Zərdab: El gücü sel gücünə qalib gəldi

 

    Bu, ölkə Prezidentinin gündəlik diqqət və qayğısı, vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər, insan iradəsi, gücü və qətiyyəti nəticəsində mümkün oldu

 

    Təbiətlə insanın amansız mübarizəsi bir aydan artıqdır ki, davam edir. Aramsız leysan yağışlar, güclü dolu, torpaq sürüşməsi, görünməmiş sel və daşqın respublikamızın bir sıra bölgələrində insanları ciddi sınağa çəkmiş, dəhşətli fəlakətlər törətmiş, normal həyat tərzini pozmuş, həyəcan, təşviş və gərginlik yaratmışdır.

    Ancaq sonda yenə də insan, onun yenilməz iradəsi, dözüm və qətiyyəti qalib gəldi. Artıq dəli Kür geri çəkilir, sahilboyu onlarla yaşayış məntəqələrini, əkin sahələrini, örüş yerlərini cənginə almış sular öz məcrasına qayıdır, insanlar azad və rahat nəfəs alırlar.

    Bu ağır sınaq, dəhşətli fəlakət günlərində evindən-eşiyindən olan, həyət-bacası, əkini-biçini su altında qalan, var-yoxdan çıxan, zərər çəkən insanlara təsəlli verən, onları sınmağa, sarsılmağa qoymayan vacib və həlledici bir cəhət var: ölkə Prezidenti İlham Əliyev dərhal hadisə yerində, zərər çəkmiş insanlarla bir yerdədir, onlara ürək-dirək verir, vəziyyətin tezliklə düzələcəyini bildirir. Bunun ardınca Dövlət Komissiyası yaradılır, respublikamızın bütün əlaqədar qurumlarının rəhbərləri, millət vəkilləri fəlakət zonasındadır, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin, tapşırıq və göstərişlərin yerinə yetirilməsi ilə məşğuldurlar. Bax, elə ona görə də dərd, fəlakət və faciə insanları təkləyə bilmədi, qıra bilmədi.

    Biz bu dediklərimizin əyani ifadəsinin Zərdab rayonunda olarkən bir daha şahidi olduq.

 

    Kürün Zərdabdan keçən hissəsi 72 kilometrdir. Rayonun 25 yaşayış məntəqəsi bilavasitə Kürün sahilində yerləşir. Mayın 28-dən başlayaraq çayın səviyyəsi 5-6 metr qalxmışdır. Hazırda Kürün Zərdab ərazisindən saniyədə 1256 kubmetr su keçir. Halbuki adi halda bu, 400-450 kubmetr olub. Yaşlı sakinlərin dediklərinə görə, onlar Kürün bu dərəcədə dəlilik etdiyini babalarından da eşitməyiblər. Bundan başqa, rayon ərazisindən Türyançay və Göyçay çayları axıb. Məsələnin təhlükəli cəhəti odur ki, Zərdab şəhəri özü Kürlə, necə deyərlər, üz-üzədir, üstəlik coğrafi baxımdan çayın səviyyəsindən aşağıdır. Ona görə də elə bir il olmur ki, sahilboyu kəndlər, eyni zamanda, Zərdab şəhəri sel və daşqın təhlükəsi ilə üzləşməsin. Təsadüfi deyildir ki, əslində burada hazırlıq tədbirləri yaz yağışlarından əvvəl başlanır.

    Zərdablılar Kürün məcrasından çıxdığı günləri - 1978-ci ilin həyəcanlı və fəlakətli may günlərini indi də yaxşı xatırlayırlar. O zaman Zərdabın tamamilə su altında qalması təhlükəsi yaranmışdı. Ancaq həmin illər respublikamıza rəhbərlik edən xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev 1978-ci il may ayının 29-da Zərdaba gəlmiş, burada geniş müşavirə keçirilmiş, bütün imkan və səylər təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılmasına yönəldilmişdi. Nəticədə baş verə biləcək real təhlükənin qarşısı alındı.

