Ulu öndərimiz
və muğamlarımız
Qoca tarixin
dönəmlərinə nəzər salsaq görərik ki, həssas insanların
duyub-anladığı muğamat özü də cəmiyyətdə
psixoloji ab-havanın əsas tənzimləyicisi olan
iqtisadi duruma həmişə
həssaslıq göstərmişdir. Buna görə
xanəndələrin şaqraq
səsi zaman boyu ilk növbədə
saraylardan və malikanələrdən ətrafa
yayılmış, quruluşlar dəyişdikcə,
güzəran fərqləri azaldıqca, tədricən bütün təbəqələrin
zövqünü
oxşamışdır.
Təsadüfi deyil ki, muğam
sənəti X-XV əsrlərdə Azərbaycanın şəhərlərində
kustar təsərrüfatın
formalaşdığı bir
dövrdə təşəkkül
taparaq, öz qoynunda Səfiyyəddin Urməvi, Əbdülqadir
Marağayi kimi dünya şöhrətli musiqişünaslar
yetişdirdi. Amma bir ara yadellilərin aramsız basqıları
ucbatından iqtisadiyyatımızın çökməsi
hesabına, dahi Üzeyir
bəy Hacıbəyovun təbirincə
desək, "bu möhtəşəm
"binanın" musiqi
divarları əvvəllər
çatlamış və sonralar isə büsbütün uçub dağılmışdır"...
Yəqin belə bir olay da təsadüfi deyil ki, XIX əsrdən başlayaraq, muğamatımız
uğurlu taleyini əlində Ağcabədi
kimi bir neçə geniş mahalın maldarlıq, əkin-biçin gəlirini
cəmləşdirmiş, çoxsaylı sənətkarlıq
növlərinin, xırda sahibkarlığın kifayət qədər
inkişaf etdiyi Şuşa şəhərində
tapdı və çox çəkmədən,
neft sənayesi ilə əlaqədar
Bakıda mərkəzləşdi...
Musiqi mədəniyyəti,
o cümlədən muğam
sənəti tariximizdəki
ötən əsrin yetmişinci illərindən üzü
bəri olan dövrü
isə birbaşa Heydər Əliyev mərhələsi
adlandırmalıyıq. Ulu öndər 1969-cu ildə Azərbaycan
Respublikasının rəhbərliyinə gəlişi ilə
iqtisadiyyatımıza elmi idarəetmə
üsulunu gətirdi. Bu
da, yüksək məhsuldarlığa, bolluğa, əhalinin sosial şəraitinin,
dolanışığının yaxşılaşmasına,
məntiqi davam kimi, mədəniyyət,
incəsənət sahəsində böyük
nailiyyətlərə səbəb
oldu. Sözsüz ki, yaradıcılıq üçün geniş imkanlar açan belə bir ümumi
fonda səs sənətimiz
də günü-gündən zənginləşirdi. Ümummilli liderin istedadlı bəstəkarlara,
ifaçılara, çalğıçılara fərdi
şəkildə diqqəti-qayğısı, onların ən
yaxşılarını mükafatlandıraraq
ruhlandırması, yeni əsərlərin təqdimat mərasimlərində
şəxsən iştirakı, konsertlərdən sonra səhnəyə qalxıb öz fikrini bildirməsi, tövsiyələrini verməsi,
tezliklə musiqi aləmində
böyük canlanma
yaratdı.
Ulu öndər gənc
müğənnilərin, xanəndələrin yetişməsindən
ötrü əlindən
gələni əsirgəmirdi. Onun uğurlu kadr siyasəti
sayəsində, mədəniyyət rəhbərliyinə Zakir Bağırov kimi gözəl bir ziyalı gətirilmişdi
ki, o, təcrübəli
sənətkarların daim qayğısına
qalmaqla birgə, musiqimizin
gələcəyi, yəni bu günü ilə
bağlı məsələlərə də çox həssas
yanaşırdı. İstedadlı uşaqları üzə
çıxarmaq üçün tez-tez ümumrespublika
baxış-müsabiqələri keçirilir,
qaliblərin professional
təhsil almasına şərait yaradılırdı.
