15 iyun - Azərbaycan dövlətinin və iqtisadiyyatının qurtuluş günü

 

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra qısa zaman kəsiyində milli dövlətçilik sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi və sosial-iqtisadi dayaqlarını möhkəmləndirərək beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövlətinə çevrilmişdir. Əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına və dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuşdur. Bu isə öz növbəsində, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandıraraq onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaratmışdır.

 

Təbii ki, ölkəmizin inkişafında harada yaşamalarından asılı olmayaraq bütün həmvətənlərimizin xüsusi rolu var. Bu gün onlar Azərbaycanla fəxr edir, onun uğurlarından qürur duyur və fərəh hissi keçirirlər. Məhz bu milli birliyə və dünya azərbaycanlılarının həmrəyliyinə nail olduğumuz üçün türk dünyasının dahi şəxsiyyəti, ümummilli liderimiz Heydər Əliyevə borcluyuq.

Məlumdur ki, azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Başqa sözlə desək, qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan - Heydər Əliyev olmuşdur.

Ümummilli liderin saf ideyaları hər zaman bizimlədir və bu dahi insan haqqında keçmiş zamanda danışmaq çox çətindir. Təəssüf ki, bəzən bu həyatın reallıqları ilə barışmağa məcburuq. Bütün bunlarla yanaşı, danılmaz həqiqətdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri, öz dövrünün dahi siyasətçisi, dünya siyasətinin tanınmış siması olub. Məhz bunun nəticəsidir ki, ümummilli liderin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanı dünyaya tanıtdı, onun müasir dünyada xüsusi yerini müəyyən etdi, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək bütün dünya azərbaycanlılarının vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi üçün möhkəm zəmin yaratdı. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə ulu öndər Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçdi. Xalqımızın dahi oğlu Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratdı və gələcəyə aparan uzunmüddətli uğurlu strategiyanı müəyyən etdi.

Heydər Əliyevin dövlətçilik proqramında azərbaycançılıq məfkurəsi ilə bağlı diqqəti bir də məhz belə bir cəhət çəkir ki, burada mənəvi, bədii, habelə iqtisadiyyat, sənaye, tikinti və təsərrüfatdakı böyük nailiyyətlərlə güzərandakı elliklə yaxşılaşma və kütləvi ruh yüksəkliyi birləşərək vahid axarda gerçəkləşib.

Xalqımızın son otuz illik tarixi məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur. Hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının I katibi vəzifəsinə təyin olunmuş Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarmışdır. Hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər I katib işləyərkən, istərsə də ondan sonra İttifaq səviyyəli vəzifələrdə çalışarkən hər zaman Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutan Heydər Əliyev dəfələrlə öz sinəsini sipər kimi qabağa verərək xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində oturtmuşdur. Başqa sözlə desək, Azərbaycan xalqının keçmişi, bu günü və gələcəyi, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycanın xoş gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlarla bağlıdır. Bu addımlar həm müxtəlif dövrləri, həm də ayrı-ayrı istiqamətləri əhatə edirdi.