    2010-cu ilin baharı zərdablılara məhz həmin həyəcanlı günləri bir daha yaşatdı. Ona görə də leysan yağışları başlanan ilk gündən rayon icra hakimiyyəti, bütün idarə, müəssisə və təşkilatlar gözlənilən fəlakətə qarşı, necə deyərlər, hazır vəziyyətdə dayandılar. Qeyd edək ki, aprelin 27-dək rayon öz daxili imkanları hesabına sel və daşqınların qarşısını ala bilərdi. Ayın 28-dən sonra isə aramsız leysan yağışlar şəhərdə və sahilboyu kəndlərdə daha ciddi təhlükə yaratdı, ağır fəsadlar, fəlakətlər törətdi.

    Təbii fəlakətin Zərdab rayonuna vurduğu ziyanın miqyası isə təxminən belədir: 884 evi su basmış, 33 ev tamamilə uçmuş, 71 evin sökülərək yenidən tikilməsi zərurəti yaranmışdır. Şəhər əhalisini təmin edən içməli su xətti sıradan çıxmışdır. Bəzi məktəblərdə dərslər dayandırılmışdır. Körpülərdə ağır tonlu nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulmuşdur. Evləri uçmuş 30 ailə "Aqrotexservis"in həyətində qurulmuş çadırlara köçürülmüşdür. 2 min hektar əkin sahəsi su altında qalmışdır.

    Əlbəttə, təbiətə bel bağlamaq, ondan mərhəmət gözləmək olmazdı. Onsuz da bütün rayon əhalisi, necə deyərlər, ayaq üstə idi, maşın-mexanizm təhlükəli ərazilərə cəlb edilmişdi. Hadisələrin ilk günündən yaradılmış xüsusi komissiya gecə-gündüz işləyirdi. Bir sözlə, hadisələrin gedişi 24 saat nəzarətdə idi.

    Bununla bərabər, baş verə biləcək daha ciddi fəlakət və təhlükələrə hazır olmaq lazım idi. Bu isə rayonun öz gücü və imkanı daxilində deyildi. Ona görə də rayon rəhbərliyi respublikanın rəhbər orqanlarına müraciət etdi. Vaxtında edilmiş müraciət dərhal əks-səda vermiş, respublika Prezidentinin tapşırığına əsasən müvafiq nazirlik, komitə və şirkət tərəfindən rayona təcili olaraq canlı qüvvə, maşın, mexanizm, ağır texnika göndərilmişdir. Beləliklə, vaxtında çalınan həyəcan təbili əslində daha böyük fəlakətin qarşısını almışdır.

    Ölkə Prezidenti İlham Əliyev mayın 11-də Şirvan şəhərində səyyar müşavirə keçirmişdir. Ölkə rəhbəri çadır düşərgələrində müvəqqəti məskunlaşmış Sabirabad sakinləri ilə görüşmüş, vəziyyətlə yerindəcə tanış olmuş, təbii fəlakətin vurğudu ziyanı tezliklə aradan qaldırmaq üçün əlaqədar qurumlar qarşısında konkret vəzifələr qoymuş, tapşırıq və tövsiyələrini vermişdir. Müşavirədə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev də çıxış edərək rayondakı mövcud vəziyyət, görülmüş və görüləcək işlər barədə ölkə Prezidentinə məlumat vermişdir.

    Beləliklə, bütün diqqət, imkan və səylər fəlakət bölgəsi rayonlarına yönəldildi. Fövqəladə Hallar Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, İqtisadi İnkişaf Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, "Azəryolservis" Departamentinin, "Azərsu"nun və başqa nazirlik, komitə və şirkətlərin canlı qüvvəsi və müvafiq maşın-mexanizmi ilk olaraq Zərdab rayonuna yola düşdü. Adları çəkilən qurumların nümayəndələri rayon rəhbərləri ilə birlikdə daim əhali arasındadır, onları şayiələrə uymamağa, bu çətin günlərdə möhkəm və dözümlü olmağa çağırırdılar.

