Cəlilabad sürətli inkişaf yolundadır

 

Prezident İlham Əliyevin respublikamızın rayonlarına müntəzəm səfərləri yeni-yeni sosial obyektlərin açılışı, istehsal və emal sahələrinin işə salınması, infrastrukturun yeniləşməsi ilə müşayiət olunur. Bu səfərlər bir daha göstərir ki, dövlətimizin başçısı tərəfindən regional inkişaf üzrə Dövlət Proqramında əksini tapmış hər bənd, hər müddəa daim xüsusi diqqətdə saxlanılır.

 

Ölkənin bütün regionları kimi, Cəlilabad rayonu da hazırda özünün yüksəliş dövrünü, gözəl günlərini yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da möhkəmlənib, əhalinin yaşayış səviyyəsi yüksəlib, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət alıb. Cəlilabadlılar dövlətin diqqət və qayğısından hədsiz razıdırlar. Onlar aprelin 29-da Prezidentin rayona növbəti səfərini əsl bayram kimi qarşılayıb, seviniblər ki, bu səfərin sayəsində doğma yurdları daha da abad və gözəl olacaq. Dövlət başçısının gəlişi rayona daha çox bin-bərəkət, inkişaf, tərəqqi gətirəcək.

Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov bizimlə söhbətində bütün bunlar barəsində çox böyük nikbinliklə danışdı. Dövlət başçısının Cəlilabadda görülən işlərdən razı qalmasından məmnunluğunu gizlətmədi:

- Hər kəs ona tapşırılan iş sahəsində maksimum məsuliyyətlə çalışmalıdır ki, həm öz başı uca olsun, həm də el-obanın üzünü ağ eləsin. Neçə ildir ki, bizim Cəlilabadda məhz belə bir əhval-ruhiyyə hökm sürür. Nəticə göz qabağındadır. Abadlıq-quruculuq yürüşümüz yüksək sürətlə davam edir. Yaşayış məntəqələrimizin su, qaz, elektrik enerjisi ilə tam təchizatı üçün əməli işlər görülür. Ötən il rayonda ümumi məhsul istehsalının həcmi 2003-cü ilə nisbətən 2,9 dəfə, əsas kapitala qoyulan investisiyalar 6,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 2,2 dəfə artıb. Rayonda yeni park və xiyabanlar salınır, yollar çəkilir, kənd yolları abadlaşdırılır, məktəblər tikilir. Altı ildə rayonda 12 min 800-ü daimi olmaqla 22 min 480 yeni iş yeri yaradılıb. Dövlətimizin başçısının tapşırığına əsasən, rayonda ümumi tutumu 22 min ton olan 8 taxıl anbarının, hər biri 2 min tonluq 2 soyuducu kameranın, tərəzi qurğusunun və bir çox digər obyektlərin tikintisinə başlanıb.

Möhtərəm Prezidentimiz rayonda aparılan işləri bəyənib təqdir elədi: "Mən çox şadam ki, Cəlilabadda... işlər yaxşı gedir. Rayonun inkişafı üçün lazımi tədbirlər görülür. Həm də sosial infrastruktur yaradılır. Cəlilabad Azərbaycanda inkişaf baxımından ən qabaqcıl yerlərdə olan rayonlardan biridir".

Səfərin ertəsi günü rayon fəallarının iştirakı ilə yığıncaq keçirdik. Mən səfərin yekunlarından danışdım. Dövlət başçımızın rayonumuza verdiyi yüksək qiymətdən hamıya pay düşdüyünü, buraxılış obyektlərinin qısa müddət ərzində hazırlanmasında, iməciliklərdə, quruculuq-abadlıq işlərində rayon fəallarının, ayrı-ayrı əmək kollektivlərinin yaxından iştirak etdiyini vurğuladım. Möhtərəm Prezidentimizin rayonumuza verdiyi yüksək qiymət münasibətilə yığıncaq iştirakçılarının simasında bütün cəlilabadlıları ürəkdən təbrik etdim. Yığıncaq iştirakçıları rayonumuza göstərdiyi diqqət və qayğıya, verdiyi yüksək qiymətə görə ölkəmizin rəhbərinə dərin minnətdarlıqlarını ifadə elədilər...

