Üzeyir
Hacıbəyov - 125
Şərqin
100 yaşlı ilk operettası - "Ər və arvad"
Həmişəyaşar
sənətiylə əbədiyyət qazanmış
Üzeyir bəy Hacıbəyli Azərbaycan professional musiqisi
ilə yanaşı, Şərqdə opera və operettanın
da əsasını qoymuşdur. 2008-ci ildə müsəlman
aləminin ilk operası olan "Leyli və Məcnun"un 100
yaşı YUNESKO səviyyəsində qeyd edildi. Bu il isə
Üzeyir bəyin yaratdığı ilk operettanın - "Ər
və arvad"ın 100 yaşı tamam olur.
1909-cu ildə librettosunu və
musiqisini yazdığı "Ər və arvad"
operettası ilə Üzeyir bəy Hacıbəyli
bütün Şərqdə operetta janrının
bünövrəsini qoydu və sonra daha iki əsər -
"O olmasın, bu olsun" və "Arşın mal
alan"ı qələmə alaraq səhnə
üçün operetta trilogiyasını yaratdı.
Üzeyir bəyin bütün əsərlərində
olduğu kimi, "Ər və arvad"da da qadın
azadlığı problemi qırmızı xəttlə
keçir. Əsərin ailə-məişət məsələləri,
müsəlman qadınlarının hüquqsuz vəziyyətinin
təsviri əsasında qurulmuş süjet xətti çox
sadə olsa da, düşündürücü və ibrətlidir.
Burada müəllif sətiraltı deyimlərlə XX əsrin
əvvəllərində cəmiyyətdə hökm sürən
yalançı millətpərəstliyi, hər zaman Şərq
ölkələrinin daxili işlərinə qarışan
Avropa, xüsusilə çar Rusiyası hökümətinin
siyasətini, xalqın dilinə yad olan qəzetləri və
milli dildən uzaq düşən qəzetçiləri,eləcə
də o dövrdə geniş yayılmış
çoxarvadlılıq məsələlərini məharətlə
ifşa etmişdir.
Əsərin əsas qəhrəmanı
olan dövlətli, təhsil almış Mərcan bəy
arvadı Minnət xanım ondan pul istəyəndə belə
deyir: "Cibimdə beş-altı şahı var, o da
özümə lazımdır. Bu gün müsəlman qəzeti
alıb oxuyacağam. Daha bundan sonra mən millətpərəst
olmuşam." Minnət xanımın "Bura ver pulu! Mən
özüm aldıraram,oxuyarsan" söyləyəndə isə
Mərcan bəy dillənir: "Minnət! Sənin bu cürə
hərəkətin çox pis hərəkətlərin
birisidir. Heç bilirsən bu cürə hərəkətlərin
adına rusca nə deyirlər? Bu hərəkətlərə
deyirlər: vmeşatelstvo vo vnutrennie dela, yəni mənim məxsusi
işimə sən qarışırsan. Qoymursan ki, mən
öz işimi özüm görüm..."
"Ər və arvad"
operettasının yazılması və tamaşaya
hazırlanması ilə bağlı o zamankı dövri mətbuat
səhifələrində tez-tez məlumat verilirdi. Üzeyir bəyin
özünün 1909-cu ilin 25 dekabrından 1910-cu ilin 28
mayına qədər redaktor olduğu "Həqiqət"
qəzetinin 21 mart 1910-cu il tarixli 61-ci sayında bu əsərlə
bağlı ilk xəbər verilmişdi: "Leyli və Məcnun",
"Şeyx Sənan" operalarının bəstəkarı
və qəzetimizin müdiri Üzeyir bəy Hacıbəyov
bu yolda üçüncü əsəri olan təzə bir
operetta yazıb bəstələyibdir. Operettanın adı
"Ər və arvad"dır. Məzmunu xeyli gülünc
olub və ibrətamizdir. Müəllifin əsərlərindən
"Leyli və Məcnun" müsəlmanca birinci opera
olduğu kimi, haman "Ər və arvad" da müsəlmanca
birinci operettadır. Bu operettanın oynanması musiqi cəhətincə
çox asandırsa da artistlik cəhətincə çox
"komiklik" məharəti istər."