    Köməyə gələn canlı qüvvə və texnikanın təxmini statistikası isə belədir: Fövqəladə Hallar Nazirliyinin 51 nəfər şəxsi heyəti və müvafiq texnikası, Meliorasiya və Su Təsərrüfatı ASC-nin 15 ağır texnikası, "Azəryolservis" Departamentinin 22 nəfər işçi qüvvəsi və 10 texnikası, "Əlibəyli" şirkətinin 35 nəfər işçi qüvvəsi və 30 texnikası, "Əfqan" şirkətinin 15 nəfər işçi qüvvəsi və texnikası "Azərtunel" təşkilatının 20 nəfər işçisi və 15 texnikası, "Azərsu" BSK - MMC-nin 10 içməli su maşını və s. Bura rayonun öz canlı qüvvəsini, maşın və mexanizmini də əlavə edək. Məsələn, 150 müxtəlif texnika, 130 nasos, 3500 nəfər canlı qüvvə. Bütün bu qüvvələr bölünərək üç növbə əsasında gecə-gündüz sahilbərkitmə və qrunt sularının çəkilməsi işlərinə cəlb olunmuşdur. Nəticədə indiyə kimi 114 mindən çox kisə torpaqla doldurularaq Kür çayının sahillərinə vurulmuşdur. Ümumiyyətlə, 60 kilometr məsafədə bəndbərkitmə işləri aparılmışdır.

    Elə bu məqamda qəlbimizdə xoş duyğular oyadan, birliyimizdən, nəcibliyimizdən xəbər verən maraqlı bir fakt: Zərdabın özünün köməyə, yardıma ehtiyacı olduğu ağır günlərdə rayon rəhbərliyinin təşəbbüsü ilə 80 yüklü maşın Saatlı, İmişli, Sabirabad rayonlarına yola salınmışdır. Doğrudan da el bir olsa dağ oynadar yerindən.

    Biz Zərdabda olarkən rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış xüsusi komissiyasının iclasında da iştirak etdik. Orada səslənən fikir və mülahizələri, təklif və qeydləri dinləmək olduqca xoş idi. İcra başçısı Lütvəli Babayev əvvəlcə ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısı nəticəsində indiyə kimi görülmüş işlər barədə məlumat verdi, bu ağır günlərdə köməyə gələn nazirlik, komitə və şirkət rəhbərlərinə öz minnətdarlığını bildirdi. Başçı onu da əlavə etdi ki, əlbəttə, təbiətə bel bağlamaq, arxayınlaşmaq olmaz. Ona görə də sahilbərkitmə işlərini eyni sürət və keyfiyyətlə davam etdirmək lazımdır.

    Sonra ayrı-ayrı nazirlik, komitə və şirkət nümayəndələri, yerli sakinlər, ağsaqqallar, ziyalılar çıxış edərək ürək sözlərini bildirdilər.

 

    Arif Axundov, rayonda işləyən respublika komissiyasının sədri, FHN-in bölmə müdiri:

    - Zərdaba ilk gəlişimizdən gördük ki, fəlakətin miqyasını məhdudlaşdırmaq məqsədilə operativ qərargah yaradılmış, ölkə rəhbərliyinə vaxtında müraciət edilmiş, ciddi səfərbərlik nəticəsində böyük işlər görülmüşdür. Əks halda fəlakətin miqyası çox geniş və ağır olardı.

    Əhali arasında maarifləndirmə işlərini gücləndirməyə ehtiyac var. Hamı bilməlidir ki, bəndlərin zədələnməsi yolverilməzdir, suyun səviyyəsi düşsə də, bəndbərkitmə davam etdirilməlidir. Uçmuş evlərin əvəzində yeni ərazidə təzə binalar tikilməlidir.

