Azıx
dünya arxeologiyasında
Alimlərin apardıqları kompleks
elmi tədqiqatlar zamanı Azərbaycan ərazisinin ən qədim
tarixə və mədəniyyətə malik olması elmi
faktlarla sübuta yetirilmişdir. Respublikamızın ərazisində
aparılan arxeoloji tədqiqatlar nəticəsində bəşər
tarixinin müxtəlif inkişaf mərhələlərinə
aid çox zəngin maddi mədəniyyət qalıqları
və abidələri aşkara çıxarılaraq tədqiq
olunmuşdur. Onların çoxu əsrlər boyu
torpağın altında, mağara düşərgələrində,
təbiətin qoynunda öz sirlərini insanlardan gizli saxlamışdır.
Diqqətəlayiq haldır ki, Azərbaycan ərazisində
ibtidai insanın meydana gəlməsi, inkişafı və
formalaşması tarixinin tədqiqi istiqamətində də
çox böyük elmi uğurlar əldə olunmuşdur. Tapılmış arxeoloji mənbələr əsasında
Azərbaycanın ən qədim tarixi, insanlığın
ilkin inkişaf mərhələləri, ulu sakinlərin maddi və
mənəvi mədəniyyət qalıqlarının
ayrı-ayrı xüsusiyyətləri öyrənilir və tədqiq
olunur.
Son illərdə Azərbaycan ərazisindən
tapılmış maddi mədəniyyət qalıqları əsasında
respublikamızda ibtidai insanların 2,5 milyon il bundan əvvəllərdən
yaşamağa başlamaları elmi faktlarla sübuta
yetirilmişdir. Halbuki, 1953-cü ilədək
respublikamızın ərazisində ibtidai insan düşərgələrinin
olmadığı və burada ilk sakinlərin
yaşamadıqları göstərilirdi. Lakin Azərbaycan
alimlərinin apardıqları arxeoloji tədqiqat işləri
bu fikrin yanlış və əsassız olduğunu göstərdi,
respublikamızın ərazisinin ilk ibtidai insanın
yarandığı və formalaşdığı ərazilərdən
biri olduğunu, paleoantropoloci və paleontoloji
tapıntılarla sübuta yetirildi. Eyni
zamanda, Azərbaycan ərazisində qədim sivilizasiyanın
özünəməxsus xüsusiyyətləri olduğunu və
bunun əsasında ölkəmizdə və Yaxın Şərq
ərazisində ən qədim arxeoloji mədəniyyətin
müəyyən olunmasına zəmin yaratdı. Bu qədim mədəniyyət
tarixə Quruçay arxeoloji mədəniyyəti kimi
daxil oldu.
Hazırda Azıx, Tağlar,
Şuşa, Daşsalahlı, Damcılı, Qazma, Buzeyir,
Zuvandçay və Qobustan Cənubi Qafqazda ən qədim insan
məskənləri hesab olunur.
Məhz bu
baxımdan Azərbaycanın ən səfalı
diyarlarından biri olan Qarabağ ərazisində
aparılmış arxeoloji tədqiqatlar nəticəsində
aşkar olunmuş qədim insan düşərgələrinin
maddi mədəniyyət qalıqlarının mühüm
elmi əhəmiyyəti vardır. Paleolit arxeoloji
ekspedisiyası görkəmli arxeoloq Məmmədəli
Hüseynovun rəhbərliyi altında 1960-cı ilin iyun-iyul
aylarında Qarabağın Quruçay və Köndələnçay
vadilərində arxeoloji kəşfiyyat işləri
aparmışdır. Aparılan arxeoloji kəşfiyyat işlərində
əsas məqsəd bu ərazidə daş dövrünə
aid qədim insan düşərgələrinin qeydə
alınıb tədqiq edilməsindən ibarət olmuşdur.
Paleolit arxeoloji ekspedisiyasının apardığı kəşfiyyat
işləri zamanı dünya şöhrətli Azıx və
Tağlar paleolit düşərgələri qeydə
alınmışdır (şəkil 1).
