Korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilir

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən bildirmişlər ki, korrupsiyaya qarşı mübarizə, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması həmişə dövlətimizin diqqət mərkəzindədir. Bu sahədə ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

 

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" fərmanının imzalanması ilə korrupsiyaya qarşı mübarizə sahəsində keyfiyyətcə yeni mərhələ başlanmışdır. Həmin istiqamətdə həyata keçirilmiş tədbirlərə verilən müsbət qiymətin təzahürü və göstərilən yüksək etimadın nəticəsi kimi dəyərləndirilən bu fərman prokurorluğun üzərinə məsuliyyətli vəzifələr qoymuşdur.

Fərmandan, habelə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı"ndan irəli gələn vəzifələrin icrası qaydasında korrupsiya cinayətlərinin araşdırılması və istintaqı sahəsində ixtisaslaşmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cari ilin müvafiq dövründə mütəşəkkil cinayətkarlığın korrupsiya kimi təhlükəli təzahürünə qarşı mübarizə sahəsində bir sıra səmərəli tədbirlər həyata keçirilmişdir.

Cari ilin müvafiq dövrü ərzində idarə tərəfindən 88 şəxs barəsində 47 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə göndərilmiş cinayət işləri rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, səhlənkarlıq, özgə əmlakını talama, dələduzluq və digər cinayətlərlə bağlı olmuşdur.

Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin müdiri Allahverdi Əliyevin qulluq mövqeyindən sui-istifadə edərək özgə əmlakını mənimsəməsi faktı üzrə başlanmış cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, Allahverdi Əliyev həmin vəzifədə işləyərkən ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədi ilə şöbənin baş mühasibi Ömər Bayramov, məsləhətçi Mehman Hüseynov, rayon poçt filialının Aşağı Ağcakənd qəsəbə poçt şöbəsinin rəisi Hidayət Süleymanov və qeyriləri ilə qabaqcadan əlbir olmuşdur. Onlar cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 2007-ci ilin noyabrından 2009-cu ilin yanvarınadək olan müddət ərzində 64 nəfər, o cümlədən 51 ümumiyyətlə mövcud olmayan şəxsə dair ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə əsas verən sənədləri saxtalaşdırmışlar. Saxta sənədlər əsasında pensiya işlərinin açılmasına, plastik ödəmə kartlarının sifarişlərinin verilməsinə, pensiya məbləğlərinin hesablanması və ödənişə göndərilməsinə nail olunmuşdur. Qrupun üzvləri həmin sənədləri imzalayıb möhür vurmaqla təsdiqləyərək vəzifə saxtakarlığı etmiş, ilkin və aylıq məbləğləri ilə birlikdə Yeganə Hacıyeva və qeyrilərinə (cəmi 64 nəfər) əmək pensiyalarının təyin edilməsini təmin etmişlər. Allahverdi Əliyev pensiyaçıların "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətində açılmış şəxsi hesablarına köçürülmüş cəmi 310 min 663 manat məbləğində vəsaiti M.Behbudov, H.Süleymanov, Ö.Bayramov, M.Hüseynov və A.Əkbərovun vasitəsilə Goranboy rayon poçt filialının Aşağı Ağcakənd qəsəbə poçt şöbəsində 9 nömrəli əlavə (P2) formalar, müxtəlif banklarda və bankomatlarda plastik kartlar vasitəsilə ayrı-ayrı vaxtlarda nağdlaşdırmış, dövlətə külli miqdarda ziyan vurmuşdur.

Bundan başqa, o, Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin müdiri vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə özgənin külli miqdarda əmlakını dələduzluq, yəni etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə şöbənin işçilərinə şöbədə aparılmış yoxlama zamanı aşkar edilmiş əsassız ödənişlərin bərpa edilməsi üçün pul yığmaq lazım olduğunu bildirmişdir. İşçiləri yığılacaq pul vəsaitinin maddi ziyanın ödənilməsinə yönəldiləcəyinə inandıraraq, 2009-cu ilin fevral-mart ayları ərzində Goranboy rayonunda cəmi 10 min 900 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir.

