İqtisadiyyatda sabitlik və
inkişaf dinamikasının müşahidə olunması
uğurlu siyasətin məntiqi nəticəsidir
Ulu öndər Heydər
Əliyevin dövlətçiliyin, demokratik cəmiyyətin və
yeni iqtisaldi sistemin yaranmasını şərtləndirən
siyasi kursunun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə
davam etdirilməsinin məntiqi nəticəsi olaraq, hazırda
Azərbaycan iqtisadi sahədə qazandığı
uğurlarla dünya ölkələri arasında mövqeyini daha da möhkəmləndirmişdir.
Bu, eyni zamanda ümummilli liderimiz tərəfindən əsası
qoyulan iqtisadi siyasətin Azərbaycan modelinin mövcud iqtisadi
münasibətlər müstəvisində alternativsizliyini təsdiqləyir.
Məhz bunun nəticəsidir
ki, son illər Azərbaycan sosial-iqtisadi sahələrdə bir
sıra uğurlar əldə etmiş, neft sahəsinin,
qeyri-neft sektorunun davamlı inkişafına nail olunmuşdur. Birinci
və ikinci regional inkişaf proqramlarının, habelə digər
mühüm sənədlərdə nəzərdə
tutulmuş tədbirlərin yüksək səviyyədə
reallaşdırılması nəticəsində yeni iş
yerlərinin və müəssisələrin
yaradılması, sosial infrastruktur təminatının keyfiyyətinin
yüksəldilməsi, sahibkarlıq mühitinin daha da
yaxşılaşdırılması, iqtisadiyyata investisiya
qoyuluşlarının artırılması, yoxsulluğun
azaldılması və s. məsələlər öz
müsbət həllini tapmışdır.
Uğurların mənzərəsini
görmək üçün təkcə son bir ilin rəsmi
statistikasından bəzi məqamlara diqqət yetirək. Xatırladaq
ki, sözügedən dövrdə ölkə əhalisinin
sosial vəziyyəti daha da yaxşılaşmış,
bütün infrastruktur layihələri, sosial proqramlar
uğurla icra edilmişdir. Ötən ilin yekunlarına görə,
Azərbaycan dünya miqyasında ən sürətlə
inkişaf edən ölkələr sırasına
çıxmışdır. Ümumi daxili məhsul 9,3 faiz, sənaye
istehsalı 8,6 faiz, kənd təsərrüfatı 3,5 faiz
artmışdır. İnflyasiyanın səviyyəsi 1,5 faiz
olmuşdur. İqtisadiyyata 9,2 milyard dollar investisiya
qoyulmuşdur. Ölkənin valyuta ehtiyatları 20,4 milyard
dollar təşkil etmişdir. Keçən il 74 min yeni iş
yeri açılmışdır. Yoxsulluğun səviyyəsi
13,2 faizdən 11 faizə düşmüşdür. Azərbaycanda
64 məktəb, 59 səhiyyə müəssisəsi
tikilmiş və təmir edilmişdir. Beş böyük
Olimpiya kompleksi istifadəyə verilmişdir.
Müsbət nəticələr
bu ilin birinci rübündə də müşahidə
edilmişdir. Bununla bağlı ölkə Prezidenti İlham Əliyev
Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında demişdir: "...İlin birinci
rübündə iqtisadiyyat 5,4 faiz artmışdır. Sənaye
istehsalı 5,6 faiz, sevindirici haldır ki, qeyri-neft sektoru 2,8
faiz, kənd təsərrüfatı 1,5 faiz
artmışdır. İnflyasiya cəmi 3,8 faiz təşkil
etmişdir ki, bu da öz növbəsində, sosial məsələlərin
həlli üçün bizə əlavə imkanlar
yaradır. Demək olar ki, qiymət artmı çox az səviyyədədir.
Nəzərə alsaq ki, əhalinin pul gəlirləri
artır, - bunun ən gözəl göstəricisi banklara
qoyulan əmanətlərin 30 faizdən çox
artmasıdır, - görərik ki, inflyasiyanın bu
aşağı səviyyədə saxlanması insanların
rifah halına mənfi təsir göstərmir.
