Beynəlxalq ictimai əlaqələr diplomatiya vasitəsi kimi

 

Son illər ictimai diplomatiya (public diplomacy) və ya xalq diplomatiyası beynəlxalq ictimai əlaqələr nöqteyi-nəzərindən daha çox diqqət çəkir. Qloballaşma dövründə dünya ölkələri bütün səviyyələrdə adamlar (xalqlar, millətlər, icmalar) arasında şəxsi münasibətlər yaradılmasına böyük əhəmiyyət verirlər. Dövlətlər ictimaiyyətlə əlaqələr institutu və ya pablik rileyşnz ( ingiliscə - public relations) vasitəsilə vacib diplomatik məqsədlərini həyata keçirirlər.

 

İctimai diplomatiyanın məqsədi ölkələr, xalqlar, siyasi liderlər, ictimai xadimlər və sadə vətəndaşlar arasında bilavasitə təmas nöqtələri tapmaq və ölkənin siyasəti və dəyərləri haqqında daha çox informasiya verməkdir. Başqalarının səni tanıması və başa düşməsi üçün əvvəlcə sən özün digər tərəfi eşitməyə və başa düşməyə çalışmalısan.

On altı il bundan əvvəl - 1994-cü il sentyabrın 30-da Azərbaycan Prezidenti Heydər Əliyev BMT Baş Məclisinin sessiyasında ilk dəfə çıxış etdi. Böyük öndər Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmışdı. Dünya təşkilatları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsində Azərbaycan diplomatiyasının səsini eşitmişdilər. Sonralar, böyük siyasətçi Heydər Əliyevin BMT Baş Məclisinin 49-cu, 50-ci sessiyalarındakı və Minilliyin Zirvə görüşündəki çıxışları diplomatiyamızın tarixində parlaq səhifələr yazmaqla, dövlətimizin xarici siyasətinin prioritetlərini dünyaya çatdırmışdı.

Dünya azərbaycanlılarını azərbaycançılıq ideyası ətrafında birləşdirməklə böyük rəhbər dünyaya ictimai diplomatiya körpüsü atdı. Heydər Əliyev siyasəti bu gün Azərbaycanda hər bir sahədə davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Məclisinin 58-ci, 59-cu sessiyalarındakı çıxışları beynəlxalq ictimai əlaqələr səviyyəsində ölkəmizin nüfuzunu qaldırdı.

Sosioloqlar cəmiyyətlərarası, icmalararası əlaqələri beynəlxalq ictimai diplomatiya silahı hesab edirlər. İctimai diplomatiyada interaktivlik səmərəli ictimai diplomatiyanın və beynəlxalq ictimai əlaqələr sahəsində milli hökumətlərin fəaliyyətinin müəyyənedici şərti kimi götürülür. Bu günə qədər ayrı-ayrı ölkələrdə "vətəndaş cəmiyyəti" qurulmasından söz açılırdısa, indi "qlobal vətəndaş cəmiyyəti"ndən söhbət gedir.

Qlobal vətəndaş cəmiyyəti barədə tədqiqatlarında Amerika alimləri Cekobson və Yanq qeyd edirlər ki, dünya dövlətlərinin siyasi sistemləri və iqtisadi inkişaf dərəcəsi, habelə sosial azadlıq səviyyəsi həmin ölkələrdə ictimai diplomatiya interaktivliyini müəyyən edən mühüm amillərdir. Elə buna görə, bir çox hökumətlər ictimai əlaqələr üzrə peşəkarları öz yanında yüksək məvaciblə qlobal imicmeyker fəaliyyətinə dəvət edir. İctimai diplomatiya ilə ictimai əlaqələrin yaxınlaşması tendensiyası bugünkü ictimai diplomatiya prosesində "yumşaq güc"ə (ingiliscə -soft power) çevrilir. İndi dünya dövlətlərinin qlobal kommunikasiya səyləri məhz bu məqsədə yönəlmişdir.

Kommunikasiya texnologiyalarının beynəlxalq ictimai əlaqələrdə əhəmiyyəti məlumdur. İctimaiyyətlə əlaqələrin inkişafı beynəlxalq diplomatiya səhnəsində də özünəməxsus dəyişikliklər edir. Burada ictimai kommunikasiya kanalları olan kütləvi informasiya vasitələri, o cümlədən internet texnologiyaları mühüm rol oynayır. Fəal dünya dövlətləri arasında qlobal interaktivlik bir çox sahələrdə (informasiya, maliyyə, kommersiya və inzibati sahələrdə) beynəlxalq əməliyyatların intensivliyi deməkdir.