Mənim də tale
yolumu müəyyənləşdirən
bir hadisə silinməz xatirəyə çevrilib
yaddaşımda. Yeddinci sinifdə oxuyurdum. Ağdaş Rayon Pionerlər Evində yeniyetmələrin muğam və mahnı ifaçılığı üzrə
yarışda birinci yeri
tutdum. Məni Bakıya, həmyaşıdlarım
arasında keçirilən ümumrespublika
baxış-müsabiqəsində iştirak etməyə göndərdilər.
Münsiflər heyəti çox mötəbər sənətkarlardan
ibarət idi. Niyazi,
Şövkət Ələkbərova, İslam
Rzayev, Sara Qədimova,
Arif Babayev... İndiki Heydər Əliyev adına sarayda yekun konserti
oldu. Qaliblərdən
biri kimi, məni də böyük səhnəyə
dəvət etdilər. "Qatar"ı
oxudum. Ümummilli lideri ilk dəfə
onda gördüm. Azərbaycanın bütün iqtisadi-mənəvi
qanadlarının xoş gələcəyini
sönməz zəkasında irəlicədən
proqramlaşdırmış bu nadir şəxsiyyətin
bəsirət dolu baxışları
hələ püxtələşməmiş,
hələ ifaçılıq mədəniyyətini yetərincə
mənimsəməmiş yeniyetmələri ilahi bir mehribanlıqla
süzür, saçdığı
işıq dilində onlara
xeyir-dua verirdi. Deyəsən,
səsim maestro Niyazinin
diqqətini cəlb etmişdi.
"Xanəndə olmaq
istəyirsən?" - deyə soruşanda,
cavab üçün
söz tapa bilmədim.
Əlini çiynimə yüngülcə toxundurub:
"Sən mütləq
musiqi təhsili almalısan" - söylədi. Kəndə qayıtdım. Üç-dörd
gündən sonra rayon mədəniyyət şöbəsinin nümayəndələri
məktəbimizə altında - göndərənin
ünvanı və kimliyi göstərilən
yerdə "Bakı şəhəri, Lidiya Rəsulova" yazılmış bir teleqram gətirdilər. Mənə təhsilimi
Bülbül adına
musiqi məktəbində davam
etdirmək təklif olunurdu. Hazırda sənətçi kimi fəaliyyət göstərən neçə-neçə
xanəndə, yəqin ki, yeniyetməliyində,
gəncliyində belə dəvətlər alıb və bu qayğı, bu himayədarlıq
ulu öndərin Azərbaycanı hər cəhətdən, o cümlədən musiqi sahəsində də güclü görmək istəyindən irəli gəlirdi.
Həmişə cavanlara ana dilini
öyrənməyi, Nizaminin, Füzulinin, Seyid Əzimin,
Hüseyn Cavidin şeirlərini dönə-dönə
oxumağı məsləhət görürdü.
Təkcə melodiyadan
ibarət olmayan, dahi söz ustalarının
yaradıcılığı hesabına təsir qüvvəsini
daha da artıran
muğamata respublika rəhbərinin bu
səyinin bilavasitə
dəxli var idi. Bəstəkarları əsərlərində beynəlmiləlçi
duyğularla bərabər, milli keyfiyyətlərimizi təbliğ etməyə
çağırırdı. Ümummilli liderimizin onların
1973-cü və 1979-cu illərdə keçirilən qurultaylarında
verdiyi tövsiyələrə
əməl edən sənətkarlarımız
Qərb tipli janrlarda istedadlarını
sınayarkən milli ruhdan
uzaqlaşmır, əksinə, xalq yaradıcılığı elementlərindən
daha geniş şəkildə yararlanırdılar.