 

    Akif Orucov, Ağdam regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi:

    - Respublikamızın Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin qarşımıza qoyduğu tələb belədir: təbii fəlakətin nəticələrini ən qısa müddətdə aradan qaldırmalı, insan tələfatına yol verməməli, vətəndaşların əmlakını mühafizə etməli. Bizim 51 nəfərdən ibarət şəxsi heyətimiz, gərgin günlərdə köməyimizə gələn Bərdə xilasetmə taborunun əsgərləri yorulmaq bilmədən işləyərək möhtərəm Prezidentimizin müəyyənləşdirdiyi tələbləri lazımınca yerinə yetirdilər. Biz Zərdab şəhərinin və sahilboyu kəndlərin həyətlərindən, əkin sahələrindən nasoslar vasitəsilə görünməmiş həcmdə yağış, daşqın və qrunt suyunu kənarlaşdırdıq. Əlbəttə, çətin gündə insanlara kömək etməyimizdən, dəyən zərərin miqyasını azaltmağımızdan məmnunuq.

 

    Elşən Səlimov, Azərbaycan QAC icraçı katibinin müavini:

    - Təbii fəlakətlə əlaqədar respublika Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslan Zərdaba gələrək Kürqırağı kəndlərdə, təbii fəlakətdən zərər çəkmiş evlərdə, çadır düşərgəsində yaşayan insanlarla görüşdü. Sonra isə cəmiyyətin qiymətləndirmə qrupu Zərdabda oldu, təbii fəlakətdən ən çox zərər çəkən şəxsləri, ailələri müəyyənləşdirdi. Beləliklə, biz Zərdabın 70 sakininə yardım göstərdik, onları müxtəlif yataq, mətbəx, ərzaq və s. vasitələrlə təmin etdik.

 

    Etibar Məmmədov, "Azərsu" Birləşmiş Su-Kanal MMC-nin sədri:

    - Kürdə suyun görünməmiş həddə qalxması Zərdabda ciddi problem yaradıb, həm şəhərin əsas içməli su nasos stansiyası, həm də transformator suda qalıb. Dalğıclarımız su altında işləyərək nasos stansiyasının işini qısa müddət ərzində bərpa etdilər. Şəhərə su verilməyən günlərdə isə biz 10 ədəd 15 tonluq maşınlarımızla əhaliyə içməli su verdik.

    Zərdabda təbii fəlakət baş verib, lakin rayonun rəhbərliyi vaxtında həyəcan təbili çalıb, ilk günlərdən daxili imkanlar hesabına böyük işlər görülüb. Zərdabın içməli su təchizatı yaxın gələcəkdə yüksək səviyyədə təşkil ediləcək.

 

    Rəşad Əbilov, Fövqəladə Hallar Nazirliyi Yevlax Regional İdarəsini rəisi:

    - Vertolyot vasitəsilə Kürsahili kəndlərə baxış keçirdik, bəndlərin vəziyyəti, bəndbərkitmə işlərinin gedişi ilə yaxından tanış olduq.

    Bir neçə kənddə sakinlərlə görüşüb söhbət etdik. Doğrudan da, mühüm qabaqlayıcı tədbirlər görülmüşdür, yoxsa təbii fəlakətin miqyası çox böyük olardı.

    Unutmaq olmaz ki, cənab İlham Əliyev Şirvandakı müşavirədə bəndlərin toxunulmaz olduğunu, çayların mühafizə bəndləri üzərində və kənarlarında tikinti aparılmasına qəti qadağa qoyulduğunu, belə qanunsuz tikililərin sökülməsinin vacibliyini diqqətə çatdırdı.

 

    Nurmamməd İsmayılov, "Azərtunel" MMC-nin iş icraçısı:

    - Kollektivimizin 8 yük maşını, 1kran və 1 qreyderi bəndbərkitmə işlərində iştirak edir. Şirkətimizin 16 nəfər əməkçisi texnikanın gücündən səmərəli istifadə edərək hər gün nəzərdə tutulduğundan daha çox bəndi bərkidirlər. Biz burada çalışdığımız günlərdə rayon sakinlərinin və rayon rəhbərlərinin böyük qayğısını və dəstəyini gördük. Sevindiricidir ki, Zərdabın və zərdablıların təhlükəsizliyinin təmin olunmasında, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında bizim də zəhmət payımız var.

