Aşqabad
dünyanın ən qədim şəhərlərindən biridir
Türkmən arxeoloqları paytaxt Aşqabad yaxınlığındakı Aktəpə
adlanan şəhərcikdə yeni maraqlı arxeoloji
qazıntılar aparıblar. Onlar əldə etdikləri maddi dəllilərə
əsaslanaraq bəyan edirlər ki, qədim
türkmən tayfaları bu ərazidə
hələ bizim eradan
dörd min il əvvəl məskunlaşıblar. Əgər
alimlər öz fərziyyələrini sübut edə bilsələr, Aşqabadı,
həqiqətən, planetin ən qədim
şəhərlərindən biri hesab etmək olar.
Xatırladaq ki, bu vaxtadək məlum olan Dəməşq, İerirxon, Babil, Sidon kimi qədim şəhərlərin hamısı Yaxın Şərdə yerləşib. Aşqabadın həmin şəhərlərlə yaşıd olması, təbii ki, həm də türkmən tayfalarının bu ərazidə çox qədim dövrlərdən yaşadığını sübut edir.
Arxeoloji ekspedisiyanın rəhbəri Əvəz Gündoğdıyevin sözlərinə görə, Aktəpə ərazisində tapılan saxsı qabların ən azı 5-7 min yaşı var. O, bəzi alimlərin Aktəpə şəhərinin bizim eradan əvvəl II və I minilliklər arasında işğal nəticəsində viran qalaraq boşaldığı ilə bağlı fərziyyələri də təkzib edib. Ə. Gündoğdıyevin sözlərinə görə, Aşqabad şəhərində qədim vaxtdan bu günədək daim həyat olub.
Beləliklə, tükmən arxeoloqları köhnə Aşqabadın ən azı 8 min il yaşı olduğunu və buranın heç vaxt tam boşalmadığını bildirirlər.
Xatırladaq ki, müasir Aşqabad şəhəri rus hərbi qoşunları tərəfindən 1881-ci ildə İran sərhədində köhnə Aşqabadın 15-20 kilometrliyində salınıb.
Mahmud QƏZƏNFƏROĞLU
Xalq qəzeti.- 2010.-
10 iyun.- S. 7.