Məsləhət və informasiya
xidməti məhsul bolluğuna yol açır
Kənd təsərrüfatı
çətin və mürəkkəb sahədir. Burada fəaliyyəti
planlaşdırmaq, təşkil və idarə etmək
üçün torpaq, əmək və kapitaldan başqa,
bilik və informasiya da lazımdır. Müasir dünyada
biliklər hər il orta hesabla öz aktuallığını
10-15 faiz itirir və hər 8-10 ildən bir tamamilə köhnəlir.
Ona görə də aqrobiznes fəaliyyəti ilə məşğul
olan sahibkarları maarifləndirmək və onlara qeyri-maddi
intellektual köməkliklər göstərmək son dərəcə
vacib və aktual məsələdir.
2000-ci ildən
başlayaraq, ölkədə bu istiqamətdə ciddi işlər
görülür. Prosesin məntiqi nəticələrindən
biri də budur ki, 2003-cü ildə Masallı regionunda torpaq
mülkiyyətçilərinə və digər sahibkarlara məsləhət
və informasiya xidmətləri göstərmək üçün
Masallı Regional Mərkəzi yaradılmışdır. Bu
region kənd təsərrüfatı üçün əlverişli
coğrafi mövqeyə, geniş təbii və iqtisadi
imkanlara, bol işçi qüvvəsinə malikdir. Dağlıq,
dağətəyi və düzənlik sahələrdən
ibarət relyef və landşaft burada iqlimin, torpaq və bitki
örtüyünün, su ehtiyatlarının müxtəlifliyinə,
bunlarla əlaqədar əhalinin qeyri-bərabər yerləşməsinə,
təsərrüfatların çox mühüm və vacib
biznes sahələri üzrə ixtisaslaşmasına şərait
yaratmışdır.
Elə buna görə region çoxsahəli kənd təsərrüfatına malikdir. Masallı regionunu təşkil edən Masallı, Lənkəran, Cəlilabad, Astara, Lerik və Yardımlı rayonları respublika əmək bölgüsündə taxıl, çəltik, tərəvəz, kartof, üzüm, çay, sitrus, giləmeyvə və heyvandarlıq məhsulları ilə iştirak edir. Ölkədə istehsal olunan yaşıl çay yarpağının 92,4 faizini, çəltiyin 46,5 faizini, pomidor, xiyar və kələmin 24,6 faizini, kartofun 17,1 faizini və buğdanın 7,3 faizini Masallı Regionu verir. Ölkədə regionun süd istehsalı üzrə xüsusi çəkisi 13,6 faiz və ət istehsalı üzrə 14,5 faiz təşkil edir. Masallı regionunda sitrus bitkiləri istehsalı da mühüm yer tutur, çayçılıq və üzümçülük yenidən sürətlə inkişaf etdirilir.
Masallı Regional Məsləhət Mərkəzi Dünya Bankı tərəfindən hazırlanmış və Azərbaycan höküməti ilə razılaşdırılmış texnologiya üzrə fəaliyyət göstərir. Nəzərdə tutulan vəzifələri konkret sahələr üzrə yerinə yetirmək üçün 30 nəfər, o cümlədən, Masallı rayonu üzrə 7, Lənkəran rayonu üzrə 6, Cəlilabad rayonu üzrə 7, Astara rayonu üzrə 5, Lerik rayonu üzrə 2 və Yardımlı rayonu üzrə 3 nəfər yüksək peşəkarlığa malik kənd təsərrüfatı mütəxəssisi seçilmişdir. Onlar Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunan təlimlərdə iştirak etmiş və yeni ixtisas dərəcələri almışlar. Hər bir məsləhətçi üçün konkret ərazi və xidmət norması müəyyən edilmişdir. Masallı regionu üzrə orta hesabla hər bir məsləhətçiyə 4190 nəfər məhsul və əmtəə istehsalçısına xidmət etmək vəzifəsi tapşırılmışdır.
Kənd təsərrüfatına aid məlumatları çatdırmaq üçün təlimlər keçmək, fəaliyyət sahələri üzrə məsləhətlər vermək, sifarişli tapşırıqları yerinə yetirmək, mütərəqqi texnologiyaları, elmi yenilikləri təşviq etmək, istehsal və satış üçün zəruri informasiyaları yaymaq, problemlərin həlli məqsədi ilə alternativ yolların müəyyən edilməsinə köməklik göstərmək məsləhət xidmətinin əsas komponentləridir.