 

    Füzuli Hacıyev, "Azəryolservis"in əməkdaşı:

    - Çay sahilindəki on minlərlə insanın sakit, rahat yaşaması üçün biz də gecə-gündüz çalışdıq və zəhmətimiz hədər getmədi. Zərdablılar çox sağ olsunlar, bizə hər yerdə qayğı göstərildi. İcra başçısı Lütvəli Babayev gündə bəzən 3-4 dəfə uzaq Əlvənd, Otmanoba kəndlərinə gələrək işin gedişi ilə tanış olurdu.

 

    Cahangir Abdurəhmanov, "Əfqan" şirkətinin rəis müavini:

    - "Əlibəyli" şirkəti ilə birlikdə təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədilə 40-a qədər buldozer, ekskavator, KAMAZ maşınlarını Zərdaba göndərdik. Bura ezam olunmuş sürücü və mexanizatorlarımız Kür çayının daha ciddi təhlükə yaratdığı Otmanoba, Şəftəhal, Aşağı Seyidlər, Mehdililər, Qaravəlli və digər zəruri ehtiyac olan kəndlərdə gecə-gündüz işləyərək bəndləri əlavə olaraq təqribən 2 metr qaldırdılar və sızmaların qarşısını aldılar. Sevinirik ki, zərdablıların təhlükəsiz şəraitdə yaşamalarında bizim şirkətlərimizin - "Azəryolservis" Departamenti kollektivlərinin də zəhməti var.

 

    Hacı Xanəli Babayev, Mingəçevirdə yaşayan, əslən zərdablı olan din xadimi:

    - Təbii fəlakət barədə xəbəri eşidən kimi Kür sahilində ən çox təhlükə gözlənən ən zəif bəndin harada yerləşməsi ilə maraqlandım. Məlum oldu ki, Otmanobada vəziyyət qorxuludur, əhali ciddi narahatlıq keçirir.

    Həmyerlilərimin fəlakətdən qorunmasına kömək məqsədilə öz vəsaitim hesabına doğma rayonumuza 5 ədəd KAMAZ markalı yük maşını və 1 ədəd yükləyici göndərdim. Sağ olsun sürücülər də, kənd camaatı da, rayon rəhbərliyi də. Zərdabda bizim səmərəli işləməyimiz üçün hər cür şərait yaradıldı, ortaya çıxan problemlərimiz operativ həll olundu. Nəticədə qısa müddət ərzində biz Otmanoba kəndində Kür çayı sahilində 2 kilometr məsafədə 1 metr hündürlüyündə bəndbərkitmə işləri apardıq.

 

    Soltan Sadıqov, rayon suvarma sistemləri idarəsinin rəisi:

    - Kür və Türyançay çaylarını ciddi təhlükə törətdiyi ilk günlərdən bütün kollektivimiz və texnikamız sahilbərkitmə işlərinə səfərbər olunub. Biz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təbii fəlakətlə bağlı keçirdiyi müşavirələrdə qarşıya qoyduğu vəzifələri yüksək səviyyədə həyata keçirmək üçün gecə-gündüz işlədik, bəndləri nəzarətdə saxladıq. Ən çətin məqamlarda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi bizə əlavə kömək və dəstək verdi. Bəndbərkitmə və mühafizə işlərini davam etdiririk, çünki hələ də tam arxayınlaşmaq olmaz.

