Daşkəsən: diqqət və qayğının bəhrəsi göz önündədir

 

Daşkəsəndə ilk andan diqqəti cəlb edən görkəmini dəyişmiş çoxmərtəbəli yaşayış evləri, inzibati binalar, küçə və səkilər, park və xiyabanlar deyil, həm də adamların əhval-ruhiyyəsidir. Əhalisinin sayı 32 min nəfəri keçən bu dağ rayonunda adamlara göstərilən diqqət və qayğı onların əhvalını, doğma rayonlarına münasibətini də dəyişmişdir.

 

Yadımdadır, vaxt var idi ki, rayon icra hakimiyyətinin binası əksər hallarda şikayətçilərlə əhatə olunurdu. Günün hansı vaxtında getsən giley-güzar edən, hay-küy salan, yardım istəyən adamlara rast gəlirdik. İndi tamam başqa mənzərədir. Hərə öz işi ilə məşğuldur. İcra hakimiyyəti aparatında da hər kəs vəzifəsini bilir, ona uyğun hərəkət edir.

Vəziyyətin nizama salınmasının başlıca səbəblərindən biri rayon əhalisinin maddi-rifah halının tədricən yüksəlməsidir. Burada iş görən, torpağından səmərəli istifadə etmək istəyən adamlara münbit şəraitin yaradılması, izahat-təbliğat işinin gücləndirilməsi, hüquqi biliklərin təbliği də mühüm əhəmiyyət kəsb edir. Amma ən başlıca amil adamlara münasibətdir, diqqətdir. Bəri başdan qeyd edək ki, rayon icra hakimiyyətinin başçısı Tahir Quliyev bu ucqar dağ rayonunda fəaliyyətə başladığı gündən adamlara qaynayıb-qarışıb, onların dərdini-sərini öyrənib, kömək göstərib. Rayonun infrastrukturunun da dəyişdirilməsi, yeni iş yerlərinin açılması, problemlərin imkan daxilində həlli vəziyyəti nizama salıb. Amma bu, o demək deyil ki, Daşkəsəndə işlər rəvan gedir, problemlər yoxdur, əhalinin hamısı yüksək səviyyədə dolanır və sair. Həmin mövzuda rayon icra hakimiyyətinin başçısı ilə söhbət edərkən o dedi:

- Bütün işlər həll olunsaydı nə vardı ki... heç bəlkə biz də lazım deyildik. Amma bu gün rayonda həllini gözləyən işlər kifayət qədərdir. Doğrudur, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il oktyabrın 31-də Daşkəsənə etdiyi ilk səfərdən sonra rayon çox inkişaf edib, abadlaşıb. Nə gizlədim, indi qonaq-qara yanında da xəcalətli deyilik. Göstərməyə, gəzdirməyə, qalmağa o qədər yerlərimiz var ki, sadalamaqla qurtaran deyil. Daşkəsənlilər diqqəti, qayğıkeş köməyi unudan, ondan arxayınlaşan adamlar deyil. Aradan az qala 4 il keçib. Amma bu gün də rayon sakinləri ölkə Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın onlarla apardıqları səmimi söhbətləri xatırlayır, məsləhətlərini, tövsiyələrini unutmurlar.

Amma nə qədər ki, həyat var, problemlər də olacaq, çətinliklər də. Bir də görürsən günün-günorta çağı tufan, çovğun, sel-su aləmi başına aldı, əkin sahələri batdı, mal-qaranı sel apardı, evlərin dam örtüyü dağıldı və sair. Nə etməliyik? Təbii ki, yardım əlimizi uzatmalıyıq, əlaqədar nazirliklər, şirkətlərlə birgə təcili tədbirlər görməliyik.

Ayrı-seçkiliyə yol vermək, kimisə unutmaq, imdadına çatmamaq, diqqət, qayğı göstərməmək olmaz. Çalışırıq ki, heç kəs narazı qalmasın...

Rayon rəhbərinin dediyi bu sözlər onu göstərir ki, hazırda Daşkəsəndə həyata keçirilən böyük abadlıq-quruculuq işlərinin ən başlıca səbəblərindən biri adamların dünəni, bu günü, sabahı barədə düşünməkdir. Daşkəsən haqqında yazılarımın birinin sərlövhəsi belə idi: "Daşkəsənlilərin çörəyi daşdan çıxır, daşdan da çıxacaq". Bu, həm məcazi, həm də həqiqi mənada belədir.

Daşkəsəndə həyata keçirilən işlər barədə ara-sıra yazılar dərc etmişik. Bu dəfə söhbət yalnız ötən ildən və 2010-cu ildən gedəcək. Çünki bütün sahələrdə irəliləyiş, inkişaf var və onun ahəngi səngimir.