Törətdikləri əməllərinə görə Allahverdi Əliyev Cinayət Məcəlləsinin 179.3.2, 178.3.2, 308.2 və 313-cü, Mikayıl Behbudov Cinayət Məcəlləsinin 179.3.2, 320.1, 320.2-ci, Ömər Bayramov və Hidayət Süleymanov Cinayət Məcəlləsinin 179.3.2, 313, 308.2, 320.1 və 320.2-ci, Azər Əkbərov Cinayət Məcəlləsinin 179.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs, Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddəsi ilə ittiham olunan Mehman Hüseynov barəsində isə digər qətimkan tədbiri seçilməklə cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmişdir.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "Azərenerji" ASC ilə birgə apardığı araşdırma zamanı müəyyən edilmişdir ki, Afiq Məmmədov "Gəncə Tekstil" ASC-də baş mexanik-energetik vəzifəsində işləyərkən "Azərenerji" ASC-nin "Gəncəregionalenerjitəchizat" MMC-nin Gəncə şəhər elektrik şəbəkəsinin rejim üzrə mühəndisi vəzifəsində işləyən Maarif Mehdiyev və fiziki şəxs Fazil Nağıyev ilə cinayət əlaqəsinə girmişdir. O, işlədiyi müəssisənin uçotdan kənar elektrik enerjisinin verilməsini və ödənişsiz istifadə edilməsini təmin etməsi məqsədilə 2009-cu ilin yanvar ayında elektrik enerjisindən istifadə olunduğu halda sayğacı dayandıran qurğunu düzəltməyi və sayğaca quraşdırmağı F.Nağıyevə sifariş etmişdir. Bundan sonra o, sonuncu ilə birlikdə "Toxucu" yarımstansiyasına gələrək "Gəncə Tekstil" ASC-ni elektrik enerjisi ilə qidalandıran kabel xətti üzərində olan "Enerqomer" markalı 2 sayğaca elektrik enerjisindən istifadə olunduğu halda sayğacı dayandıran məsafədən pultla idarə olunan qurğu quraşdırılmasını təşkil etmişdir. Sayğacların dayandırılması nəticəsində 2009-cu ilin yanvar-avqust ayları ərzində "Gəncə-Tekstil" ASC tərəfindən uçotdan kənar 139 min 110 manat dəyərində 2.318.504 kVt/saat elektrik enerjisi sərf olunmuş, "Azərenerji" ASC-yə ağır nəticələrə səbəb olan külli miqdarda ziyan vurulmuşdur.

Törətdiyi cinayət əməllərinə görə A.Məmmədov və M.Mehdiyev Cinayət Məcəlləsinin 308.2-ci, F.Nağıyev isə 189-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi tamamlanaraq baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyinin birgə həyata keçirdikləri tədbirlər nəticəsində Hüseyn Səfərovun təşkilatçılığı ilə yaradılmış "Satılan və istehsal olunan məhsulların keyfiyyətinə nəzarət mərkəzi" adı altında aldatma yolu ilə vətəndaşların əmlakını ələ keçirən mütəşəkkil dəstənin üzvləri ifşa edilərək zərərsizləşdirilmişdir.

Həmin faktla əlaqədar Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü və 310-cu maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq zamanı müəyyən edilmişdir ki, Hüseyn Səfərov 2005-ci ilin dekabr ayında Bakı şəhərində "Satılan və istehsal olunan məhsulların keyfiyyətinə nəzarət mərkəzi" adlı bir qurum yaratmış, qurumu Ədliyyə Nazirliyində müvafiq qaydada dövlət qeydiyyatından keçirmədən, həmin mərkəzə Alim Bəylərbəyov, Müsavət Məmmədov, Natiq Məmmədli, Rizvan Əliyev, Xudaverdi Abbasov, Cəlal Teymurov, Taleh Abbasov, Nofəl Əliyev və Müslüm Qasımovu üzv kimi qəbul etmişdir. H.Səfərov aralarında iş və ərazi bölgüsü müəyyən edilən, peşəkarlardan ibarət olan mütəşəkkil dəstənin hər bir üzvünə öz imzası və möhürü ilə təsdiq etdiyi vəsiqə və "mandat" vermişdir. 2006-2009-cu illərdə Bakı şəhərində və respublikanın ayrı-ayrı rayonlarında ticarət, iaşə obyektlərində və apteklərdə satılan və istehsal olunan məhsulların keyfiyyətinə nəzarət etmək adı ilə həmin şəxsləri qrup şəklində ayrı-ayrı rayonlara göndərmişdir. Onlar özlərini vəzifəli şəxs kimi təqdim etməklə qanunsuz yoxlamalar aparmış, həmin obyektlərin sahiblərindən xeyli miqdarda pul almaqla onların əmlakını ələ keçirmişlər.

