Məqsədimiz yüksək
intellektli gənclər
yetişdirməkdir
Nəinki müasir dövrümüzdə, tarixən
də elmin, təhsilin inkişafına
diqqət və qayğı göstərən
xalqlar və dövlətlərin yeri həmişə qabaqcıllar
sırasında olmuş,
onlar dünya sivilizasiyasına öz töhfələrini vermişlər.
Digər tərəfdən,
müstəqilliyini möhkəmlədən,
dövlət sistemini təkmilləşdirən, dünyaya
inteqrasiya yolunu seçən cəmiyyətlər
özlərinin mükəmməl
elm, təhsil konsepsiyalarını yaradırlar.
Konkret olaraq milli təhsilimizin
müasir durumundan danışarkən ümummilli lider Heydər
Əliyevin misilsiz xidmətlərini, nəzəri fikirlərini,
bu sahədə həyata keçirdiyi əməli tədbirləri
xüsusi qeyd etmək lazımdır. Təhsil sahəsində
islahatların həyata keçirilməsi istiqamətində
möhtərəm Prezidentimiz İlham Əliyevin
imzaladığı fərman və sərəncamlar, verdiyi
tövsiyə və göstərişlər də
mühüm əhəmiyyət kəsb edir. Uzun müzakirələrdən,
təhlil və araşdırmalardan sonra Milli Məclis tərəfindən
qəbul edilən və Prezident İlham Əliyevin 5 sentyabr
2009-cu il tarixli fərmanı ilə qüvvəyə minən
"Təhsil haqqında" Azərbaycan Respublikasının
Qanunu buna bariz misal ola bilər.
"Biz maddi kapitalı
insan kapitalına çevirməliyik", - deyən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin təhsilə
xüsusi önəm verməsi, onun maddi-texniki bazasının
daha da yaxşılaşdırılması sahəsində həyata
keçirdiyi tədbirlər, təhsil sisteminin
inkişafına yönələn 16 Dövlət
Proqramının qəbul edilməsi bunun üçün
ciddi zəmin yaratmışdır.
"Təhsil əsri"
elan edilmiş XXI əsrdə yüksək intellektə malik
insan formalaşdırılmasında təhsilin rolu heç
vaxt indiki qədər aktual olmamışdır. Azərbaycan
Respublikasının son 20 illik tarixində həyatın hər
bir sahəsində olduğu kimi, təhsildə də sürətli
yeniləşmə və inkişaf baş vermişdir. Bu
inkişafın təmin edilməsində hər bir müəllimin,
təhsil işçisinin öz payı vardır.
Dünya təhsil
sisteminə inteqrasiya etdiyimiz bir dövrdə yeni təhsil
sisteminin əsas məqsədi tədrisin fəal təlim
metodlarından istifadə etməklə intellektli, yüksək
potensiala malik gənclər yetişdirməkdir. Bu baxımdan
ümumtəhsil məktəblərinin üzərinə
böyük məsuliyyət düşür.
Bakı şəhərinin
Binəqədi rayonunda yerləşən 135 saylı məktəb
işini məhz yeni təlim metodları ilə qurmuş təhsil
müəssisələrindən biridir. Hər yeni dərs ili
başlayarkən məktəb kollektivi illik iş
planını hazırlayaraq məktəbin rəhbərliyinə
təqdim edir. Bu iş planı müxtəlif tədbirlərin
- görkəmli şəxsiyyətlərin xatirə gecələrinin
müxtəlif fənlərə aid intellektual
yarışların, açıq dərslərin fənn gecələrinin
məktəb səviyyəsində debatların keçirilməsini
və bu kimi digər tədbirlərin təşkilini
özündə əks etdirir. 135 saylı məktəbin
kollektivi tərəfindən 2009 - 2010-cu dərs ili
üçün nəzərdə tutulmuş tədbirlər
planı da bu qəbildəndir.
İl ərzində məktəbdə
ən aktual mövzular əsasında debatlar təşkil
olunmuşdur. Tarix müəllimlərinin təşəbbüsü
ilə "Ekoloji problemlər", "Gender problemləri",
"Şəhər və kənd həyatı" və s.
mövzularda təzadlı suallar ətrafında şagirdlər
arasında fikir mübadiləsi və diskussiya
keçirilmişdir. Debatın qaydaları əsasında
şagirdlər təsdiq və inkar qruplarına
bölünüb müstəqil şəkildə mövzu ilə
bağlı diskussiya hazırlaşırlar. Tədbir
zamanı qarşı tərəfdən bir-birinin fikirlərinə
tolerantlıqla yanaşır, yüksək diskussiya mədəniyyəti
nümayiş etdirirlər. Müəllim debatda yalnız hakim
mövqeyində olaraq reqlamentə düzgün əməl
olunmasını təmin edir və sonda fikirləri ümumiləşdirərək
yekun sözünü bildirir. Bu debatlar əsasən 8,9,10-cu
sinif şagirdlərinin marağına səbəb olur.
