Leyla ƏLİYEVA:
"Azərbaycan sivilizasiyalar arasında körpü ola bilər"
Heydər Əliyev Fondunun Rusiyadakı
nümayəndəliyinin rəhbəri və "Baku"
jurnalının baş redaktoru, Heydər Əliyevin nəvəsi
Leyla Əliyeva "RİA-Novosti" agentliyinə müsahibəsində
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
məqsədləri və iş metodları, Heydər Əliyev
Fondunun fəaliyyəti, habelə hazırda Azərbaycanın
Avropada və ABŞ-da yaranmaqda olan yeni obrazı barədə
söhbət açmışdır. AzərTAc həmin
müsahibəni təqdim edir.
- Çox sağ olun ki, bizim studiyaya gəlmisiniz.
Biz bilirik ki, son günlər Sizin vaxtınız çox az
idi, əgər sirr deyilsə, nə ilə məşğul
olurdunuz?
- Keçən həftə
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
(RAGT) ikinci konfransı keçirilmişdir. Bu təşkilatın
bir yaşı tamam olmuşdur. Konfransda 500 nümayəndə
iştirak edirdi. Onlar təkcə Moskvadan deyil, regionlardan da gəlmişdilər.
Bu gün bizim təşkilatın 60-dan çox bölməsi
vardır. Regionlarda və Moskvada gənclər çox fəal
işləyirlər. Təşkilatımızın məqsədi
Azərbaycan mədəniyyətini təbliğ etmək,
insanları tariximizlə tanış etmək, Moskvada, Rusiyada
yaşayan vətəndaşlarımıza yardım göstərmək,
gənclərin təhsil almasına kömək etmək,
onların inteqrasiyasına şərait yaratmaqdır. Biz
humanitar və sosial sahədə çoxlu layihələr həyata
keçiririk. Bizim gənclər uşaq evlərində, xəstəxanalarda
uşaqlara kömək edirlər. "Qanın milləti
yoxdur" adlı xüsusi layihəni də qeyd etmək istəyirəm.
Bu layihə çərçivəsində azərbaycanlı
gənclər xəstə uşaqlar üçün qan
vermişlər. Bu layihə əyani şəkildə göstərdi
ki, Azərbaycan və Rusiya gənclərinin həyati dəyərləri
eynidir.
RAGT-nin konkret işləri barədə
danışmaq lazım gəlsə, mən "Xocalıya ədalət"
beynəlxalq kampaniyasının keçirilməsini çox əhəmiyyətli
hesab edirəm. Fevralın axırlarında Moskvadakı
"Prezident-otel"də "Xocalıya ədalət"
beynəlxalq kampaniyasına yekun vurulmuşdur. Keçən il
bu kampaniya çərçivəsində 1992-ci ilin fevral
hadisələri haqqında informasiyanı bütün qitələrin
sakinlərinə çatdırmaq məqsədilə 70-dən
çox tədbir keçirilmişdir. Rusiyanın bir sıra
şəhərlərində bu tədbirlərin keçirilməsində
RAGT üzvləri fəal iştirak etmişlər. Məqsədimiz
1992-ci ildə məhv edilmiş bu Azərbaycan şəhərinin
faciəsi haqqında həqiqəti bütün dünyaya
çatdırmaqdır. Xocalı Azərbaycanın
ağrılı yeridir və biz həqiqəti deməliyik.
Biz istəyirik ki, bizi eşitsinlər.
Biz
idmana da böyük diqqət yetiririk. 2009-cu ilin may ayında
Azərbaycanın klub komandalarının iştirakı ilə
mini-futbol üzrə çempionat keçirmişik. O vaxt
çempionatda 16 komanda iştirak etmişdi. Builki
çempionata isə artıq 24 komanda
qatılmışdı. Gənclərimiz çox fəaldır,
onlar bizim bütün təşəbbüslərimizi dəstəkləyirlər.
Buna görə də onlarla işləmək şəxsən
mənə çox rahatdır. Bu, bizim "RAGT" barədə.