Törətdiyi cinayət əməllərinə görə qeyd olunan şəxslər mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda, təkrar dələduzluğa və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 178.3.1-ci və 310-cu maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Hüseyn Səfərov, Müsavət Məmmədov, Alim Bəylərbəyov barəsində həbs, qeyriləri barəsində isə digər qətimkan tədbirləri seçilərək istintaq tamamlanmaqla cinayət işi baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmişdir.

Əhalinin sosial müdafiə hüquqlarının təmin olunması sahəsində neqativ hallara qarşı mübarizə prokurorluq orqanlarının daim diqqət mərkəzindədir.

Belə ki, aparılmış yoxlamalar zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli əhalinin sosial müdafiəsi mərkəzlərinin fəaliyyətində bir sıra cinayət xarakterli qanun pozuntuları müəyyən edilmişdir. Həmin faktlar üzrə Sumqayıt şəhər və Bakının Nizami rayon əhalinin sosial müdafiə mərkəzlərinin ayrı-ayrı əməkdaşlarının vətəndaşlardan müxtəlif məbləğlərdə pul almaqla onlara sosial yardımların ayrılması, digər hallarda isə vətəndaşlara veriləcək yardımların ilk 3-5 ayının pul vəsaitlərinin götürülməsi faktları üzrə cinayət işləri başlanılaraq ibtidai araşdırma aparılmışdır.

İstintaq zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Əhalinin Sosial Müdafiə Mərkəzində ünvanlı sosial yardım sektorunda baş məsləhətçi vəzifəsində işləyən Rəşid Həsənov və Rəşad Yaqubov, həmçinin Bakı şəhəri, Nizami Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda baş məsləhətçi işləyən Namiq Məhərrəmov ünvanlı sosial yardım almaq üçün müraciət etmiş şəxslərə ayrılmış ünvanlı sosial yardımların ilk iki-üç ayının pulunu götürəcəyini onlara bildirmişlər. Həmin şəxslərin təqdim etdiyi sənədlər əsasında onlara ünvanlı sosial yardımlar təyin olunduqdan sonra, onların adına alınan plastik kartları və kartların pin kodlarını götürərək bankomatlarda istifadə edərək Sumqayıt şəhəri üzrə vətəndaşların 2 min 10 manat, Nizami rayonu üzrə isə 2 min 926 manat məbləğində pulunu götürərək mənimsəmə yolu ilə özgə əmlakını talamışlar.

Hər iki cinayət işi üzrə vətəndaşlara dəymiş ziyan ödənilməklə göstərilən cinayət əməllərini törətmiş R.Həsənov, R.Yaqubov və M.Məhərrəmov Cinayət Məcəlləsinin 179.2.2-ci, 179.2.3-cü və 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində olan cinayət işləri baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir.

Hazırda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 42 cinayət işinin istintaqı davam etdirilir.

Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "Royal Bank" ASC-nin bir sıra filiallarının fəaliyyəti yoxlanılarkən aşkar edilmiş qanun pozuntuları üzrə başlanılmış cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, "Paytaxt" filialının müdiri işləmiş Anar Həşimov qulluq mövqeyindən istifadə etmə və vəzifə saxtakarlığı yolu ilə etibar edilmiş özgə əmlakını külli miqdarda mənimsəyərək talamışdır.