Çünki debat zamanı adı çəkilən
mövzular ətrafında şagirdlərin tənqidi fikirlərini
ifadə etmələrinə və problemdən
çıxış yolları haqqında təkliflərinə
geniş imkan yaranır. Debat zamanı şagirdlər fikirlərini
sərbəst ifadə edir, konkret faktlar göstərir, tənqidi
suallarla qarşı tərəfə əks-arqumentlər gətirir
və nəticədə çox maraqlı
çıxış yolları təklif edirlər.
Yeni fəal metodların
tətbiqi baxımından İKT-nin imkanlarından daha
geniş istifadə edilir. Şagirdlər tərəfindən
onları maraqlandıran elmi mövzulara aid təqdimatlar
hazırlanır, nümayiş etdirilir ki, bu da nəticədə
şagird elmi yaradıcılığının inkişafına
əhəmiyyətli təsir göstərir. 2010-cu ildə bir
neçə mövzuda elmi iş hazırlanmış və
İKT vasitəsilə nümayiş etdirilmişdir. "Azərbaycanın
IX - XI əsr memarlıq abidələri" və "Kitabi-Dədə
Qorqud" dastanı oğuz türklərinin tərcümeyi
halıdır" mövzularında bu sətirlərin müəllifinin
və "Fizikanın inkişafında Azərbaycan alimlərinin
rolu" mövzusunda fizika müəllimi Nazxanım
Novruzovanın rəhbərliyi ilə məktəblilərin
hazırladıqları işlərin təqdimatı
keçirilmiş və qaliblər məktəb rəhbərliyi
tərəfindən diplomlarla təltif edilmişdir. Belə tədbirlərin
şagirdlərin intellektual inkişafına təsiri əvəzsizdir.
Məktəbin tədbirlər planında görkəmli şəxsiyətlərin, şair və yazıçıların xatirə gecələrinin keçirilməsi xüsusi yer tutur. Ədəbiyyat, tarix fənlərini tədris edən müəllimlərin və məktəb rəhbərliyinin təşkilatçılığı ilə "Mikayıl Müşfiq gecəsi", "Lütfi Zadəyə həsr edilmiş şagird konfransı", "Heydər Əliyev - 87" və s. kimi tədbirlər həyata keçirilmişdir. Məktəbin qabaqcıl ədəbiyyat müəllimi Gülarə Abdullayevanın və direktor müavini Şəfiqə Zeynalovanın tədbirlərin təşkilində əməyi böyük olmuşdur. Sonuncu tədbirdə 135 saylı məktəbin şagirdləri ulu öndər Heydər Əliyevin xatirəsinə olan sevgilərini şeirlərlə, mahnılarla, təsirli monoloqlarla və əl işləri ilə nümayiş etdirdilər. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş ümumrespublika tədbirlərində də məktəbin şagirdləri uğur qazanmışlar. Məktəbin 9-cu sinif şagirdi Nigar İbrahimova Heydər Əliyevin 87-ci ildönümü münasibətilə keçirilmiş inşa müsabiqəsində iştirak etmiş və III dərəcəli diplomla mükafatlandırılmışdır. Eyni zamanda, "Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında" adlı elmi konfransda məktəbin 8-ci sinif şagirdi Səkinə Hacıverdiyeva I yerə layiq görülmüşdür.
2010-cu ildə "Ətraf mühit və biz" mövzusunda keçirilmiş olimpiadada məktəbin şagirdləri də iştirak etmişlər 11-ci sinif şagirdi Şanə Zeynalova "Ən yaxşı layihə" nominasiyasında və 5-ci sinif şagirdi Minarə Hüseynli "Ən yaxşı müəllif şeiri" nominasiyasında diplomlara layiq görülmüşlər.
İbtidai sinif şagirdlərinin də uğurları diqqətəlayiqdir. 4-cü sinif şagirdi Vəli Quliyevin 2010-cu il "İntellektual marafon" bilik yarışında Bakı şəhəri üzrə II yerə layiq görülməsi məktəbin "təməl daşları"nın möhkəm olduğundan xəbər verir. Şagirdlərin bu nailiyyətləri həm onlara təhsil verən fənn müəllimlərinin, həm də məktəb rəhbərliyinin fəaliyyətinin nəticəsidir.