Onlardan biri də azərbaycanlı gəncləri gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasının qoyulması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi. Hakimiyyətə gəldiyi ilk günlərdən ulu öndər Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dilinə qayğı xüsusi olaraq diqqət mərkəzində idi. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər belə bir addım məhz gələcək müstəqil Azərbaycan dövləti naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, bütün böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri - bütün bunlar ulu öndər Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını da məhz ulu öndər Heydər Əliyev yaratmışdır. Son illərin sosial-iqtisadi, siyasi, mədəni və s. sahələrdə əldə edilən uğurları isə uzaqgörən xalqımızın öz inamında həqiqətən də yanılmadığını göstərir. Əgər dönüb arxaya, kəşməkəşli müstəqillik tariximizə, təlatümlərlə dolu illərə nəzər salsaq bir daha ümummilli liderin ucalığının şahidi olarıq.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra nail olduğu bütün uğurlar dahi Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev zəngin dövlətçilik təcrübəsindən yararlanaraq uçuruma yuvarlanan, böhranlar içində çabalayan, gələcəyini heç kimin aydın təsəvvür etmədiyi bir ölkəni xilas etdi. Azərbaycanın dünya birliyinin müstəqil bir subyekti olmaq hüququnu özünə qaytardı. 1993-cü ildən sonra dahi Heydər Əliyevin qətiyyəti sayəsində çətinliklə də olsa, müstəqilliyin ilk illərində obyektiv və ya subyektiv səbəblərdən ölkəyə vurulan yaralar sağalmağa başladı, Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr bağlandı. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin, beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmiş və köklənmişdir. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Ana Yasa - Konstitusiya qəbul olundu. Beləliklə də, ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ-hüquqi baza formalaşdırılmasına başlandı.

15 iyun - Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə həkk olunan bu tarix təkcə dövlətçiliyimizin xilası deyildi. 15 iyun həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Amma çox təəssüf ki, bu gün sözügedən tarixi hadisəyə yanaşmanın özündə qüsurlar ortaya çıxır. Bəs əslində o dövrdə nələr baş verirdi? 15 iyunda Azərbaycan xalqı nədən qurtulmuşdu? Bu suallara cavab tapmaq üçün həmin dövrə qısa bir ekskursiya edib bu tarixi hadisənin əsil mahiyyətini, onun siyasi, iqtisadi, mənəvi aspektlərini müəyyənləşdirmək lazımdır.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası SSRİ-nin tərkibindən çıxıb müstəqilliyini elan etdi. Bir əsrdə ikinci dəfə idi ki, Azərbaycan xalqı bu xoşbəxtliyi yaşayırdı. Əsrin əvvəlindən fərqli olaraq, bu dəfə müstəqilliyin ömrü əbədi olmalı idi. Bunun üçün isə çalışmaq, sözün həqiqi mənasında çox çalışmaq, lazım gələrsə vuruşmaq, ölmək lazım idi. Çünki bu müstəqillik ölüm, qan bahasına başa gəlmişdi və çox qurbanlar almışdı. Həmin dövrdə ölkədə vəziyyət get-gedə pisləşir, iqtisadiyyatın bütün sahələri sıradan çıxır, siyasi gərginlik artır, mənəvi aşınma baş verirdi. Siyasi fəaliyyətin mürəkkəbliyindən xəbərsiz, dövlətçiliyin, dövləti yaşatmağın nə qədər çətin olduğunu düzgün dərk etməyən səriştəsiz, bacarıqsız siyasətçilərin cəhdlərinin uğursuz olacağı elə ilk aylardan bəlli idi. Hakimiyyətə gəldikləri ilk gündən hər addımları nöqsanlı, hər çıxışları qüsurlu olan hakimiyyət komandası həm özlərini, həm də Azərbaycanı fəlakətə sürükləyirdi. Sovetlərin dağılmasından sonra düzəni pozulmuş dövlətin yeni düzəndə irəliləməsi üçün proqram, layihə və hər şeydən önəmlisi, düşünən beyinlərə ehtiyacı var idi. Amma bu beyinlər dövlət üçün düşünmürdü. Prezident Aparatı dövlətin idarə olunduğu ünvan olmaqdan çıxıb, şəxsi mübahisələrin, dava-dalaşların qaynar nöqtəsinə çevrilmişdi. Bunun fonunda ölkədə bütün istiqamətləri əhatə edən dərin böhran davam edirdi. İnflyasiya 1800 faizə çatmış, dövlət büdcəsinin kəsiri 100 dəfəyə qədər artmışdı. Ölkənin borcları durmadan artır, vətəndaşların əmək haqlarının və pensiyalarının dəyəri düşür, bahalaşma, aclıq baş alıb gedirdi. Ölkə vətəndaş müharibəsinin astanasında idi. Belə bir şəraitdə hakimiyyətdə olanlar dahi Heydər Əliyevlə məsləhətləşməyə ehtiyac duyaraq onu Bakıya dəvət etdilər. Düzdür, ulu öndər Heydər Əliyev hakimiyyət tərəfindən Bakıya dəvət edilsə də, bu təkcə o zamankı hakimiyyətin seçimi deyildi. Azərbaycan xalqının iradəsi bunu tələb edirdi, tarixi şərait hakimiyyəti buna məcbur edirdi.