Anar Həşimov filial müdiri işləyərkən depozit müqaviləsinə əsasən Yusif Abdullayev tərəfindən xəzinə mədaxil orderi ilə filiala əmanət qismində təhvil verilmiş pul üzrə əməliyyat aparılarkən əmanətçinin xəbəri olmadan bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan xəzinə məxaric orderində sonuncunun imzasını saxtalaşdırmış, əmanətçinin 50 min 259 manat əmanət və faiz pulunu filialın xəzinəsindən qanunsuz olaraq götürmüşdür. Törətdiyi cinayət əməllərinə görə Anar Həşimov Cinayət Məcəlləsinin etibar edilmiş külli miqdarda özgə əmlakını talama və vəzifə saxtakarlığına görə məsuliyyət nəzərdə tutan 179.3.2-ci və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, Mərkəzi Bank tərəfindən aparılmış yoxlama zamanı depozitlərin qəbulu, kreditlərin verilməsi, müəssisələr arasında bank əməliyyatlarının həyata keçirilməsi prosesində aşkar edilmiş digər qanun pozuntuları üzrə təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq tədbirləri aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən torpaq sahələrinin qanunsuz satılması, zəbt edilməsi kimi aktuallığı ilə seçilən torpaq üzərində mülkiyyət hüququnun pozulması cinayətləri ilə mübarizə daha da gücləndirilməkdədir.

Belə ki, Balaxanı bələdiyyəsi tərəfindən torpaq sahələrinin qanunsuz satılması barədə Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş material üzrə kifayət qədər əsaslar olduğundan Cinayət Məcəlləsinin 308.1-ci, 311.2-ci və 313-cü maddələri ilə başlanılmış cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Cavanşir Aslan oğlu Məmmədov Balaxanı bələdiyyəsinin sədri vəzifəsində işləyərkən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxmışdır. Qanunvericiliklə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və ya icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirildiyi halda, o, qanunun tələblərini pozaraq 2008-ci il yanvarın 23-dən 2009-cu il iyulun 10-dək olan müddətdə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə qərarlar qəbul etməyə səlahiyyəti olmadığı halda, müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan Balaxanı bələdiyyəsinin ərazisində yaşamayan və ya həmin ərazi üzrə qeydiyyatı olmayan 122 vətəndaşın, 6 fiziki və hüquqi şəxsin adına, ümumilikdə 56 min 480 kvadratmetr torpaq sahəsinin ayrılmasına və icarəyə verilməsinə dair təkbaşına qərarlar qəbul etmişdir. C.Məmmədov həmin torpaqların alqı-satqı yolu ilə vətəndaşların mülkiyyətinə verilməsini təşkil etmiş, Balaxanı bələdiyyəsinin qanunla qorunan mənafelərinə zərər vurmuşdur.

Bundan əlavə, o, yenə həmin vəzifədə işləyərkən mülkiyyətində olmasa da, faktiki istifadə etdiyi 850 kvadratmetr torpaq sahəsini satması və torpaq sahəsinə bələdiyyədən sənəd verilməsi üçün 2009-cu il oktyabrın sonunda ona müraciət edən Balaxanı qəsəbəsinin sakini Ədalət Əliyevdən həmin torpaq sahəsinə digər şəxsin adına köhnə tarixə, yəni 2005-ci il üçün sənəd verməsinə görə 3 min ABŞ dolları məbləğində rüşvət almışdır.

Törətdiyi cinayət əməllərinə görə Cavanşir Məmmədov Cinayət Məcəlləsinin 309.1-ci, 311.2-ci və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində həbs qətimkan tədbiri seçilmişdir.

"Azərdəmiryolbank" ASC- nin "Gəncə-2" filialının 2008-ci il yanvarın 1-dən 2009-cu il iyulun 7-dək olan dövr ərzində fəaliyyəti bankın kredit və daxili audit departamentinin auditorları tərəfindən yoxlanılarkən plastik kart vasitəsilə kreditlərin verilməsi prosesində, biznes və digər məqsədlər, eləcə də avtomobil almaq üçün kreditlərin verilməsi zamanı külli miqdarda pul vəsaitinin talanması faktları aşkar edilmişdir. Toplanmış material hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

