İstedadlı gənclərə qayğı göstərmək borcumuzdur

 

Gənclər bizim gələcəyimiz, sabahımızın qurucuları, müstəqilliyimizi qoruyan, demokratiyanı inkişaf etdirən əsas qüvvəmizdir. Gələcəyin qurucuları olan gənclərimizi kamil vətəndaş kimi yetişdirmək isə hər birimizin ali vəzifəsidir.

 

Bu baxımdan "Evrika" İstedadlı Gənclərə Yardım İctimai Birliyinin də (İGYİB) fəaliyyətini uğurlu saymaq olar. Belə ki, qeyri-hökumət təşkilatı olaraq "Evrika" İGYİB öz fəaliyyətini müvafiq istiqamətlərdə qurmuşdur. Təşkilatın fəaliyyətinin əsas istiqamətini gənc nəslin maarifçilik, ziyalılıq, vətənpərvərlik prinsipləri üzrə düzgün formalaşdırılması, onlarda intellektual səviyyənin qaldırılması, Azərbaycanın milli, mənəvi sərvətləri, tanınmış elm xadimləri və incəsənət adamları haqqında elmi biliklərinin artırılması, gənclərin təlim və tərbiyəsi ilə bağlı məsələlərin həllində humanitar məsələlərin və xeyriyyəçilik işlərinin təşkili, ekoloji durum haqqında biliklərinin genişləndirilməsi, xarici dillərin öyrənilməsinə istiqamətləndirilməsi, elm, təhsil və mədəniyyətin inkişafına dair təşəbbüslərdə gənclərimizin fəallığının artırılması və bu sahələrdə müvafiq işlərin aparılması təşkil edir.

İGYİB-in əsas fəaliyyəti də istedadlı gənclərlə bağlıdır. Elm, təhsil, mədəniyyət, texnika, idman və digər sahələrdə istedadlı uşaqların və gənclərin aşkara çıxarılması məsələsi davamlı şəkildə öz aktuallığını saxlayan problemlərdən biridir.

İGYİB üçün 2009-cu il uğurlu olub və faydalı əməklə bağlı bir sıra işlər həyata keçirilib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2008-ci ilin iyun ayında QHT- lər arasında elan etdiyi ilk müsabiqənin "İstedadlı gənclərimizin inkişafına dəstək olaq" adlı layihəsinin qaliblərindən biri İGYİB elan olunub. Bu layihə çərçivəsində istedadlı gənclərimizin aşkarlanması və onlar haqqında iki dildə məlumat kitabının hazırlanması istiqamətində işlər aparılıb. Təşkilat nümayəndələri yüzdən çox ali və orta təhsil müəssisəsində, elmi tədqiqat institutlarında, uşaq evlərində, yaradıcılıq mərkəzlərində, idman komplekslərində olmuş, istedadlı gənclərimiz haqqında məlumatlar tərtib etmişlər. Bu məlumatlar ingilis dilinə tərcümə olunmuşdur. Layihənin yerinə yetirilməsi zamanı əməkdaşlarımız 500-dən artıq gənc haqqında məlumat toplamışlar. Bu məlumatlar "Hamımızın bir Vətəni var - Azərbaycan" adlı 345 səhifəlik kitabda öz əksini tapmışdır. Layihənin əsas nəticələri xüsusi istedada malik gənclərimizin aşkarlanması və onların real potensialının müəyyən edilməsi, bu gənclərlə sıx iş birliyinin yaradılması, onların fəaliyyətinin ölkəmiz üçün daha faydalı, məqsədyönlü şəkildə qurulmasına dəstək olunmasıdır.

Layihənin Prezidentin 17 aprel 2006-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş "Xüsusi istedada malik olan uşaqların və gənclərin yaradıcılıq potensialının inkişafı" üzrə Dövlət Proqramının (2006-2010-cu illər) qəbul olunması və proqramdan irəli gələn vəzifələrin müvafiq Dövlət strukturları ilə, eləcə də qeyri-hökumət təşkilatları (QHT) ilə birgə həyata keçirilməsi istiqamətində də müsbət nəticələri olacaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının cari ildə elan etdiyi müsabiqədə İGYİB ekologiya ilə bağlı "Yaşıl dünya və biz" adlı layihəsi də bəyənildi. Sevindirici haldır ki, gənclərimiz yenidən müsabiqənin qalibi oldu. Qeyd etdiyimiz kimi bu il "Ekologiya ili" elan olunmuşdur. Həm QHT sədri, həm də ixtisasca kimyaçı kimi ekoloji problemlər məni, təbii olaraq, daha çox düşündürür və narahat edir. Təqdim etdiyimiz layihədə bir sıra ekoloji məsələlərin həlli ilə bağlı mühüm işlər nəzərdə tutulub.

1992-ci ildə BMT-nin təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində keçirilmiş beynəlxalq konfransda, 2002-ci ildə Yoxannesburq şəhərində keçirilmiş dünya sammitində qeyd edildiyi kimi, dünyanın gələcək inkişafı ilk növbədə ekoloji problemlərin necə həll olunmasından asılı olacaqdır. Respublikamızda da ekoloji siyasətə dair ilk sənəd kimi "Dayanıqlı inkişaf" prinsiplərinə əsaslanan "Azərbaycan Respublikasının Ekoloji konsepsiyası"nı qeyd etmək olar. Bu konsepsiyada respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər də öz əksini tapmışdı.

Bununla bağlı kimya elminin və kimyaçıların qarşısında da mühüm vəzifələr durur. Belə ki, "Green Chemistry" (yaşıl kimya) adlanan konsepsiya qəbul edilmiş və müddəaları müəyyən olunmuşdur. Hazırda kimyaçı alimlər bu müddəalardan irəli gələn vəzifələrə uyğun öz elmi-tədqiqat fəaliyyətlərini qurmağa çalışırlar. 2008-ci ilin 14-19 sentyabr tarixində Moskva və Sankt-Peterburq şəhərlərində keçirilən "2 İnternational IUPAC Conference on Green Chemistry" beynəlxalq konfransında da bu barədə məsələlər müzakirə edilmişdir. 2007-ci ildə iştirakçısı olduğum "XVIII Mendeleevskin Sezd po obşey i prikladnoy ximii" qurultayında da "Zelenaya Ximiya" adlı simpozium keçirilmişdir.

Əminəm ki, "Evrika" İstedadlı Gənclərə Yardım İctimai Birliyinə göstərilən etimad bu baxımdan da özünü doğruldacaq və yenə də müsbət nəticələrə nail olacağıq.

 

 

Reyhan ƏLİYEVA,

kimya elmləri namizədi,

"Evrika" İGYİB-in direktoru

 

Xalq qəzeti.- 2010.- 10 iyun.- S. 6.