1993-cü il iyunun 9-da ümummilli lider Heydər Əliyevin Bakıya gəlməsi ilə tariximizin yeni bir mərhələsi başlandı

 

Məhz həmin gündən sonra insanların Qurtuluşa inamı, ümidi artmışdı

 

Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram.

 

Nikolay BAYBAKOV,

görkəmli dövlət xadimi

 

Çox qəribədir. 17 ildən sonra - 2010-cu ilin iyununda həmin günləri təsvir edən sətirləri qələmə alanda adamı yenə həyəcan bürüyür. Mən o illər ziyalılar, yaradıcı insanlar arasındaydım. Görüşdüyüm, həmsöhbət olduğum adamların hamısını üzən iki məsələ var idi: vətəndaş müharibəsi müstəqilliyin əldən getmək təhlükəsi. Doğrudur, həmin günlər problemlər, çətinliklər, xalqı təhdid edən amillər onlarla idi.

 

Ölkə iqtisadiyyatının tamamilə çökməsi, ərzaq çatışmazlığı, işləyən adamların əmək haqqı, işləməyənlərin pensiya ala bilməməsi, təhsil, elm, mədəniyyət və ədəbiyyatın sürətlə geriləməsi, silahlı birləşmələrin özbaşınalığı, xaos və anarxiyadan sui-istifadə edənlərin qoçuluğu, öz himayədarlarının dəstəyindən ruhlanan düşmənin getdikcə daha çox torpaqlarımızı işğal etməsi, ordudakı özbaşınalıq...Bütün bunlar problem idi. Özü də ağır problem. Ancaq həmin günlərdə görüşdüyüm ziyalıların hamısını daha çox narahat edən yuxarıda qeyd etdiyim kimi vətəndaş müharibəsinin başlanması və dövlət müstəqilliyimizin yenidən əldən getmək təhlükəsinin yaranması idi. Çox təəssüf ki, həmin dəhşətli anların reallaşması üçün cəmi bircə addım qalırdı.

Bu yaxınlarda ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə qələmə alınmış "Azərbaycanı dünyaya saydıran insan" adlı bir kitab oxudum. Kitabın 1993-cü ilin məhrumiyyətlər və məşəqqətlərlə dolu günlərini əhatə edən səhifələrində insanların o zamankı arzu və istəkləri barədə də çoxsaylı məktublardan seçilmiş sitatlar vardır. Füzuli rayonundan Əli Həsənov adlı bir soydaşımızın fikirlərində isə məhz bu günlərlə, qayıdışın ildönümü ilə səsləşən, səmimi bir vətəndaş narahatlığını, eyni zamanda, həmin üzüntülü narahatlığın içərisindəki inamı, ümidi, nikbinliyi görürük: "Respublikanın düşdüyü bəladan çıxarılmasının, onun regionlara parçalanmasının, vətəndaş müharibəsi və Qarabağ münaqişəsinin qarşısının alınmasının mümkünlüyünü ancaq Heydər Əliyevin ətrafında xalqın sıx birləşməsində görürəm. Azərbaycanın gələcək inkişafı yalnız Heydər Əliyevlə xalqın vəhdəti sayəsində təmin oluna bilər..." Məktubun müəllifi iqtisadçı olsa da, məsələlərə siyasətçi uzaqgörənliyi ilə qiymət verirdi. Bu nümunə xalqın həmin günlər haqqında düşüncələrinin və ən ağır gündə belə inamın, ümidin itmədiyinin təsdiqi idi.

Xalqın ölkə rəhbərliyinin çoxsaylı çağırışlarından sonra iyunun 9-da Naxçıvandan Bakıya gələn Heydər Əliyev, sözün həqiqi mənasında, müstəqilliyimizə yeni bir həyat verdi. Həmin həyat ilk öncə qeyri-maddi şəkildə, yəni insanların görməyəcəyi formada - ölkə əhalisinin ürəyində yarandı. Dərddən, kədərdən, qorxudan, üzləşdiyi özbaşınalığın dəhşətindən beli bükülmüş, təbəsssümü üzündə donmuş insanların qaməti düzəldi, üzünə təbəssüm qayıtdı. Bu, ümid, inam ifadəsi idi. İnsanlar inanırdılar ki, ölkədə yenə qüdrətli rəhbərlik olacaq. Xalq yenə öz dövlətinə inanacaq, arxalanacaq. Ulu öndərin qayıdışından sonra bu arzu istəklərin hamısı reallığa çevrildi.