Böyük sosial-iqtisadi layihələrin təşəbbüskarı olan Azərbaycan beynəlxalq ictimai əlaqələrin mərkəzindədir, fəal ictimai diplomatiya aparır. Yeni kommunikasiya texnologiyasına əsaslanan bütün bu sürətli qlobal qarşılıqlı əlaqələr dünya diplomatik arenasında əvvəllər görünməyən "dünya publikası"nın yaranmasına gətirib çıxarmışdır. Artan qlobal qarşılıqlı əlaqələr ictimai diplomatiyada yeni media texnologiyasının təsir və əhəmiyyətini gündən-günə artırır.

Beynəlxalq münasibətlərdə, dövlətlərarası əlaqələrdə arzu olunan nəticələri əldə etmək üçün dövlətin təmsil olunduğu ölkə daxilində, eləcə də beynəlxalq müstəvidə ictimai rəyi fasiləsiz öyrənmək və ictimaiyyətlə əlaqələrdən - ictimai diplomatiya texnologiyalarından ardıcıl faydalanmaq lazım gəlir. Bu gün ictimai diplomatiya (xalq diplomatiyası) ənənəvi diplomatiyadan bəzən daha çox xeyir gətirir. Vahid ümumdünya informasiya cəmiyyətinin yaranması və public relations (PR) texnologiyasının beynəlxalq əlaqələrdə kütləvi surətdə tətbiqi işində həmin fenomenin qlobal aspektləri və nəticələri təzahür edir.

Son illərin məlumatına görə, dünyada internetə çıxışı olan 200-dən artıq ölkədə 1 milyarddan çox adam "onlayn xətti" ilə biri-biri ilə dərhal əlaqə saxlaya bilir. Bu, ictimaiyyətlə əlaqələrin (public relations) milli hökumətlərin siyasi və diplomatik fəaliyyəti üçün nə qədər böyük imkanı olduğunu göstərir. Ona görə də dünya dövlətləri, sadəcə olaraq, qlobal publika ilə işləmək üçün səmərəli ictimai diplomatiya kanalı olan internetin təsir və potensialını görməyə bilməzlər. Azərbaycanda bütün sahələrdə informasiya texnologiyalarına dövlət səviyyəsində geniş meydan verilir.

Xarici siyasətdə qabaqlayıcı (preventiv) siyasi mexanizm olan ictimai diplomatiya (xalq diplomatiyası) beynəlxalq ictimai əlaqələrdə fəal iştirakı və qlobal publika ilə işləməyi tələb edir. İndi korporasiyalar, transmilli QHT-lər, hətta ayrı-ayrı vətəndaşlar istər-istəməz diplomatik səhnəyə çıxır. Beləliklə, bugünkü milli hökumətlər mühüm qərarların qəbulunda transmilli publikanın səsini eşitməyə bilmirlər. Ölkəmizin cəlb olunduğu münaqişənin əsl səbəblərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan reallıqlarından dünyanı xəbərdar etmək üçün böyük diaspor və korporasiyaların, sosial qrup və icmaların, təşkilatların, ayrı-ayrı ictimai xadimlərin, yaradıcı adamların, sadə vətəndaşların qoşulduğu ictimai diplomatiya bu gün Azərbaycan dövlətinin diplomatiya addımları ilə həmahəng davam etdirilir.

Dövlət və hökumət rəhbərlərinin səfərləri zamanı onların həmin ölkələrdəki həmvətən icmaları ilə görüşləri, ayrı-ayrı ictimai xadimlərin, deputat qruplarının, mədəniyyət sahəsində tanınmış insanların digər ölkələrdəki həmkarları ilə birbaşa təmasları xalq diplomatiyasına gözəl töhfə verir.

Azərbaycan Prezidenti İlham Əliyevin Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərləri ilə keçirdiyi ənənəvi illik müşavirələr məhz bu böyük məqsədə - ictimai diplomatiyanın inkişaf etdirilməsinə xidmət edir. Bütün bu işlər Azərbaycan dövlətinin xarici siyasətində ictimaiyyətlə əlaqələrin - ictimai diplomatiyanın rolunu xeyli artırmışdır.

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin birinci müşavirəsində (27 iyul 2004) Prezident İlham Əliyev demişdir: "Azərbaycan öz xarici siyasətini çox uğurla həyata keçirir. Əlbəttə, bu gün Azərbaycan diplomatiyası yeni bir mərhələdədir... Bu gün Azərbaycan haqqında dünyada kifayət qədər ədalətli məlumatlar var. Biz hamımız çalışmalıyıq, əlbəttə, ilk növbədə, Azərbaycanı xaricdə təmsil edən səfirlər, səfirliklərin digər işçiləri çalışmalıdırlar ki, Azərbaycan haqqında reallıqlar o ölkələrdə yaşayan ictimaiyyətə çatdırılsın."

