Kürdəmir: qalib gəlmək istəyi, mübarizə əzmi və bir də
insan iradəsi...
Bütün bunlar öz məcrasından çıxmağa can atan iki "dəli" çayı
- Kürü və Girdmanı ram etdi
Kürün "dəliliyi"
başımızı elə qatdı ki, ölkə, millət,
el-oba olaraq bu baharın necə gəlib, necə getdiyindən
heç xəbərimiz olmadı. Bütün diqqət
güclü yağışların, leysanların
yağması nəticəsində Kür və Araz
çaylarında suyun səviyyəsinin artmasının və
daşqınların qarşısının alınmasına,
təbii fəlakətin necə deyərlər,
"beşiyindəcə boğulmasına" yönəldildi.
Ancaq təəssüflər olsun ki, bəzən hər
şey insan oğlunun istədiyi kimi olmur, ana təbiət
öz "hirsini, hikkəsini" göstərir. Bu dəfə
də belə oldu. Yəni mübarizə "birtərəfli"
qaydada keçmədi, "rəqiblərin" biri
güclü, biri gücsüz olmadı, bir sözlə, hər
iki tərəf qalib gəlmək üçün
çırpındı, can atdı, inadını, iradəsini
gizlətmədi.
Müəyyən anlarda
təbiət, müəyyən məqamlarda isə insan
oğlu "ərazi üstünlüyünə" malik
oldu. Bu minvalla bir aydan da çox çəkən kritik, qorxu,
həyəcan hissi ilə dolu vaxt keçdi. Nəhayət,
"fasiləsiz" mübarizənin bu mərhələsində
düşünülmüş, planlı şəkildə həyata
keçirilmiş tədbirlər nəticəsində nə
Kür, nə Girdman, nə də müxtəlif istiqamətlərdən
axıb bu çaylara tökülən dağ çayları
"istədiklərini" edə - hər şeyi
silib-süpürüb apara bilmədi. Düzdür,
yaşayış evlərinə, təsərrüfatlara
müəyyən qədər ciddi rəqəmlərlə
ölçülən ziyan dəydi, ancaq belə demək
mümkünsə, bu, hələ minimum həddi idi. Yəni
işlər vaxtında və keyfiyyətlə görülməsəydi
təbii fəlakətin miqyası və
dağıntısı indikindən dəfələrlə
çox olacaqdı.
Bütövlükdə ölkəni gərginlikdə saxlayan məlum təbii fəlakətin narahatlıq yaratdığı rayonlardan biri də Kürdəmirdir. Yeri gəlmişkən, məlumat üçün deyək ki, Kür çayı rayonun 72 kilometr, Girdman çayı isə 50 kilometr ərazisindən keçir. Rayonun 16 kəndi Kürün sahilində yerləşir.
2010-cu ilin əvvəlindən bu çaylarda suyun səviyyəsi qalxmağa başlamış və daşqın təhlükəsi yaratmışdır. Fəlakətin daha geniş ərazilərə yayılmasını önləmək və daşqınların qarşısını almaq üçün rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikovun sərəncamı ilə qərargah yaradılmış və müvafiq vəzifələr məyyənləşdirilmişdir.
İlk olaraq yerli imkanlar hesabına çayların bəndlərində olan ən zəif və təhlükəli yerlər bərkidilmiş, heyvan və həşarat yuvaları müəyyənləşdirilərək tutulmuşdur. Bu işlərə beş min nəfərdən çox yerli sakin cəlb olunmuş, 300 min kisə torpaqla doldurularaq bəndlərin bərkidilməsində istifadə olunmuşdur. Ümumiyyətlə, bəndbərkitmə zamanı 58 min kubmetr torpaq işləri görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən səyyar müşavirədən sonra rayon ərazisində Kür çayı boyunca 32 kilometr bəndvurma işlərinin aparılması "Azəraqrotikinti" Səhmdar Cəmiyyətinə, Girdman çayı boyunca 10 kilometr bəndvurma işlərinin aparılması isə "Binakörpütikinti" MMC-yə həvalə olunmuşdur.
May ayının 7-dən adı çəkilən təşkilatlar bəndvurma işlərinə başlamışlar. İndiyədək "Azəraqrotikinti" Səhmdar Cəmiyyəti Kür çayı bəndində 35 kilometr hissədə 400 min kisə vurmuş, 160 min kubmetr torpaq işi görmüş, "Binakörpütikinti" MMC isə Girdman çayı bəndində 20 min kisə vurmuş, 45 min kubmetr torpaq işi görmüşdür. Hazırda bu tədbirlər davam etdirilir və həmin təşkilatlar onlara həvalə olunmuş işlərin öhdəsindən uğurla gəlmək və vaxtında başa çatdırmaq əzmindədirlər.
