Şirvan: vaxtında görülən
tədbirlər şəhəri subasma təhlükəsindən
qorudu
"Onu da xüsusi qeyd etməliyəm ki, indiki şəraitdə dünyanın müxtəlif yerlərində bu gün də davam edən təbii fəlakətlər müşahidə olunur. Qonşuluğumuzda, başqa qitələrdə daşqınlar, sel suları, leysan yağışları insanlara böyük problemlər yaradır və ölüm hadisələri çox geniş vüsət alıbdır. Ancaq Allaha şükürlər olsun ki, Azərbaycanda bu sahədə maksimum tədbirlər görüldü, biz insanları qoruya bildik. Onları vaxtında köçürə bildik. Fəlakətə məruz qalmış yerlərdə görülən operativ tədbirlər nəticəsində biz insanların sağlamlığını da maksimum dərəcədə təmin edə bildik.
Burada da bütün lazımi şərait yaradılıb, ərzaqla təminat yaxşıdır, gündə 3 dəfə isti yemək verilir, tibbi xidmət göstərilir və insanların bütün problemləri maksimum dərəcədə həll olunur. Əlbəttə ki, bu çöl şəraitində bunu təşkil etmək o qədər də asan məsələ deyildir. Amma nə mümkünsə biz bunu burada operativ qaydada edirik. İnsanların məskunlaşdıqları yerlərdə qərargahlar qurulubdur və lazımi tədbirlər görülür".
Prezident İlham ƏLİYEVİN mayın 11-də
daşqınlardan zərər çəkərək
Şirvan şəhərində çadır düşərgəsində
müvəqqəti məskunlaşan Sabirabad sakinləri ilə
görüşdən sonra keçirdiyi səyyar
müşavirədəki çıxışından
Şirvan şəhərini ətraf rayonların
"Kiçik Bakı"sı adlandıranlar, şübhəsiz,
yanılmayıblar. Hacıqabulun, Sabirabadın,
Saatlının, Salyanın, Biləsuvarın, eləcə də
digər rayonların əhalisinin bu şəhərlə
sıx bağlılığı var. Həm də bura
çoxlarının dolanışıq yeridir -
bağ-bostanı əkib-becərən, məhsul götürən
kənd əhalisinin də "malını"
"xırıd etməsi" üçün ən əlverişli
"bazar" Şirvan şəhəridir. Bir sözlə,
son dörd-beş ildə yenidən köhnə şöhrətini
özünə qaytaran, daha da abadlaşan, səliqə-sahmanı,
yaraşığı ilə göz-könül oxşayan bu
şəhər "əyalət paytaxtı"
funksiyasını çox gözəl yerinə yetirir və ədalət
naminə qeyd etmək lazımdır ki, buna da layiqdir.
Yağışların, sel sularının yaratdığı təbii fəlakət nəticəsində ev-eşiyini tərk etmək məcburiyyətində qalanların böyük əksəriyyətinin məhz Şirvan şəhərinə sığınması, dövlət tərəfindən burada çadır düşərgələrinin salınması, bu şəhərin "ağırlığa tab gətirmə iqtidarında" olmasından da xəbər verir. İndi yüzlərlə insan burada "müvəqqəti sakindir".
May ayının əvvəlindən başlayan təbii fəlakət Şirvan şəhərinə də təsir göstərməyə başladı. Əslində, elə təbii fəlakətin ilk "siqnalı" buradan - Bayramlı qəsəbəsindəki bəndin yarılması ilə başladı və hadisələrin sonraki xronoloji ardıcıllığı məlumdur.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, şəhər fövqəladə hallar komissiyasının sədri Samit Abıyev deyir ki, Kür çayında suyun səviyyəsinin qalxacağı barədə məlumat alan kimi müdafiə tədbirlərini gücləndirmək məqsədilə şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun sədrliyi ilə qərargah yaradıldı. Əlaqədar idarə və təşkilatların rəhbərləri, o cümlədən səhiyyə şöbəsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərləri bu qərargahın üzvləri oldular. Hazırlanmış qrafik əsasında bəndbərkitmə işlərinə, qrunt sularının çəkilməsi üçün tədbirlər həyata keçirilməyə başlandı. Aprel ayının 5-də qərargah tam şəkildə fəaliyyətə başladı.
Şəhərin Bayramlı qəsəbəsində, Hacıqəhrəmanlı, Kürkorpü, Çılpaqlı yaşayış massivlərində, 1 May, İ.Qayıbov küçələrində, eləcə də strateji əhəmiyyətli 1 saylı neft mədəninin, DRES-in şəhəri içməli su ilə təmin edən su-kanal idarəsinin ətrafında bəndbərkitmə işlərinə 50 ədəd özüboşaldan yük maşını, 8 ədəd traktor, 2 ədəd buldozer, 80 ədəd müxtəlif Şirvan nasosları, 1200 canlı qüvvə cəlb olundu. 170 min kisə torpaq vuruldu, 20 kilometr bənd bərkidilərək hündürləşdirildi.
Həyətlərdən qrunt sularının çəkilməsi üçün 6 ədəd suçəkən maşın, Fövqəladə Hallar Nazirliyinin 3 ədəd xüsusi texnikası, 16 ədəd nasosu və üç yüzə qədər əsgəri cəlb olundu.