 

Sənaye sürətlə inkişaf edir

 

Ümumi məhsul buraxılışı ötən ilin müvafiq dövrünə nisbətən 21,8 faiz artıb. Sənayedə 8,6 faiz, kənd təsərrüfatında 20,1 faiz yüksəliş müşahidə olunur. Tikinti sahəsində irəliləyiş daha qabarıqdır və 76 faizi keçir ki, bu da təbiidir. Çünki indi rayonda hara baxırsan tikilir, ucaldılır, yenidən qurulur.

Bu ilin birinci rübündə Azərbaycan Şəkər İstehsalat Birliyi İmişli şəkər zavodunun Daşkəsən əhəng daşı mədəni də özfəaliyyətini davam etdirmişdir. Rayonun Quşçu körpü qəsəbəsində "Elba" Məhdud Məsuliyyətli Cəmiyyətin ət kəsim müəssisəsi yaradılır. Həmin filial işə düşdükdən sonra burada 120 nəfəri işlə təmin etmək mümkün olacaq. "Daşkəsən Filizsaflaşdırma" ASC-nin və Daşkəsən "Alunit" istehsalat sahəsinin fəaliyyətlərinin bərpası üçün də müəyyən işlər görülmüşdür.

Qeyd edək ki, ümumiyyətlə rayon rəhbərliyi sənayenin inkişaf etdirilməsi üçün bütün tədbirlərə əl atır. Başqa cür ola da bilməz. Bu gün Daşkəsəndə hamının mal-qara saxlamağa, əkinlə-biçinlə məşğul olmağa imkanı yoxdur. Nə vaxta qədər bu cür adamlar işləmək üçün başqa şəhərlərə üz tutmalıdırlar. Bax, bütün bunları nəzərə alaraq, rayonda dərman bitkilərinin tədarükü, cır meyvə, ət və yun emalı sahələri, balıqçılıq təsərrüfatı, istirahət zonası yaradılması nəzərdə tutulur.

 

Aqrar sahəyə diqqət artır

 

Rayonda torpaqdan səmərəli istifadə etmək üçün bütün imkanlar işə salınıb və bu istiqamətdə konkret, təsirli tədbirlər həyata keçirilir. Məsələn, keçən il istifadə olunmayan əkinə yararlı torpaqlardan 120 hektarı əkin dövriyyəsinə cəlb olunmuşdur. Hazırda Daşkəsəndə kartofçuluq üzrə 2, taxılçılıq üzrə 2, toxumçuluq üzrə 2, heyvandarlıq üzrə 1 və arıçılıq üzrə 1 damazlıq təsərrüfatı fəaliyyət göstərir. Quşçu kəndində heyvandarlıq üzrə fəaliyyət göstərən "Ağbaba" kəndli təsərrüfatına 15 baş iribuynuzlu cins mal gətirilmiş və onlardan 15 baş buzov alınmışdır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə hazırda 5 kənddə - Quşçu, Mollahəsənli, Əmirvar, Bayan, Qabaqtəpə kəndlərində süni mayalanma məntəqələri fəaliyyət göstərir. Gələcəkdə onların sayı daha da artırılacaqdır. Rayonda baytarlıq idarəsi üçün yeni inzibati binanın tikintisi heyvandarlıq sahəsinə diqqətin artırılmasını göstərir.

Kartofçuluq, taxılçılıq sahələrinin genişləndirilməsi, torpaq mülkiyyətçilərinin texnika, dərman preparatları ilə təmin olunması üçün tədbirlər görülür. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da rayonda aqrar sahənin inkişafına xüsusi yer ayrılmışdır. Belə ki, aqrotexservis xidmətləri şəbəkəsinin dəstəklənməsi, kənd təsərrüfatının texnikaya, mineral gübrələrə olan tələbatının yaxşılaşdırılması, kənd təsərrüfatı məhsullarının tədarükü üzrə infrastrukturun yaradılması və marketinq xidmətlərinin təşkil olunması və s. proqramda öz əksini tapmışdır.

 

Sosial problemlər həllini tapır

 

Qaz, işıq, su, kanalizasiya, telefon, yol və digər problemlərin həlli istiqamətində ardıcıl iş aparılır. Qarşıdakı illərdə bir çox kəndlər qazlaşdırılacaq. Daşkəsən-Xoşbulaq magistral qaz xəttinin çəkilişi artıq başa çatdırılmışdır. Quşçu, Bayan, Kəmərqaya və digər 9 sərhəd kəndinə qaz veriləcək. Bir çox məktəblər üçün müasir tipli qazanxanalar tikilib istifadəyə verilmişdir.