Bir sözlə,
bütün makroiqtisadi göstəricilərimiz bir daha
sübut edir ki, Azərbaycanın seçdiyi yol düzgün
yoldur. Azərbaycan öz müsbət inkişafını
gücləndirir və davam etdirir".
Dövlət
başçımız yuxarıda adı çəkilən
iclasda eyni zamanda vurğulamışdır ki, 2009-cu ilin
dünya tarixində böhran ili kimi qalmasına baxmayaraq,
iqtisadiyyatımız təxminən 10 faiz artmışdır.
Bu artımın üzərində əlavə artıma nail
olmaq, əlbəttə ki, böyük uğur hesab oluna bilər.
Azərbaycanda həyata
keçirilən sosial-iqtisadi islahatlar ölkəmizin bundan
sonra onilliklər ərzində uğurlu inkişafını təmin
etmişdir. Belədə isə təbii ki, xarici dövlətlərin
Azərbaycana marağı, investisiya qoymaq meyli güclənmişdir.
Prezident İlham Əliyev XVII Beynəlxalq Xəzər neft, qaz
sərgi və konfransının açılışı mərasimində
bununla bağlı demişdir: "...Azərbaycan investisiyalar
üçün çox məqbul, çox cəlbedici
ölkədir. 1995-ci ildən bu günə qədər
ölkə iqtisadiyyatına 82 milyard dollar investisiya
qoyulmuşdur. Onların demək olar ki, yarısı neft-qaz
sektoruna qoyulmuşdur. Əlbəttə ki, neft
strategiyasının ilk illərində investisiyalar daha
çox neft-qaz sektoruna qoyulurdu. Bu, bəzi ekspertləri
narahat edirdi ki, "
Ancaq bizim
düşünülmüş siyasətimiz və konkret
addımlarımız göstərdi ki, Azərbaycanın
seçdiyi yol düzgün yoldur. Bu gün Azərbaycan
iqtisadiyyatı şaxələndirilmiş iqtisadiyyatdır.
Əgər ümumi investisiya portfelinin yarısı qeyri-neft
sektoruna qoyulubsa, bu, onu göstərir ki, Azərbaycanda
qeyri-neft sektoru da çox cəlbedici bir sahədir..."
Dövlət
başçımız çıxışında daha sonra
demişdir: "...Bu gün iqtisadi müstəqilliyimiz,
böyük valyuta ehtiyatlarımız,
iqtisadiyyatımızın uğurlu inkişfı bizə əlavə
güc verir. O güc ki, bu gün bizə lazımdır. Çünki biz hələ ki, gənc müstəqil
dövlətik. Baxmayaraq ki, Azərbaycan
iqtisadiyyatı artıq öz keçid dövrünü
başa vurdu. Biz artıq keçid
iqtisadiyyatı ölkəsi deyilik. Biz inkişaf edən
iqtisadiyyatıq və bunu beynəlxalq maliyyə qurumları da
görür, təsdiqləyir...".
Ötən il dünyanın
əksər ölkələrində iqtisadiyyat tənəzzülə
uğradığı halda, bu mənfi meylin Azərbaycana o qədər
də ciddi təsir göstərməməsinin səbəbi nədir?
Prezident İlham Əliyev bu barədə demişdir: "...
Neftin qiymətləri üç-dörd dəfə
aşağı düşdü. Buna baxmayaraq,
iqtisadiyyatımız inkişaf etdi. Milli valyutamız sabit
qaldı. Qeyri-neft sektorunda tərəqqi dayanmadı. Bu,
aydın şəkildə onu göstərir ki, iqtisadi
inkişafımızın əsas səbəbi
apardığımız iqtisadi islahatlar, eləcə də
iqtisadi təşəbbüslər, bütün səylərimizin
səfərbər edilməsi, əsas diqqətin sosial məsələlərə
yetirilməsi və iqtisadiyyatın müxtəlif sahələrinin
inkişaf etdirilməsidir...".