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin 100-dən çox özüboşaldan yük maşını, 6 ədəd buldozeri, 12 ədəd traktoru, üç yüzdən çox canlı qüvvəsi bu işlərdə fəallıq göstərirdilər.
Məhz düşünülmüş addımların atılması nəticəsində Şirvan şəhərində subasma halları yaşanmadı, həyətlərdən yalnız qrunt suları keçdi. Məlum təbii fəlakətin Şirvan şəhərinə vurduğu ziyanın dəqiq məbləği hələ tam müəyyənləşdirilməsə də, bəlli olan budur ki, 890 həyəti qrunt suları basmış, 4 ev qəzalı vəziyyətə düşmüşdür.
Hadisələrin kritik həddə çatdığı məqamda qərargahın nümayiş etdirdiyi fəallıq nəticəsində Bayramlı qəsəbəsinin əhalisi qohum və yaxınlarının evlərinə köçsələr də, sonradan öz ocaqlarına qayıtdılar.
Təbii fəlakətin, eləcə də digər xoşagəlməz halların qarşısını almaq məqsədilə vaxtında önləyici tədbirlərin görülməsi nəticəsində Şirvan şəhərinə və onun əhalisinə dəyən maddi-mənəvi zərər minimumla ötüşdü.
Artıq iki aydan çoxdur ki, qərargah gecə-gündüz demədən öz fəaliyyətini uğurla davam etdirir.
Yerli mənbələrin verdikləri məlumata əsasən, hazırda Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində suyun səviyyəsi altı metr on santimetrdir. Əslində bu göstəricinin özü də təhlükəli vəziyyətin hələ də qalmasına işarədir. Ancaq önləyici tədbirlərin vaxtında və keyfiyyətlə alınması nəticəsində narahatlıq üçün heç bir əsas yoxdur, vəziyyətə nəzarət edilir.
Təbii fəlakətin qarşısının alınması üçün Şirvan şəhər rəhbərliyinin necə fəallıq nümayiş etdirdiyini bilmək üçün çox da uzağa getmək lazım deyil, mayın 11-də Prezident İlham Əliyevin keçirdiyi səyyar müşavirədə "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin həyata keçirilən tədbirlərlə bağlı dövlət başçısına verdiyi məlumatı xatırlamaq kifayətdir. Həmin məlumatdan bir hissə:
Cənab Prezident, bu sahədə işə ümumiyyətlə, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının bizə müraciətinə əsasən başladıq. Çünki onun müraciəti ona əsaslanırdı ki, Şirvanda "Cənub" elektrik stansiyasının tikintisində olduqca böyük bir qüvvə var, böyük xüsusi texnika işləyir, yəni onunla bağlı bizə müraciət etdi. Ayın 3-də birinci dəfə müraciət oldu. Biz dərhal reaksiya verdik, bir qədər texnika ayırdıq. Ayın 4-də yenidən müraciət etdi, texnikanın sayını artırdıq. Ayın 5-də isə biz tam şəkildə işə qoşulduq və Şirvan şəhəri ətrafında bənd salınması işlərinə başladıq. Bunun da nəticəsində əsas təhlükə gözlənilən Bayramlı və Hacıqəhrəmanlı qəsəbələrində görülmüş böyük bəndsalma işlərinə görə Şirvan şəhərinə, qəsəbələrə su daxil olmadı.
Göründüyü kimi, şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov həm vəzifə, həm də vətəndaşlıq borcunu əsas tutaraq vaxtında təhlükə barədə məlumat vermiş və tədbirlər görülməsi üçün kömək istəmişdi. Bu köməyin də nəticəsində, qeyd edildiyi kimi, Şirvan şəhərini və qəsəbələri su basmamışdır.
... Qızmar günəşin təsirindən qorunmaq, oturub dincini almaq üçün səliqə-sahmanı ilə göz oxşayan şəhər parkına üz tutdum. Qonşu oturacaqda əyləşmiş, yaşları şəhərin yaşından da çox olan üç-dörd piraninin söhbətləri istər-istəməz diqqətimi çəkdi. Dünyanın gəliş-gedişini müzakirə edən ağsaqqallar təbii fəlakətdən də danışdılar və Allaha şükür etdilər ki, doğma şəhərlərinə ciddi xəsarət toxunmadı. Onlardan birinin dedikləri indi də qulaqlarımda səslənir:
- Allah-Təala hər bir hərəkəti düzgün qiymətləndirir. Bunu bütün şəhərdə bilməyən yoxdur ki, Mərdan da (Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov nəzərdə tutulur) camaatla birlikdə gecə-gündüz Kürün üstündədi, suyun qabağını almaq üçün torpaqla doldurulmuş kisələrin daşınmasında da şəxsən iştirak edir. Bunu görən hansı şəxs ürəklə işləməz ki? Qurban olduğum hər şeyi görür və bilir axı. Nahaqdan deməyiblər ki, Allah hamıya ürəyinə görə versin...
Səməd HÜSEYNOĞLU,
"Xalq qəzeti"nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 10 iyun.- S. 5.