Azərbaycan dilinin tədrisi barədə yeni tədqiqat
Dövrümüz qlobal dəyişikliklərlə səciyyələnir.
Genişmiqyaslı kompleks proqramların
həyata keçirildiyi,
yeni həyat tərzinin formalaşdığı
və gənc nəslin mənəvi aləminin zənginləşməsi
kimi problemlərin həll edildiyi bir zaman kəsiyində
Vətən övladlarının
düzgün mühakimə
yürütməsi, mürəkkəb
hadisələr okeanından baş açması olduqca zəruridir. Belə bir şəraitdə soydaşlarımızdan doğru
nəticələr çıxarmaq
məqsədilə aydın
düşüncə və
təfəkkür fəallığı,
elmi biliklərə dərindən yiyələnmək
bacarığı tələb
olunur. Gənclərin
məntiqi təfəkkürə
yiyələnməsi biliklərin
dinamizmindən və daxili inkişaf prosesindən irəli gəlir.
Dünya elmində qabaqcıl
mövqe tutmaq, məntiqi təfəkkürü inkişaf
etdirmək orientasiyası milli təhsil konsepsiyamızın
başlıca hədəflərindəndir. Düzgün elmi
dünyagörüşün formalaşması
üçün hər bir fənnin, Azərbaycan dilinin dərindən
öyrənilməsi dövrün zəruri tələbidir. "Müəllim"
nəşriyyatında çap olunmuş "Azərbaycan dili
təlimində şagirdlərin məntiqi təfəkkürünün
inkişaf etdirilməsi imkanları" adlı metodik vəsaitlə
filologiya elmləri namizədi, dosent Mətanət Fərzəliyeva
interaktiv təlim prosesinə məntiqi anlam prizmasından
yanaşmışdır.
Dil və təfəkkür
bir-biri ilə vəhdətdə olsalar da, müxtəlif
anlayışlardır, lakin bunları bir-birindən təcrid
etmək də olmaz. Təfəkkürün inkişafı ana
dilimizin gur işığında baş verir və onun
özünü də cilalayır. Məşhur pedaqoq
K.D.Uşinski bu üzvi əlaqəni nəzərdə tutaraq
yazmışdır: "Ana dili hər cür əqli
inkişafın əsası və bütün biliklərin xəzinəsidir....
O elə məntiqi anlayışlar və fəlsəfi
görüşlər verir ki, əlbəttə, bunu heç
bir filosof verə bilməz". Doğrudan da, dildə
xalqın tarixi, mənəviyyatı, adət və ənənələri,
psixoloji durumu, məntiqi duyumu, intellekt səviyyəsi,
ümumiyyətlə, milli varlığı əks olunur.
"Azərbaycan dili təlimində
şagirdlərin məntiqi təfəkkürünün
inkişaf etdirilməsi imkanları" adlı bu metodik vəsait
təhsil islahatlarının tələblərinə cavab verən
dəyərli bir metodik vəsaitdir. Kitab giriş, üç
bölmə və nəticədən ibarətdir. Girişdə
müəllif ümumtəhsil məktəblərində yeni
pedaqoji yanaşmaların tətbiqi prosesinin vacibliyindən və
gənc nəslin idrak fəallığını yüksəltməkdən
söhbət açır. Mətanət Fərzəliyeva məntiqi
təfəkkürü inkişaf etdirmək üçün
interaktiv təlim metodlarından səmərəli istifadə
olunması, şagird-müəllim arasında ünsiyyət və
əməkdaşlığın düzgün qurulması
prosesinin vacibliyini aktual mövzu kimi ortaya qoyur.
Müəllif bu problemin həlli
yollarını şagirdlərdə məntiqi təfəkkürü
inkişaf etdirməkdə görür və Azərbaycan dili
fənninin tədrisi prosesində idraki fəallığın
mühüm göstəricisi olduğu nəticəsinə gəlir.
Odur ki, birinci bölmə "İdraki fəallıq
inkişafetdirici təlimin mühüm göstəricisi
kimi", ikinci bölmə isə "Şagirdlərin məntiqi
təfəkkürünün inkişafında Azərbaycan
dili dərslərinin rolu və imkanları" adlanır. Əvvəldə
verilmiş nəzəri mülahizələrin nəticəsi
kimi üçüncü bölmədə "Azərbaycan
dilindən məntiqi test nümunələri" verilir. Müəllif
belə bir nəticəyə gəlir ki, cəmiyyətə
yararlı gənc nəsil yetişdirmək üçün
intellekt durumu yüksək və peşəkar kadr
lazımdır. Buna görə də gənc nəslin məntiqi
təfəkkürünü inkişaf etdirmək
üçün fənlər üzrə məntiqi test
tapşırıqlarının olması vacibdir.
Tədqiqatçı görkəmli
pedaqoq və psixoloq alimlərimizin fikirlərinə istinad etməklə
şagirdyönümlü, nəticəyönümlü
müasir təhsil konsepsiyasından çıxış edərək
gənc nəslin idraki fəallığının
artırılmasının vacibliyini irəli çəkmiş
və bunu Azərbaycan dili dərslərində imkan və
yollarını araşdırmışdır. Müəllif
müasir dərsə verilən metodik tələblərə
uyğun olaraq onun hər bir mərhələsində
şagirdlərin məntiqi təfəkkürünü
inkişaf edirməyin üsul və vasitələrini konkret
nümunələr əsasında şərh etmişdir. Eyni
zamanda, cədvəl, sxem və xüsusilə məntiqi testlərdən
istifadə etməklə şagirdlərin müqayisə, təsnifetmə,
qruplaşdırma və ümumiləşdirmə
bacarıqlarını formalaşdırmağın
imkanlarını öyrənmişdir.
Alim müasir məktəb təcrübəsini,
metodik yanaşmaları dərindən öyrənməklə,
müəllimlərimiz üçün əhəmiyyətli
bir vəsait hazırlamağa nail olmuşdur. Şagirdlərin
yaradıcı inkişafı üçün problemli təlimin
nə dərəcədə səmərəli olduğunu
aydın dərk edən araşdırıcı dilin
bütün qatlarını nəzərə almaqla, məntiqi
test nümunələri işləyib hazırlaya bilmişdir.
Məhz şagirdlərin məntiqi təfəkkürünü
inkişaf etdirməyə xidmət edən bu tipli testlər
onlarda müstəqil nəticə çıxarma, fakt və
anlayışlar arasında oxşarlığı və fərqi
ortaya qoyma kimi əməli bacarıqlar
formalaşdırmağa yönəlmişdir. Əsərin
dili aydın və anlaşıqlıdır. Fikirlər dəyərli
elmi-metodik bazaya söykənərək irəli
sürülüb. Kitab ana dilimizin müasir tələblərə
uyğun öyrədilməsi işinə dəyərli
töhfədir.
Əli ƏLİYEV,
Azərbaycan Müəllimlər
İnstitutu
Ağcabədi
filialının baş müəllimi
Xalq qəzeti.- 2010.- 5 iyun.- S. 7.