Ümumiyyətlə, həyata
keçirilən düşünülmüş siyasət nəticəsində
ölkəmizdə böhranın acı fəsadları
müşahidə edilməmişdir. Beynəlxalq Valyuta Fondu,
Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf
Bankı kimi aparıcı maliyyə institutları ölkəmizdə
həyata keçirilən antiböhran tədbirlərini
yüksək qiymətləndirmişdir. Dünya
Bankının növbəti "Doinq-Business"
hesabatında Azərbaycan öz yüksək mövqeyini
qoruyub saxlamışdır.
Bank və maliyyə sektorunun
da qlobal maliyyə böhranının təsirlərindən
qorunması diqqət mərkəzində olmuşdur.
Mübadilə məzənnəsi sabit saxlanılmaqla və
bank sisteminə likvidlik inyeksiya edilməklə maliyyə
sabitliyinin "ömrü" uzadılmışdır. Məzənnənin
sabitliyi inflyasiya səviyyəsini azaltmağa,
dollarlaşmadakı müvəqqəti artımı səngitməyə
və bankların balanslarına neqativ təsirlərin
qarşısını almağa imkan vermişdir.
Yeri gəlmişkən,
maliyyə böhranı ilə bağlı bir məqamı da
xatırlatmaq istərdik. Ötən ilin ilk üç
ayında ölkədə makroiqtisadi sabitliyin pozulması
riskinin artdığı bir şəraitdə milli
valyutanın sabitliyinin təmin edilməsi Mərkəzi
Bankın antiböhran siyasətinin əsasını təmin
edirdi. Qlobal böhranın təsirləri və qonşu
ölkələrdəki devalvasiyalarla bağlı psixoloji təzyiq
şəraitində Mərkəzi Bank soyuqqanlılıq
göstərərək manatın sabitliyini qorumuşdur. Onu da
vurğulamaq lazımdır ki, manatın sabitliyinin təmin
edilməsi müəyyən resurslar tələb etsə də,
2009-cu ildə ölkənin strateji valyuta ehtiyatları artmaqda
davam etmişdir. Tədiyə balansının müsbət
saldosu manatın məzənnəsinin sabit qalmasının əsas
amili olmuşdur. Məhz tədiyə balansının profisitli
olduğunu və valyuta bazarında yaranmış gərginliyin
müvəqqəti xarakter daşıdığını nəzərə
alaraq, Mərkəzi Bank manatın devalvasiyasına yol verməməyi
məqsədəuyğun hesab etmişdir. Toplanmış valyuta
ehtiyatları hesabına manatın məzənnəsinin
sabitliyinin təmin olunması valyuta bazarındakı psixoloji gərginliyi
tədricən aradan qaldırmışdır. Manatın məzənnəsinin
sabitliyi idxalın və daxili istehsalda istifadə olunan xarici mənşəli
əmtəələrin kəskin bahalaşmasına imkan verməmiş,
əhalinin əmanətlərinin dəyərsizləşməsinin,
xarici valyutada borc yükünün artmasının, manata
etimadın azalmasının və iqisadiyyatda yüksək
dollarlaşmanın qarşısını almışdır.
Daxili istehlak bazarında idxalın xüsusi çəkisinin əhəmiyyətli
olması şəraitində yeridilmiş məzənnə
siyasəti 2009-cu ildə orta illik inflyasiyanın 1,5 faiz səviyyəsinə
düşməsində mühüm rol oynamışdır.
Bununla belə, ötən ilin yekunu üzrə iqtisadi
artım üçün məqbul sayılmayan deflyasiyaya yol
verilməmişdir. İnflyasiyanın aşağı səviyyəsi
və çoxtərəfli məzənnənin əlverişliliyi
Azərbaycanda rəqabət qabiliyyətliliyinin qorunmasına
da şərait yaratmış, ötən il ərzində
qeyri-neft sektoru üzrə manatın çoxtərəfli real
məzənnəsi 3,5 faiz ucuzlaşmışdır.