Prezident İlham Əliyev Cəlilabadda müasir müstəqil Azərbaycanın banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra yeni obyektlərin açılışında iştirak edib. Modern üslubda tikilmiş şahmat məktəbində olub. Burada bildirilib ki, möhtərəm Prezidentin "Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında" sərəncamı və "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı" na uyğun olaraq inşa edilmiş, şahmat fiquru olan top şəklində yaradılmış binası altı mərtəbəlidir. Burada yarış, məşq, xüsusi şahmat proqramları ilə yüklənmiş kompyuter zalları var. Bütün mərtəbələrdə müasir elektron və maqnit şahmat lövhələri quraşdırılıb. Ərazi abadlaşdırılıb. Məktəbin girişində quraşdırılmış şahmat fiqurları ümumi ansamblı gözəl tamamlayır.

Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinin açılış lentini kəsən Prezidentə burada rayonun tarixi barədə ətraflı məlumat verilib. Qısa müddətə tikintisi başa çatdırılan yaraşıqlı muzeyin bölmələrində 3 minə qədər eksponat toplanıb. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Cəlilabada səfərlərini əks etdirən fotostendlər ziyarətçilərdə böyük maraq doğurur.

Sonra Ələt-Astara magistral yolunun yaxınlığında əlil və şəhid ailələri üçün tikilmiş 36 mənzilli yaşayış binası istifadəyə verilib. Prezident yeni mənzillərin sakinlərini təbrik edib, sosial qayğıya ehtiyac duyan insanların rifahı üçün həyata keçirilən tədbirlərdən danışıb. Müharibə əlilləri Qulam Səfərov və Qulu Ağayev onlara dövlət tərəfindən göstərilən həssas münasibətə görə hədsiz minnətdarlıqlarını çatdırıblar. Azərbaycan rəhbəri yeni mənzillərin orderlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib.Onlarla xatirə şəkli çəkdirib.

Müharibə əlili Qulam Səfərov:

-Mənim 10 övladım, 32 nəvəm, 10 nəticəm var. Mərasimdə sevimli Prezidentə hamımızın adından ürəkdən təşəkkür etdim. Dua-sənalarımızı çatdırdım. Hər bir müharibə veteranına 9 May münasibətilə 500 manat mükafatın verilməsi, yaraşıqlı mənzillər və avtomobillərin hədiyyə edilməsi, Prezident tərəfindən səmimi mehribanlıq göstərilməsi hər birimizi gerçəkdən təsirləndirdi. Hələ bu, harasıdır? İlham Əliyev bizə gözaydınlığı verib dedi ki, bu gün həm də Cəlilabadda yeni müalicə mərkəzi açılır, orada bütün xidmətlər pulsuzdur. Özü bizdən şəxsən xahiş elədi ki, vaxtaşırı gedib orada müayinədən keçək, canımıza baxaq. Çünki nəsillərin tərbiyəsində bizim nümunəmiz gərəklidir. Belə Prezidenti olan millət bəxtəvərdir, vallah!

Həmin gün ağsaqqalın dediyi yeni şəfa ocağında, elə onların yeni yaşayış evlərinin yaxınlığında tikilmiş Müalicə-Diaqnostika Mərkəzində də sevinc-sevincə, fərəh-fərəhə qarışmışdı. Prezidentin xeyir-duası ilə açılan mərkəz üçmərtəbəli əsas korpusdan, yardımçı binalardan, hər cür zəruru xidmət sahələrindən ibarət olan bir memarlıq incisidir,-desək, yanılmarıq. Hemodializ şöbəsində 10 dəst belə aparat quraşdırılıb. Ayrıca əməliyyat bloku, cərrahiyyə, anestiziologiya, reanimasiya şöbələri fəaliyyət göstərir.

Mərkəzdə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev onları yeni iqtisadi və sosial obyektlərin açılışı münasibətilə təbrik edib, bütün bölgələrdə bu kimi tədbirlərin reallaşdırıldığına diqqəti cəlb edib, Cəlilabadda həyata keçirilən işlərdən razılığını bildirib. Dövlət başçısı qeyd edib ki, əldə edilmiş nəticələrlə kifayətlənmək olmaz. Bu, yeni nəticələrə çatmaq üçün stimul olmalıdır. Elə edilməlidir ki, ölkə qarşısında duran əsas iqtisadi və sosial problemlər 2013-cü ilə kimi həll olunsun. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci hissəsi həmin il başa çatacaq və o vaxta qədər bütün əsas məsələlər öz həllini tapmalıdır.

