Nəsillərə yadigar qalan səs

 

    Azərbaycanın musiqi akademiyası adlandırılan Şuşa xalqımıza qədər istedadlar bəxş edib. Onları sadalamaqla qurtaran deyil. Amma bir neçələrinin adlarını xatırlamasaq, yəqin ki, qəbahət olar. Dahi Üzeyir bəy, Xan Şuşinski, Əbdürrəhim bəy Haqverdiyev, Soltan Hacıbəyov, Süleyman Ələsgərov, Rəşid Behbudov. Doğrudan da, elə bil bu torpağı Tanrı istedadlar yetişdirmək üçün yaradıb. Öz əvəzsiz səsi ilə uzun illər ürəkləri fəth etmiş Cabbar Qaryağdıoğlu da bu torpağın yetirməsi idi.

 

    Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır. Ölkə Prezidenti İlham Əliyevin Cabbar Qaryağdıoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam bu böyük sənətkarın yaradıcılığına verilən yüksək qiymətdir.

    Cabbar Qaryağdıoğlunu Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırırdılar. Onun oxuduğu muğam və xalq mahnıları indi də Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir. Şərqin vokal sənəti tarixində, geniş xalq kütlələri arasında Cabbar Qaryağdıoğlu ilə müqayisə edilə biləcək ikinci bir müğənni yoxdur. Onun adı dünya vokal sənətinin bir sıra görkəmli sənətkarlarının adları ilə yanaşı çəkilir. O, 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olmuşdur. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi. Uşaqlıqdan məhəllədən olan yaşıdları ilə "Qayabaşında", "Qırxpilləkəndə", "Ağzıyastı kahada" quzu otaran Cabbar saatlarla "Dəlikdaşın" üstündə oturaraq zümzümə edərdi. Sonralar bu zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb oldu.

    Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan "Segah"ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyur. O, major muğamları oxumaqda da mahir idi. Vokal ustalığı ilə nəinki dinləyicini heyran qoyur, eyni zamanda təsiredici ifaçılıq məharəti ilə onun fikrindən ayırır, kədərini, qəmini unutdururdu.

    Bu səs Tanrı vergisi idi. Onun "Heyratı"sını dinləyəndə adam bunu aydın hiss edir. Xanəndə "Heyratı" qrammafon valına 1906-cı ildə yazdırmışdır. Eyni zamanda xanəndənin repertuarına daxil olan "Ovşarı" muğamı da yüksək ifaçılıq məharətindən onun səsinin qeyri-adi gücündən xəbər verir. Təsadüfü deyildir ki, Cabbar Qaryağdıoğludan sonra bu günə qədər həmin muğamı hələ heç kəs oxumağa cürət etməmişdir.

    Onu "Şərq musiqisinin peyğəmbəri" adlandırırdılar. Doğrudur, Cabbar Qaryağdıoğludan əvvəl bizim musiqi tariximizdə Şahqulu, Mirzəhüseyn, Hacı Hüsü, Məşədi İsi, Səttar, Mirzə Məmmədhəsən, Əbdülbaqi, Bülbülcan kimi klassik xanəndələrimiz olmuşdur. Ancaq musiqişünasların fikrincə, onların heç biri xalq musiqisini Cabbar Qaryağdıoğlu qədər dərindən bilməmişdir.

    Azərbaycanda opera sənətinin meydana gəlməsində Cabbarın rolu əvəzsizdür. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olmuşdur.

    Cabbar Qaryağdıoğlu dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunmuş, öz gözəl ifası ilə onları məftun etmişdir. O, yaradıcı sənətkar idi. Bir muğamı 2-3 saat, bəzən isə böyük məclislərdə 4 saat belə oxuyardı. O, həm böyük sənətkar, həm qayğıkeş müəllim idi. O, şagirdlərinin qayğısına qalar, onlara səslərini qorumağı tövsiyə edərdi: "Səs gözəllik Allah vergisidir. Gərək onların qədrini biləsən. Birinci növbədə səsini qorumalısan. Yeməyinə, yatmağına fikir verməlisən. Xanəndə çox yeməməlidir. Qarınqululuq oxumağın düşmənidir. Gündə ən azı 10 saat yatmalıdır".

