1993-cü ilin iyun hadisələri
milli dövlətçiliyimizi
və xalqımızı
ağır sınaqlar
qarşısında qoymuşdu
Hakimiyyət
böhranı, vətəndaş müharibəsi və
müstəqilliyin itirilməsi təhlükəsi ölkəni
təhdid edirdi
Azərbaycan tarixinin qara
səhifələri, milli dövlətçiliyimizin
sınağa çəkilən anları,
xalqımızın ağrı-acılar, məhrumiyyətlər
içərisində yaşadığı günlər çox olub. Ancaq
1993-cü ilin iyun
ayının əvvəllərində öz
kuliminasiya nöqtəsinə
çatmış hakimiyyət böhranı, siyasi
böhran milli tariximizin ən ağır səhifələrindən
biri idi. Çünki həmin günlər Azərbaycan
öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə
itirmək təhlükəsi ilə üz-üzə idi. Həmin günlər xalqımız qardaş qanı tökmək üçün
hazırlanmışdı. Azərbaycan xanlıqlara
parçalanmanın bir
addımlığında idi. Bütün bunları ssenari
kimi ardcıllıqla hazırlayan bədxahlarımız
idi. Ancaq Tanrı bütün bunların qarşısını
almağa qadir olan dahi şəxsiyyət
də yetişdirmişdi.
...Birinci Dünya müharibəsinin başa çatmasından, Rusiya imperiyasının böyük siyasi böhranla üzləşməsindən sonra Qafqazda yaranan digər yeni müstəqil dövlətlər kimi Azərbaycan Xalq Cümhuriyyəti də çox yaşaya bilmədi. Müsəlman Şərqinin ilk demokratik dövləti olan AXC heç iki il də mövcud ola bilmədi. Ancaq xalqın azadlıq və müstəqillik arzuları boğulsa da, məhv olmadı. Azərbaycan dövlət müstəqilliyinə 70 ildən sonra ikinci dəfə nail oldu. Çox təəssüf ki, ikinci dövlət müstəqilliyimizin də başlanğıcı təhlükə altında idi. Əvvəla, ona görə ki, ölkəmizin geosiyasi əhəmiyyəti və təbii sərvətlərimiz Azərbaycanda bir çox xarici siyasi qüvvələrin maraqlarının toqquşmasına səbəb olurdu. Ona görə də həmin qüvvələrin heç biri müstəqil Azərbaycan dövlətinin formalaşdırılmasını istəmirdi. Belə bir dövlətin formalaşdırılacağı təqdirdə isə hakimiyyətə oyuncaq siyasətçilərin gətirilməsi üçün müxtəlif ssenarilər hazırlanırdı.
İkinci, XX əsrin əvvəllərindəki regional siyasi xaosdan bəhrələnən ermənilər Azərbaycan ərazisində öz dövlətlərini yaratmağa nail olmuş, xarici ölkələrin təzyiqi altında qədim Azərbaycan şəhəri olan İrəvanı özlərinə paytaxt elan etmişdilər. Həmin uğurun sevincini 70 il yaşayan düşmənlər əsrin sonundakı siyasi böhrandan da maksimum şəkildə bəhrələnməyə çalışırdılar. Bu məqsədlə xüsusi hazırlanmış planlar həyata keçirilir, torpaqlarımız kənd-kənd, rayon-rayon işğal edilirdi. Üçüncü, ən müdhiş səbəb isə ondan ibarət idi ki, Azərbaycanın dövlət müstəqilliyinə qənim kəsilən xarici siyasi qüvvələr öz içimizdəki siyasi diletantlardan istifadə edirdilər. Bu üç amil Azərbaycanın dövlət müstəqilliyini real təhlükə altında qoymuşdu. Nəticə isə çox ağır idi.