İndi
isə Heydər Əliyev Fondu haqqında. Artıq üç
ildir ki, Rusiyada bu Fondun nümayəndəliyi fəaliyyət
göstərir. Fondun nümayəndəliyi bütün
ölkələr arasında birinci olaraq məhz Rusiyada
açılmışdır. Mən bunu qeyd etmək istərdim.
Biz daim çoxlu mədəni və xeyriyyəçilik tədbirləri
keçirir, fotosərgilər, konsertlər, kitabların təqdimat
mərasimlərini təşkil edirik. Fondun əsas məqsədi
Azərbaycanın zəngin mədəni və tarixi irsini təbliğ
etməkdir.
Biz
təhsil sahəsinə də böyük diqqət yetiririk.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
respublikamızda 300-dən artıq məktəb tikilmişdir.
Bunlar təhsil sahəsində ən son tələblərə
cavab verən məktəblərdir: müasir texnika, idman
qurğuları ilə təchiz edilmişdir, uşaqların
istirahəti üçün hər cür şərait
vardır. Fondun dəstəyi ilə Azərbaycanın
hüdudlarından kənarda - Pakistanda qızlar
üçün məktəb və Gürcüstanda ümumtəhsil
məktəbi inşa olunmuşdur. Biz Moskvada məktəb
açmağı planlaşdırırıq. Bu məktəb
etnomədəni komponentli məktəb olacaqdır. Moskvada
yaşayan azərbaycanlı uşaqlar öz ana dilini öyrənmək,
Azərbaycan xalqının mədəniyyəti və tarixi,
adət və ənənələri ilə daha yaxından
tanış olmaq imkanı əldə edəcəklər.
Rusiya paytaxtında artıq belə bir məktəb fəaliyyətdədir
- Şimal dairəsindəki 157 nömrəli məktəb.
Lakin bildiyiniz kimi, Moskva çox böyük şəhərdir
və bu şəhərdə bizim uşaqlar çoxdur. Buna
görə də istərdik ki, həmvətənlərimizin
mümkün qədər çox hissəsi ana dilini öyrənmək
imkanına malik olsun.
Mən
həm də "Baku" jurnalının baş redaktoruyam.
Artıq üç ilə yaxındır ki, bu jurnal
çıxır. Onun da məqsədi Azərbaycanı Rusiya
auditoriyasına, rusiyalı oxucuya göstərməkdir. Mən
bu layihəni necə nəzərdə tutmuşdumsa, elə də
alındı. Mən istəyirdim ki, jurnal orijinal olsun,
heç bir başqa nəşrə oxşamasın. Lakin
bununla bərabər, cəlbedici olsun və Azərbaycandan bəhs
etsin. Rusiya bazarında belə nəşr yoxdur. Prinsip etibarilə
bizdə hər şey yaxşı alındı - jurnal öz
oxucularını, öz auditoriyasını tapdı. İndi
biz jurnalı 45 min nüsxə tirajla çap edirik. Bu jurnala təkcə
Rusiyada deyil, dünyanın başqa ölkələrində də
abunə yazılırlar. Ola bilsin ki, gələcəkdə
ingilis dilində də jurnal nəşr etdik.
-
Siz mənim növbəti sualımı qabaqladınız. Əlbəttə,
sizin Rusiyada görüləsi işləriniz çoxdur. Mənim
fikrimcə, Azərbaycan barədə, xüsusən Azərbaycanın
çoxəsrlik mədəniyyəti barədə jurnalın
bir buraxılışında hər şeyi söyləmək
mümkün deyildir. Maraqlıdır, bəs xaricdə Azərbaycanı
necə qəbul edirlər? Siz xaricdə oxumusunuz, tez-tez xaricdə
olursunuz. Elə həmin amerikalılar və ingilislər Azərbaycanın
nə demək olduğunu necə təsəvvür edirlər?
Sizə "Azərbaycan nə deməkdir" sualını
versəydilər, həmin suala bir sözlə necə cavab verərdiniz?
-
Bu gün Azərbaycanı həm Amerikada, həm də Avropada
əvvəlkindən qat-qat yaxşı tanıyırlar. Əlbəttə,
bu, sevindirici haldır, çünki adamların Azərbaycana
böyük marağı yaranmışdır. Onlar özləri
Azərbaycan haqqında informasiya axtarırlar. Bu suala bir
sözlə cavab vermək isə əlbəttə çətindir.
