15 İyun Milli Qurtuluş Günüdür

 

    Ulu öndər Heydər Əliyev milli mədəniyyətimizin xilaskarıdır

 

    Hər bir xalqın tarixində yadda qalan, unudulmayan günlər olur. 15 iyun Azərbaycanın tarixinə şərəfli təqvim kimi daxil olmuş və çox haqlı olaraq bu günü Milli Qurtuluş Günü kimi bayram edirik. Azərbaycanımızın bu gününün yadda qalan hadisəsi ulu öndərin öz xilaskarlıq missiyasına başlaması ilə bağlıdır. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu, ölkənin tarixində yeni bir mərhələnin başlanğıcı oldu.

    Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə bəyan etmişdir: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".

    Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən qüdrətli, müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, kəşməkəşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur.

    Ulu öndərə biz ona görə borcluyuq ki, bu böyük tarixi şəxsiyyət öz qayıdışı ilə müstəqilliyimizi xilas etdi. Bütövlükdə Azərbaycanımızı, onun milli dəyərlərini, mədəniyyətini xilas etdi.

    Biz o vaxt çox gənc idik. Mədəniyyət, incəsənətlə maraqlanırdıq. Təsəvvür edin, 90-cı illərin əvvəllərində ölkədə elə bir vəziyyət yaranmışdı ki, mədəniyyət, incəsənət barədə düşünmək belə mümkün deyildi. Ölkədə qanlı müharibə gedirdi. Erməni vandalları öz himayədarlarına arxalanaraq qədim mədəniyyətimizin beşiyi olan Qarabağda abidələrimizi dağıdırdılar.

    Ölkədə olan mədəniyyət müəssisələri fəaliyyətsiz qalmışdı. Kinoteatrlar, teatrlar, muzeylər, kitabxanalar işləmirdi. İşləyənlər , işləməsə ondan yaxşı idi. Rəssamlarımızın emalatxanalarında dayanmışdı.

    Yazıçı şairlərimiz bir növ fəaliyyətsiz olmuşdu, çünki nəşriyyat işi bərbad vəziyyətdə idi.

    Sənət adamları isə dolanışıq xatirinə başqa ölkələrə köçüb gedirdilər. Çünki Azərbaycanda haçansa yaradıcılıq mühiti formalaşacağına gümanları belə qalmamışdı. Amma insanların yeganə ümid yeri ulu öndər Heydər Əliyevin Azərbaycana qayıdışı idi. Bunu ən çox arzulayanlar da elə sənət adamları idi. Onlar yaxşı bilirdilər ki, mədəniyyəti, incəsənəti yüksək qiymətləndirən ulu öndər hakimiyyətə qayıtsa, Azərbaycan mədəniyyəti yenidən çiçəklənəcək, inkişaf yoluna düşəcək.

    Heydər Əliyev millətin taleyi üçün misilsiz əhəmiyyət daşıyan bütün fəaliyyət sahələrinə həmişə ciddi diqqət yetirən bir siyasətçi kimi tezliklə mədəniyyətin inkişafı üçün mühüm tədbirlər gördü. Ulu öndər respublikaya rəhbərlik etdiyi 70-80-ci illərdə keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarına axın-axın göndərdiyi gənclərin, ziyalıların, 1969-1982-ci illər ərzində respublikamızın təhsil, mədəniyyət, incəsənət sahələri üçün yaratdığı zəngin maddi mənəvi potensialın səfərbər edilməsi hesabına müstəqil dövlətimizdə mədəniyyətin tənəzzül vəziyyətindən çıxarılması uğrunda fəaliyyətə başladı. Tez bir zamanda cəmiyyətdə elm, təhsil mədəniyyət xadimlərinin rolu yüksəlməyə başladı.

    Yaradıcı ziyalıların respublikamızda aparılan quruculuq işlərinin müxtəlif sahələrinə cəlb olunmaları, əvvəlki şan-şöhrətlərinin, hörmət-izzətlərinin qayıtması mədəniyyətin, incəsənətin inkişafı üçün böyük stimul idi. Respublika sarayında keçirilən tədbirlərin birində professorlar dövlət rəhbərinə öz təşəkkürlərini belə çatdırmışdılar: "Biz ac qala bilərik, maddi məhrumiyyətlərə sinə gərə bilərik, ancaq ruhi, mənəvi qidasız yaşamaq bizim üçün hədsiz dərəcədə çətindir. Çox sağ olun ki, bizə yenidən ruhi qida verdiniz".

    Bəli, ziyalı cəmiyyətin milli-mənəvi simasını formalaşdıran ən kövrək həssas hissəsidir. Hər bir xalqın ən ağır tarixi anlarında onun milli mənliyinin qorunub saxlanmasında, millətin millət kimi özlüyünü hifz edə bilməsində ziyalıların, mədəniyyət, ədəbiyyat, elm incəsənət xadimlərinin əməyi böyükdür. Buna görə bir dövlət rəhbəri kimi Heydər Əliyev daim mədəniyyət xadimlərinin qayğısına qalmış, onlara himayədarlıq etmişdir.