Cəlilabad sakini, həkim Gülər İsgəndərova görüşdə Prezidentin qarşısında çıxış edərək ürəyindəkiləri dilə gətirdi:

- Avropanın ən inkişaf etmiş şəhərlərinin belə qibtə edə biləcəyi bir müalicə-diaqnostika mərkəzi rayonumuzda açılır. Bu, Azərbaycanın indiki reallığı, Sizin gərgin əməyinizin, regionların inkişafına göstərdiyiniz qayğının nəticəsidir... Xalq Sizin atdığınız hər bir addımı böyük rəğbətlə qarşılayır. Bu, Sizə olan sonsuz inamımızın və ümumxalq məhəbbətimizin hesabınadır. Xalqın məhəbbəti isə insana verilmiş ən uca qiymətdir. İcazə verin, bir ana-bacı şəfqəti ilə deyim: Həmişə belə uca olasınız, möhtərəm Prezident!..

Dövlətimizin başçısı "Cəlilabad Şərab-2" ASC-də də olub. Burada ən müasir texnologiyalar tətbiq edilir. 2007-ci ildə investisiya müsabiqəsi yolu ilə "Cəlilabad Vayn Kompani" MMC tərəfindən özəlləşdirılmiş müəssisənin istehsal gücü ildə 8 min tondur. Zavodun 500 nəfərdən çox işçisi var, aylıq əməkhaqqı 300-500 manatdır. Müəssisənin 300 hektara qədər bar verən üzüm bağları var. Bağlarda şardane, merlo, kaberne, avinyon, sirax kimi Fransa üzüm sortları yetişdirilir. Hər il təqribən 4 min ton yarım üzüm istehsal olunur. Emal və istehsal sexlərində xarici avadanlıq quraşdırılıb.

Göytəpə su anbarının açılışında iştirak edən Prezident İlham Əliyevə mühüm obyekt barədə məlumat verilib.Qeyd olunub ki, anbarın istifadəyə verilməsi Cəlilabadda aqrar sahənin inkişafını daha da sürətləndirəcək, uzun müddət suvarma suyundan korluq çəkən ərazilərin su ilə təmin edilməsinə imkan yaradacaq. Prezident İlham Əliyev su anbarını işə salıb, ölkənin meliorasiya və irriqasiya sisteminin daha da müasirləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Sonra ölkə rəhbəri Dövlət Sərhəd Xidmətinin Göytəpə qarnizonunda olub. Burada aparılan geniş yenidənqurma işləri ilə tanış olub. Başdan-başa yeniləşən qarnizonda vətənə layiqincə xidmət etməkdən ötrü hər cür şərait yaradılıb.Prezident, Ali Baş Komandan İlham Əliyev sərhəd qarnizonunun şəxsi heyətinə xidmətdə uğurlar arzulayıb.

Nəhayət, onu da qeyd edək ki, açılış tədbirləri ilə zəngin olan səfər proqramı rayon ictimaiyyətinin nümayəndələrində unudulmaz təsir buraxıb. Hər kəs dövlət başçısının Cəlilabada növbəti gəlişindən hədsiz duyğulanıb. Səfərin ertəsi günü də rayonda əsl bayram əhval-ruhiyyəsi davam edib. Qurbanlar kəsilib, imkansız ailələrə, tənha qocalara, ehtiyacı olan sakinlərə paylanıb.Hər bir cəlilabadlı rayonun ürək açan növrağından qürur duyub. Bayram təntənəsi, qeyri-adi coşğunluq Cəlilabadın ən ucqar guşələrində belə hiss olunub, insanları yeni-yeni nailiyyətlərə ruhlandırıb.

Bəli, Prezident İlham Əliyevin rayonlara növbəti səfəri Azərbaycanın sürətli inkişaf yolunda olduğunu bir daha göstərdi. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilmə dinamikası, görülən işlərin həcmi və əhəmiyyəti sübut edir ki, ölkəmizdə iqtisadi inkişafa güclü təkan verilib, ucqar bölgələrdə belə əhalinin güzəranı və maddi rifahı ilbəil yaxşılaşmaqda davam edir.

 

 

Əli NƏCƏFXANLI,

"Xalq qəzeti"nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 5 iyun.- S. 4.