Aparılan arxeoloji tədqiqatlar
zamanı aydın olmuşdur ki, Qarabağın dağlıq ərazilərində
karst mağaraları vardır. Lakin hələlik bu diyarda ən
zəngin maddi mədəniyyət nümunələrinə
malik arxeoloji tapıntılar Azıx və Tağlar qədim
insan düşərgələrindən aşkar olunmuşdur.
Çoxtəbəqəli Azıx
paleolit düşərgəsi Qarabağın ən səfalı
guşəsində, Quruçayın sol sahilində, Tuğ
çökəkliyində olub, dəniz səviyyəsindən
900 metr yüsəklikdə və Füzuli şəhərindən
16 km şimal-qərbdə yerləşir.
Məmmədəli Hüseynovun rəhbərliyi
altında Paleolit arxeoloji ekspedisiyası 1960-1986-cı illərin
yay aylarında çoxtəbəqəli Azıx paleolit
düşərgəsində apardığı kompleks elmi tədqiqatlar
zamanı 10 arxeoloji təbəqəni qeydə alaraq tədqiq
etmişdir. Aparılan arxeoloji qazıntılar
zamanı Azıx qədim insan düşərgəsinin
müxtəlif arxeoloji dövrlərinə aid olan təbəqələrdən
7 mindən artıq daş məmulatı və bir milyondan
artıq ovlanmış heyvan sümüklərinin
qalıqları tapılmışdır.
Paleolit arxeoloji
ekspedisiyasının Qarabağın dağlıq və
dağətəyi ərazilərində apardığı
elmi tədqiqatlar zamanı müəyyən edilmişdir ki, hələ
çox qədim zamanlardan bu diyarda canlı həyatın
inkişafı üçün əlverişli təbii
coğrafi şərait olmuşdur. Ərazidə aparılan
kompleks elmi araşdırmalar nəticəsində məlum
olmuşdur ki, hələ 3 milyon il bundan əvvəllər
Qarabağın Quruçay vadisində mülayim iqlim şəraitində
yaşayan çoxlu heyvanlar olmuşdur. Eyni zamanda, Quruçay
vadisi, Azıx və Tağlar qədim insan düşərgələri
yerləşən ərazidən ibtidai insanlar əmək alətləri
hazırlamaq üçün xammal mənbəyi kimi istifadə
etmişlər. Elmi tədqiqatlar zamanı məlum olmuşdur
ki, Quruçay vadisində çaxmaq, kvars, kvarsit, bazalt, felzit,
yaşma və s. daşlar mövcud olmuşdur.
Azıx paleolit düşərgəsinin
VII-X təbəqələrində aparılan arxeoloji
qazıntılar zamanı 300-dən artıq daş məmulatı
və bir neçə ədəd daşlaşmış
heyvan sümükləri tapılmışdır. Düşərgənin
VII-X təbəqələrinin daş məmulatı içərisində
kobud əl çapacaqları, kubvari alətlər, kobud
qaşov tipli alətlər, vurma səthi yaxşı
saxlanmış qəlpələr və digər alətlər
də qeydə alınmışdır. Azıx paleolit
düşərgəsində arxeoloji təbəqələrin
yerləşmə səviyyəsindən asılı olmayaraq
VII-X təbəqələrin daş məmulatı demək
olar ki, eyni texniki üsulla hazırlanmışlar. Bu
xüsusiyyətlər əmək alətlərinin
tipologiyasında, ümumi görünüşündə, ərqlə
örtülməsindən asılı olmayaraq saxlanma dərəcəsində
və texniki cəhətlərində özünü göstərir.