Beləliklə, 1993-cü il 9 iyun tarixində Azərbaycan xalqının XİLASKARI Bakıya qayıtdı. Ümummilli lider Heydər Əliyev məhz belə ağır şəraitdə gəldi. 1969-cu ildə olduğu kimi yenə çiyinlərini çox çətin və şərəfli bir vəzifənin altına verdi. Amma indi 69-cu il deyildi. Ulu öndər Heydər Əliyev ilk növbədə Gəncəyə Surət Hüseynovla görüşməyə, qiyamı yatırmağa getdi. Dahi siyasətçi öz siyasi bacarığını ortaya qoyaraq başladığı işi tamamlamağı bacardı. Bu isə həm inkişafa mane olan, müstəqillik üçün təhlükə yaradan hallara son qoymaq, həm də sürətli və dinamik inkişafa nail olmağın başlanğıcı idi.

Qeyd olunduğu kimi, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərci-mərcilikdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr dağıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi və milli məhsulların xarici bazarlara çıxışının təmin olunması mühüm əhəmiyyət kəsb edirdi. Məhz belə bir dövrdə Azərbaycanın zəngin neft ehtiyatlarının mövcudluğunu nəzərə alan ümummilli lider Heydər Əliyev ilk vaxtlardan başlayaraq danışıqlar prosesinə ARDNŞ-in vitse-prezidenti, millət vəkili İlham Əliyevi də cəlb etdi. Beləliklə də cənab İlham Əliyev yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün dəfələrlə vurğuladığı bir ideya dururdu: "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir".

Hamımıza məlumdur ki, 20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalanmışdır ki, bununla da "Yeni neft strategiyası" uğurla həyata keçirilməyə başlandı. Bağlanmış müqavilələr Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi.

Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan və sonradan "Əsrin müqaviləsi" adlandırılan bu iri layihə üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün çox vacib məsələ idi. Təkcə bir faktı qeyd edək ki, 1995-ci ildən başlayaraq ölkə iqtisadiyyatında sabitlik yarandıqdan sonra ölkəmizə xarici investisiya qoyuluşu sürətlə artaraq 10 milyard dollara çatmışdır ki, bunun da 60 faizdən çoxu (6,1 milyard dollar) xarici kapitalın payına düşür. 1996-2001-ci illərdə ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin sayı 717-dən 1974-ə, müəssisələrdə çalışanların sayı təxminən 15 min nəfərdən 25 min nəfərə çatmışdır. Göstərilən müddətdə, eyni zamanda, xarici investisiyalı müəssisələrin ödədiyi vergilərin payı, cəmi vergi daxilolmalarında 9,3 faizdən 19,7 faizə yüksəlmişdir. Ümumilikdə isə 1996-2001-ci illərdə həmin müəssisələr vergi və sosial ayırmalar şəklində büdcəyə təqribən 600 milyon dollar, sosial fondlara isə 400 milyon dollara yaxın vəsait ödəmişlər.