Dövlət proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana - yeni məktəb" devizi altında rayonda bir çox məktəb binaları inşa və təmir olunmuşdur.

Son altı ildə Təhsil Nazirliyinin hesabına dövlət büdcəsindən maliyyələşdirilməklə Qabaqtəpə kənd əsas məktəbi yanında 100 şagird yerlik əlavə 6 sinif otağı, Alaxançallı kəndində 112 şagird, yerlik Quşçu və Quşçu körpü qəsəbələrində hər biri 80 şagird yerlik, Aşağı Daşkəsən qəsəbəsində 80 şagird yerlik, Heydər Əliyev Fondu hesabına Yuxarı Daşkəsən qəsəbəsində 200 şagird yerlik, Təzəkənd kəndində 160 şagird yerlik orta məktəb binaları tikilib istifadəyə verilmişdir. 2009-cu ildə Heydər Əliyev Fondu hesabına Daşkəsən şəhər 2 saylı uşaq bağçası və uşaq - gənclər idman məktəbi binaları və 3 saylı uşaq bağçası cari təmir olunmuşdur.

Rayonda səhiyyə xidmətini yaxşılaşdırmaq üçün bir sıra tədbirlər planı işlənib hazırlanmışdır. Dövlət proqramına salınmış 80 çaprayılıq mərkəzi rayon xəstəxanasının tikintisi davam etdirilir. Bundan başqa, Yuxarı Daşkəsən qəsəbəsində həkim məntəqəsi, Zavalı, Əhmədli, Zivlən, Çanaqçı və Çıraqlı kəndlərində tibb məntəqələrinin tikintisi nəzərdə tutulur.

Hazırda rayon əhalisinə 385 çarpayılıq 7 xəstəxana, 2 həkim ambulatoriyası, 25 feldşer-mama məntəqəsi xidmət göstərir. Bir çox xəstəliklərin göstəriciləri respublika səviyyəsindən aşağıdır.

Mədəniyyət obyektlərinə də əl gəzdirilir, təmir-bərpa işləri aparılır. Keçən il Yuxarı Daşkəsən qəsəbə klubu əsaslı təmir olunub. Bir çox kitabxanalarda cari təmir işləri aparılıb. Rayonda çoxsaylı mədəni-kütləvi tədbirlərin səviyyəsi xeyli artıb. Adamların boş vaxtlarının səmərəli istifadə etməsi üçün yollar axtarılır.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, Daşkəsən şəhərində rəsm qalereyası, mərkəzi kitabxana binalarının tikintisi, uşaq incəsənət məktəbi, tarix-diyarşünaslıq muzeyi binalarının əsaslı təmir olunması nəzərdə tutulub. Bundan başqa, Qabaqtəpə kəndində yerləşən alban məbədinin, Quşçu kəndində mövcud olan monastrın, Dəstəfur kəndində yerləşən məbədin və Bayan kəndindəki alban məbədinin təmir-bərpası həyata keçiriləcəkdir.

Su probleminin həlli istiqamətində aparılan işlər sürətləndirilmişdir. Uzunluğu 22 kilometr olan Xoşbulaq - Daşkəsən içməli su kəmərinin çəkilişində böyük irəliləyiş var. Şəhərin su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq, 6 yaşaış məntəqəsinin, 23 kəndin su təchizatının bərpa olunması üzrə işlər nəzərdə tutulmuşdur.

Ümumiyyətlə, son 5-6 il ərzində Daşkəsənin elə bir yeri yoxdur ki, abadlıq, quruculuq işləri aparılmasın, adamların sosial problemlərinin həlli ön plana çəkilməsin.

Keçən il rayonda Qarabağ müharibəsi və şəhid ailələri üçün 16 mənzilli 4 mərtəbəli yaşayış binası və Alunitdağ qəsəbəsində qəza vəziyyətində olan binaların sakinlərinin yerləşdirilməsi üçün 16 mənzilli yaşayış binaları tikilib istifadəyə verilmişdir. Xoşbulaq kəndində idman kompleksinin tikintisi davam etdirilir.

Daşkəsən şəhərində 30-dan artıq çoxmərtəbəli binanın dam örtükləri dəyişdirilmiş, 29 binanın fasadları təmir edilərək rənglənmiş, küçələrin istinad divarları və bardurları rənglənmişdir.

Şəhərin İ.Qayıbov, S.Vurğun və A.Abdullayev küçələrinə, ayrı-ayrı binaların ətrafına asfalt örtüyü salınmışdır.