Çoxtəbəqəli Azıx
paleolit düşərgəsinin VII-X təbəqələrindən
tapılmış daş alətlər əsasən kənarlarından
mərkəzə doğru vurub qoparma üsulu ilə kobud
formada hazırlanmışlar. Belə texniki üsulla
hazırlanmış alətlər daş məmulatı
içərisində çoxluq təşkil edir. Qeyd olunan alətləri
uzunsov çay daşının bir ucu və ya onun uzununa bir kənarın
qoparılması yolu ilə hazırlamışlar. Belə əmək
alətlərinin meydana gəlməsi bir daha sübut edir ki, bu
cür daş məmulatı iki üzü işlənmiş
kobud çapma alətlərin ilk istehsal pilləsini təşkil
edir. Düşərgənin VII-X təbəqələrinin
daş məmulatı arasında qəlpələrdən
hazırlanmış əmək alətləri də qeydə
alınmışdır. Qəlpələrdən
hazırlanmış əmək alətləri içərisində
əsas yeri qaşov tipli alətlər tutur.
Azıx paleolit düşərgəsinin
ən aşağı təbəqələrinin daş məmulatı
içərisində 3-4 kq ağırlığında olan nəhəng
kobud çapma alətləri diqqəti cəlb edir. Hələlik
ölkəmizin və Cənubi Qafqaz ərazisində olan
paleolit abidələrindən belə alətlər
tapılmamışdır. Təsvir olunan əmək alətləri
Azıx tipli kobud çapma alətlər
adlandırılmışdır. Azıx paleolit düşərgəsinin
VII-X təbəqələrindən aşkar olunmuş maddi mədəniyyət
qalıqlarının olduqca mühüm elmi əhəmiyyəti
vardır. Aşağı təbəqələrin maddi mədəniyyət
qalıqları düşərgədə ibtidai insanların
ilkin məskunlaşmasını sübut edən arxeoloji mənbələrdir.
Təbiidir ki, mağara
yaxınlığından axan Quruçayın Azıxda məskunlaşmış
ibtidai insanların həyatında mühüm rolu olmuşdur.
Qədim Azıx sakinləri əmək alətləri
hazırlamaq üçün əsrlər boyu çay
daşlarını Quruçay vadisindən toplayaraq
düşərgəyə gətirmişlər. Eyni zamanda
Azıx düşərgəsinin sakinləri Quruçay
vadisində ovçuluq və yığıcılıqla məşğul
olmuşlar. Bir sözlə, Quruçay vadisində ibtidai
insanların yaşaması üçün zəruri olan
bütün vasitələr mövcud olmuşdur.
Azıx paleolit
düşərgəsinin VII-X təbəqələrindən
tapılmış əmək alətlərinin texnika və
tipologiyasının özünəməxsus cəhətləri
və belə abidələrin dünyanın heç bir
paleolit abidəsindən tapılmaması nəzərə
alınıb yeni aşkar olunmuş maddi mədəniyyət
nümunələrinə Quruçay arxeoloji mədəniyyəti
adı verilmişdir. VII-X təbəqələrin daş məmulatının
elmi tədqiqi zamanı Quruçay arxeoloji mədəniyyətinin
bir neçə inkişaf mərhələsi müəyyən
olunmuşdur. Mədəniyyətin ilkin mərhələsində
əmək alətləri olduqca kobud və bəsit
hazırlandığı halda, sonrakı inkişaf mərhələsində
isə onların hazırlanma texnikası təkmilləşmiş
və yeni-yeni əmək alətləri hazırlanmağa
başlanmışdır.
Azıx paleolit
düşərgəsinin VII-X təbəqələrindən
tapılmış əmək alətlərinin əksəriyyəti
mağaradan kənarda hazırlanmış və sonradan
düşərgəyə gətirilmişdir. Çünki
düşərgənin ən aşağı təbəqələrindən
çoxlu sayda əmək alətləri tapılmış,
istehsal
tullantıları isə az miqdarda qeydə
alınmışdır. Deməli, Azıx düşərgəsinin
qədim sakinləri düşərgədə yaşamazdan əvvəllər
Quruçay dərəsinin vadilərində məskən
salmış və əmək alətləri hazırlamışlar.