    Hüseyn Həsənov, 1978-ci ildə Kür daşqını ilə əlaqədar yaradılmış Zərdab rayon qərargahının sədri, dövlət qulluğu veteranı:

    - 32 il əvvəl Kürün coşub-daşdığı o günləri qorxulu yuxu kimi xatırlayıram. Ulu öndərimizin qətiyyəti, şəxsən Zərdaba gələrək bəndbərkitmə işlərinə diqqət yetirməsi, müşavirə keçirməsi, bütün qüvvələri rayonumuza cəlb etməsi sayəsində Zərdab su altında qalmaqdan xilas oldu. Zərdablılar öz xilaskar ümummilli liderlərini hər zaman böyük sevgi ilə xatırlayırlar. İndiki günlərdə də Kür sahilinə çıxıram və 1978-ci ili 2010-cu illə müqayisə edirəm... bir daha qəti əmin oluram ki, hörmətli Prezidentimiz İlham Əliyev Heydər Əliyevin ən layiqli davamçısıdır. O, öz qətiyyəti və təşkilatçılığı, xalqa diqqəti və qayğısı sayəsində dərin ümumxalq sevgisi qazanıb.

    Düşünürəm ki, müəyyən təhlükə qalsa da, xalqımız təbii fəlakət sınağının ən mürəkkəb mərhələsindən inamla və itkisiz çıxdı. Bunun üçün isə hər birimiz möhtərəm Prezidentimizə ürəkdən minnətdarıq.

 

    Xalid İxtiyarov, Gödəkqobu kəndinin ağsaqqalı:

    - Kəndimiz Kürdən aralıda yerləşsə də təbii fəlakət bizi də ciddi narahat edir. Lakin möhtərəm Prezidentimizin müşvirələrdəki çıxışları ürəyimizi sakitləşdirdi, bir daha əmin olduq ki, dövlətimiz bu bəlanın qarşısını qısa müddətdə alacaq. Doğrudan da, tezliklə Kür cilovlandı, adamlar doğma evlərinə qayıtmağa başladılar. Zərdabda bəndlər möhkəm bərkidildi. O günlərdə Zərdab - Mollakənd yolunun tikildiyini, kəndlərə qaz çəkildiyini görəndə arxayın oldum ki, dövlətimiz Zərdabın su altında qalmasına imkan verməyəcək.

 

    Qoşdu Qəhrəmanov, Böyük Dəkkə kənd sakini, əmək veteranı:

    - Bu gün Kür nə qədər qalxsa da, nəvə-nəticələrimiz evdə arxayın yatırlar. Bilirlər ki, Azərbaycanın güclü və qətiyyətli lideri var, Prezident xalqı hər hansı təhlükədən qorumağa qadirdir. Biz yaşlı nəsil Heydər Əliyevlə fəxr edirdik, bu gün isə İlham Əliyevlə fəxr edirik.

    ... Bu gün Zərdabda həyat, insanların günü-güzəranı, qayğı və düşüncələri bax, belədir. Artıq gərginlik və həyəcan arxada qalıb, həyat öz əvvəlki məcrasına düşüb, sakinlər sakit və rahat nəfəs alırlar.

    Bununla belə, rayon icra hakimiyyətindəki "Qaynar xətt"ə ara-sıra həyəcanlı xəbərlər gəlir. Elə sonuncu zəngi götürək: Şəhərdəki "Dalğa" kafesinin yanında, o cümlədən Otmanoba, Əlibəyli, Təzəkənd kəndlərinin ərazisində Kürdən sızmalar var. Gecə yarı olmasına baxmayaraq, bütün rayon ayağa qalxır, Fövqəladə Hallar Nazirliyinin 80 nəfər əlavə qüvvəsi köməyə gəlir. Sahilbərkitmə işləri səhərə yaxın başa çatır, təhlükə aradan qaldırılır, vəziyyətə tam nəzarət etmək mümkün olur...

    Yenə də insan, onun yenilməz iradəsi və qətiyyəti qalib gəldi.

 

 

    Ziyəddin SULTANOV,

    "Xalq qəzeti"nin bölgə müxbiri

 

    Xalq qəzeti.- 2010.- 5 iyun.- S. 5.