23 may 1910-cu il tarixli "Kaspi" qəzeti
isə yazırdı: "Yadınıza salırıq ki,
düşənbə günü Nikitin qardaşları
teatrında "Leyli və Məcnun" operasının
müəllifi Üzeyir bəy Hacıbəyovun ilk müsəlman
operettası olan "Ər və arvad"oynanılacaqdır.
Ən yaxşı opera artistləri iştirak edirlər.
"Qəzetlər həmçinin operettanın gözəl
musiqisi olduğunu və orkestrdə Şərq və Qərb
alətlərinin birgə səslənəcəyi barədə
oxuculara məlumat verirdilər. "Ər və arvad"
operettasında Üzeyir bəy böyük məharətlə
"Laçın", "Şur",
"Bayatı-kürd" və s. xalq mahnılarından,
muğamlardan, rəqslərdən bəhrələnərək
orkestr üçün gözəl musiqi yazmış,
maraqlı xor nömrələri, ariya, duet, rəqslər
yaratmışdır.
Nəhayət, gözlənilən
vaxt gəlib çatmışdı. 1910-cu il may ayının
24-də, həftənin bazar ertəsi, Üzeyir bəy
Hacıbəylinin operetta janrında bəstələdiyi "Ər
və arvad" adlı ilk əsərinin premyerası baş
tutmuşdu. Bununla da Şərqin ilk operetta qaranquşu Azərbaycandan
pərvazlanmışdı.
Operettanın rejissoru müqtədir sənətkar
Hüseyn Ərəblinski, dirijoru isə Üzeyir bəy
özü idi. Üç pərdədən ibarət "Ər
və arvad" əsərində o dövrün
sayılıb-seçilən aktyorları iştirak edirdilər.
Operettanın birinci tamaşasının proqramında
iştirakçıların siyahısı belə
yazılmışdı: Mərcan bəy (34 yaşında, təhsil
almış, dövlətli cənab) - H.Ərəblinski, Minnət
xanım (onun arvadı, 27 yaşında, təhsil almış
) - Ə.Ağdamski, Səfi (onun nökəri, 26
yaşında) - H.Terequlov, Gülpəri (onun rəfiqəsi,
26 yaşında) - Kərimov, Kərbalayi Qubad ( Mərcan bəyin
tanışı, 46 yaşında bir kəndli) - M.Əliyev,
Yetər (onun arvadı,44 yaşında) - Kələntərov,
Rüstəm (Mərcan bəyin aşpazı) - Kazımov, Heydər
(Mərcan bəyin mehtəri) - C.Paşayev, Nəcəf (Mərcan
bəyin bağbanı) - Nəzərov, Hüseyn (Mərcan bəyin
həyətə baxan qulluqçusu) - Quliyev. Qonaqlar, xalq, sazəndələr
və başqaları. Tamaşanın baş rejissoru - H.Ərəblinski".
"Nicat" cəmiyyəti tərəfindən
bəstəkar Üzeyir bəy Hacıbəylinin benefisinə
səhnəyə qoyulan "Ər və arvad"
operettası tamaşaçıların böyük
marağına səbəb olmuş, müvəffəqiyyət
qazanmışdı. Əsərin hər pərdəsindən
sonra müəllif və iştirakçılar səhnəyə
dəvət olunaraq dönə-dönə alqışlamışdılar.
Hətta operettanın ikinci pərdəsi qurtaran kimi
"Nicat" cəmiyyətinin idarə heyətinin sədri
İsa bəy Aşurbəyov tamaşaçıların
alqış sədaları altında müəllifi səhnəyə
gətirmiş, ona hədiyyələr təqdim edilmişdi.
Cəmiyyətin ədəbiyyat və
teatr seksiyasının sədri Mehdi bəy Hacınski
"Nicat"ın adından çıxış edərək
Üzeyir bəyə təbrik nitqi yazılmış albom
vermişdi ki, burada da bəstəkarın fəaliyyəti
dolğunluqla öz əksini tapmışdı. Aktyorların
adından danışan teatr bölməsinin üzvü
Qulamrza Şərifov bəstəkarı təbrik etdikdən
sonra ona gümüş portsiqar
bağışlamışdı, dostlar, tanışlar
Üzeyir bəyə gümüş cam və başqa qiymətli
hədiyyələr vermişdilər.