"Əsrin müqaviləsi" üzrə hasil edilən Azərbaycan neftinin dünya bazarlarına ixracı üçün ilkin dövrlərdə buraxıcılıq qabiliyyətləri ildə 5 milyon ton olan Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərlərindən istifadə olunurdu. Lakin yaxın illərdə müqaviləyə daxil olan yataqlar üzrə illik hasilatın 50 milyon tona çatdırılacağını nəzərə alan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə daha böyük nəqletmə imkanına malik ixrac marşrutları araşdırıldı və optimal variant kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri seçildi. Məhz buna görə də layihənin həyata keçirilməsində fenomen siyasətçi Heydər Əliyevin əvəzsiz xidmətlərini nəzərə alan layihə iştirakçıları 2004-cü ildə BTC əsas ixrac boru kəmərinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etdilər. Beləliklə də "Üç dənizin əfsanəsi" adlanan BTC layihəsi reallığa çevrilərək xalqımızın maddi rifah halının yaxşılaşdırılması və doğma Azərbaycanımızın qüdrətlənməsinə öz töhfəsini verməkdədir.

Ümumilikdə neft strategiyası ilə sürət götürən inkişaf dinamikası sonrakı illərdə daha geniş formada davam etdirildi. 1995-1998-ci illər əsasən müvafiq normativ hüquqi bazanın yaradılması ilə yadda qalsa da, bu dövr həm də dövlət mülkiyyətinin özəlləşdirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi və s. istiqamətlərdə dövlət proqramları da qəbul edilmişdir. Bazar iqtisadiyyatı şəraitində iqtisadi inkişafın əsas amilinin özəl mülkiyyət və sahibkarlığın müxtəlif formalarının təşəkkül tapması olduğunu çox düzgün qiymətləndirən dahi şəxsiyyət Heydər Əliyev ölkədə stabilliyə nail olunan kimi sahibkarlığın inkişaf etdirilməsinə yönələn qərarlar qəbul etdi. Bu sahədə görülən işlərin əsl mahiyyətini qiymətləndirmək üçün ümummilli lider Heydər Əliyevin hələ 1996-cı ildə söylədiyi bir fikri yada salmaq məqsədəuyğun olardı: "Bir Prezident kimi mən iqtisadiyyatda dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara bərabərlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılması zəruridir. Bu, dövlət siyasətimizin əsas prinsipləridir". Məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkədə yerli sahibkarlıq fəaliyyəti ilbəil genişlənir, möhkəmlənir və dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevrilir. Artıq başlıca məqsəd bu mühüm sahənin inkişafını genişləndirməklə ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətini artırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün, dövlət başçısı möhtərəm Heydər Əliyev təkcə 2002-ci ilin avqust-sentyabr aylarında altı mühüm fərman imzalamışdır. Bu tarixi fərmanların qəbul edilməsi mahiyyət etibarı ilə ilk növbədə, ölkəmizin sosial-iqtisadi durumunun keyfiyyətcə yeni inkişaf mərhələsinə qalxmasında böyük potensiala malik milli sahibkarlığın qarşısında konkret vəzifələr qoyaraq onun həlledici rolunu daha da gücləndirdi. Məhz həmin dövrdə məqsədyönlü formada həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, artıq sahibkarlıq iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilərək istər məşğulluğun təmin olunması, istərsə də büdcə gəlirlərinin artırılması istiqamətində öz bəhrəsini verməkdədir.

Etiraf edilməlidir ki, ümummilli liderin titanik səyləri nəticəsində yaradılan bünövrə və müəyyənləşdirilən siyasət indiki dinamik yüksəlişin ilkin əsası rolunu oynamaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Bu gün gerçəyə çevrilənlərin əsası ümummilli lider tərəfindən qoyulan ideyalardır. Ona görə də gündən-günə yüksələn inkişaf dinamikası hər şeydən əvvəl ulu öndər Heydər Əliyevin siyasətinin və ideyalarının təntənəsi sayılmalıdır.