Həmin günlər Qayıdışın Azərbaycan insanına bəxş etdiyi sevinc qədər böyük idisə, düşmənin qorxu təlaşı da bir o qədər çox idi. Erməni mətbuatı həmin günlərdə öz xalqının dövlətinin keçirdiyi hissləri bu şəkildə ifadə edirdi: "İndi Əliyev Bakıdadır başa düşmək lazımdır ki, hər halda orada qayda yaradılacaqdır". Yaxud, "Hazırda həqiqət bu cürdür: kim bu mənasız müharibədə qələbə qazansa, axır nəticədə bu mənasız qələbələrin əvəzini məhz o, artıqlaması ilə ödəməli olacaqdır. Çünki Heydər Əliyevin Naxçıvanda olması Ermənistan üçün Bakıda olmasından daha faydalı daha əlverişli idi".

Zaman göstərdi ki, Heydər Əliyevin Bakıya qayıdışını yeganə nicat yolumuz adlandıran soydaşlarımız da haqlı idilər, onun qayıdışından böyük təlaş qorxu hissləri keçirənlər . Ulu öndər paytaxta qayıdışından bir həftə keçməmiş ölkədə tökülən qardaş qanının qarşısını aldı. Vətəndaş müharibəsinə "yox" deyildi. Qısa müddət ərzində ölkədə siyasi sabitlik, bir neçə ay keçdikdən sonra isə cəbhədə atəşkəs əldə edildi. Məhz Heydər Əliyev siyasətinin nəticəsidir ki, Ermənistan bu gün dünyada gündən-günə təklənir, beynəlxalq dəstəkdən məhrum olur. Məhz həmin siyasətin nəticəsidir ki, İrəvan regiondakı bütün beynəlxalq iqtisadi layihələrdən kənarda qalmışdır. On ildən artıq bir müddətdə Ermənistana hər il külli miqdarda maddi vəsait böyük mənəvi dəstək göndərən dünya erməniləri indi artıq İrəvana ancaq ötəri olsa da mənəvi dəstək verməklə kifayətlənirlər. Diplomatiyası dalana dirənən, çökən mövcud imkanları yadelli qüvvələrin əlində olan Ermənistan rəhbərliyi qapı-qapı gəzib dilənmək məcburiyyətindədir. Çıxış yolunu Türkiyə ilə sərhədlərin açılmasında görürdülər. Həmin məsələ Qarabağ münaqişəsinin həll edilmədiyinə görə ermənilərin köməyinə çatmadı. Daha doğrusu, ermənilər öz işğalçı siyasətlərindən əl çəkə bilmədiklərinə görə iqtisadi bəlalar girdabından çıxa bilmirlər. Erməni qəzetçiləri haqlı idilər. Onları indi düşdükləri vəziyyətə salan Heydər Əliyev siyasəti, ulu öndərin müdrik uzaqgörənliyidir.

Böyük Qayıdışın möhtəşəm nəticələri təkcə Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi, ölkəmizin parçalanmasının qarşısının alınması, vətəndaş müharibəsinin dayandırılması ilə ifadə edilmir. Bu gün Azərbaycan regionun, Avropanın ümumilikdə dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilmişdir. Beynəlxalq təşkilatlar regiondakı bütün layihələrdə Bakının mövqeyini nəzərə alırlar. Ölkəmiz sosial-iqtisadi inkişafın tempinə görə dünya dövlətləri arasında liderlər sırasındadır. Respublikamız demokratik dəyərlərin bərqərar edilməsinə görə nümunə göstərilir. Ancaq mənim həmkarlarımın fikrincə, ulu öndər Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışı daha çox Azərbaycan mədəniyyətinin, təhsilinin, elminin, ədəbiyyatının, ən başlıcası ana dilimizin nicat tapması deməkdir. Bu, bir səadətdir ki, bu gün ölkə Prezidenti İlham Əliyev həmin ənənələri böyük uğurla davam etdirir.

 

 

Vəfa ƏLİYEV,

Azərbaycan Dövlət Mədəniyyət

İncəsənət Universitetinin dosenti

 

Xalq qəzeti.- 2010.- 9 iyun.- S. 4.