    Tarix boyu Azərbaycanın şan-şöhrətini bütün ellərə yaymış, dünyanın mədəniyyət xəzinəsinə öz dəyərli töhfələrini səxavətlə bəxş etmiş dahi sənətkarlarımızın təntənəli yubileylərinin keçirilməsi, xalqımızın musiqi, kino, teatr ədəbiyyat bayramlarının, çoxsaylı festival mərasimlərin təşkili, bütün bu tədbirlərdə şəxsən iştirak etməsi ölkə başçısının mədəniyyət adamlarına, bütün ziyalılara böyük diqqət ehtiramının təcəssümüdür. Ömrünü sənətə həsr etmiş yaradıcı şəxslərin böyük bir qrupunun ötən dövrdə dövlət mükafatları ilə təltif olunması, onlara fərdi təqaüdlər verilməsi, iri məbləğdə maddi yardımlar göstərilməsi Heydər Əliyevin mədəniyyətə qayğısının bariz nümunəsi idi.

    Müstəqil dövlətimizin sükanı başında duran Heydər Əliyev mədəniyyətimizin yalnız dünənini bu gününü deyil, həmçinin sabahını da düşünürdü. Bir şəxsiyyət kimi fitri istedad sahibi olan Heydər Əliyev daim gənc istedadların tapılıb üzə çıxarılmasına böyük diqqət yetirir, onlara qayğı göstərir, sənət yollarında uğurlar qazanmaları üçün hər cür şərait yaradırdı. Heydər Əliyevin milli təəssübkeşliyi sayəsində Bakı az bir vaxtda təkcə Azərbaycanın deyil, bir məşhur yazıçının təbirincə desək, bütün Qafqazın mədəniyyət paytaxtına çevrilmişdir. Heydər Əliyev, hər şeydən əvvəl, əhalinin ən geniş kütlələrinin dünya incəsənətinin, musiqisinin ənənələri ən yaxşı nümunələri ilə tanış olmaları üçün şərait yaradılmasına böyük diqqət yetirirdi, çünki "yüksək incəsənət ilə təmas insanı həmişə zənginləşdirir, yüksəldir,onu daha yaxşı daha xoşbəxt edir".

    Heydər Əliyevin mədəniyyət siyasətinin təzahürüdür ki, dünya şöhrətli mədəniyyət xadimləri tez-tez şəhərimizin qonağı olur, Azərbaycanın dünya mədəniyyətinə inteqrasiyası üçün əllərindən gələni məmnunluq hissi ilə edirlər. Mstislav Rostropoviçin Bakı konservatoriyasında vaxtaşırı "ustad dərsləri" hazırlığı keçməyə razılıq verməsi Heydər Əliyevin böyük nüfuzu, milli ümumbəşəri mədəni dəyərlərin qorunub saxlanması sahəsində yorulmaz fəaliyyəti hesabına mümkün olmuşdur. Bundan başqa, Bakıya dəvət olunan xarici mədəniyyət ustaları xalqımızın zəngin mədəniyyətini dünyanın hər yerində təbliğ edir, mədəni sərhədlərimizi genişləndirirdilər. Respublikamızın iqtisadi çətinliklərinə baxmayaraq Heydər Əliyev ayrı-ayrı musiqi kollektivlərinin, mədəniyyət ocaqlarının fəaliyyəti üçün daim maddi imkanlar axtarırdı. Dövlət Simfonik Orkestri əməkdaşlarının, mədəniyyət xadimlərinin əmək haqlarının artırılması, Musiqili Komediya Teatrı binasının istifadəyə verilməsi, Milli Dram Teatrının əsaslı təmiri Heydər Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlərdəndir.

    Onu da nəzərə almaq lazımdır ki, mədəniyyət incəsənətin digər sahələrində çalışanların da əmək haqları 1994-cü ildən başlayaraq, bir neçə dəfə artırılmışdır. Ölkənin maddi rifahı artdıqca mədəniyyət xadimlərinə göstərilən dövlət qayğısı da yüksələn xətlə inkişaf edirdi.

    bu gün Azərbaycan Prezidenti, Heydər Əliyev ideyalarının layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına böyük qayğı göstərməsi nəticəsində bu sahədə çox uğurlu nailiyyətlər qazanılmışdır. Ulu öndərin adını daşıyan fondun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva mədəniyyətin inkişafı ilə bağlı çox əhəmiyyətli layihələrin reallaşmasını təmin edir.

    Heç təsadüfi deyil ki, Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olundu. Paytaxtımız bu missiyanı şərəflə yerinə yetirdi.

    Söz yox ki, ulu öndərin ideyalarından güc alan müstəqil Azərbaycan dövlətinin mədəniyyət siyasəti bundan sonra da davamlı olaraq inkişaf edəcək, milli-mənəvi dəyərlərimiz qorunub gələcək nəslə çatdırılacaqdır.

 

 

    Elçin ORUCOV,

    rəssam

 

    Xalq qəzeti.- 2010.- 9 iyun.- S. 4.