Zəngilanlı məcburi köçkünlər dövlətin
diqqət və qayğısını daim
hiss edirlər
Həmsöhbətim Əyyub Qafarov 1934-cü ildə Zəngilan rayonunun Ördəkli kəndində
anadan olub. Əmirxanlı, Bartaz dayanacağı, Ördəkli
kənd məktəblərində
müəllim işləyib,
direktor, icra nümayəndəsi vəzifələrində
çalışıb. Xeyli
vaxtdır ki, Zəngilan Rayon İcra Hakimiyyətinin Ordəkli kənd ərazi nümayəndəsidir.
İctimaiyyət arasında
böyük nüfuza
malikdir. Xeyir-şərdə
xətir-hörmətlə qarşılanır. Məsləhətləri,
tövsiyələri diqqətlə
dinlənilib qəbul edilir...
Əyyub müəllim
17 ildir ki, məcburi köçkün həyatı
yaşayır. Doğma Zəngilana, Ördəkli kəndinə
qayıdacağı günü həsrətlə gözləyir.
İnanır ki, o gün uzaqda deyil. Bu barədə söhbət
zamanı dedi:
- Bu gün biz zəngilanlılar Azərbaycanın ayrı-ayrı rayonlarında məskunlaşmışıq. Dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət və qayğısını daim öz üzərimizdə hiss etsək də, doğma yurda dönmək, Zəngilanın füsünkar təbiətinə qovuşmaq, ulularımızın, doğmalarımızın ruhu dolaşan torpaqda yenidən od-ocaq sahibi olmaq istəyilə çırpınırıq...
Əyyub müəllim söhbət zamanı ulu öndərimiz Heydər Əliyevlə bağlı bir neçə məqamı xüsusi vurğuladı: - Dünən də belə düşünmüşəm, bu gün də bu fikirdəyəm, sabah da dediklərimdə haqlı olacağıma əminəm: Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, xalqın təkidli çağırışını qəbul etməsəydi, başımıza nələr gələcəkdi, ölkə hansı fəlakətlərlə üzləşəcəkdi, onu bir Allah bilir...Bütün dövrlərdə hər bir xalqın taleyində kəşməkəşlər, çıxılmazlıqlar, dönümlər, döngələr olur, torpaq işğala məruz qalır, xarici düşmənlər daşı-daş üstdə qoymur, daxildən də pozuculuqla məşğul olanlar üzə çıxır, vətəndaş müharibəsi alovlanır... Belə ağır, çıxılmaz vaxtlarda ümidlər, inamlar sozalır, öləziyir. Gözlər sirli-sehrli bir xilaskarın yoluna dikilir... 1993-cü ilin yayında da Azərbaycan bu hissi yaşadı. Qorxunc təhlükələr dövlətçiliyimizin başı üzərini alanda, ölkə ağır sınaqlar qarşısında qalanda xalqımız Heydər Əliyevə əfsanəvi bir qüvvə kimi baxdı və ulu öndərimizə üz tutdu... Ümummilli liderimiz Bakıya qayıtdı və qısa bir müddətdə bütün dünyaya sübut etdi ki, bəzən fenomen bir şəxsiyyət nəhəng işlər görə bilir.
Ə.Qafarov söhbətinin bu yerində bir qədər geriyə - keçmiş SSRİ-nin dağıldığı ərəfəyə qayıdaraq dedi: - O vaxt ermənilər onlara, necə deyərlər, münbit, əlverişli şərait yaradıldığını görəndə azğınlaşmağa başladılar. Əvvəlcə Ermənistandan bütün azərbaycanlıları kütləvi şəkildə qovdular. Sonra Azərbaycan torpaqlarına hücuma keçməyə başladılar. Fikirləri, məramları Dağlıq Qarabağı və ona bitişik rayonları işğal etmək idi... Erməni işğalçılarının Azərbaycan torpaqlarını zəbt etdiyi o dövrdə ölkədə siyasi böhran, iqtisadi tənəzzül, separatizm, hərc-mərclik hökm sürürdü. Xalq sosial bəlalar girdabında vurnuxurdu, çıxış yolları axtarırdı. Məhz belə bir vəziyyətdə erməni işğalçıları Dağlıq Qarabağı və ona bitişik rayonları ələ keçirdilər. Mən qətiyyətlə bildirirəm ki, dahi öndər Heydər Əliyev Moskvadan Bakıya gəldiyi gün Azərbaycanda rəhbərliyə başlasaydı, ermənilər azğıncasına 20 faiz torpağımızı işğal edə bilməyəcəkdilər. Amma çox təəssüf ki, o vaxtkı ölkə rəhbərləri ulu öndərin paytaxtda qalmasına imkan vermədilər, buna qısqanclıqla yanaşdılar... 1993-cü ildə xalqın tələbi və istəyilə yenidən hakimiyyətə qayıdan ümummilli liderimizə naşı və qətiyyətsiz, burnundan uzağı görə bilməyən ölkə rəhbərindən çox ağır bir miras qalmışdı. Həmin mirası - problemlər yığınını aradan qaldırmadan dövlət quruculuğuna başlamaq, sosial-iqtisadi inkişafa nail olmaq mümkün deyildi. Buna isə yalnız Heydər Əliyev şəxsiyyəti, dühası qadir idi...
