Azərbaycan-Belarus münasibətlərində yeni mərhələ

 

Dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan Respublikasının beynəlxalq aləmə inteqrasiyası getdikcə dərinləşir, inkişaf etmiş ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq genişlənir. Azərbaycanda həyata keçirilən qlobal enerji layihələri, eləcə də ölkəmizin beynəlxalq nəqliyyat qovşaqlarının mərkəzinə çevrilməsi bu prosesi bir qədər də sürətləndirir.

 

Son illər iqtisadi artım sürəti ilə bağlı əldə olunmuş yüksək göstəricilər, enerji layihələrinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyanın inkişaf etmiş ən nüfuzlu dövlətləri üçün etibarlı tərəfdaşa çevirmişdir. Bunun nəticəsidir ki, Cənubi Qafqaz regionunun ən sabit və davamlı inkişaf edən bir ölkəsinə çevrilmiş Azərbaycanla hərtərəfli əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirməyə xüsusi maraq göstərən dövlətlərin sırası getdikcə genişlənir.

Əlverişli geosiyasi mövqeyi ilə diqqəti cəlb edən Azərbaycan Respublikasının beynəlxalq enerji və nəqliyyat infrastrukturu layihələrinin mərkəzinə çevrilməsi ölkəmizə marağı bir qədər də artırır. Son illər Azərbaycanın postsovet məkanına daxil olan dost ölkələrlə də əlaqələrinin səviyyəsi yüksələn xətlə inkişaf edir. Bu baxımdan Azərbaycanın Belarusla mövcud əməkdaşlıq əlaqələri diqqəti daha çox cəlb edir. Respublikamızla adı çəkilən ölkə arasında mədəniyyət və humanitar sahələrlə yanaşı, ticarət və iqtisadi əməkdaşlıq istiqamətində də ildən-ilə irəliləyişlər nəzərə çarpır. Elə 2009-cu ildə hər iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 1,5 dəfə artması bunun bariz nümunəsidir.

Onu da deyək ki, Azərbaycanla Belarus arasında ticarət əlaqələrinin mövcud səviyyəsi potensial imkanları tam əhatə etməsə də, son illər bu sahədə müəyyən canlanma, irəliləyiş müşahidə olunur. Belə ki, 2008-ci ildə Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 83 milyon 903,9 min ABŞ dolları təşkil etdiyi halda, ötən il bu göstərici 120 milyon 412,8 min dollara çatmışdır. 2009-cu ildə Azərbaycan Belarusdan 115 milyon 767,2 min dollarlıq müxtəlif adda məhsul almış, bu ölkəyə ixrac olunmuş malların ümumi dəyəri 4 milyon 650,6 min dollar təşkil etmişdir. Xatırladaq ki, ötən il Azərbaycanın Müstəqil Dövlətlər Birliyi ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcminə görə Belarus Rusiya, Ukrayna və Qazaxıstandan sonra dördüncü olmuşdur. Təsadüfi deyil ki, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə "Gülüstan" sarayında iyunun 3-də verilmiş rəsmi ziyafətdə dövlətimizin başçısı cənab İlham Əliyev iki ölkə arasındakı münasibətlərin dinamikasına toxunaraq demişdir: "İqtisadi cəhətdən 2009-cu ilin böhran ili olmasına baxmayaraq, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artmasını müşahidə etmişik. Yəqin ki, bu, 2009-cu ildə nadir hadisələrdən biridir. Biz bu il də əmtəə dövriyyəsinin artdığını görürük".

2010-cu ilin birinci rübü ərzində Azərbaycanla Belarus Respublikası arasında ticarət dövriyyəsinin həcmi 31 milyon 277,2 min ABŞ dolları təşkil etmişdir ki, bunun da 29 milyon 401,7 min dolları idxalın, 1 milyon 876,2 min dolları isə ixracın payına düşmüşdür.

Hər iki ölkə başçısının qarşılıqlı səfəri də uğurların əldə olunmasını şərtləndirən mühüm amildir. Belə ki, dövlət başçımız İlham Əliyevin ötən il Belarusa rəsmi səfərindən sonra ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 800 milyon ABŞ dolları həcmində müqavilə və kontraktlar imzalanaraq icrasına başlanılmışdır.

Xatırladaq ki, iyunun 2-də Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə bu barədə ətraflı söhbət getmiş və eyni zamanda, vurğulanmışdır ki, ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu imkandan səmərəli istifadə etməklə əməkdaşlığı yeni inkişaf səviyyəsinə çatdırmaq mümkündür.

Belarusun Baş nazirinin müavini, ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyasının həmsədri Andrey Kobyakov ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoqun qurulduğunu söyləyərək, ikitərəfli ticari-iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini bildirmişdir. Azərbaycan və Belarus sahibkarlarının iki dövlətin iqtisadi-ticarət münasibətlərinin inkişafındakı rolunu yüksək qiymətləndirən Andrey Kobyakov bu amilin ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulamışdır. A.Kobyakov demişdir ki, ölkələrimiz ticari-iqtisadi münasibətləri daha fəal inkişaf etdirə bilərlər, çünki iqtisadiyyatlarımız bir-birini qarşılıqlı surətdə tamamlayır, aramızda rəqabət ziddiyyətləri yoxdur.

Hər iki ölkənin iqtisadi sahədə əməkdaşlığının yeni mərhələyə daxil olması ilə bağlı bir faktı da diqqətə çatdıraq. Hökumətlərarası komissiyanın iclasında Gəncə avtomobil zavodu və Minsk avtomobil zavodu arasında Almaniyanın "Haller" şirkətinin iştirakı ilə kommunal texnikanın yeni modellərinin quraşdırılmasına dair memorandum imzalanmışdır.