Ona görə də VII-X təbəqələrin daş məmulatı
içərisində istehsal tullantıları qismən
tapılmışdır.
Aparılan elmi tədqiqatlar
zamanı müəyyən olunmuşdur ki, Azıx qədim
insan düşərgəsinin VII-X təbəqələrindən
tapılmış Quruçay arxeoloji mədəniyyətinin əmək
alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti
kompleksi ilə oxşar cəhətləri vardır.
Aparılmış arxeoloji tədqiqatlar
zamanı müəyyən olunmuşdur ki, Azıx paleolit
düşərgəsində Quruçay arxeoloji mədəniyyəti
uzun müddət inkişaf mərhələsindən sonra qədim
aşel mədəniyyəti ilə əvəz olunmuşdur.
Azıx paleolit düşərgəsində qədim aşel
dövrü altıncı təbəqənin materialları ilə
meydana çıxmaqla yanaşı, yerli çay daşı
alətləri - Quruçay arxeoloji mədəniyyəti əsası
üzərində inkişaf etməyə
başlamışdır. Aparılan kompleks elmi tədqiqatlar
zamanı Quruçay arxeoloji mədəniyyətinin 2,5 milyon
il bundan əvvəllər başlayıb, 800 min il bundan qabaq qədim
aşel mədəniyyəti ilə əvəz olunması
müəyyən edilmişdir.
Arxeoloji tədqiqatlar
nəticəsində məlum olmuşdur ki, Azıx paleolit
düşərgəsində qədim aşel mədəniyyəti
əsasən əl çapacaqları, kodud çapma alətləri,
qalın qəlpələr üzərində
hazırlanmış qaşov tipli alətlər və disk
şəkilli nüvələrlə xarakterizə olunur.
arxeoloji
qazıntılar zamanı Azıx paleolit düşərgəsinin
VI təbəqəsindən qədim aşel mədəniyyətinə
aid 2 minə qədər daş məmulatı
tapılmışdır. Aşkar olunmuş daş məmulatı
içərisindən 526 ədəd əmək alətləri
qeydə alınmışdır. Daş məmulatının
yerdə qalan hissəsini istehsal tullantıları, üzərində
işlək izləri olmayan təbii çay daşları və
nüvələr təşkil edir. Azıx paleolit düşərgəsində
qədim aşel mədəniyyətinə aid
tapılmış əmək alətləri içərisində
əsas yeri əl çapacaqları, kobud çapma alətləri
və qaşov tipli alətlər tutur. Təbəqədən
əmək alətləri ilə birlikdə istehsal
tullantılarının tapılması qədim aşel
dövründə Azıx paleolit düşərgəsində
ibtidai insanların əmək alətlərini
hazırladıqlarını sübut edir.
Azıx paleolit düşərgəsinin
VI təbəqəsindən qədim aşel mədəniyyətinə
aid daş məmulatı ilə birlikdə ovlanmış
heyvan sümüklərinin qalıqları da
tapılmışdır. Tapılmış fauna
qalıqları içərisində çənə və kəllə
sümükləri, habelə dişlər çoxluq təşkil
edir. Sümük məmulatının təyinatı zamanı
qədim aşel dövründə Azıx sakinlərinin
ovçuluq fəaliyyətində əsas yeri mağara
ayıları və nəhəng maralların tutduğu müəyyən
edilmişdir.