Xatırladaq ki, xarici maliyyə
mənbələrinin azalması şəraitində Mərkəzi
Bankın vəzifələrindən biri iqtisadiyyatın pula
olan tələbatının ödənilməsi olmuşdur.
Bunun üçün qurum pul siyasətini radikal
yumşaltmış, yeni qanunvericilik bazası əsasında
iqtisadiyyata ümumi daxili məhsulun 5 faizi səviyyəsində
birbaşa likvidlik dəstəyi göstərmişdir. Mərkəzi
Bankın inyeksiyaları pul kütləsinin azalmasının
qarşısını almış, bankların maliyyə
dayanıqlığını və iqtisadi aktivliyini
qorumuş, əhəmiyyətli iri müəssisələrin
xarici borc ödənişinə və istehsal-investisiya fəaliyyətinə
zəruri dəstək təmin edilmişdir.
Ümumiyyətlə, həyata
keçirilən tədbirlər qlobal maliyyə
böhranının bank sektoruna təsirini məhdudlaşdırmış
və sözügedən sahənin yeni şəraitə daha
hazırlıqlı daxil olmasını
reallaşdırmışdır. Böhranaqədərki
dövrdə bankların kapitalizasiyası və maliyyə
ehtiyatlanması, xarici borcların tənzimlənməsi və
risk menecment istiqamətində xüsusi tədbirlər paketi
icra olunmuşdur. Böhran dövründə isə banklara
likvidlik, aktivlərin keyfiyyətinin qorunması və digər
istiqamətlərdə dəstək göstərilmişdir. Nəticədə
dünyanın əksər ölkələrindən fərqli
olaraq Azərbaycanın bank sektorunda hər hansı iflas və
xüsusi gərginlik halı qeydə
alınmamışdır. Bununla da ölkə öz
resursları ilə böhranın öhdəsindən gəlmişdir.
Başqa sözlə, qlobal maliyyə böhranı və
ressesiyaya baxmayaraq, Azərbaycan iqtisadiyyatının müvazinəti
qorunmuş, iqtisadiyyatda sabitlik və inkişaf dinamikası
müşahidə olunmuşdur. Azərbaycan Prezidenti cənab
İlham Əliyevin diqqəti sayəsində əsas səylər
ölkədə maliyyə sabitliyinin qorunmasına yönəlmiş,
iqtisadiyyatı geri salan, əhalinin sosial vəziyyətini pisləşdirən
devalvasiya, defolt və inflyasiya kimi destruktiv iqtisadi meyillərə
yol verilməmişdir. Bütün dünyada böhranın əsasən
banklardan başladığı, nəticədə
işgüzar maddi fəallığın azalması, istehlak,
biznes kreditləşməsində ciddi problemlərin
yaranması, istehlak tələbinin enməsi və digər
amillər nəzərə alınmaqla, iqtisadiyyatın
lokomotivi sayılan bu sektora dəstək gücləndirilmişdir.
Azərbaycan hökumətinin pul siyasəti daha aktiv olaraq
makroiqtisadi tarazlığın və
dayanıqlığın təmin olunmasına və eyni
zamanda bank sistemində maliyyə sabitliyinin qorunmasına istiqamətlənmişdir.
Qonşu dövlətlərdəki
neqativ proseslərin psixoloji təsirinə rəğmən,
qlobal iqtisadi böhranın təsirini minimum həddə endirən
Azərbaycanın milli valyutası son illər postsovet məkanında
ən dayanıqlı valyuta olmuşdur. Eyni zamanda, 2009-ci ilin əvvəllərindən
maliyyə böhranının ilk simptomları nəzərə
alınmış, respublika banklarının xarici borclanmasının
idarəedilən təhlükəsiz səviyyədə
saxlanılması üzrə konkret addımlar
atılmış və səmərəli nəticələr
əldə edilmişdir. Manatın sabitliyini qorumaq
üçün valyuta bazarında tələb və təklif
vaxtında tarazlaşdırılmış, nəticədə
manatın məzənnəsinin kəskin
ucuzlaşmasının qarşısı
alınmışdır.