Əyyub Qafarov söhbət zamanı həyatında yaşanan bir hadisəni - ulu öndərimizlə görüşünü heç zaman unutmayacağını dilə gətirdi:
-1999-cu il dekabr ayının 29-u idi. Qaradağ rayonunda "Ümid"qəsəbəsinin
salınması mərasimi
keçirilirdi. Həmin qəsəbədə
Zəngilan rayonundan da on ailəyə mənzil verilmişdi.
Mərasimdə ulu öndərimiz
Heydər Əliyev və o vaxt Qaradağ rayonundan Milli Məclisə deputat seçilmiş cənab İlham Əliyev iştirak edirdilər. Açığı o zamana kimi bu
dahi şəxsiyyəti
yaxından görmək,
dinləmək, ulu öndərə qəlbimdən
gələn sözləri
çatdırmaq arzusu
ilə yaşayırdım.
Bəli, həmin mərasimdə, sözün
əsl mənasında,
bu bəxtəvərlik
mənə qismət oldu: ümummilli liderimizə ürək sözlərimi bildirmək
imkanından yararlandım.
Kürsüdən dediyim sözlərin
mətni ertəsi gün mətbuatda verildi. Mən həmin qəzetləri
və mərasimdə
dahi öndərimizlə
birgə çəkdirdiyim
şəkli bu gün də əziz bir xatirə
kimi qoruyub saxlayıram.
Əyyub müəllimin
11 il bundan
əvvəl bütün
rəsmi nəşrlərdə,
o cümlədən, "Xalq
qəzeti"ndə verilən
həmin çıxışında
deyilirdi: "...Ulu öndər, Sizin Azərbaycana rəhbərliyinizin
birinci dönəmində
respublikamız gündən-günə
çiçəkləndi, rayonlarımızda tikinti-quruculuq
işləri geniş
vüsət aldı, kəndlərimiz inkişaf
etmiş yaşayış
yerlərinə çevrildi,
yeni binalar, gənc ailələr meydana gəldi. Sizin fəaliyyətiniz nəticəsində
Azərbaycan nəinki
SSRİ, hətta dünya
miqyasında tanındı.
Siz Azərbaycanı dünyaya
tanıdan yeganə, ən güclü şəxsiyyətsiniz. Biz
Sizi həyatın Prometeyi adlandırırıq.
Prometey insanlara od gətirdi,
öz ürəyini verdi, Siz isə
Azərbaycana real müstəqillik,
demokratiya gətirdiniz...
Siz həmişə xalqa yaxın olmağa, xalqın rifah halını yüksəltməyə
çalışmısınız.
Bu, Sizin amalınız olubdur. Həmişə bizim qayğımıza qalmısınız...".
Əyyub müəllim
fikrini belə davam etdirdi:
- Heydər
Əliyev elə dahi şəxsiyyət idi ki, özündən
sonra Azərbaycanın
gələcəyi barədə
də düşünmüşdü
və dövlət quruculuğu prosesinin ardıcıllığını reallaşdıran əsaslar
yaratmışdı. Bu gün
bu əsasların bəhrəsi göz önündədir... Ölkə Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi
ilə xalqımız
yeni-yeni uğurlara imza atır, möhkəmlənir, inkişaf
edir, qüdrətlənir,
Azərbaycanın haqq
səsi bütün dünyada eşidilir, ədalətli mövqeyi müdafiə olunur, dəstəklənir. Bu isə biz məcburi köçkünləri sevindirir,
tezliklə doğma torpaqlarımızın işğalçılardan
azad ediləcəyi ümidini artırır.
Dövlət başçımız İlham
Əliyev biz məcburi
köçkünləri unutmur,
qayğı və diqqətini əsirgəmir. Bunun bariz
nümunəsi kimi bir faktı xatırlatmaq istərdim.
Möhtərəm Prezidentimiz
2004-cü il sentyabr ayının 11-də
Bərdə rayonuna səfəri zamanı həmin rayonun ərazisindəki çadır
düşərgələrində müvəqqəti məskunlaşmış
məcburi köçkünlərlə
görüşündə demişdi: "Ölkədə
mövcud olan çadır düşərgələri
tezliklə ləğv
olunacaq və məcburi köçkünlər
yeni qəsəbələrə
köçürüləcəkdir".
Cənab İlham Əliyev vədini yerinə yetirdi: 2007-ci il sentyabr
ayının 27-də sonuncu
çadır düşərgəsi
də ləğv edildi.
Bir az əvvəl qeyd etdim ki, cənab İlham Əliyev prezidentlik fəaliyyəti dövründə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirmişdir. Azərbaycan Prezidentinin 2009-cu ilin sentyabrında "Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında", 2010-cu ilin fevralında "Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncamlar imzalaması bunun bariz nümunəsidir.
Ə.Qafarov söhbətinin sonunda Zəngilan Rayon İcra Hakimiyyətinin məcburi köçkünlərə olan diqqət və qayğısından da məmnunluqla danışdı. Göstərdi ki, başçı Vəli Quliyev icra aparatında vətəndaşların qəbulu, ərizə və şikayətlərin dinlənilməsi işinin təkmilləşdirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə mütəmadi şəkildə səyyar qəbullar keçirir. Məcburi köçkünlərin müraciətlərinə həssaslıqla yanaşır. İnsanları düşündürən və narahat edən problemlər mövcud imkanlar çərçivəsində baxılaraq qanuni həll edilir, görülmüş tədbirlərin nəticələri ilə bağlı vətəndaşlara vaxtında və yazılı məlumat verilir...
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 8 iyun.- S. 6.