Beynəlxalq münasibətlərdə ictimaiyyətlə əlaqələrin fəallığı informasiya hücumu və xalq diplomatiyası baxımından xeyli dərəcədə aktualdır. Odur ki, Azərbaycan icmaları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə çalışırlar.

Azərbaycanın dövlət başçısının ölkənin xarici siyasətinin uzunmüddətli strategiyasına xidmət edən bu çağırışı ictimai diplomatik fəallığı xeyli artırmışdır. Dünya azərbaycanlılarının dalbadal keçirilmiş qurultaylarından sonra xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesi daha böyük vüsət almışdır. Onların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında iştirak səviyyəsi yüksəlmiş, bu ölkələrdə mədəni irsimizin təbliği, digər xalqların, xüsusilə, türk diasporları ilə əlaqələrin inkişafı istiqamətində canlanma əldə olunmuşdur.

Amerika alimləri Siqnitzer və Kums qeyd edirlər ki, "ictimai diplomatiya" (public diplomacy) termini neologizmdir, mahiyyətcə ənənəvi diplomatiyadan fərqli anlayışdır. O, diplomatiyaya daha geniş seqmentlər və publika gətirir. Alimlərin fikrincə, ənənəvi diplomatiya "hökumət - hökumət münasibətlərini" əhatə edirsə, "beynəlxalq kommunikasiyanın müxtəlif növləri ilə silahlanmış ictimai diplomatiyanın hədəfi xarici vətəndaşlar və xalqlardır".

Başqa bir tədqiqatçı ictimai diplomatiyaya belə bir tərif verir: "Öz xalqının ideya və ideallarının, həmçinin milli dəyər və cari siyasətinin, onun institutları və mədəniyyətinin anlaşılması istiqamətində hökumətlərin göstərdiyi səylər vasitəsilə xarici publika ilə əlaqələr qurmaq prosesi". Yuxarıda dediyimiz kimi, bugünkü dünya siyasətində baş qaldıran "yumşaq güc" milli dövlətlər arasında ictimai diplomatiyanı, xalq diplomatiyasını xeyli fəallaşdırıb, beynəlxalq münasibətlərdə irəli çıxarmışdır. Başqa bir Amerikan sosioloqu M.Leonard təsdiq edir ki, "indi dünyada milli mədəniyyətlərin bütövlüyünə hörmət əsasında mədəni və humanitar əlaqələri siyasi və hakimiyyət ambisiyalarından mümkün qədər uzaq saxlamaq arzusu baş qaldırır. Siyasətin, diplomatiyanın arxasında xalq, toplum, ictimaiyyət durursa, daha mötəbər və gərəkli nəticələr əldə edilir. Beynəlxalq münasibətlərdə ictimai diplomatiyaya, xalq kütlələrinin diplomatiyasına getdikcə daha çox güvənilir, etibar olunur. Ənənəvi siyasətdə və diplomatiyada bir fəndgirlik və spekulyasiya izləri axtaran insanlar xalq diplomatiyasına inanır, etimad göstərirlər. Çətin münaqişələrdə, çıxılmaz vəziyyətlərdə xalq diplomatiyası işə düşür.

Diplomatik xidmət orqanları rəhbərlərinin həmin müşavirəsində (27 iyul 2004) dövlətimizin başçısı demişdir: "...Biz informasiya hücumuna keçməliyik. Bəzən bizi günahlandırırlar ki, Azərbaycan bu baxımdan özünü çox davakar aparır. Ola bilər, amma bizim davakarlığımız hələ ki, yalnız informasiya sahəsində özünü büruzə verir. Bizim başqa yolumuz yoxdur..." Odur ki, Azərbaycanın ictimai diplomatik şəbəkəsi yaranmaqdadır. Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası,Diasporla İş üzrə Dövlət Komitəsi ictimai diplomatiya sahəsində davamlı iş aparırlar.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2007-ci ilin noyabrında Bakıda Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı keçirilmişdir. Beynəlxalq ictimai diplomatiya nümunəsi olan qurultayda türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, türk dünyasının mədəni irsinin təbliği, türk gəncliyinin qarşısında duran vəzifələr, müasir qloballaşma proseslərinin xalqlarımızın həyatına təsiri ilə bağlı məsələlər müzakirə edilmişdir. Həmin tədbirlər beynəlxalq ictimai əlaqələrimizi səfərbər etməklə, regionda və dünyada ictimai diplomatiyamızın səmərəliliyini xeyli artırmışdır.