Mənim fikrimcə, avropalı üçün Azərbaycan
sivilizasiyalar arasında bir körpü və tolerantlıq
nümunəsi ola bilər. Öz fikrimə gəldikdə isə,
mən belə hesab edirəm ki, Azərbaycan nadir ölkədir.
Onun insanları da, təbiət mənzərələri də,
iqlimi də nadirdir. Yeri gəlmişkən, dünyadakı 11
iqlim qurşağından 9-u Azərbaycanda vardır. Azərbaycan
mədəniyyəti haqqında, bizim rəssamlar, şairlər,
yazıçılar, muğamımız barədə
danışmaqla qurtarmaz.
Əlbəttə,
Azərbaycandan danışarkən milli mətbəximizi qeyd
etməmək olmaz. Zənnimcə, hər hansı rusdan Azərbaycan
barədə soruşsalar, o, ilk növbədə ölkəmizin
mətbəxini qeyd edər. Yəqin ki, çoxları mənimlə
razılaşar ki, Azərbaycan mətbəxi dünyada ən
ləziz mətbəxlərdən biridir.
-
İndi Azərbaycan restoranları Moskvada çox
populyardır...
-
Düşünürəm ki, tezliklə bu restoranların
sayı hətta italyan restoranlarından da çox
olacaqdır. Mənə gəldikdə isə, istərdim ki,
Avropada Azərbaycanın mədəniyyəti haqqında daha
çox bilsinlər. Ona görə ki, bu mədəniyyətlə
maraqlananlar çoxdur, lakin tədbirlər az keçirilir.
Fevral ayında biz "Bakı haqqında məhəbbətlə"
adlı sərgi keçirdik. Bu sərgidə fransız foto
ustası Georgi Pinxasovun foto əsərləri nümayiş
etdirilirdi - o, həmin fotoşəkilləri bizim jurnal
üçün çəkmişdi. O, Bakının
fotoşəkillərini çəkmişdi, lakin bu işlər
onun öz baxışını əks etdirirdi. O, çox
istedadlı fotoqrafdır. Biz bu sərgini əvvəlcə
Moskvaya, Manejə gətirdik, sonra Londonda göstərdik. Sərgi
böyük marağa səbəb olmuşdur. Oraya gələnlər
hədsiz çox idi. Buna görə də mən bu cür tədbirləri
daha çox keçirməyi planlaşdırıram.
-
Özü də hökmən nağaraçılar
ansamblını gətirmək lazımdır. Mən həmin
sərgidə olmuşam. Yadımdadır, axıra yaxın
adamlar artıq dağılışmağa başlayanda birdən
bu ansambl ifa etməyə başladı və heç kəs
çıxıb getmədi.
-
Elədir! Londonda adamlar gecə saat 12-dək həmin sərgidən
dağılışmamışdı. Buna görə də əsas
məsələ budur. Sən nə edirsən et, bu işin
insanların xoşuna gəlib-gəlmədiyini, yoxsa
onların sadəcə, yolüstü oraya gəldiklərini
başa düşə bilərsən. Əgər insanlar
dağılışıb getmirsə, deməli, bu sərgi
onların xoşuna gəlmişdir.
-
Leyla xanım, bu qədər fəal ictimai həyatı ailə
həyatı ilə necə uzlaşdıra bilirsiniz? Axı
siz iki uşaq anasısınız və yəqin ki, həm də
yaxşı bir xanımsınız.
-
Əslində, məhz işlərimi çatdırmaq çətindir.
Mən tez-tez təyyarə ilə uçuram, amma özümə
söz vermişəm ki, hara getsəm uşaqlarımı da
özümlə götürəcəyəm. Buna görə
də indi onlar həmişə mənim yanımda olur. Hətta
5 günlüyə və ya bir həftəliyə uçub
gedəndə də mən istəyirəm ki, uşaqlar
özlərinə diqqət hiss etsinlər, bu, onlar
üçün çox vacibdir. Yəqin ki, həmişə
ən başlıca məsələ hər şeyin uğurlu
olacağına, hər şeyin yaxşı olacağına
inanmaqdır. Nədənsə mən hər bir işi görəndə
həmişə inanıram ki, hər şey yaxşı olacaq,
əla olacaqdır. Bu,
hər bir insan üçün vacibdir. Onda həqiqətən
hər işə vaxt çatacaq və hər şey
yaxşı olacaqdır.