Lakin göstərilənlərlə yanaşı, ümummilli liderimiz Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərini nəzərə almadan, onun rəhbərlik manevrlərinin özünəməxsusluğunu və ən başlıcası, müasir dövrün tələblərinə uyğunluğunu lazımınca dəyərləndirmədən, Azərbaycanın müasir inkişafının amillərini bütün tamlığı ilə qavramaq qeyri-mümkündür. 2003-cü il prezident seçkisi ərəfəsində böyük öndər xalqa müraciətində sükanın İlham Əliyevə etibar olunmasını məsləhət bilirdi: "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin firavanlığı yolunda çoxlu işlər görəcəkdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm".

Ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyev ümummilli liderin müəyyənləşdirdiyi kursu yaradıcılıqla inkişaf etdirən siyasi xadimdir. Ulu öndər Heydər Əliyev siyasi kursunun Azərbaycan xalqına xoşbəxtlik gətirəcəyinə millətimizdə böyük inam hissi var. Azərbaycan ümummilli lider Heydər Əliyevin yolu ilə əbədiyyətə qədər inamla irəliləyəcək. Bu gün Prezident İlham Əliyevin xarici siyasətdə əldə etdiyi bütün uğurlar onun şəxsi müdrikliyi və diplomatiya bacarığı ilə bərabər, eyni zamanda ümummilli lider Heydər Əliyevin vaxtilə yaratdığı inkişaf strategiyasına söykənir. Ən böyük uğur isə ondadır ki, məhz son bir neçə ildə Azərbaycan dövləti regionun liderinə çevrilib. Prezident İlham Əliyevin ölkənin və ayrı-ayrılıqda regionların iqtisadi inkişafının sürətləndirilməsi üçün imzaladığı dövlət proqramları, bu proqramların icrasına şəxsən nəzarət etmək üçün bölgələrə səfərlər etməsi, xalqın içində olması onun yalnız ölkənin rifahı üçün bütün səylərini ortaya qoymasından xəbər verir. Bir sözlə, məhz ümummilli liderimizin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və böyük Heydər Əliyev yolu ilə inamla daha yüksək inkişafa doğru addımlayır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Nəhayət, 1993-cü ilin 15 iyununda Azərbaycan Respublikası Ali Sovetində keçirilən səsvermədə ümummilli lider Heydər Əliyev sədr seçildi. Bununla da Azərbaycanda yeni eranın başlanğıcı qoyuldu. Ulu öndər Heydər Əliyev dövlətçiliyi xilas etməli, möhkəmləndirməli, onu inkişaf etdirməli idi. Şərait çox mürəkkəb, görüləcək işlər isə çox idi. Zəngin idarəçilik təcrübəsi olan ulu öndər Heydər Əliyev çox gözəl bilirdi ki, hər şeyin kökündə sabitlik dayanır. Sabitlik olmayan yerdə qarşıya qoyulan heç bir məqsədə çatmaq mümkün deyil. Buna görə də dövlətin parçalanmasının qarşısını almaq qarşıda duran ən əsas məsələ idi. Ümummilli lider buna nail oldu, bütün qiyamlar yatırıldı, atəşkəs əldə edildi, güclü dövlət yaratmaq məqsədilə iqtisadiyyatı inkişaf etdirməyə şərait yarandı. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına - "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" kəlamına sadiq qaldı.

Heydər Əliyev dağılmaqda olan, parçalanan, yox olmaq təhlükəsinin bir addımlığında dayanan Azərbaycandan iqtisadi və siyasi müstəqilliyini təmin etmiş, dünyada söz və nüfuz sahibi, stabil, inkişaf edən Azərbaycan yaratdı. Təkcə elə bu səbəbə görə də onun Azərbaycan xalqının təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldiyi 15 iyun 1993-cü il tarixi Milli Qurtuluş günümüzdür.

 

 

İSA ALIYEV,

AMEA İqtisadiyyat İnstitutunun

direktoru, iqtisad elmləri doktoru,

professor,

 

AQİL ƏSƏDOV,

institutun şöbə müdiri,

iqtisad elmləri namizədi

 

Xalq qəzeti.- 2010.- 10 iyun.- S. 3.