Qədim aşel mədəniyyətinə
aid olan VI təbəqədən tapılmış maddi mədəniyyət
qalıqlarının zənginliyi Azıx paleolit düşərgəsində
qədim insanların aşel dövründə uzun müddət
və daimi yaşadıqlarını göstərir. Azıx paleolit
düşərgəsinin V təbəqəsində aparılan
arxeoloji qazıntılar zamanı orta aşel mədəniyyətinə
aid arxeoloji, paleontoloji və paleoantropoloji tapıntılar
aşkar edilmişdir. Bu, Azıxda 350 min il bundan əvvəllərdə
qədim aşel dövrünün orta aşel mədəniyyəti
ilə əvəz etdiyini göstərir. Maraqlıdır
ki, 1960-1986-cı illərin yay aylarında Azıx düşərgəsinin
orta aşel mədəniyyətinə aid olan təbəqəsindən
yalnız ovçuluq üçün yararlı olan əmək
alətləri və ovlanmış heyvan sümükləri
tapılmışdır. Azıx
düşərgəsinin orta aşel mədəniyyətinə
aid təbəqəsindən tapılmış fauna
qalıqları göstərir ki, bu dövrdə ibtidai
insanların həyatında ovçuluq özünün ən
yüksək inkişaf mərhələsinə
çatmışdır. Əgər qədim aşel
dövründə 11 növ heyvan ovlanmışdırsa, orta
aşeldə 45 növ heyvan və quş
ovlanmışdır.
1968-ci ildə Azıx düşərgəsinin
orta aşel təbəqəsində aparılan arxeoloji
qazıntılar zamanı əmək alətləri ilə
birlikdə qədim insan çənəsi
tapılmışdır. Bu insan çənəsi
quruluşundakı spesifik cəhətlərə görə,
bir tərəfdən pitikntroplara, xüsusilə Almaniya ərazisindən
tapılmış Mauer adamı çənəsinə
yaxınlığı ilə, digər tərəfdən də
bir çox cəhətlərinə görə Fransanın
Kondel-Araqo paleolit düşərgəsinin aşel təbəqəsindən
tapılmış Totavel adamına daha yaxındır.
Aparılan elmi tədqiqatlar
zamanı professor D.Hacıyev müəyyən etmişdir ki,
Azıxdan aşkar olunmuş çənə keçmiş
SSRİ ərazisində və Qafqazda ən qədim insan
çənəsi olub, 450 min il bundan əvvəl Azərbaycanın
Quruçay vadisində yaşamış 18-22 yaşlı
qadına məxsusdur.
Azıx paleolit düşərgəsinin
III təbəqəsində aparılan kompleks elmi tədqiqatlar
zamanı mustye mədəniyyətinə aid 4 minə yaxın
daş məmulatı və 500 mindən çox fauna
qalıqları aşkar olunmuşdur. Daş məmulatı
içərisində əsas yeri levallua itiucluları, mustye
itiucluları və qaşov tipli alətlər tutur. Azıx düşərgəsinin mustye mədəniyyətinə
aid təbəqəsindən tapılmış sümük məmulatı
içərisində əsas yeri vəhşi at, ibtidai
öküz, vəhşi qulan, Qafqaz maralı, qaban, mağara
ayısı, kərkədan və digər heyvan sümükləri
qədim insanların həyatında mustye mədəniyyəti
dövründə ovçuluğun əsas yer tutduğunu
göstərir.
Azıx düşərgəsinin I və
II təbəqələrində aparılan arxeoloji
qazıntılar zamanı eneolit, tunc və dəmir dövrlərinə
aid maddi mədəniyyət qalıqları
tapılmışdır.
Azıx paleolit
düşərgəsindən tapılmış maddi mədəniyyət
qalıqları ibtidai insanın meydana gəlməsi, inkişaf
etməsi və formalaşmasının ayrı-ayrı mərhələlərini
tədqiq etməkdə müstəsna elmi əhəmiyyəti
vardır.
Məhz buna görə də dünyanın aparıcı
arxeoloqları, paleontoloqları və paleoantropoloqları
Azıxdan tapılmış maddi mədəniyyət
qalıqlarının elmi tədqiqinə və təbliğinə
xüsusi diqqət yetirirlər.
1978-ci il
sentyabrın 12-də sovet-Fransa çöl arxeoloji
seminarının iştirakçıları Tbilisi şəhərində
keçirilən elmi konfransda Azərbaycan alimlərinin
Azıx paleolit düşərgəsinin maddi mədəniyyət
qalıqlarına aid məruzələri dinlənilərək
yüksək qiymətləndirilmişdir.