    Deyilənə görə, Cabbar Qaryağdıoğlu klassik ədəbiyyatı gözəl bilirmiş deyirmiş ki, əruzu bilməyəndən xanəndə olmaz. Cabbar Qaryağdıoğlunun tələbələrindən Xan Şuşinski həmişə fərəhlə qeyd edərdi ki, xanəndə olmağım üçün unudulmaz müəllimim Cabbar Qaryağdıoğluna minnətdaram. Seyid Şuşinski kimi görkəmli muğam ustası da məhz Cabbar Qaryağdıoğlunun tələbəsi olmuşdur.

    Cabbar Qaryağdıoğlunun böyük sənəti zəngin səsi dünyanın bir çox bəstəkarlarının, musiqişünas mədəniyyət xadimlərinin diqqətini cəlb etmişdir. Akademik Boris Astafyev, professor Yevgeni Braudo, bəstəkarlardan M.İppolitov, Vladimir Kor Georgixubov, Reynqold Qlier başqaları Cabbar Qaryağdıoğlu sənətinin vokal ustalığını yüksək qiymətləndirmişlər.Bu gün Azərbaycanın musiqi tarixində Cabbar Qaryağdıoğlunun adı böyük məhəbbətlə çəkilir. Onun sənətinin sirləri gənc xanəndələrə öyrədilir. Onun "Şahnaz"ı, "Qatar, "Heyratı"sı musiqi xəzinəmizin ən qiymətli inciləridir.

    Cabbar Qaryağdıoğlu konservatoriyanın ilk təşkilatçılarından biri olmuşdur. Şuşada 1906-ci ildə "Leyli Məcnun" tamaşasını səhnəyə qoyublarmış. Məcnun rolunu Cabbar Qaryağdıoğlu oynayırmış. Deyirdilər o, başına quş yuvası qoyubmuş. Yuvanın içində bülbül varmış. Cabbar Qaryağdıoğlu Leylinin qəbri üstündə hönkürəndə bülbül uçub gedibmiş.

    1965-ci ildə Moskvada nəşr olunmuş "Pesnya i muzıka Azerbaydjana" kitabında qeyd olunur ki, Cabbar Qaryağdıoğlu 1906-cı ildə Varşavada konsert verib. Bu konsertdən toplanan pul vəsaiti Zaqafqaziya müsəlman tələbələrinə paylanılıb. Bu müdrik xanəndə xeyriyyəçi kimi tanınırdı.

    O, Mərdəkan qəsəbəsində Yesenin Şalyapinlə görüşmüşdü. Aralarında müəyyən söhbət olmuşdu. Cabbar Qaryağdıoğlunun zil məlahətli səsi, geniş səs diapazonu onları heyrətə salmışdı. Yesenin Cabbar Qaryağdıoğlunu "Şərq musiqisinin peyğəmbəri" adlandırmış ona bir şeir həsr etmişdi.

    Cabbar Qaryağdıoğlunun şairliyi vardı. Bəstəkar kimi mahnılar da qoşurdu. Deyilənlərə görə o, bir dəfə İrəvanda bir toy məclisində oxuyurmuş. Məclisin qızğın vaxtında toy sahibi, daha doğrusu, qız atası xanəndədən xahiş edir ki, gəlini tərifləyən bir mahnı oxusun. O da həmin dəqiqə elə oradaca "İrəvanda xal qalmadı" adlı mahnı bəstələyib oxuyur. Toy sahibi çox razı qalır. Məclis xanəndəni alqışlayır...

    XX yüzilliyin əvvəllərinədək Azərbaycan xanəndələri farsdilli şeirlərlə muğam melodiyalarını ifa etmək ənənəsinə riayət edirdilər. Bu ənənəyə görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu son qoydu. Onunla başlayaraq, muğamların Azərbaycan dilində ifası Azərbaycanda, eləcə Azərbaycan muğamlarının çox geniş populyarlığa malik olduğu bütün Güney Qafqazda ənənəyə çevrildi.

    Bu gün ölkəmizdə muğama, bu sənəti yaşadan sənətkarlara böyük diqqət qayğı var. Son illər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi diqqət xalqımızın zəngin mənəvi xəzinəsi olan muğamın inkişafı təbliği üçün geniş imkanlar açmışdır.

    Xalqımızın Cabbar Qaryağdıoğlunun 150 illik yubileyinə hazırlaşması da dövlətimizin, onun başçısı cənab İlham Əliyevin bu sənətə göstərdiyi qayğının nəticəsidir.

 

 

    M.MÜKƏRRƏMOĞLU

 

    Mədəniyyət.- 2010.- 10 iyun.- S. 7.