"Qurani-Kərim"in tərcüməsinin yeni nəşri
Azərbaycanın dövlət müstəqilliyi
ərəfəsində şərqşünas
alimlər-akademik Ziya Bünyadovun və Vasim Məmmədəliyevin
ərəb dilindən
tərcümə etdikləri,
giriş və qeydlər yazdıqları,
şeyxülislam Hacı
Allahşükür Paşazadənin
məsləhətçi redaktorluğu
ilə nəşr olunmuş "Quran"ın
ana dilində mükəmməl nəşri
bu günlərdə kiçik formatda yenidən işıq üzü görmüşdür.
Qafqaz Müsəlmanları İdarəsinin
dəyirmi salonunda keçirilən təqdimat
mərasimində "Quran"ın
Azərbaycan dilinə
tərcüməsinin yeni
nəşrinin özəlliklərindən,
mövcud tərcümənin
uğurlu taleyindən
geniş söhbət
açıldı. Bakı
Dövlət Universiteti
ilahiyyat fakültəsinin
dekanı, Qafqaz Müsəlmanları İdarəsi
elmi-dini şurasının
sədri Vasim Məmmədəliyev məclisi
giriş sözü ilə açaraq bildirdi ki, indiki
miniatür kitab onun, mərhum Ziya Bünyadovla ərsəyə gətirdiyi
tərcümənin 12-ci nəşridir.
Həmin
mətni həvəskar
naşirlər də dəfələrlə çap
edib yaymışlar.
"Qismət" nəşriyyatının nəfis
tərtibatla buraxdığı
bu kitabı BDU-nun illahiyyat fakültəsi ilə əməkdaşlıq
edən Türkiyə
islamşünası Xəlil
Öztürk pulsuz yayılmaq üçün
çap etdirmişdir.
O, bundan əvvəl də ölkəmizdə dini ədəbiyyat nəşrinə kömək
etmiş, savab əməli ilə Azərbaycanda layiqli nüfuz qazanmışdır.
Qafqaz Müsəlmanları
İdarəsi sədrinin
birinci müavini, müfti Hacı Salman Musayev, "Azərbaycan" qəzetinin
baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, Türkiyə səfirliyinin
dini işlər müşaviri Müzəffər
Şahin, Gəncliyə
Yardım Fondunun rəhbəri Əhməd
Tecim və digər çıxış
edənlər müsəlmanların
müqəddəs kitabı
"Qurani-Kərim"in tərcüməsinin
çap olunub yayılmasının İslam
dininin əsaslarının
öyrənilməsində soydaşlarımızın maariflənməsində
misilsiz rolunu vurğuladılar, tərcümə
müəlliflərinin və
naşirlərin əməyini
yüksək dəyərləndirdilər.
Natiqlər "Quran"ın
nəşrinə dini
tələblər və
mövcud qayda-qanun çərçivəsində yanaşmağın zəruriliyindən
də söz açdılar.
Mərasim iştirakçılarına "Quran"ın tərcüməsinin
yeni nəşri və "Qismət" nəşriyyatında buraxılmış
"Yasini-şərif", Türkiyə-Qafqaz İslam
Ordusu və ermənilər" kitabları
hədiyyə edildi.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2010.- 8 iyun.- S. 7.