"Qlobal minillik prizi" beynəlxalq inşa müsabiqəsi

 

Təhsil Nazirliyində "Qlobal minillik prizi" beynəlxalq inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

 

Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq öncə tədbirin təşkilatçıları barədə məlumat verib. Nazir bildirib ki, mərasim Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Minilliyin Layihəsinin Azərbaycan bölməsi olan Azərbaycan Futuroloqlar Cəmiyyəti tərəfindən təşkil olunub.

Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğını xüsusi vurğulayıb, son illərdə Azərbaycan məktəbliləri, tələbələri və müəllimlərinin bir çox beynəlxalq, dünya səviyyəli olimpiada, müsabiqə və digər bilik yarışlarında ölkəmizi layiqincə təmsil etdiklərindən, yüksək nailiyyətlər qazandıqlarından söz açıb. Nazir əlavə edib ki, dünya və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri 11 qızıl, 28 gümüş, 60 bürünc olmaqla, ümumilikdə 99 medal qazanıblar. Əhalisinin sayının az olmasına baxmayaraq, qazandığı medalların sayına görə Azərbaycanın dünya ölkələri sırasında ilk onluqda olduğunu diqqətə çatdıran təhsil naziri hazırda bir sıra ölkələrin aparıcı universitetlərində müxtəlif mənbələr hesabına 10 mindən çox azərbaycanlı gəncin təhsil aldığını bildirib.

Sonra Misir Mərdanov Minilliyin 15 Qlobal Çağırışları üzrə "Qlobal minillik prizi" beynəlxalq müsabiqəsinin milli mərhələsi olan "Gələcək nəsillərlə üz-üzə" inşa müsabiqəsinin məqsədi barədə məlumat verib, bu müsabiqədə ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri və universitet tələbələrinin iştirak etdiyini açıqlayıb. "Qlobal minillik prizi" beynəlxalq müsabiqəsində ötən illərdə qazanılmış uğurlarla yanaşı, 2009-cu ildə əldə olunan nailiyyətlərdən söz açan təhsil naziri müsabiqə qaliblərinin adlarını iştirakçıların nəzərinə çatdırıb. Qeyd olunub ki, "Qlobal minillik prizi" beynəlxalq müsabiqəsinin 10 nəfər qalibindən 4-ü Azərbaycandan, 5-i Meksikadan, 1-i isə Cənubi Afrikadandır. Ölkəmizi təmsil edən Ayan Əliyeva ("Qadınların statusu" çağırışı üzrə), Aydan Xələfova ("Sülh və münaqişə" çağırışı üzrə), Şərqiyyə Məmmədova ("Dayanıqlı inkişaf" çağırışı üzrə), Lalə Həsənova ("İnformasiya və kommunikasiya" çağırışı üzrə) beynəlxalq münsiflər heyəti tərəfindən "Qlobal minillik prizi" müsabiqəsində I yerə layiq görülüblər.

Çıxışının sonunda nazir ölkəmizin Meksikadakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarova göstərdiyi dəstəyə görə minnətdarlıq bildirib, eləcə də qalibləri Azərbaycanı layiqincə təmsil etdikləri üçün təbrik edib və onlara yeni-yeni uğurlar arzulayıb.

 

Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova çıxış edərək ölkəmizdən olan nümayəndələrin son üç ildə bu müsabiqədə qaliblər sırasında olduğunu qeyd edib, eyni zamanda cari ilin mayında Mexiko şəhərinin məşhur Dieqo Rivera muzeyində keçirilən "Qlobal minillik prizi" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimindən söz açıb və qazanılan uğurun ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Sonra azərbaycanlı qaliblərin mükafatlandırılma mərasimi ilə bağlı süjet nümayiş olunub.

Mərasimdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkə Prezidentinin təhsil sahəsinə göstərdiyi xüsusi diqqəti qeyd edərək, Azərbaycan təhsilinin inkişafından söz açıblar. Çıxış edənlər Azərbaycan gənclərinin bilik yarışlarında mühüm yerlər tutmasını müsbət qiymətləndirib, gənclərimizin bilikli, yüksək intellektli yetişməsində belə müsabiqələrin xüsusi rolu olduğunu vurğulayıb və gələcəkdə də müvafiq istiqamətdə işlərin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Tədbirdə "Qlobal minillik prizi" müsabiqəsinin qalibləri çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə təşəkkür edib, Azərbaycanı hər zaman lazımi səviyyədə təmsil etməyə hazır olduqlarını bildiriblər.

Sonda müsabiqə qaliblərinə sertifikat və hədiyyələr təqdim olunub.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 10 iyun.- S. 7.