Məqsədyönlü təlim-tərbiyə metodlarının tətbiqi nəticəsində 135 saylı məktəbin əldə etdiyi nailiyyətlər ildən-ilə artır. Hər il respublikanın ali məktəblərinə daxil olan məzunlar və 600-dən yuxarı bal toplayan abituriyentlər məktəbin kollektivinə stimul verirlər.
Yeni fəal təlim metodlarının tətbiqi təcrübəsinin müəllimlər arasında mübadiləsi də çox əhəmiyyətlidir. Bu baxımdan açıq dərslərin keçiirlməsi artıq ənənə şəklini almışdır. İl ərzində fənn müəllimləri nümunəvi dərslər nümayiş etdirmişlər. Açıq dərsləri məktəbin rəhbərliyi, müxtəlif fənn müəllimləri müşahidə edərək birgə müzakirə etmişlər. Dərsin təşkili, müəllimin hazırlığı, İKT-dən istifadə səviyyəsi, şagirdlərin fəallığı, müəllimin nitqi, mövzuya aid ən maraqlı metodun seçilməsi və s. meyarlar əsas götürülərək aşıq dərslər müzakirə olunmuş və fənn müəllimlərinə vacib təkliflər, tövsiyələr verilmişdir. Bu yolla müəllimlərin təkmilləşdirilməsi prosesi həm də məktəb çərçivəsində aparılır. Metodik təcrübə mübadiləsi ənənə şəklini almışdır. Məhz məktəbdə tədrisin bu cür qurulmasının nəticəsidir ki, 135 saylı məktəbin müəllimlərinin də uğurları az deyildir.
Coğrafiya müəllimi Rafiq Məmmədov 2009-cu ildə "İlin ən yaxşı müəllimi" müsabiqəsində qalib gəlmişdir. Rafiq Məmmədov eyni zamanda, "Tərəqqi" medalı ilə də təltif olunmuşdur. Məhz onun metodik təcrübəsinin nəticəsidir ki, 135 saylı məktəbin məzunları ali məktəblərə daxil olarkən coğrafiya fənnindən yüksək nəticələr əldə edirlər.
Bu sətirlərin müəllifi də 2010-cu ildə "İlin ən yaxşı müəllimi" müsabiqəsində qalib gəlmişdir. Mən pedaqoji fəaliyyətlə yanaşı, elmi işimi də davam etdirir, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı kimi "Heydər Əliyev irsində Azərbaycan tarixinə yeni baxış məsələləri" adlı dissertasiya işi üzərində çalışıram. Bundan başqa, 2010-cu ildə respublikada ilk dəfə olaraq tarix fənni üzrə kontur xəritələr tərtib etmiş və bu xəritələrin elektron variantını da hazırlamışam.
Müəllimlərin fəaliyyətinə stimul verən yarışlardan biri də elmi-metodik konfransların keçirilməsidir. 2010-cu ildə məktəbin riyaziyyat müəllimi Vaqif Süleymanov "İstedadlı şagirdlərin potensial imkanlarının inkişaf etdirilməsinin optimal yolları" mövzusunda keçirilmiş elmi-metodik konfransda "İstedad və riyazi təfəkkür" adlı məruzə ilə çıxış etmişdir. Onun məruzəsi konfransda maraqla qarşılanmış və mükafatlandırılmışdır.
Göründüyü kimi, 135 saylı məktəbin pedaqoji kollektivi bu gün müasir təhsildə gedən islahatları düzgün dəyərdəndirərək öz fəaliyyətini yeni fəal metodlar əsasında qurur. Bu işdə məktəbin direktoru Sadəgül Həsənovanın təşkilatçılıq bacarığı da mühüm rol oynayır.
Azərbaycan Respublikasının təhsil siyasətində islahatların əhəmiyyətli mərhələsini yaşamaqdayıq. Məktəbdaxili işin təşkili və müasir şəkildə qurulduqda onun bəhrəsi sadaladığımız nailiyyətlərlə özünü büruzə verir. Şagirdlərin vətənpərvərlik tərbiyəsi, intellektual inkişafı, nəzəri və praktiki bilikləri inkişaf etdikcə, həyata keçirilmiş islahatların və təhsil siyasətinin doğru yolda olduğu öz təsdiqini tapır.
Leyla HÜSEYNOVA,
135 saylı məktəbin müəllimi
Xalq qəzeti.- 2010.- 9 iyun.- S. 6.