Bakı
məktəblərində ekologiya dərsləri
Azərbaycandakı Amerika Ticarət Palatasının təşəbbüsü
və "Ekol Mühəndislik Xidmətləri" QSC-nin təşkilatçılığı
ilə Bakı şəhərinin məktəblərində
ekoloji maarifləndirmə tədbirləri
keçirilmişdir. Birgə layihə barədə məlumat
verən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin
baş direktoru Ramil Əliyev bildirdi:
- XXI əsrdə Azərbaycan da ekoloji problem
qarşısındadır. Uzun illər Azərbaycanda neft-kimya
sənayesinin sovet proqramları əsasında qurulması,
ekoloji məsələlərə diqqət yetirilməməsi
respublikamızın hava, su hövzələrinin və torpaq
sahələrinin çirklənməsinə, ölkəmizin
fauna və florasının sürətlə pisləşməsinə,
əhalinin sağlamlığının təhlükə
altında qalmasına səbəb olmuşdur.
Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi:
"ekoloji tarazlığın bərpa edilməsi, ekoloji tədbirlərin
görülməsi, ətraf mühitin qorunması həmişə
beşinci, onuncu dərəcəli məsələ kimi
gündəlikdə dayanırdı". Respublika ərazisinin
20 faizinin erməni işğalçıları tərəfindən
zəbt edilməsi isə ekoloji vəziyyəti pisləşdirmişdir.
Bütün bu çətinliklərə baxmayaraq hələ
sovet rejimi dövründə Azərbaycana rəhbərlik
etmiş ümummilli lider Heydər Əliyev bu məsələlərə
ciddi diqqət göstərirdi. 1993-cü ildə xalqın tələbi
ilə yenidən hakimiyyətə qayıdan dahi siyasətçi
başqa sahələr kimi ekoloji təhlükəsizlik məsələlərini
də nəzarətə götürdü, əhəmiyyətli
işlər görülməyə başlandı.
Ümummilli lider Heydər Əliyev siyasi məktəbinin
yetirməsi və layiqli davamçısı Prezident İlham Əliyevin
ölkəyə rəhbərliyi dövründə ekoloji
problemlərin həlli dövlət siyasətində yeni bir mərhələyə
yüksəldi. Ölkə başçısı 28 sentyabr
2006-cı il tarixli 1697 saylı sərəncamla "Azərbaycan
Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planı"nı təsdiq
etdi. Bu mühüm dövlət sənədi çərçivəsində
aidiyyəti qurumlar zəruri tədbirlərin həyata
keçirilməsinə başladılar. Son dörd ildə
bir çox vacib ekoloji məsələlər öz həllini
tapdı.
ARDNŞ və onun tabeliyində olan qurumlar da öz sahələrində
"Kompleks Tədbirlər Planı"nın icrasına
başlamış və bu gün də uğurla davam
etdirilir.
Şirkət ekoloji siyasətində respublikamızın
ekoloji vəziyyətinin yaxşılaşdırılması
istiqamətində irimiqyaslı layihələr həyata
keçirməklə yanaşı, ekoloji maarifləndirmə
məsələlərinə də geniş yer
ayırmışdır. Ümummilli lider Heydər Əliyevin
imzaladığı "Əhalinin ekoloji təhsili və
maarifləndirilməsi haqqında" Azərbaycan
Respublikasının qanununu əldə rəhbər tutaraq,
ARDNŞ ekoloji maarifləndirmə və təbliğat məsələlərinə
daha çox diqqət yetirir. Şirkət prezidentinin əmri
ilə tədbirlər planı təsdiq edilmiş, ekoloji təbliğat
və maarifləndirmə işlərinə start
verilmişdir.
Tədbirlər planına ARDNŞ-in əməkdaşları
üçün ekologiya üzrə seminarların təşkili,
beynəlxalq təşkilatlarla dəyirmi masaların
keçirilməsi, məktəblər, məktəbdənkənar
müəssisələr və mərkəzlərlə əməkdaşlığın
qurulması, uşaqlar üçün açıq dərslərin,
ekskursiyaların, iməciliklərin və müsabiqələrin
təşkili, keçirilən tədbirlərə ictimaiyyətin,
QHT və KİV nümayəndələrinin cəlb
olunması kimi məsələlər daxil edilmişdir.