Yetmişinci və səksəninci illərdə
musiqimizin sədaları
daha gur şəkildə respublikamızın
hüdudlarını aşdı. Sovet İttifaqının iri
şəhərlərindəki səhnələrə də
qapılıb qalmayaraq, Avropada,
Amerikada, Asiya və Afrika ölkələrində
səsləndi. Fərəhləndirici hal idi ki,
A.Məlikov, F.Əlizadə, Q.Qarayev,
X.Mirzəzadə, A.Əlizadə kimi bəstəkarların əsərləri
ilə yanaşı, SSRİ xalq artistləri Rəşid Behbudov və Zeynəb Xanlarovanın ifalarında xalq mahnılarımız,
muğamlarımız xaricdə hərarətlə
qarşılanırdı. 1993-cü ildə Heydər Əliyevin
əvəzsiz ümummilli lider
olduğunu tarix bir daha təsdiq etdi. Əgər bu məqamda xalqın istəyi ilə o, ikinci dəfə
Azərbaycana rəhbər gəlməsəydi, kim bilir, hansı müsibətlərə
düçar olacaqdıq. Torpaqlarımızın
beşdə-bir hissəsi əldən getmiş,
respublikanın iqtisadiyyatı
tənəzzülə uğramış, dövlətçiliyimiz
sarsılmışdı. Əldən getmişlər, tənəzzülə
uğramışlar, sarsılmışlar arasında, sözsüz ki, mədəniyyətimiz
və onun çox önəmli qanadı sayılan musiqimiz də var idi. Vaxtilə dinləyicilərlə,
tamaşaçılarla hər gün dolub-boşalan konsert
zalları sükuta dalmış, səhnələr
sustalmışdı. Baxımsızlıq biganəlik nəticəsində
incəsənət sahəsinə aid binalar yararsız hala düşmüşdü.
Məsuliyyətlə deyə bilərəm ki,
muğamat tamamilə
yadırğanmışdı. Ötən
əsrin doxsanıncı illərinin
başlanğıcında idarəçiliyin necə mürəkkəb
bir iş olduğunu anlamadan ölkə rəhbərliyini
qamarlamış insanların günahlarını azaltmadan, həyatımızın
inkişafını donduran
əsas səbəblərdən
biri kimi zorən sürükləndiyimiz müharibəni
də qeyd etməliyik. Yəqin
elə buna görə, ulu
öndər bərbad hala salınmış
maddi-mənəvi dəyərlərimizin
bərpasına atəşkəsə nail
olmaqdan başladı. Eyni
zamanda, ona maneə
törətməyə çalışanları çevik siyasi manevrlərlə yerində oturdaraq,
xarici şirkətlərlə
iqtisadiyyatımızı dikəldən "Əsrin
müqaviləsi" adlanan neft kontraktları
bağladı. Nəticədə, yaralarımız tədricən
sağalmağa doğru
yönəldi. Beynəlxalq nüfuzumuzun
yüksəlişi, müdafiəmizin möhkəmlənməsi,
sosial vəziyyətimizin
yaxşılaşması ilə paralel, mədəniyyətimiz
- incəsənətimiz də günü-gündən
dirçəldi, əvvəlki şöhrətli
çağlarına qayıtdı. Mədəniyyət obyektləri
təmir edildi, yeniləri tikildi. Şəhərimizin
hər yerində yenidən opera
tamaşalarına, konsertlərə çağıran afişalar göründü.
Müstəqillik Azərbaycanın
musiqi dünyasında
milli ab-havanı gücləndirdi. İstər
bəstəkarların yaradıcılığında, istərsə
də xalq mahnılarımıza
və muğamlarımıza münasibətdə
soyumuza-kökümüzə bağlılıq özünü tam dolğunluğu ilə göstərməyə
başladı.
Musiqimiz ordumuzla çiyin-çiyinə
döyüşürdü. Xanəndələrimiz əsgərlərimiz
qarşısındakı çoxsaylı
çıxışlarında mərdlik aşılayan,
adının mənası "doğru",
"düz" demək
olan "Rast" muğamı üstündə səslərini
ucaldaraq, doğruluğumuzun,
düzgünlüyümüzün, milli xarakterimizin daim ədalətə söykənməsinin bizə
bu dəfə də zəfər gətirəcəyini
bildirirdilər.