Bir çox alimlər ictimai diplomatiya və beynəlxalq ictimai əlaqələr arasında fundamental vəhdət olduğunu qeyd edirlər. Fransız alimi Cak L'etang təsdiq edir ki, ictimai əlaqələr gələcəkdə ictimai diplomatiya üçün müvafiq və yeni ideyalara stimul verə bilər. Alim ictimai diplomatiya ilə beynəlxalq ictimai əlaqələrin ümumi cəhətlərini qeyd edərək, yazır: "Həm ictimai əlaqələr (public relations), həm də diplomatiya inam və danışıqlar strategiyasından istifadə edir". Alimin fikrincə, ictimai diplomatiya beynəlxalq ictimai əlaqələrin bir forması hesab edilə bilər.

Bir cəhət diqqəti daha çox çəkir: həm beynəlxalq ictimaiyyətlə əlaqələr, həm də ictimai diplomatiya əlaqələrin idarə edilməsidir. İctimai diplomatiya beynəlxalq kontekstdə qarşılıqlı faydalı əlaqələr qurulmasına xidmət edir və deməli, milli dövlətlərin beynəlxalq ictimai əlaqələr qurmaq səyləri ilə sıx bağlıdır. Məsələn, Amerika Birləşmiş Ştatlarında Corc Buş administrasiyasının 11 Sentyabr hadisələrindən sonra Qlobal Kommunikasiyalar Ofisi yaratması ABŞ hökumətinin beynəlxalq ictimai əlaqələri gücləndirmək üçün ictimai diplomatiyaya nə qədər böyük əhəmiyyət verdiyini göstərirdi. Bu, daha çox ictimai diplomatiya vasitəsilə beynəlxalq əlaqələrin idarə edilməsi zərurətindən xəbər verirdi.

Qloballaşma dövründə milli hökumətlərin sosial və iqtisadi prespektiv hesablanmış məqsədyönlü ictimai diplomatiyası ölkənin milli imicinin yaradılmasına xidmət edir. İndi interaktiv kommunikasiya üçün internetin yaratdığı imkanlar ictimai diplomatiya proseslərinə daha dolğun və əhatəli məzmun verir. Qlobal internet şəbəkəsi informasiya, bilik və ideyaların yayılması üçün çox əlverişli kanaldır.

Yeni kommunikasiya texnologiyaları bu gün xarici siyasətdə sürətlə tətbiq olunur, dünya dövlətləri arasında ictimai diplomatiya sahəsində bir yarış və rəqabət mühiti yaradır. Dövlətlər bu imkandan daha intensiv faydalanmağa çalışırlar. Təsadüfi deyil ki, "qlobal media və texnologiya ictimai diplomatiyanı açıq kommunikasiya forumuna çevirmişdir". Kommunikasiya texnologiyalarının inkişafı qeyri-hökumət təşkilatlarını, o cümlədən fəal ictimai qrupları, ayrı-ayrı fərdləri ictimai diplomatiya prosesinə qoşur, milli dövlət və hökumətləri həmin qüvvələrlə interaktiv əməkdaşlığa sövq edir. Milli hökumətlər bugünkü ictimai diplomatiya sahəsində yeni kommunikasiya texnologiyalarını tətbiq etməklə, siyasət və diplomatiyada rəqabət üstünlüyü əldə etməyin əhəmiyyətini getdikcə daha artıq başa düşürlər.

Sayı milyonlarla ölçülən publika ilə işləməklə bugünkü ictimai diplomatiya paradiqmasını dəyişmək mümkündür. Bunun üçün dünya şəbəkəsi olan internetin əvəzi yoxdur. Çünki internet sərhəd tanımır. İctimai əlaqələri diplomatiyaya tətbiq edərkən İnternetin dialoq, ikitərəfli, və interaktiv təbiətini nəzərə almaq lazımdır. Fərdi və şəxsi təmaslar qlobal ictimai təmaslara çevriləndə nəhəng gücə çevrilir, milli dövlətlərin ictimai diplomatiya səmərəliliyi artır.

 

 

Rəşad AĞAZADƏ,

Azərbaycan Respublikası Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının

beynəlxalq əlaqələr kafedrasının aspirantı

 

Xalq qəzeti.- 2010.- 9 iyun.- S. 6.