Azıx paleolit
düşərgəsindən tapılmış maddi mədəniyyət
qalıqlarının nümunələri 1981-1982-ci illərdə
Parisin İnsan muzeyində təşkil olunmuş
"Avropanın ilk sakinləri" adlı sərgidə
nümayiş etdirilmiş və orada düşərgə
haqqında elmi məqalə çap olunmuşdur. 1981-ci ildə
SSRİ Elmlər Akademiyasının Rəyasət Heyətində
Azıx tapıntılarına həsr edilmiş xüsusi elmi
məruzə dinlənilmişdir.
1984-cü ildə Çexoslavakiyada
çap olunmuş antropologiya jurnalında Azıx paleolit
düşərgəsindən aşkar olunmuş maddi mədəniyyət
qalıqları haqqında Yan Yelinexin geniş məqaləsi dərc
olunmuşdur.
1998-ci ildə
Fransanın dünya şöhrətli professoru Anri
de-Lümley Parisdə fransız dilində çap olunmuş
"İlk insanlar" adlı kitabında Azıx paleolit
düşərgəsindən tapılmış qədim insan
çənəsi haqqında məlumat vermiş və onun
dünya arxeologiya və paleoantropologiyasında yüksək
yer tutduğunu qeyd etmişdir.
Son 50 ildə Azərbaycan alimlərinin
Azıx paleolit düşərgəsindən
tapılmış maddi mədəniyyət
qalıqlarının elmi şərhinə aid 15-dən
artıq monoqrafiyası və 200-dən çox elmi məqaləsi
çap olunmuşdur. Azıx paleolit düşərgəsində
aparılan arxeoloji tədqiqatların dəfələrlə
dünyanın görkəmli arxeoloq, antropoloq, paleontoloq və
digər tədqiqatçılar tərəfindən beynəlxalq
elmi konfranslarında müzakirə edilmişdir.
Azərbaycan alimlərinin Azıx
paleolit düşərgəsində aparmış olduğu
arxeoloji tədqiqat işlərinə beynəlxalq elmi ictimaiyyət
yüksək qiymət verir. Son 50 ildə Fransa, Rusiya, Ukrayna,
İtaliya, İspaniya, Almaniya, Amerika, Gürcüstan, Latviya,
Moldova, Hindistan və digər ölkələrin alimləri
Bakıya gələrək Azıx paleolit düşərgəsindən
tapılmış maddi mədəniyyət
qalıqlarının elmi tədqiqi ilə yaxından
tanış olmuş, arxeoloji tapıntıların Azərbaycan
alimləri tərəfindən yüksək peşəkarlıqla
tədqiq edildiyini qeyd etmişlər.
2001-ci ildən
başlayaraq Azərbaycanda paleolit problemləri üzrə
aparılan elmi tədqiqat işləri beynəlxalq xarakter
almışdır. Çünki respublikamızın ərazisində
olan paleolit abidələrindən tapılmış maddi mədəniyyət
qalıqlarıın bəşər sivilizasiyasının
ayrı-ayrı inkişaf mərhələlərini öyrənmək
üçün mühüm elmi əhəmiyyətə
malikdir. Məhz bunu əsas tutan Azərbaycan, Rusiya, Fransa,
İtaliya, İspaniya və Gürcüstan alimləri beynəlxalq
İNTAS-2000 adlı proqram hazırlamış və onun elmi tədqiqi
ilə 2001-2005-ci illərdə məşğul olmuşlar.