Müstəqilliyimizin əldən verilməsi üçün qurulan siyasi tələlər, işğalçı dövlətin təcavüzkarlığının gündən-günə genişlənməsi və siyasətdən qətiyyən xəbəri olmayan insanların siyasi hakimiyyətin müxtəlif strukturlarına doluşaraq ölkədə at oynatması öz dəhşətli nəticələrini çox tez bir zamanda göstərdi. Ölkəmiz beynəlxalq aləmdən iti sürətlə təcrid olunmağa başladı."Biz sərhədlərimizi bağlayaraq Azərbaycanı inkişaf etdirəcəyik" kimi cəfəng bəyanatlarla çıxış edən diletant rəhbərlər gənc müstəqil dövlətimizin həm regionda, həm də beynəlxalq aləmdə təklənməsinə səbəb olmuşdular. Türkiyə Cümhuriyyətindən başqa heç yerdən səmimi yardım ala bilməyən respublikamız getdikcə daha çox ərazilərini itirir, ölkə xaos və anarxiya girdabında çapalayırdı. Ən dəhşətlisi isə o idi ki, xalq öz dövlətinə, dövlət rəsmilərinə qətiyyən inanmır, ordu və digər silahlı qüvvələr vahid komanda altında fəaliyyət göstərməkdən açıq şəkildə imtina edirdi. Müdafiə Nazirliyinin tabeliyində olan qüvvələr təxminən 8-10 adamın sərəncamında idi. Hətta, nazirliyin və dövlətin xəbəri olmadan "hərbi əməliyyatlar həyata keçirən" mülki şəxslər var idi. Daxili İşlər Nazirliyinin qüvvələri isə daha pərakəndə şəkildə fəaliyyət göstərirdilər. Daxili işlər nazirinin "Azərbaycanın altı atom bombası var" - deyə bəyanat verməsi, müdafiə nazirinin "Şuşa əldən gedərsə başıma bir güllə çaxaram" - deyə populistliyin apogeyinə qalxması ölkə əhalisində belə bir fikir yaratmışdı ki, qeyri-ciddi insanlardan ibarət olan bu iqtidara qətiyyən inanmaq, etibar etmək olmaz. Xalqın həmin inamsızlığını dövlət rəsmilərindən eşitdikləri "biz 9 ölkənin razılığını alaraq hakimiyyətə gəlmişik" uydurması daha da artırırdı.
Milli dövlətçiliyin məhvinə gedən yolun qısalmasının əsas səbəblərindən biri AXC-Müsavat iqtidarının qeyri-peşəkarcasına atdığı addımlar, xüsusən, Surət Hüseynov və Əlikram Hümbətov kimi adamlara yüksək hərbi rütbələrin verilməsi idi. Üstəlik, dövlət bu adamların əlində kifayət qədər hərbi gücün cəmləşməsinə də imkan vermişdi. Nəticədə hər iki "polkovnik" AXC-Müsavat iqtidarının başına bəlalar gətirdi. Əlikram Hümbətov ölkənin cənub rayonlarında separatizm toxumu səpirdi.O, nəinki müdafiə nazirinin əmrinə tabe olmadı, hətta, prezidentə və parlamentin sədrinə də barmaq silkələdi. Əbülfəz Elçibəy, İsa Qəmbər, Rəhim Qazıyev, Pənah Hüseynov, Əli Kərimov - AXC-Müsavat rəhbərliyi savadsız bir adamın əlində əsir-yesir qaldılar və ölkənin parçalanmasının qarşısını almaq üçün faktiki olaraq heç bir iş görə bilmədilər.
Bütün bunlar az imiş kimi əlində çoxlu silah-sursat və əsgəri birləşmələr toplayan Surət Hüseynov özünü Gəncənin və ətraf rayonların sahibi elan etdi. Əlikram Hümbətovun addımları ölkənin parçalanmasını reallaşdırırdısa, Surət Hüseynovun hegemonluq iddiası ölkəni anbaan vətəndaş müharibəsinə sürükləyirdi. Baş nazir Pənah Hüseynovun rəhbərliyi ilə Surət Hüseynovu tərksilah etmək üçün düşünülmüş "Tufan" əməliyyatı isə nəinki vəziyyəti yaxşılaşdırmadı, əksinə, odun üstünə yağ tökmüş oldu.Gəncədə vətəndaş müharibəsinin ilk qanları tökdülür...
Bu, 1993-cü il iyun ayının əvvəllərindəki Azərbaycanın yaşadığı siyasi böhranın, çox cüzi məqamlarıdır. Ölkə iqtisadiyyatının tamamilə çökməsi, əhalinin ağır ərzaq, xüsusilə, çörək qıtlığı ilə üz-üzə qalması, daxili sabitliyin pozulması, hər rayonda beş-altı nəfər silahlı qoçunun at oynatması, həqiqəti söyləyən alimlərin, ziyalıların təqib edilməsi, "sadvalçıların" "əlikramçılarla" separat sövdələşmələri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin fəaliyyətinin iflic vəziyyətinə gəlməsi, kənd təsərrüfatının dövlətin yadından çıxması, ölkəyə ərzaq taxılı əvəzinə qarışıq yem gətirilməsi və bir çox dəhşətli faktlar 1993-cü ilin iyun həqiqətləri idi. Bütün bunlar böhranın ən kəskin şəkil aldığı 4 iyun reallıqları idi. Ona görə də ölkənin hər yerində, hətta, ən kiçik auditoriyalı söhbətlərdə də bir fikir dönə-dönə təkrar edilirdi: "Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasa çıxış yollarımız tamamilə bağlanacaq". Ancaq iyunun 9-na - böyük qayıdışa hələ bir neçə gün qalırdı. Xalq çox ağır sınaqlarla üz-üzə idi.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.-2
iyun.- S. 5.