Bütün bunlar ölkənin
bank sisteminin sabit idarə olunduğunu göstərir. Bank
sektorunun səmərəli fəaliyyət göstərdiyini
son illərin inkişaf dinamikasını əks etdirən
statistik rəqəmlər də təsdiqləyir. Belə ki,
respublikamızın məcmu bank aktivləri Cənubi
Qafqazın bank aktivlərinin təxminən 60 faizinə
yüksəlmişdir. Azərbaycan banklarının səhmlərinin
dünya birjalarında dövriyyədə olmaması,
dünyanın müflisləşən iri maliyyə
qurumlarının səhmlərinə bizim bankların portfel
investisiyalarının yerləşdirilməməsi bu sektorun
böhrandan ziyan çəkməsinin qarşısını
almışdır. Ötən il Mərkəzi Bank ölkənin
bank sektorunda tənzimləyici funksiya həyata keçirməklə,
bankların likvidliyinin, kapitalın adekvatlıq parametrlərinin
ardıcıl təhlilini aparmışdır.
Böhran şəraitində
bank sektorunun 1,2 milyard xarici borcunu qaytarması da məhz bu tədbirlərin
nəticəsidir. Eyni zamanda, kredit üzrə uçot dərəcələrinin
aşağı salınması pul-kredit siyasətinin
yumşaldılmasına istiqamətlənmiş addım olaraq
maliyyə böhranının respublikanın bank sektoruna ciddi
təsir göstərməsinin qarşısını
almışdır. Mərkəzi Bank kommersiya bankları
üçün maliyyə vəsaitlərinin
ucuzlaşdırılması, habelə ehtiyatların
azaldılması siyasətini irəli sürərək
likvidlik probleminin aradan qaldırılmasına nail olmuşdur.
Azərbaycanda sosial-iqtisadi
sistemin formalaşması prosesi hazırda uğurla həyata
keçirilir və bu zaman xarici mütəxəssis köməyi
və təcrübəsindən geniş şəkildə
yararlanılır. Beynəlxalq iqtisadi və maliyyə
qurumları da öz növbəsində ölkədə
reallaşdırılan sosial-iqtisadi islahatları dəstəkləyir.
Məsələn, belə bir fakta diqqət yetirək. Avropa
Birliyinin dəstəyilə Azərbaycan hökuməti
gömrük və vergi sisteminin müasirləşdirilməsi,
idarəçilik, demokratiya və insan hüquqları sahəsində
islahatların davam etdirilməsi, ekologiya və ətraf
mühitin davamlı inkişafının təmin olunması,
pensiya sisteminin beynəlxalq standartlara
uyğunlaşdırılması, sosial vəziyyətin
yaxşılaşdırılması kimi mühüm məsələləri
uğurla həyata keçirir.
Avropa Birliyi ilə Azərbaycan
arasında əməkdaşlığın əsas istiqamətlərindən
birini enerji dialoqu təşkil edir. "Enerji sahəsində
strateji tərəfdaşlıq haqqında Anlaşma
Memorandumu"nun əsas məqsədlərindən biri Avropa
Birliyinin köməyilə Azərbaycanın enerji
infrastrukturunun inkişafı və müasirləşdirilməsi,
enerjidən səmərəli istifadə, enerjiyə qənaət
və bərpa olunan enerji mənbələrinin istifadəsindən
ibarətdir.
Azərbaycanın maliyyə
imkanları genişləndikcə dünya bazarlarına
çıxışı, inkişaf etmiş ölkələrə
inteqrasiyası da güclənir. Beynəlxalq maliyyə
qurumları Dövlət Neft Fondunu başqa ölkələrdə
müştərək şəkildə investisiyaların
qoyulmasına cəlb edir. Bu isə onu göstərir ki, Azərbaycan
dünya miqyasında çox müsbət imicə malik olan
ölkədir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 5 iyun.- S. 3.