ARDNŞ-in təsisçiliyi ilə yaradılmış
"Ekol Mühəndislik Xidmətləri" QSC 2008-ci ilin
sonundan bu tədbirlər planında qeyd edilmiş məsələlərin
həyata keçirilməsinə başlamışdır.
Ramil Əliyev daha sonra dedi:
- "Ekol Mühəndislik
Xidmətləri" QSC üzv olduğu Azərbaycandakı
Amerika Ticarət Palatasının təşəbbüsü
ilə "Ekologiya ili" çərçivəsində
may ayının 12-dən Bakı şəhəri məktəblərində
ekoloji maarifləndirmə aparır. İlk tədbirlər
paytaxtın Zərifə Əliyeva adına, 20, 23, 6 saylı
lisey-məktəblərini və "SOS uşaq kəndi"
internat məktəbini əhatə etmişdir. Bu layihə, məktəblilərin
mədəniyyətinin, onların dünyagörüşlərinin,
düşüncə tərzlərinin və yeni
davranış stereotiplərinin ekoloji cəhətdən
formalaşmasına yönəldilmişdir. Təqdim olunan əyani
materiallarla respublikamızın ekoloji vəziyyəti, problemlərin
həlli yolları, ölkəmizin təbii ehtiyatları,
alternativ enerji mənbələri, onlardan səmərəli
istifadə və digər ekoloji mövzular barədə
geniş məlumat verildi. Təqdimatlarda qeyd olundu ki, cəmiyyətin
elə bir sahəsi yoxdur ki, orada ekologiyanın prinsip və
qaydaları nəzərə alınmasın. Bununla belə,
ekoloji tarazlığın vacibliyi hələ tam dərk edilməmiş
və lazımı səviyyəyə
qaldırılmamışdır. Müxtəlif sosial,
maddi-texniki, hüquqi amillərin sırasında ekoloji təhsilin
və ekoloji mədəniyyətin aşağı olması təhlükəli
ekoloji durumun əsas səbəblərindəndir.
Məktəblilərin diqqətinə
çatdırıldı ki, özünün və
kainatın sirlərini dərk etməyin sonsuz arzuları ilə
yaşayan insan ümumbəşəri dəyərlərdən
hesab edilən ekologiya məsələlərinə münasibətində
dəyişiklik etməli, ekologiyanın gələcək mənzərəsinin
təsvirini verməyi bacarmalıdır. Əminliklə
bildirilmişdir ki, ekoloji biliklərin hər bir insana
çatdırılması onun cəmiyyətdə tutduğu
mövqedən asılı olmayaraq həyat fəaliyyətinin
bütün sahələrində təbiətə münasibətdə
düzgün mövqedə durmasında xüsusi rol oynayacaq.
Ekoloji biliklər hər bir kəsin mədəniyyətinin və
dünyagörüşünün ayrılmaz hissəsi olacaq.
Bu isə cəmiyyətin, xalqın və ölkənin
sağlam həyatı deməkdir. Müsahibimiz sonda bildirdi: -
2010-cu ili ölkə Prezidentinin "Ekologiya ili" elan etməsinin
əsas məqsədi də ekoloji problemlərin ümumxalq
qayğısı olduğunu bütün səviyyələrdə
təsbit etməkdir. Bu prosesin həyata keçirilməsi təhsilin
bütün pillələrində ekoloji biliklərin mənimsənilməsinə
nail olmağı tələb edir.
Məktəblərdə keçirdiyimiz təqdimatları
şagird və müəllim heyəti böyük maraqla
qarşıladılar. Məktəblilərə cəmiyyətimizin
rəmzi hədiyyələri təqdim olundu. "SOS uşaq kəndi"
internat məktəbinə isə əlavə olaraq televizor hədiyyə
edildi.
Gənclərin ekoloji maarifləndirilməsi, məktəblərlə
qarşılıqlı əməkdaşlıq və
davamlı ekoloji tədbirlər keçirilməsi "Ekol
Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyətinin
əsas istiqamətlərindəndir.
Söhbəti yazdı:
R.TAHİR
Xalq qəzeti.- 2010.- 10
iyun.- S. 7