Beynəlxalq
İNTAS-2000 proqramına uyğun olaraq son 50 ildə Azərbaycan,
Fransa, İtaliya, İspaniya, Rusiya, Gürcüstan və Qafqaz
ərazilərində olan paleolit düşərgələrindən
tapılmış arxeoloji, paleontoloji və paleoantropoji materiallar
arxeologiya elminin son nailiyyətləri əsasında tədqiq
olunmuş, paleolit dövründə yaşamış ibtidai
insanların hazırladıqları əmək alətlərinin
texniki-tipoloci xüsusiyyətləri, düşərgələrin
xarakteri, abidələrin stratiqrafiyası tədqiq olunmuş və
neandertal tipli insanların inkişaf edib homo sapiens - yəni
kamil insanlara çevrilməsinin xatakterik xüsusiyyətləri
araşdırılmışdır. Eyni zamanda, paleolit
dövrü insanlarının həyat tərzi, mənəvi
aləmi və ovçuluq təsərrüfatının əsas
cəhətləri tədqiq olunmuşdur. Qeyd
olunanlarla bərabər Azərbaycan, Avropa və Qafqaz ərazilərində
yaşamış neandertal tipli insanların oxşar və fərqləndirici
əlamətləri araşdırılmış, Azərbaycanda
yaşamış ibtidai insanların Avropada məskunlaşmış
ibtidai insanlarla əlaqələri və miqrasiya prosesləri tədqiq
olunmuşdur.
Azərbaycanın qədim
insan məskənlərinin tarixini dünya miqyasında təbliğ
etmək məqsədi ilə 2001 və 2003-cü illərdə
Fransanın Totavel şəhərində keçirilən beynəlxalq
arxeoloji konfranslarda "Azərbaycanın paleolit düşərgələri"
adlı elmi məruzə ilə çıxış etmişəm. Məruzədə
Azərbaycan ərazisində olan paleolit düşərgələrindən
tapılmış maddi mədəniyyət
qalıqlarının xarakterik xüsusiyyətləri şəhər
olunmuşdur. Eyni zamanda, çoxtəbəqəli Azıx,
Tağlar və Qazma paleolit düşərgələrinin
arxeoloji tapıntılarının Qafqaz və Yaxın Şərqin
paleolit abidələri arasında tutduğu yer elmi faktlarla təhlil
olunmuşdur. Deyilənlərə onu da əlavə
edim ki, 2002-ci il sentyabrın 7-dən oktyabrın 1-dək beynəlxalq
İNTAS-2000 proqramına uyğun olaraq Fransa, Rusiya, İtaliya,
İspaniya, Gürcüstan və Hollandiya alimləri bizim dəvətimiz
əsasında Bakıda olmuş, beləliklə də
Azıx, Tağlar, Qazma, Şuşa, Buzeyir və digər
paleolit düşərgələrinin maddi mədəniyyət
qalıqları ilə yaxından tanış olmuşlar. Avropa alimlərindən Anri de-Lümley, Mariya
Antuanetta de-Lümley, David Lordkipanidze, Medeya Nioradze, A.Vekua,
Ciakobini, Sala, Karbonelli və başqaları Azərbaycanda
daş dövrü üzrə aparılan arxeoloji tədqiqat
işlərinə yüksək qiymət vermiş və
respublikamızın paleolit düşərgələrindən
tapılmış maddi mədəniyyət
qalıqlarının ibtidai icma tarixinin ayrı-ayrı
inkişaf mərhələlərini tədqiq etməkdə
mühüm elmi əhəmiyyətə malik olmasını
yekdilliklə bildirmişlər (şəkil2).
Azərbaycan və Avropa alimlərinin
birgə tədqiqatı nəticəsində Azıx paleolit
düşərgəsində ibtidai insanların 2,5 milyon il
bundan əvvəl məskunlaşması arxeoloji mənbələr
əsasında sübuta yetirilmişdir. Eyni zamanda, Azıx
düşərgəsində müəyyən olunmuş
Quruçay arxeoloji mədəniyyətinin Qafqaz və
Yaxın Şərqdə ən qədim mədəniyyət
olması müəyyən edilmişdir.
Əsədulla
CƏFƏROV,
AMEA-nın şöbə müdiri,
tarix elmləri doktoru,
professor
Xalq qəzeti.- 2010.- 6 iyun.- S. 8.