Azərbaycan təhsili milli məqsədlər, mənafelər əsasında qurulur

 

Milli təhsilimiz çox şərəfli tarixi yol keçmişdir. Təhsilimizin tarixi ilə məşğul olan tədqiqatçılar bunu dəfələrlə öz əsərlərində qeyd ediblər. Ancaq milli təhsilimizin tarixində Heydər Əliyev mərhələsi ayrıca bir dövr təşkil edir. Bu dövrün xarakterik xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan təhsili dövlət qayğısı ilə təmin olunmuş, istər sovetlər dövründə, istərsə müstəqillik illərində təhsil sahəsində davamlı inkişaf təmin olunmuşdur.

 

Ulu öndər ikinci dəfə müstəqil Azərbaycana rəhbər seçildikdən sonra təhsilin də inkişafını diqqət mərkəzində saxlamışdır. Ölkədəki vəziyyət təhsil sahəsində islahatların gecikməsinə səbəb olmuşdusa da, 1999-cu ildə artıq bu işə başlanıldı. Həmin il iyunun 15-də ulu öndərin "Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Proqramı"nın təsdiq olunması haqqında imzaladığı sərəncam milli təhsilimizin sonrakı inkişafı üçün əsaslı stimul yaratdı.

Biz təhsil işçiləri bu proqramın qəbulundan sonra dövlət səviyyəsində həyata keçirilən tədbirlərin canlı şahidiyik. Həmin proqramın qəbulundan 11 il ötür. Bu illər ərzində təhsildə baş verən müsbət irəliləyişləri indi dünyanın əksər beynəlxalq qurumları da təsdiq edirlər. Buna baxmayaraq opponentlərimiz daim özlərini görməməzliyə vuraraq, təhsil sistemində ancaq neqativ hallar axtarırlar. Təhsil çox mürəkkəb sahədir. Onun problemlərinin həlli bir ilin, beş ilin işi deyil. Burada mərhələli yanaşma çox vacibdir və bu gün dövlətimiz təhsil siyasətini məhz mərhələlərlə həyata keçirir. Ulu öndər deyirdi: "Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə də ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən sahədir".

XXI əsrin əvvəllərindən başlayaraq Azərbaycan təhsilində mərhələlərlə islahatlar həyata keçirilməyə başlanıldı. Yəni, zamanın tələblərinə görə müasir dünya təcrübəsi əsasında təhsilin yeni konsepsiyası işlənilib hazırlandı. Təhsilə yeni standartlar tətbiq olundu, məzmun yeniləşdi.

Biz müstəqil Azərbaycanın təhsil siyasətinin necə sürətlə inkişaf etdiyini onun sovet ideologiyası buxovlarından qoparılıb, milli xüsusiyyətlərə uyğunlaşdırılaraq yeni məzmun kəsb etməsinin şahidi olduq.

Bu gün təhsilimizin bütün sahələrində yeniləşmə var. Bunu görməmək sadəcə nankorluqdur. Ulu öndərin təhsil sahəsindəki ideyalarını davamlı olaraq reallaşdıran cənab Prezidentimiz İlham Əliyev təhsili inkişafımızın prioritet sahələrindən biri elan edib.

Cənab Prezidentimiz hakimiyyətə gəldiyi vaxtdan təhsil məsələlərini gündəlik diqqət mərkəzində saxlamışdır. Fəxrlə deyə bilərik ki, orta ümumtəhsil məktəblərimiz informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuşdur. Bu sahədə Dövlət Proqramının qəbulu ilə bağlı 2004-cü ildə xüsusi sərəncam imzalayan Prezidentimiz məktəblərimizin kompyuterlərlə təminatını əsas məsələ kimi qarşıya qoymuşdu. Artıq, Proqramın nəzərdə tutduğu 2007-ci ilə qədər Azərbaycanda orta ümumtəhsil məktəblərinin hər 29 şagirdinə 1 kompyuter nisbəti həll olundu, 2008-ci ildə isə bu sahədə yeni Dövlət Proqramı qəbul edildi. Təhsil Nazirliyinin məsələyə çevik yanaşması bu sahədə uğurlu nailiyyətlər qazanılmasına səbəb olmuşdur. Təhsil tariximizdə ilk dəfə olaraq fənlər üzrə elektron təlim materialları, əyani vəsaitlər hazırlanıb məktəblərə göndərilmiş, bir neçə məktəbdə "elektron məktəb" layihəsi həyata keçirilməyə başlanmışdır. Bütün çətinliklərə baxmayaraq nazirlik bu işləri uğurla həyata keçirir.

Dərslik siyasəti sahəsində nailiyyətlər böyükdür. Bir neçə mərhələdə reallaşdırılan dərslik islahatı bu sahədə olan problemlərin həllinə yönəldilmişdi. Dərsliklərin məzmunu dəyişmiş, latın qrafikası ilə dərsliklər yenidən nəşr olunmuş, onların məktəblərə pulsuz verilməsi təmin edilmişdir. Bu çox çətin proses olsa da, dövlətimizin onun təhsil siyasətini həyata keçirən Təhsil Nazirliyinin səyi nəticəsində uğurla reallaşdırılmışdır.