Kür və Girdman çaylarından sızan sular nəticəsində Kürdəmirdə 5200 hektardan çox əkin və biçənək sahələri su altında qalmış, o cümlədən 1600 hektardan çox taxıl sahəsi, 1200 hektardan çox yonca sahəsi, 1500 hektardan çox yazlıq əkinlər məhv olmuş, nəticədə də istehsalçılara bir milyon iki yüz min manata qədər ziyan dəymişdir. Kür çayı boyunca yerləşən 16 kənddə 185 evi zinə suları basmış, nəticədə 79 fərdi yaşayış evi ziyan çəkmiş, 12 ev uçmuşdur. Uçmuş evlərin sakinləri müvəqqəti olaraq yaxın qohumlarının və qonşularının evlərində yerləşdirilmişdir. Təbii fəlakətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən həmin evlərə vizual texniki baxış keçirilmiş, dəymiş ziyanın ödənilməsi məqsədilə tərtib olunmuş sənədlər nazirliyə göndərilmişdir.
Fövqəladə Hallar Nazirliyinin Şamaxı Regional İdarəsinin köməyi nəticəsində zinə suları basmış ərazilərdən su kənarlaşdırılmışdır. Hazırda ziyanın aradan qaldırılmsı üçün tədbirlər davam etdirilir.
Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün təkcə ziyan çəkmiş rayonların əhalisi və imkanları cəlb olunmayıb, eləcə də bütün respublikanın diqqəti məlum bölgədədir. Əlbəttə, psixoloji təsir hələ müəyyən qədər zərər çəkmiş insanlarda, istər-istəməz, hiss olunacaq. Bu da təbiidir. Ancaq ən əsası odur ki, bu "səfil müharibə"də dövlət-millət səfərbərliyinin, birliyinin ən gözəl nümunələrinin şahidi olduq. Konkret olaraq, Kürdəmir rayonuna gəldikdə isə burada haqlı olaraq belə hesab edirlər ki, rayon rəhbərliyinin təbii fəlakətdən öncə planlaşdırıb, həyata keçirdiyi tədbirlər, doğrudan, öz bəhrəsini verdi, qeyd edildiyi kimi, zərər də, ziyan da, tələfat da minimum həddə oldu. Yerli sakinlər öz aralarında, rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikovun sərəncamı ilə yaradılmış qərargahın fəaliyyətini xilasetmə məntəqələrinin fəaliyyətinə bənzədirlər. Çünki burada, doğrudan da, rayonun təbii fəlakət girdabına düşməməsi üçün xeyli işlər görülmüşdür.
Kürdəmirdə iki çayın - Kürün və Girdmanın "qəfil və amansız" hücumlarının qarşısı alındı, "düşünülmüş müdafiə"nin uğurla həyata keçirilməsi nəticəsində itkilərin, zərər-ziyanın həcmi ehtimal olunduğundan xeyli az oldu. İnsan tələfatının olmaması isə ikiqat sevindiricidir. Bir sözlə, hadisələrin vaxtında qabaqlanması ağır nəticələrdən qorudu.
Bu gün Kürdəmirdə hamı bir nəfər kimi ölkə Prezidenti İlham Əliyevin təbii fəlakətlə bağlı atdığı addımları, qəbul etdiyi qərarları alqışlayır, onun diqqət və qayğısından ürəkdolusu, iftixarla bəhs edir.
Bu gün Kürdəmirdə hamı dövlət orqanlarının, xüsusilə Fövqəladə Hallar Nazirliyinin, Daxili Qoşunların, Müdafiə Nazirliyinin əlbir fəaliyyətini təbii fəlakətin qarşısının alınmasında ən vacib məsələlərdən sayır.
Bu gün Kürdəmirdə uşaqdan-böyüyə hamı rayon rəhbərliyinin, icra başçısı Fəxrəddin Məlikovun başçılığı ilə böyük bir komandanın iki cəbhədə - Kür və Girdman istiqamətində gecə-gündüz demədən, yorulmaq bilmədən apardığı mübarizədən danışır, həm də iftixarla, qürur hissi ilə...
Səməd HÜSEYNOĞLU,
"Xalq qəzeti"nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 8 iyun.- S. 5.