Yeri gəlmişkən, son illər Azərbaycan və Belarusda İKT sahəsi də inkişaf edir və hər iki ölkə zona texnologiyalarının yaradılmasında yüksək potensiala malikdir. 2009-cu ildə Azərbaycanın İKT sahəsində gəliri 1 milyard dolları ötüb. Azərbaycan əhalisinin 37 faizi internetdən istifadə edir. Dünyada gəlirin 58 - 59 faizi İKT-nin payına düşür. Azərbaycanda isə gəlirin 60 faizi məhz bu sahənin payına düşür ki, bunun da əksəriyyətini mobil operatorlar təşkil edir.

Azərbaycan regional innovasiya zonalarının (texniki parklar) yaradılması sahəsində Belarusun təcrübəsini öyrənmək niyyətindədir. Azərbaycanın informasiya texnologiyaları sektoru son 5 il ərzində yüksək artım tempi (32 - 35 faiz) nümayiş etdirib. Dünya maliyyə böhranına baxmayaraq, 2009-cu ildə İKT sektorundan Azərbaycanın gəlirinin həcmi 1,34 milyard dollar təşkil edib və 9,3 faiz artıb. Texniki parkların yaradılması məsələsi Azərbaycanın innovasiyanın inkişafında prioritet planıdır. Hazırda respublika yüksək texnologiyalar parkının yaradılmasının optimal yollarını və imkanlarını nəzərdən keçirir. Texniki parkların yaradılması layihəsində iştirak etməyə hazır olduğunu ifadə edən Belarus tərəfi bu prosesə öz töhfəsini gətirir. Bu layihələrin həyata keçirilməsi ölkənin elmi, intellektual və istehsalat potensialından tam həcmdə istifadə etməyə və onları inkişaf etdirməyə şərait yaradacaq.

Xatırladaq ki, bu ilin informasiya texnologiyaları üzrə 1-ci Azərbaycan - Belarus forumu zamanı Belarus Rabitə Nazirliyi və telekommunikasiya şirkətlərinin nümayəndələri azərbaycanlı həmkarları ilə Azərbaycanda elektron hökumət və yüksək texnologiyalar parkının (YTP) yaradılması layhəsində iştirak etməyə dair məsələləri də müzakirə ediblər. Belarus Yüksək Texnologiya Parkının direktoru Valeri Tsapkalonun sözlərinə görə, forum proqram təminatının hazırlanması sahəsində işləyən Azərbaycan və Belarus şirkətlərinə ideya axtarışında və qarşılıqlı fəaliyyətdə yardım edır: "Bu gün Belarusda müəyyən dərəcədə unikal olan bir neçə texnologiya parkı fəaliyyət göstərir və onların fəaliyyəti proqram təminatının hazırlanması ilə bağlıdır". Qeyd edək ki, sistem texnologiyaları (Belarus) və "Ultra" (Azərbaycan) şirkəti arasında informasiya texnologiyalarına dair birinci Azərbaycan - Belarus biznes-forumu çərçivəsində əməkdaşlıq haqqında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb. Həmçinin forumun gedişində Azərbaycanın 6 maliyyə müəssisəsinin nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılıb.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə işgüzar səfəri zamanı imzalanmış mühüm sənədlərin ikitərəfli münasibətlərin inkişafına güclü təkan verəcəyi şəksizdir. Ölkələrimiz arasındakı hüquqi bazanın daha da genişlənməsinə xidmət edən həmin sənədlər energetika, kənd təsərrüfatı, tikinti, turizm, yüksək texnologiyalar və s. sahəsində əməkdaşlıq əlaqələrinin bir qədər də möhkəmlənməsinə təkan verəcəkdir. Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin perspektivləri barədə danışan Prezident İlham Əliyev demişdir: "Biz sizin əsl dostlarınız kimi, uğurlarınıza sevinirik. Öz tərəfimizdən çalışırıq ki, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün nəzərdə tutduğumuz bütün sahələr dərin məzmun kəsb etsin. Əminəm ki, nəzərdə tutduqlarımıza nail olacağıq. Hər halda münasibətlərimizin inkişafının tarixi, son illərdə bu münasibətlərin dinamik inkişafı bunu deməyə imkan verir".

Belarus Prezidenti Aleksandr Lukaşenko da öz növbəsində mövcud əməkdaşlığın səviyyəsini, qarşılıqlı yardım ənənələrinin indiki mürəkkəb şəraitdə davam etməsini yüksək qiymətləndirməklə yanaşı, ölkəmizdə gedən davamlı inkişafdan heyranlığını ifadə edərək demişdir: "Mən buraya son səfərimdən üç il sonra, burada, Bakıda və onun hüdudlarından kənarda baş verənləri gördükdə keçirdiyim hisslər barədə fikirlərimi, həsədimi gizlətmədən İlham Heydər oğluna demişəm. Hər yerdə tikinti gedir, kranlar işləyir. Xüsusən axşamlar, binalar işıqlandırılanda onların gözəlliyi diqqəti cəlb edir... Siz bütün bu işləri yüksək bacarıqla görürsünüz. Mən İlham Heydər oğluna dedim ki, əgər ölkədə insanlar haqqında düşünən və öz xalqını sevən Prezident varsa, deməli, bu dövlətin perspektivləri çox böyükdür". Heç şübhəsiz, ürəkdən deyilmiş bu xoş, səmimi sözlər ölkəmizə olan dost münasibətin, əldə edilmiş uğurlara verilən yüksək qiymətin parlaq təcəssümüdür.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində yeni mərhələnin başlanğıcını qoymaqla yanaşı, illik ticarət dövriyyəsinin həcminin də əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradacaqdır.

 

 

Vaqif BAYRAMOV,

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2010.- 8 iyun.- S. 3.