Taleyimizi qəfil
haqlayan müharibə musiqimizə yeni mövzu gətirdi. Düşmən tapdağında qalmış ərazilərimizi
geri qaytaracağımıza
inamla dolu neçə-neçə əsər
yarandı. Aqşin Əlizadənin
"Ana torpaq"
odası, Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi"
və "Qəm karvanı"
oratoriyaları, Tofiq Bakıxanovun
"Qarabağ harayı" simfoniyası,
mübariz ruhda bəstələnmiş onlarca
mahnı vətən yolunda canını qurban vermiş şəhidlərə
ehtiram rəmzinə döndü,
yağıların təcavüzkar, bizim haqlı olduğumuzu beynəlxalq ictimaiyyətə
çatdırmaq baxımından böyük
iş gördü.
Müstəqillik bəstəkarlarımıza
digər bir təzə
mövzu da verdi. Məlumdur ki,
XX əsrin əvvəllərində
yazılmış Üzeyir bəyin "Koroğlu"
və Müslüm Maqomayevin
"Şah İsmayıl" operaları
xalqımızın qəhrəmanlıq keyfiyyətlərini nümayiş etdirmək baxımından Azərbaycan musiqi
mədəniyyəti tarixində
önəmli yer tutur.
Bu ənənənin davamı kimi, müasir bəstəkarlarımız ulu
öndərin xilaskar
obrazını yaratdılar. Arif Məlikovun "Əbədiyyət"
simfoniyası, Vasif Adıgözəlovun
"Azərbaycan" kantatası, Ramiz Mustafayevin "Atamız Heydər", Ramiz
Mirişlinin "Məşəl
kimi yanan ürək" və Sərdar Fərəcovun
"Böyük vətəndaş
haqqında oda"
odaları, onun əbədiyyət
çalarlı melodik portretləri
qiymətli əsərlər kimi mənəvi dəyərlərimizin sırasına daxil olmuşdur.
Son illər
iqtisadiyyatımızın yüksəlişi xoş
əks-sədasını mənəvi
sahələrdə də tapmışdır. Ulu öndərin
ideyalarına sadiq qalan, onun arzularının
gerçəkləşməsini ləyaqətlə davam etdirən Azərbaycan rəhbərliyi günbəgün
artan maddi imkanlarımızı dövlətin qüdrətlənməsinə,
istehsal sahələrinin
genişləndirilməsinə, əhalinin sosial
vəziyyətinin yaxşılaşmasına,
böyük abadlıq
işlərinin aparılmasına yönəltməklə
yanaşı, təhsilimizin, elmimizin,
idmanımızın, mədəniyyət və incəsənətimizin
inkişafına yetərincə dəstək verir.
Xalqın hissiyyatına
janrlar arasında ən yaxını muğamat
olduğundan, təbiidir ki,
ilk növbədə
məhz o, dirçəliş
tapdı, yüksəliş əldə etdi.
Prezident İlham Əliyevin
qayğısı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban
xanım Əliyevanın öz fəaliyyətində bu
sahəyə böyük önəm
verməsi az bir vaxtda muğam
sənətimizi öz
layiqli mərtəbəsinə
qaldırdı.
Respublikamızda yeniyetmələrin, gənclərin
iştirak etdiyi
müsabiqələr, festifallar muğam ifaçılarının
yetişməsi prosesinə müsbət təsirini göstərməkdədir.
Bir çox efir məkanlarında,
xüsusən Azərbaycan Dövlət Televiziyasında, İctimai Televiziyada görkəmli xanəndələrin
yaradıcılığına həsr edilmiş
verilişlərin geniş
yer tapması maarifləndirmə işini
canlandırır, xalqın zövqünü
cilalayır, nəhayət, bu incə sənətə gəlmək istəyənlərin məsuliyyətini
artırır.
Bakıda Beynəlxalq
Muğam Mərkəzinin
açılması, mütəmadi olaraq digər ölkələrin
muğam ustalarının
da iştirak etdiyi simpoziumların, müsabiqələrin
keçirilməsi ulu musiqi
janrımızı məqsədyönlü
fəaliyyət sahəsində YUNESKO-nun
"Xüsusi mühafizə
edilən irs" siyahısına
salınması paytaxtımızı dünyada muğamatın beşiyinə çevirmək arzusunu
gerçəkləşdirir.
Ruzə İBİŞOVA,
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin Muğam
sənəti kafedrasının müəllimi,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Xalq qəzeti.- 2010.- 6 iyun.- S. 5.