Təlim keçmək üçün əvvəlcə kəndlərdə təlimə olan ehtiyac müəyyənləşdirilir. Bunun üçün məsləhətçilər xidmət göstərdikləri kənd və qəsəbələrdə rəsmi və qeyri-rəsmi qaydada, ayrı-ayrı şəxslər, təsərrüfatçılar qrupu, məsləhət layihələri və icmalar üzrə araşdırmalar, müşahidələr və müsahibələr aparır, sahibkarlarla görüşlər və qısa müzakirələr keçirirlər. Sonra toplanmış bütün məlumatlar təhlil edilir, ümumi və xüsusi əhəmiyyətinə görə təsnifatlaşdırılır. Nəticədə problemlərinə, arzu və istəyinə görə bir-birinə oxşar olan 10 nəfərdən ibarət məqsəd qrupları yaradılır. Təlim keçmək üçün müəyyən edilən mövzular, onun vaxtı və yeri potensial təlim iştirakçıları ilə razılaşdırıldıqdan sonra hər bir özəl məsləhətçi tərəfindən aylıq iş qrafiki tərtib edilir. Təsərrüfatçıların və məsləhət layihələrində iştirak edən torpaq mülkiyyətçilərinin təlim mövzularına olan ehtiyacı yerli şəraitdən və ilin fəsillərindən asılı olaraq tez-tez dəyişir. İqtisadi cəhətdən əhəmiyyətli və yerli şərait üçün xarakterik olan mövzular daha çox sifariş edilir. Sifarişlər yazılı qaydada təqdim olunur.
Torpaq mülkiyyətçiləri və digər sahibkarlar tərəfindən sifarişli variantlar üzrə müəyyən edilən mövzular agentlik tərəfindən hazırlanmış və modul adlanan təlim vəsaiti ilə keçirilir. Modullar danışmaq, nümayiş etdirmək və iştirakçıları öyrətmək üçün nəzəri, praktiki, həm də müzakirə hissələrindən tərtib edilir. Hər bir özəl məsləhətçi müqavilə tapşırığına uyğun olaraq ayda 4 dəfə bir günlük təlim keçir. Təlim zamanı yerli şəraitin spesifikliyi nəzərə alınır, təlim iştirakçılarının konkret fakt və təcrübələrindən istifadə edilir.
Təlimlərin bir hissəsi məsləhətçilik fəaliyyətinin spesifikliyinə uyğunlaşdırılmış, müvafiq avadanlıq və metodiki vasitələrlə təmin olunmuş "Məsləhət və təlim otaqların"da, bir hissəsi isə iştirakçı kəndlərdə uyğunlaşdırılmış şəraitdə keçirilir. Region üzrə hər rayonda şərti olaraq bölüşdürülmüş ərazi üzrə 30 kənddə hər bir özəl məsləhətçi üçün müvafiq şəraitə malik, yerli şəraitin tələb və ehtiyaclarına uyğun, ərazinin kənd təsərrüfatı ilə əlaqədar bütün sahələrini əhatə edən texniki və metodiki vasitələrlə təmin edilmiş "Məsləhət və təlim otağı" yaradılmışdır. "Məsləhət və təlim otaqları" regionda istehsalçılar, emalçılar və ticarətçilərlə operativ əlaqələr yaratmağa, onların mütərəqqi texnologiyalara və bazar məlumatlarına çıxışına imkan verən təlim mərkəzi kimi fəaliyyət göstərir.
Masallı regionunda torpaq mülkiyyətçiləri və digər sahibkarlar üçün həyata keçirilən bilik öyrətmək və maariafləndirmək işləri təlimdən kənar, tarla və ferma nümayişlərində də davam etdirilir. Tarla və ferma nümayişləri hər ay özəl məsləhətçi tərəfindən 5 gün müxtəlif vaxtlarda təşkil olunur. Bu zaman hər hansı bir sahə üzrə konkret mövzu barədə real tələbata uyğun olaraq, maraq və problemləri üst-üstə düşən torpaq mülkiyyətçilərinə və aqrobiznes fəaliyyəti ilə məşğul olan digər sahibkarlara bilavasitə fermer təsərrüfatında mütərəqqi və uğurlu hesab edilən fəaliyyət və ya təcrübə, üsul və nəticə, yeni texnika, texnologiya, kimyəvi və ya bioloji vasitə əyani şəkildə nümayiş etdirilir. Nəzərə alınır ki, insanlar eşitdiklərinə nisbətən gördüklərinə daha çox inanırlar. Fermer qrupları və məsləhət layihələrinin iştirakçıları üçün təşkil olanan tarla və ferma nümayişlərində heyvandarlıq, tərəvəzçilik, pestisidlərin tətbiqi, xəstəliklərə və zərərvericilərə qarşı mübarizə tədbirləri, meyvəçilik, kartofçuluq, taxılçılıq, quşçuluq, arıçılıq və başqa yerli şərait üçün xarakterik olan biznes mövzuları üstünlük təşkil edir. Tarla və ferma nümayişləri iştirakçıların maksimum faydalanması üçün müşahidə, müzakirə, mübahisə və mübadilə şəraitində keçirilir. Özəl məsləhətçilərin hər biri müqavilə şərtlərinə uyğun olaraq, uğurlu təcrübə və texnologiyaları yaymaq məqsədilə 5 nümayiş sahəsi yaratmışdır.