Bu illərdə məktəb tikintisi sahəsində qəbul olunmuş dövlət proqramları da davamlı olaraq həyata keçirilmiş bu gün məktəb tikintisi, məktəblərin əsaslı təmiri, onların yeni avadanlıqlarla təminatı istiqamətində uğurlu aparılır. 2008-ci il daxil olmaqla, beş il müddətində ölkədə 350 min şagird yerlik 1300-dək yeni məktəb binası tikilib istifadəyə verilmiş onlar yeni, müasir avadanlıqlarla təmin olunmuşlar. Təkcə Bakıda deyil, regionlarımızda da gözəl, yaraşıqlı, müasir standartlara cavab verən məktəblərin inşası həyata keçirilmişdir.

Azərbaycanda yeni məktəblərin tikintisi dövlət proqramları əsasında reallaşır. Ancaq Heydər Əliyev Fondunun da bu sahədə xidmətləri çox böyükdür. Fondun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu sahədə problemlərin həllində əhəmiyyətli rol oynamışdır. Bakı kəndlərində, regionlarda Fondun vəsaiti hesabına tikilən yeni məktəblər milli təhsilimizin inkişafında əhəmiyyətli rol oynayır.

Təhsil Nazirliyi respublikamızda təhsilin inkişafı ilə bağlı iri layihələrin həyata keçirilməsi üçün bütün qüvvələri səfərbər etmişdir. Ölkədə son illər milli təhsilin inkişafı ilə bağlı qəbul olunmuş 16 Dövlət Proqramı məhz nazirliyin yüksək səyləri, məqsədyönlü fəaliyyəti nəticəsində reallaşır. Həyata keçirilən proqramlar təkcə orta ümumtəhsil məktəbləri ilə bağlı deyil. Onlar həm texniki peşə təhsili, həm ali təhsil, həm məktəbəqədər təhsil problemləri ilə bağlıdır.

Təhsil naziri Misir Mərdanov bu proqramların reallaşmasının nəticələrindən danışarkən demişdir ki, infrastruktur müasir tələblərə uyğun təkmilləşdirilmiş, təhsilin məzmunu yeniləşmiş, qiymətləndirmədə yeni model mexanizmlər tətbiq edilmiş, məktəblərə informasiya texnologiyaları gətirilmiş, istedadlı uşaqlara qayğı artırılmışdır.

Son illər təhsilin keyfiyyətinin yüksəlməsi istiqamətində məqsədyönlü aparılır. Yeni kurikulum islahatının bu sahədə əhəmiyyətli rol oynayacağı şəksizdir. "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" müsabiqələrinin hər il hörmətli Prezidentimizin sərəncamına uyğun olaraq yüksək səviyyədə keçirilməsi son illərin uğurlu nailiyyətidir.

Əlbəttə, görülən işlərin miqyası çox genişdir. Biz təhsil işçiləri çalışırıq ki, Prezidentimizin təhsilə göstərdiyi qayğıya öz əməli işimizlə cavab verək. Bakı şəhəri Binəqədi rayonunda yerləşən bizim 300 nömrəli məktəbdə aparılan işlər, həyata keçirilən davamlı tədbirlər məhz ölkədə reallaşan təhsil islahatının nəticəsidir.

Məktəbimiz müasir təlim texnologiyaları ilə təmin olunmuş təhsil ocaqlarındandır. Son illər bütövlükdə təhsildə qazanılmış uğurlarda bizim məktəbin öz payı var. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaradılmasından sonra şəhər məktəblərində yeniləşmə aydın hiss edilməkdədir. Bu idarənin vaxtaşırı köməkliyi işimizi daha yüksək səviyyədə qurmağa əsaslı təsir göstərir.

Ümumiyyətlə, məktəbimizdə 1600-dən yuxarı şagird təhsil alır. Bu il 11-ci sinfi 101 nəfər bitirir onlar mərkəzləşmiş test imtahanlarına buraxılmışlar.

Artıq ali məktəblərə qəbul sahəsində nailiyyətlərimiz var. Hər il məzunların 40 faizdən çoxu ali məktəblərə qəbul olunur. Bizim məzunlardan Almaniyada, Türkiyədə, Rusiyada ali təhsil alanlar var.

Bu il şagirdlərimiz Fidan İbrahimova Malik Zeynalov Türkiyənin YÖS tələbə qəbulu üzrə imtahan verərək bu ölkənin müxtəlif universitetlərinə qəbul olunmuşlar.

Bu gün məktəbimizdə informasiya texnologiyaları ilə işləyən kifayət qədər müəllim kadrımız var. 4 kompyuter otağında şagirdlərimiz informasiya texnologiyaları ilə işləməyin sirlərini öyrənirlər.

İndi zaman, dövr təhsilə yeni yanaşmalar tələb edir. Bunun üçün görüləsi işlər çoxdur. Məktəbimizdə çox güclü kadr potensialı var biz çalışırıq ki, onların imkanlarını səfərbər edək, müstəqil Azərbaycanımızın gələcəyi üçün layiqli vətəndaşlar yetişdirək.

 

 

Fatma MƏMMƏDOVA,

Bakı şəhərinin Binəqədi

rayonundakı 300 saylı orta

məktəbin tarix müəllimi

 

Xalq qəzeti.- 2010.- 8 iyun.- S. 5.