- Siz dediniz ki, uşaqları
özünüzlə götürəcəksiniz. Lakin yəqin
ki, haçansa siz bir müddətə onlardan ayrılmalı
olacaqsınız. Çünki siz özünüz xaricdə
oxumusunuz və yəqin ki, uşaqlarınız da xaricdə
oxuyacaqlar. Siz ərinizlə bu barədə artıq fikirləşmisinizmi?
- Onlar hələ balacadırlar, cəmi
yaş yarımlıqdırlar.
- Vaxt sürətlə ötüb
keçir...
- Elədir, vaxt sürətlə
keçir. Amma digər tərəfdən heç vaxt bilmirsən
ki, haraya gedib çıxacaqsan. Məsələn mən
Londonda oxuyarkən heç vaxt ağlıma gəlməzdi ki,
Moskvada yaşayacağam. Amma ərə getdim və indi burada
yaşayıram. Hərçənd, mən Moskvada
doğulmuşam və 7 il burada yaşamışam. Uşaqlar
barədə hələ bilmirəm. Emin (əri - red.) Amerikada
oxumuşdur, buna görə də ola bilsin ki, o, onların
Amerikada oxumasını istəyərdi. Mən isə Londonda
oxumuşam və buna görə də ola bilsin ki, onların
Londonda oxumalarını istərdim. Lakin
bununla belə, Bakı da var, Moskva da var, bir sözlə, hələ
bilmirəm.
-
Siz dediniz ki, əsas məsələ hər şeyin uğurlu
olacağına inanmaqdır. Deyəsən Sizin bu deviziniz, həqiqətən,
ən azı Sizin üçün doğru çıxır.
Siz həm işdə, həm təhsildə, həm də
şəxsi həyatınızda çox şeyə nail
olmusunuz. Bunlar karyeradan heç də az əhəmiyyətli
deyildir. Daha nə isə varmı? Ona görə ki, mənim təsəvvürümə
görə Sizə həmişə yeni
çağırışlar, dəf ediləsi müəyyən
çətinliklər lazımdır. Sizin daha nəyiniz
çatışmır. Bəlkə snoubord idmanını,
paraşütlə tullanmağı, fortepiano
çalmağı öyrənmək istəyirsiniz?
- Əlbəttə, nələrsə
çatışmır. Məncə, elə bir adam yoxdur ki, hər
şeyə nail olduğunu və daha öyrənəsi
heç nə olmadığını deyə bilsin. Hər
bir yaşda, hər bir vəziyyətdə, hər bir
insanın bilmədiyi, öyrənə biləcəyi nələrsə
vardır. Məsələn, mən fransız və italyan dillərini
öyrənmək istərdim. Londonda oxuyarkən ispan dilini
öyrənirdim və bir il İspaniyada yaşadım. Hesab
edirəm ki, dil bilmək insana çox üstünlüklər
verir. Mən istərdim ki, uşaqlarım da çox dil bilsinlər.
Əlbəttə, paraşütlə tullanmaq istəyirəm,
amma uşaqlar doğulandan sonra bu işlə məşğul
olub-olmayacağımı bilmirəm.
- İndi bu istisna olunmalıdır.
- Amma mümkündür.
İşimdə də irəli getmək
istəyirəm. Layihələr, ideyalar çoxdur. Həqiqətən
hər şeyə vaxt çatmır. Amma yenə də hər
şeyin uğurlu olacağına inansaq, zənnimcə, gələcəkdə
xeyli maraqlı işlər görmək olar.
- Elə isə gözləyək
görək bu müddətdə Siz nə edə biləcəksiniz.
Sizi yenidən studiyamızda gözləyirik.
- Bəli. Sağ
olun.
-
Çox sağ olun.
Müsahibəni
qələmə aldı: Samir ŞAHBAZ
Xalq qəzeti.- 2010.- 6 iyun.- S. 3.