2009-cu il ərzində rayon ərazisində dəfələrlə təbii fəlakətlər olmuş və nəticədə yollara, elektrik, rabitə təsərrüfatlarına, sosial obyektlərə, evlərə, əhalinin əkin, biçənək sahələrinə, mal-qarasına ziyan dəymişdir. Rayonun daxili imkanları hesabına və Fövqəladə Hallar Nazirliyinin yardımı ilə dəymiş ziyanın aradan qaldırılması üçün bir sıra işlər görülmüşdür. Hazırda da bu tədbirlər davam etdirilir.

2010-cu ildə Daşkəsən şəhərində qəza vəziyyətində olan və sökülməsi nəzərdə tutulan binaların sakinləri üçün 2 mərtəbəli, 16 mənzilli yaşayış binasının layihə-smeta sənədləri hazırlanmış və tikinti üçün dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulmuşdur.

2010-cu il "Ekologiya ili" elan olunmuşdur. "Ekologiya ili" ilə əlaqədar şəhər və rayonlarda yerli icra hakimiyyətləri, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar tərəfindən ağac əkini üçün müvafiq yerlərin müəyyən edilməsi, əkiləcək ağaclara aqrotexniki qulluğun göstərilməsi, mühafizəsini nəzərdə tutan tədbirlər planının hazırlanması və praktiki işlərin aparılması Daşkəsəndə ümumxalq hərəkatına çevrilməsindən xəbər verir.

Şəhərin girəcəyində 1000 ədəd sərv ağacı əkilərək yaşıllıq zolağı salınmışdır. Ümumilikdə, rayon ərazisində 23000 ədəd ağac əkilmişdir.

Yerlərdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə ərazilər ayrı-ayrı müəssisə, idarə və təşkilatlar arasında bölünmüşdür.

2013-cü ilə kimi...

Dövlət proqramında Daşkəsən rayonu üzrə nəzərdə tutulan tədbirlərlə tanış olduqdan sonra istər-istəməz bu qənaətə gəlmək olur ki, rayon 2013-cü ilə kimi daha gözəl, abad olacaq, yeni obyektləri, yolları, digər infrastrukturları ilə hamının diqqətini cəlb edəcək.

Elektrik, qaz şəbəkələri yenidən qurulacaq, ATS-lər elektron stansiyalarla əvəz olunacaq, poçt şöbələri üçün yeni binalar tikiləcək, idman-sağlamlıq obyektləri ucaldılacaq. Müharibə əlilləri və şəhid ailələri üçün 4 mərtəbəli 16 mənzilli daha 2 yaşayış binası tikiləcək. Bu illərdə rayon icra hakimiyyətinin birbaşa sifarişi əsasında şəhərin küçələrində 16,4 kilometr asfalt örtüyü salınacaqdır. Şəhər stadionunun yenidən qurulması, Astaf kəndində tibb məntəqəsinin tikilməsi, şəhərdə su və kanalizasiya təmizləyici qurğunun inşası, "Gənclər evi"nin ucaldılması, rayonun Quşçu kəndinə 4,5 kilometrlik içməli su xəttinin çəkilməsi, Göygöl rayonunun Əzgilli kəndi ilə Daşkəsənin Çıraqlı kəndi arasındakı 7 kilometrlik yolun əsaslı təmiri və hamısının adını sadalaya bilmədiyimiz digər işlər bu əvəzsiz təbiəti olan rayonu tanınmaz dərəcədə dəyişdirəcəkdir.

Daşkəsəndə bu gün aparılan işlər hamını maraqlandırır. Çünki uzun illər baxımsızlıq, diqqətsizlik ucbatından lazımınca inkişaf etməyən rayon indi-indi özünə gəlir, dirçəlir, gözəlləşir.

...Qarşımızda gedən maşın karvanı ilə maraqlandıq. Dedilər ki, Kür - Araz ətrafı rayonlarda sel sularından əziyyət çəkənlərə göndərilən yardım maşınlarıdır. Düzü, həm təəccübləndik, həm də sevindik. Çünki iki saat qabaq rayon icra hakimiyyətində olarkən məlumat almışdıq ki, gecə güclü daşqın Daşkəsənin bir neçə kəndinin ev-eşiyini dağıtmış, 40-dan çox mal-qaranı aparmışdır. Özünün köməyə ehtiyacı olan rayon başqa bir rayona kömək göstərirdi... Bu, daşkəsənliləri xarakterizə edən cəhətlərdən biri idi.

 

 

Hamlet QASIMOV,

"Xalq qəzeti"nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 9 iyun.- S. 5.