Həmin material üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə başlanmış cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, "Azərdəmiryolbank" ASC- nin "Gəncə-2" filialının müdiri vəzifəsində işləyən Fərid Qurbanov 2006-cı ildə dostu, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Malik Hüseynov ilə qabaqcadan cinayət əlaqəsinə girərək, sonuncunun icarəyə götürüb işlətdiyi çoxsaylı mağaza və iaşə obyektlərinə işə götürdüyü, eləcə də qohumluq və tanışlıq münasibətində olduqları şəxslərin, yaxud əvvəllər filialın xidmətlərindən istifadə etmiş şəxslərin adlarına 2006-2009-cu illərdə kredit verilməsinə dair saxta müqavilələr və digər rəsmi sənədlər tərtib etmişdir. Bundan əlavə, vətəndaşların qanuni şəkildə götürdüyü kredit hesabına apardıqları ödəmə pullarını uçotdan gizlədərək ələ keçirmiş və bununla da "Azərdəmiryolbank" ASC-yə məxsus 1 milyon 678 min 255 manat məbləğində külli miqdarda nağd pul vəsaitini talamışlar.

Törətdikləri cinayət əməllərinə görə Fərid Qurbanov və Malik Hüseynov Cinayət Məcəlləsinin 179.3.2-ci və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Ayrı-ayrı şəxslərin əmlakının aldatma yolu ilə ələ keçirmələri barədə vətəndaşların çoxsaylı şikayətləri və "Kapital Bank" ASC-nin 1 nömrəli Binəqədi rayon filialının vəzifəli şəxsləri barəsində toplanmış materiallar üzrə başlanılmış cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Şölə Gülmalıyeva Bakının Nizami rayonundakı 61 nömrəli orta məktəbin direktoru vəzifəsində işləyərkən Azərbaycan Beynəlxalq Universitetinin tarix və ictimaiyyət fakültəsini bitirmiş Günel İbrahimovanı qanunsuz olaraq tarix müəllimi kimi işə qəbul etmək və xidmət üzrə ümumi himayədarlıq göstərmək müqabilində 2007-ci ilin avqust ayında sonuncunun atası Mayıl İbrahimovdan 2 min 500 manat məbləğində rüşvət almışdır.

Törətdiyi cinayət əməllərinə görə Ş.Gülmalıyeva Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir.

İstintaqla həmçinin müəyyən edilmişdir ki, 2006-2009-cu illərdə Ş.Gülmalıyeva tərəfindən təqdim edilmiş sənədlər əsasında "Kapital Bank"ın 1 nömrəli Binəqədi filialında 922 vətəndaşın adına istehlak kreditləri rəsmiləşdirilmiş, vətəndaşların əvəzindən saxta imzalar çəkilməklə, kredit müqavilələrinə əsasən rəsmiləşdirilmiş məbləğlər kassa məxaric orderlərinə əsasən Ş.Gülmalıyevaya verilərək sonuncu tərəfindən mənimsənilmişdir.

Bundan sonra bank tərəfindən Şölə Gülmalıyevadan götürdüyü kreditlər üzrə yaranmış əsas və faiz borclarının ödənilməsi tələb edildikdə, sonuncu ayrı-ayrı şəxslərin əmlaklarını girov qoymaqla bankdan 6 halda cəmi 900 min ABŞ dolları və 3 milyon 230 min manat ipoteka krediti rəsmiləşdirərək həmin borcları ödəmişdir.

İstintaqla müəyyən edilmişdir ki, Ş.Gülmalıyeva qeyd olunan illər ərzində "Nikoil Bank"ın 2 nömərli filialından da ayrı-ayrı şəxslərin əmlaklarını girov qoymaqla külli miqdarda kreditlər götürmüş, eləcə də ayrı-ayrı vətəndaşları aldadaraq, onların külli miqdarda pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirmişdir.

Hazırda həmin iş üzrə araşdırma davam etdirilir. Zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilməklə Ş.Gülmalıyevanın və cinayətin digər iştirakçılarının əməllərinə hüquqi qiymət veriləcəkdir.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən bundan sonra da respublikamızın digər hüquq-mühafizə orqanlarının bu sahədə ixtisaslaşmış qurumları ilə əlaqəli şəkildə korrupsiya cinayətlərinin qarşısının alınması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi, korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsi təmin ediləcəkdir.

 

 

Xalq qəzeti.- 2010.- 8 iyun.- S. 4.