Milli mədəniyyətimizi
layiqincə təmsil etmək borcumuzdur
Möhtərəm Prezidentimiz İlham Əliyev qloballaşma şəraitində
milli-mənəvi dəyərlərin
qorunub saxlanması və inkişaf etdirilməsini vacib vəzifələrdən sayır
və bu yöndə göstərilən
səyləri daim təqdir edir: "Müstəqillik illərində
Azərbaycan xalqının
mənəvi potensialı
daha da zənginləşmiş,
milli mədəniyyət
və incəsənət
azərbaycançılıq məfkurəsi əsasında
inkişaf etmişdir".
Dövlət
başçımızın fəaliyyətində xalq
mentalitetinə, əxlaqi dəyərlərə hörmət prinsipinin
ön planda olması çox sevindiricidir. Azərbaycan rəhbəri
xalqın milli xüsusiyyətlərinin qorunub saxlanmasında ədəbiyyatın,
mədəniyyət və incəsənətin böyük
rolu olduğunu hər zaman xüsusi vurğulayır,
xalqımızın əsrarəngiz mədəni irsinin
dünya miqyasında təbliğini vacib sayır.
Azərbaycan mədəniyyətinin inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da xidmətləri danılmazdır. Məhz onun yorulmaz səylərinin nəticəsidir ki, YUNESKO daim Azərbaycan mədəniyyətinə böyük diqqət göstərir. İndi mədəni həyatımızda böyük canlanma yaranıb, səsimiz-sorağımız dünyanın hər yerindən gəlir. Fondun reallaşdırdığı fundamental layihələr dövlətimizin dünyada şöhrətini daha da artırır, beynəlxalq əlaqələrimizi daha geniş şəkildə möhkəmləndirir.
Mədəni həyatımızın təkcə paytaxt Bakıda və iri şəhərlərimizdə deyil, ucqar bölgələrdə də canlanması fərəh doğurur. Bizim Masallı rayonu bu baxımdan nümunə göstərilə bilər. Rayonumuzda 43 klub müəssisəsi, o cümlədən 1 rayon, 14 kənd mədəniyyət evi, 28 kənd klubu, 79 kitabxana, tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev muzeyi, rəsm qalereyası, mədəniyyət və istirahət parkları, 26 turizm obyekti, uşaq incəsənət məktəbi fəaliyyət göstərir. 117 tarix və mədəniyyət abidəmiz var. Klub və mədəniyyət evlərində 114 bədii özfəaliyyət kollektivi yaradılıb, həmin kollektivlərə 2600 həvəskar cəlb edilib.
Prezident İlham Əliyevin "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 6 mart 2007-ci il tarixli fərmanı ilə əlaqədar rayonun Heydər Əliyev muzeyində və Hişkədərə kəndində yerləşən tarix-diyarşünaslıq muzeyində xeyli iş görülüb.
Rayonumuzun mədəni həyatından danışanda öncə yada "Halay" xalq folklor kollektivinin düşməsi təbiidir. Əlli ildir ki, bu mahnı və rəqs ansamblı dünyanı gəzir, doğma Azərbaycanımızın zəngin və əlvan etnoqrafik mədəniyyətini layiqincə təbliğ edir. Kütləvi vokal-xoreoqrafiya janrını yaşadan "Halay" rayonun Mahmudavar kəndindən Ümbülbanu Cəbiyevanın tək ifada çıxışı ilə pərvazlanıb, tədricən böyük bir kollektivə çevrilib. "Qızıl buta", "Qızıl balta" beynəlxalq mükafatları, laureat medalları, diplomları var. Rusiya, Ukrayna, Belarus, İraq, Gürcüstan, Macarıstan və digər ölkələrdə "Halay" dəfələrlə konsertlər verib. Təkcə Türkiyənin 15 şəhərində çıxışlarımız olub. Ansambl haqqında filmlər çəkilib, kitablar yazılıb. İnişil Mahaçqala şəhərində folklor kollektivlərinin 3-cü beynəlxalq festivalında iştirak edən "Halay" Azərbaycanı uğurla təmsil edərək mükafatlara layiq görülüb. Həmin tədbir çərçivəsində təşkil olunan "Xalq kostyumu poeziyası" adlı milli libas festivalında qədim ənənəni daha yaxşı yaşadan kollektivimiz xüsusi diplom alıb.
Bakıda "Azərbaycan- doğma diyar" devizi ilə azsaylı xalqların 2-ci respublika incəsənət festivalında təqdim etdiyi maraqlı proqrama görə "Halay" yenidən fərqlənərək Mədəniyyət və Turizm Nazirliyinin diplomuna layiq görülüb.
Nazirlik və rayon rəhbərliyi tərəfindən daim qayğı və diqqət görən "Halay" bu himayəni cavabsız qoymur, hər yerdə xalqımızın, millətimizin başını uca etməyə çalışır. Aprel ayında Türkiyədə Türksoy xətti ilə keçirilən 2-ci beynəlxalq sərgi forumunda kollektivimiz 10 nəfərlik heyətlə layiqincə təmsil olunub. Ankara, Karaman və Aksaray şəhərlərində unudulmaz çıxışlarımız olub. Forumda Azərbaycandan xalçalar və təkəlduz nümunələri sərgilənməklə yanaşı, "Halay"ın Ankaranın Mehmet Akif Ersoy meydanında, Hamamönüdə, Ədalət Akademiyasında, unudulmaz xalq şairimiz Rəsul Rzanın 100 illiyinə həsr edilmiş tədbirdə, Karamanın Piri-Reis Kültür Mərkəzində, Aksaray Universitetində, Böyük Olimpiya Kompleksində konsertləri əsl coşğu ilə keçib. Mükafatlar, hədiyyələr, alqışlar qızları daha da ruhlandırıb. "Oyanış", "Karamanın səsi" və sair qəzetlər "Halay"ın möhtəşəm çıxışları ilə bağlı məlumatları manşetlərinə çıxarıblar.
Həmin ayın sonunda isə Bakıda keçirilən turizm sərgisində Masallı el sənətkarlarının hazırladıqları dulusçuluq nümunələri, həsirlər, sandıqlar, talış mətbəxinin təamları böyük maraq doğurub. Ətraf rayonların turizm xidmətçiləri üçün Masallıda 5 növ üzrə kurslar təşkil edilib, onlara sertifikatlar verilib.Yeri gəlmişkən əlavə edim ki, "Halay" kollektivi xarici səfərləri zamanı, bir qayda olaraq, sənətkarlarımızın əl işlərini də aparıb sərgilərə çıxarır, konsert fasilələrində hamını mətbəximizin ləziz yeməklərinə qonaq edir. Bütün bunlar nəticəsiz qalmır və xarici seyrçilər sənətimizi, milli mədəniyyətimizi yüksək qiymətləndirirlər.
Bu ay "Halay"ın 50 yaşı rayonumuzda təntənə ilə qeyd ediləcək. Dövlətimizin milli mədəniyyətin inkişafına göstərdiyi daimi qayğıdan ruhlanan kollektivimiz bundan sonra da Azərbaycanı layiqincə təmsil etmək əzmindədir.
Lətifə MÖVSÜMOVA,
Masallı Rayon Mədəniyyət və
Turizm Şöbəsinin müdiri,
əməkdar mədəniyyət işçisi
Xalq qəzeti.- 2010.- 9 iyun.- S. 8.