Saz dünənimizin
sabahımıza əmanətidir
Bu fikir Azərbaycan Aşıqlar
Birliyinin Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bu
ali məktəbdə keçirdiyi "Aşıq
yaradıcılığının müasir problemləri"
mövzusunda elmi konfransda səslənən mülahizə və
qənaətlərin mərkəzində dayandı.
Konfransı giriş
sözü ilə açan Pedaqoji Universitetin rektoru,
AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov 28
May Respublika Günü ərəfəsində keçirilən
konfransın milli-mənəvi dəyərlər sistemində əhəmiyyətli
yeri olan aşıq sənətinin xalqımızın estetik
düşüncəsinin və zövqünün
formalaşmasında əsrlərdən bəri
oynadığı rolu vurğuladı. Natiq bildirdi ki, bu
gün konfransda səslənəcək mövzular müstəqillik
dövründə milli-mədəni quruculuğun aktual məsələlərini
qabartmaqla, qədim aşıq sənətinin yeni şəraitdə
qorunması və zənginləşdirilməsi ilə
bağlı həlli vacib problemləri diqqətə
çatdıracaq.
Aşıqlar Birliyinin sədri,
xalq şairi Zəlimxan Yaqub zaman-zaman milli
varlığını yad basqılardan, yabançı təsirlərdən
qorumuş xalqımızın öz dilini, musiqi
zövqünü yaşatmasında, sevinc və kədərini
bədii salnaməyə çevirməsində aşıq sənətinin
misilsiz rolundan söz açdı. AAB sədri bildirdi ki,
bütün dövrlərdə xalqımız
sazına-sözünə, sazımız-sözümüz isə
xalqımıza mənəvi dayaq olmuş, zəngin milli mədəniyyətimizdə
aşıq sənəti öz şedevrlərini yaradıb
bugünümüzə çatdırmışdır. Artıq
aşıq sənəti bəşəri irs kimi dəyərləndirilir,
himayə olunur.
Zəlimxan Yaqub daha sonra
bildirdi ki, aşıq sənətinə dövlət səviyyəsində
göstərilən diqqət onun gələcəyi
baxımından nikbinlik doğursa da, bu misilsiz xalq
yaradıcılığının öyrənilməsi və
öyrədilməsi, yaşadılması və geniş təbliğ
olunması ilə bağlı bir sıra məsələlər
yoluna qoyulmalıdır. Bəzi adamların və qurumların
bu milli-mənəvi dəyərə biganəliyi nə qədər
dözülməzdirsə, sazın üzdəniraq təbliği,
şou meydanlarına çıxarılması da bir o qədər
arzuolunmaz, yolverilməzdir. Aşıq sənəti ulu
babaların müqəddəs əmanətidir, onu iki
gözümüz kimi, iman kimi, namus kimi qorumalıyıq,
inkişaf etdirməli və gələcək nəsillərə
çatdırmalıyıq.
Bu yolda biz istedadlı aşıqlarımızı himayə etməli, onların yaradıcılığını kütləvi auditoriyalardan xalqımıza çatdırmalıyıq. Aşıq sənətini dünyada tanıtmaq və sevdirmək işini də ardıcıl davam etdirməliyik. Bir sıra maraqlı tədbirlər nəzərdə tutulub. Aşıq muzeyi yaratmaq və aşıq-ozan ensiklopediyası yaratmaq istiqamətində iş gedir. Bugünkü konfrans isə bizə daha nələr etməli olacağımızı anladacaq.
Konfransda filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlının "Çağdaş aşıqlarımızın səhnə və nitq mədəniyyəti", filologiya elmləri doktoru, professor Həsən Mirzənin "Çağdaş aşıq sənətində uğurlarımız və qüsurlarımız", filologiya elmləri doktoru, professor Qara Namazovun "Aşıq sənətində klassik ənənəyə diqqət və qayğı məsələləri", filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun "Folklor yaradıcılığı: problemlər, qayğılar", filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyevin "Şirvan aşıq məktəbi bu gün", filologiya elmləri doktoru Mahmud Allahmanlının "Müasir aşıq sənətinin tədqiqi problemləri", filologiya elmləri namizədi Elxan Məmmədlinin "Çağdaş aşıq sənətində ifaçılıq və yaradıcılıq problemləri" mövzusunda məruzələrində aşıq sənətinin çağdaş durumu, onun inkişafı və xalqa çatdırılması ilə bağlı ciddi diskussiya aparıldı, dəyərli mülahizələr səsləndi, zəruri tədbirlərdən söz açıldı.
Məruzələr arasında tanınmış aşıqların çıxışları dinlənildi. Konfransa yekun vuran AAB sədri Zəlimxan Yaqub müzakirələrdə səslənmiş elmi fikirlərə, qaldırılan məsələlərə münasibətini bildirdi, belə tədbirlərin davam etdiriləcəyini, problemlərin həlli ilə bağlı əməli işlər görüləcəyini söylədi.
Konfrans xalqımızın aşıq sənətinə dərin bağlılığının növbəti ifadəsi kimi saz-söz yaradıcılığının uğurlarını və nöqsanlarını bir daha sərgilədi.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2010.- 5 iyun.- S. 8.