AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun biokimyəvi tədqiqatlar laboratoriyası istifadəyə verilmişdir

 

Ordubad rayonunun Aşağı Əylis kəndində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun biokimyəvi tədqiqatlar laboratoriyasının yeni binası istifadəyə verilmişdir.

 

Binanın açılış mərasimində çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev laboratoriya haqqında məlumat vermiş, muxtar respublikada elmin inkişafına göstərilən diqqət və qayğıdan danışmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli sərəncamı ilə yaradılmış AMEA Naxçıvan Bölməsinin qısa müddətdə formalaşdığını, Azərbaycan elmi mühitində qəbul olunduğunu vurğulamış, əldə edilən nailiyyətlərə görə bölmənin kollektivinə təşəkkürünü bildirərək demişdir: Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun biokimyəvi tədqiqatlar laboratoriyası bu elm müəssisəsinin əsas hissəsini təşkil edir. Əgər tədqiqatlar Avropa ölkələrində qəbul olunan laboratoriya avadanlıqlarında aparılmasa, həmin tədqiqatlar səmərəli olmayacaq, onların nəticələri inkişaf etmiş ölkələrdə tanınmayacaqdır. Bu da çəkilmiş zəhmətin hədər getməsi deməkdir. Laboratoriyanın yerləşdiyi ərazi təsadüfən seçilməmişdir. Ordubad rayonu həm tarixi abidələr, həm də flora və fauna ilə zəngindir. Ərazinin xüsusiyyətləri nəzərə alınaraq laboratoriyanın Ordubad rayonunda qurulması qərara alınmışdır.

Ali Məclisin sədri laboratoriyanın kollektivinə qarşıda duran mühüm tapşırıqların yerinə yetirilməsində uğurlar arzulayaraq demişdir: Muxtar respublikanın tarixi, folkloru, ədəbi mühiti, arxeologiyası, etnoqrafiyası, flora fauna aləmi nəzərə alınaraq AMEA-nın Naxçıvan Bölməsi yaradılmışdır. Azərbaycanın flora faunasının 60 faizdən çoxu Naxçıvanda cəmləşmişdir. Bu baxımdan Bioresurslar İnstitutunun üzərinə mühüm vəzifələr düşür. Biokimyəvi tədqiqatlar laboratoriyası bitkilərin fitokimyəvi tərkibinin öyrənilməsinə, bioloji fəal maddələrin ayrılma saflaşdırma metodlarının işlənib hazırlanmasına, bitkilərin emal üçün toplanma vaxtının müəyyənləşdirilməsinə şərait yaradacaqdır. Laboratoriyada aparılacaq analizlər nəticəsində müxtəlif dərman bitkilərinin ilin hansı fəslində toplanması, hansı bitkilərin plantasiya formasında əkilib-becərilməsi müəyyən olunacaqdır. Bunun üçün isə AMEA Naxçıvan Bölməsinin geniş imkanları vardır. Bölmə Ordubad rayonunda da, Naxçıvan şəhərində əkin sahələrinə malikdir.

Ali Məclisin sədri AMEA Naxçıvan Bölməsinin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə, muxtar respublikanın təbii sərvətlərinin Naxçıvanın tanınmasına, inkişafına, yeni yerlərinin açılmasına xidmət edəcəyinə əminliyini ifadə etmişdir. Qeyd olunmuşdur ki, biokimyəvi tədqiqatlar laboratoriyası vacib bir sahədir. Laboratoriyanın bütün dünyada kimyəvi deyil, təbii müalicəyə üstünlük verildiyi bir zamanda fəaliyyətə başlaması muxtar respublikada bu sahənin inkişaf etdirilməsinə, dərman bitkilərinin əkilib-becərilməsinə şərait yaradacaqdır. Laboratoriya kollektivinin yaradılmış şəraitdən düzgün istifadə edəcəyinə əminliyini bildirən Ali Məclisin sədri kollektivə işlərində uğurlar arzulamışdır.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra laboratoriyaya baxış olmuşdur.

Laboratoriya binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir.

Binanın birinci mərtəbəsində 3 otağı 2 laboratoriya kabineti yerləşir.

Baxış zamanı məlumat verilmişdir ki, biokimyəvi tədqiqatlar laboratoriyasında muxtar respublikada geniş yayılmış faydalı bitkilərin fitokimyəvi analizlərinin aparılması, bioloji fəal maddələrin ayrılma saflaşdırma metodlarının işlənib hazırlanması, onların kimyəvi quruluşlarının öyrənilməsi, bitki xammalının kompleks emalı yollarının müəyyən edilməsi həyata keçiriləcəkdir. Bitkilərin emalı üçün toplanma vaxtını müəyyənləşdirmək məqsədi ilə bioloji fəal maddələrin bitkilərdə toplanma dinamikası tədqiq ediləcəkdir.

Ali Məclisin sədri Vasif Talıbov gənc kadrların yetişdirilməsi, tədqiqatların genişləndirilməsi, dərman bitkiləri ensiklopediyasının hazırlanıb nəşr olunması barədə tapşırıqlar vermişdir.

 

 

Xalq qəzeti.- 2010.- 6 iyun.- S. 3.