"Ər və arvad"
tamaşasından sonra mətbuatda əsər haqqında
maraqlı resenziyalar dərc olunmuş, "Kaspi", "Həqiqət"
qəzetlərində təfərüatlı yazılar
verilmiş, operettanın özü, bəstəkarı,
dirijoru,rejissoru, aktyorları barədə ictimaiyyəti ətraflı
surətdə tanış etmişdilər. 1910-cu il 26 may
tarixli "Həqiqət" qəzetinin 118-ci sayında
"Tamaşaçı" imzası ilə dərc
olunmuş "Üzeyir bəyin benefisi "Ər və
arvad" operettası" sərlövhəli resenziyada müəllif
bütünlüklə operettanı analiz edərək, əsərin
məzmunundan, musiqisindən, tamaşaçılar tərəfindən
maraqla, qəhqəhələrlə qarşılanmasından,
aktyorların ifasından dolğunluqla bəhs etmişdi.
Yazıda böyük aktyor Mirzağa Əliyevin oyunu
xüsusü vurğulanmışdı. Orada
yazılırdı: "Artistlərə gəldikdə ən
əvvəl Kərbalayi Qubad rolunu oynayan məşhur
Mirzağa Əliyev barəsində onu deməliyik ki, bu şəxsin
komizmdə çox böyük istedad xariqüladəsi
vardır. Mirzağa müəllifin sözlərini, fikrini lap
yaradır, mumiəleyinhən hər bir hərəkəti,hər
bir sözü söyləmək qaydası
öz-özlüyündə tamam bir məharətdir."
Mərcan bəyi oynayan Sarabski cənablarının
Məcnun rolunda göstərdiyi məharəti hər kəsə
məlumdur. Lakin bu rolda Sarabski orasını isbat etmişdi ki,
o, cəmaəti şirin-şirin ağlatmağı bacaran
kimi, şirin-şirin güldürə də bilir. Şəfi
rolunu oynayan Terequlov nökər rolunu çox layiqilə ifa
etmişdi,amma böyük məharəti bunda olmuşdu ki,
bariton pərdələrində olan gözəl səs ilə
rusca mahnını çox mahiranə oxumuşdu. Ümdə
rollardan olan Minnət xanımı Ağdamski çox gözəl
oynamışdı. "Mənim adım Minnətdir" ilə
"İnsaf eyləyin" mahnılarını mehriban bir surətdə
oxumuşdu və səsini də bittamam arvad səsinə
oxşatmışdı. Nökərlər (xor) çox
böyük şur ilə rollarını ifa etmişdilər.
Ötən əsrin əvvəllərində
nəşr olunan mətbuatdakı yazıları oxuduqca
adamı heyrət bürüyür. O dövrdə yaşayan
bu sənətkarların gücünə, yaratmaq, qurmaq həvəsinə,
millətə, xalqa xidmət etmək istəyinə, fədakarlığına
heyran kəsilirsən. Xalqın inkişafı
üçün bütün çətinliklərə sinə
gərməklərinə valeh olursan. Hələ teatrların,
peşəkar aktyorların, xüsusilə aktrisaların
olmadığı, kişilərin qadın rollarını
oynadığı bir vaxtda, musiqiçi kadrların,
ifaçıların kəskin surətdə
çatışmadığı bir dönəmdə
yüksək səviyyəli musiqi əsərləri yazmaq,
onları səhnəyə qoymaq və bu dərəcədə
müvəffəqiyyət qazanmaq, özü də cahilliyin,
savadsızlığın hökm sürdüyü bir
mühitdə bu qədər uğur əldə etmək,
şübhəsiz ki, Üzeyir bəy Hacıbəyli kimi dahilərin
qüdrəti ola bilərdi. Bu müqtədir sənətkarlar
bütün çətinliklərə rəğmən Azərbaycan
mədəniyyətinin, incəsənətinin tərəqqisinə
nail olmuşdular, möhtəşəm irfan və sənət
yaratmışdılar.
Bu gün biz dahi Üzeyir bəy
Hacıbəyli sənətinin "Ər və arvad"
adlı incisindən söhbət açdıq. Operettanın
yaranmasının 100 illiyi ilə bağlı o tarixə nəzər
saldıq. Bir daha Üzeyir bəyin sənət zirvəsinin nə
qədər əlçatmaz olduğunu yəqin etdik.
Səadət
QARABAĞLI,
üzeyirbəyşünas
Xalq qəzeti.- 2010.- 6 iyun.- S. 5.