Kənd təsərrüfatında bilik yayımı məhsul və əmtəə istehsalçılarının maarifləndirilməsini nəzərdə tutan prosesidir. Onun həyata keçirilməsində kütləvi informasiya vasitələrinin imkanlarından da istifadə edilir. Özəl məsləhətçilər vaxtaşırı radio və televiziya kanallarında istehsal problemləri, həyata keçirilən dövlət və hökümət tədbirləri, müasir təsərrüfatçılıq və idarəetmə üsulları barədə çıxışlar edirlər, həmçinin məsləhətlərə, təlimatlara və beynəlxalq təcrübələrə həsr olunmuş video süjetlər göstərilir. Məsləhət və informasiya xidmətlərinin bir hissəsi də torpaq mülkiyyətçilərinə həm də qəzet vasitəsilə çatdırılır. Özəl məsləhətçilər tərəfindən iqtisadi, idarəetmə və texnoloji mövzuda hazırlanan məqalələr mərkəzi və yerli qəzetlərdə tez-tez dərc olunur və yayılır. Səmərəli elmi nəticələrə, uğurlu fermer təcrübələrinə və yeniliklərə aid təsərrüfatçıların sifarişi ilə hazırlanan buklet, kitabça və başqa növ informasiya materialları da regionda fəaliyyət göstərən istehsalçıların, emalçıların və ticarətçilərin maarifləndirilməsinə yardım edir. Özəl məsləhətçilər kənd və qəsəbələrdə qadın və gənclərdə əmək fəallığının yüksəldilməsinə, biznes təşəbbüslərinin inkişafına və onların təşkilatlanmasına da məsləhət və metodiki köməkliklər göstərirlər.
Regionda fəaliyyət göstərən Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Cəlilabad Zona Təcrübə Stansiyası, Azərbaycan Elmi-Tədqiqat Tərvəzçilik İnstitutunun Lənkəran Zona Təcrübə Stansiyası, Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Lənkəran Çayçılıq filialı, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Aqrar-Elmi Mərkəzi və başqa müəssisə və idarələrlə mövcud əməkdaşlıq, bilik və informasiya mübadiləsi üçün yaradılan əlaqələr Masallı regionunda torpaq mülkiyyətçilərinin bilik və bacarığını artırmağa kömək edir. Təlimlərdə, tarla və ferma nümayişlərində həmin müəssisələrin elmi baza və ədəbiyyatlardan, yüksək ixtisaslı mütəxəssislərin köməyindən geniş istifadə olunur.
Torpaq mülkiyyətçilərinin bilik və imkanlar bazasının inkişaf etdirilməsində "May-Səma" Azərbaycan-türk toxumçuluq şirkəti, "Ema" bitki mühafizəsi kompaniyası, Cəlilabad "Aqro-Biznes" kommersiya təşkilatı, Fransanın "Kastel" üzümçülük şirkəti, Almaniya Xalq Universitetləri Birliyinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və digər təşkilatlarla qarşılıqlı kömək, informasiya və təcrübə mübadiləsindən istifadə edilir.
Keçən il Norveç Krallığının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə keçirilən təlim və seminarlarda özəl məsləhətçilər və 50-dən çox əmtəə istehsalçısı regionda kənd təsərrüfatının inkişafına aid təcrübə və texnologiyalarla təlimatlandırılmışlar. Layihə üzrə çap olunan informasiya materiallarından "Ekoloji kənd təsərrüfatı haqqında" qanunun hazırlanmasında istifadə edilmişdir. Dünya Təbiəti Mühafizə Fondunun maliyyə dəstəyi ilə Regional Məsləhət Mərkəzi tərəfindən təşkil olunan təlim və seminarlarda iştirakçılara regionda kiçik sahibkarlığın və icma əsaslı turizmin inkişafına aid təlimat və qaydalar öyrədilmişdir.
Ümumiyyətlə, məsləhət xidməti çoxfunksiyalı vəzifədir. Məsləhətçi isə həm müəllim, həm bilik və məlumat yayan, məhsul istehsalçılarına zəruri informasiyalar çatdıran operativ xidmətçi, həm də optimal qərarlar qəbul edilməsində sahibkara kömək edən menecerdir. Kənd təsərrüfatında əmək resurslarının inkişafına təkan verən bu iş çox maraqlı və məsuliyyətlidir. Onun mahiyyəti Çin atalar sözu ilə ifadə olunur: "Camaata balıq tutumağı öyrətmək onlara balıq paylamaqdan daha faydalıdır". Ən vacibi və əhəmiyyətlisi isə budur ki, nəticədə kənd adamlarının yaşayış imkanları, düşüncə tərzi və qərar qəbul etmək bacarığı əsaslı surətdə dəyişir.
Faiq NADİROV,
Masallı Regional Məsləhət Mərkəzinin
direktoru, kənd təsərrüfatı
elmləri namizədi
Xalq qəzeti.- 2010.- 5 iyun.- S. 4.