üzə çıxarılmasından ötrü zəruri addımlar atılır. Fəxr edirik ki, Prezident İlham Əliyev bizim daimi qayğıkeşimiz və böyük himayədarımızdır.

    Biləsuvar Rayon Qadınlar Şurasının sədri Xalidə Ağayeva, 42 saylı Yol İstismar İdarəsinin rəisi Nizami Zamanov, ƏSMM-nin direktoru Azər Səfərov və başqaları da dövlət başçısının rayona səfəri ilə əlaqədar təəssüratlarını həvəslə bölüşdülər, daimi diqqət və qayğıya görə səmimi minnətdarlıq duyğularını ifadə elədilər. Belə bir fikri xüsusi vurğuladılar ki, regional inkişaf Dövlət Proqramının qarşımızda açdığı aydın üfüqlər ölkənin bütün bölgələri kimi, Biləsuvarın da sürətli tərəqqisini təmin edəcək, adamların daha firavan yaşamalarına şərait yaradacaqdır...

 

 

    Əli NƏCƏFXANLI

 

    Xalq qəzeti.- 2010.- 3 iyun.- S. 5.