2010 - cu il Əhməd Yəsəvi
ilidir
Türk sufi
şeirinin ilk nümayəndəsi
2010-cu ildə bütün dünya Əhməd Yəsəvinin
900 illik yubileyini qeyd edir
Azərbaycan ədəbiyyatı tarixində Əhməd
Yəsəvinin həyat və
yaradıcılığının ətraflı öyrənilməsi
xüsusi əhəmiyyət kəsb edir. Türklər
arasında ilk təriqət qurucusu kimi tanınan Əhməd
Yəsəvi XII əsrdə Türküstanda
yaşayıb-yaratmışdır. Türküstanın Seyran
qəsəbəsində dünyaya göz açan şair 7
yaşına kimi bu kənddə yaşamış, atası
öləndən sonra bacısı ilə birlikdə Yəsə
kəndinə köçmüş, orada olarkən Arslan Baba
adlı mürşiddən dərs almış, təsəvvüf
elminin sirlərini öyrənmişdir. Bundan sonra təhsilini
davam etdirmək üçün Buxaraya gəlmiş Yusif Həmədani
kimi dövrünün görkəmli şeyxi və
imamından dərs almışdır. Az bir müddət ərzində
Yusif Həmədani kimi mütəfəkkirin rəğbətini
qazanmış, onunla birlikdə bir çox yerləri gəzərək,
islamı yaymağa müvəffəq olmuşdur.
27 yaşında pirini tapıb və
ondan irfan elminin sirlərini öyrənən şair bu elmin -
irfanın 4 mərhələsini keçərək həqiqətə
yetişmiş, Tanrıya çatmağın yollarına vaqif
olmuşdur.
O, Yusif Həmədaninin
üçüncü xəlifəsi olur və 1160-cı ildə
onun yerinə keçərək ətrafına çoxlu
müridlər toplamağa nail olur.
Sufı şairlərinin öz
pirindən dərs alması, onun dərgahında illər uzunu
qulluq edərək, onlara itaətdə olması faktlarına
Yunus Əmrə yaradıcılığında da rast gəlirik.
Yunus da illər uzunu mürşidi olan Tapdıq Əmrənin
dərgahına odun daşımış, qırx il
susmuşdur. Ancaq o şeyxi Tapdıq Əmrədən nəsibini
alan gün ilahilər söyləməyə başlamışdır.
Yunus Əmrənin "çiy idim, bişdim" deyimi "Mövlanənin "Xam idim, yandım, bişdim"kimi məşhur kəlamını yadımıza salır. Hər iki mütəsəvvüf öz sələfləri olan Əhməd Yəsəvinin "ateşe düşmeden pişdim ben" ideyasından qaynaqlanaraq, bəyani-hallarını oxucuya çatdırır.
Əhməd Yəsəvi Türkistan mütəfəkkiri olmaqla yanaşı, türklərə islamı məhz ərəb və farsca yox, türkcə öyrədirdi. Dünyanın hər yerinə yayılan hikmətlərini türkcə yazırdı.
Əhməd Yəsəvi həm ana tərəfdən, həm də atası tərəfdən böyük təriqətlə bağlı ailədən çıxmışdı. Onun anası Ayişə (ona Qarasaç Ana deyirdilər) Şeyx Musanın qızı olmuşdur. O, ata-anasını çox tez itirdiyindən bacısı ilə tək qalmışdır. Onun Arslan Babadan dərs alması, onun haqqında olan xurma əhvalatını Divani-hikmətdən öyrənirik. Rəvayətdə deyilir ki, bir gün peyğəmbərin əsabələri ac qalırlar və ondan möcüzə ilə yemək gətirməyi xahiş edirlər. Allah peyğəmbərin duasını eşidir. Cənabi Cəbrayıla əmr edir ki, cənnətdən bir qab xurma gətirsin. Cəbrayıl bir qab xurma gətirir. Bu zaman xurmanın biri yerə düşür. Peyğəmbərin buna təəccüb etdiyini görən Cəbrayıl bu xurmanın 500 il bundan sonra dünyaya gələcək Əhməd Yəsəvi adlı birisinə qismət olacağını söyləyir. O zaman bu əmanətin kim ona çatdıracağını soruşanda Arslan Baba bu işi yerinə yetirməyi ona həvalə etməsini söyləyir. Həzrəti Peyğəmbər xurmanı öz tüpürcəyi ilə isladaraq Arslan Babanın ağzına qoyur və Əhməd Yəsəvinin əlamətlərini, onu necə tapacağını başa saldıqdan sonra yola düşməyə icazə verir.
Əhməd Yəsəvinin yaradıcılıq yolu ilə bağlı məlumatı onun hikmətlərindən alırıqsa, şairin "Vücudnamə"sindən onun həyatındakı keçid mərhələlərin şahidi oluruq. Bildiyimiz kimi, həm klassik, həm də aşıq şeiri janrı olan vücudnamələr əvvəllər yalnız aşıq şeiri janrı kimi öyrənilmişdir. Aşıq şeirinin həm ruhi, həm də forma cəhətdən təsəvvüf ədəbiyyatına yaxınlığı bir çox aşıqların sufi rəmzlərindən geniş istifadə etdiyini nəzərə alsaq, vücudnamələrin aşıq ədəbiyyatına düşməsinin səbəbi aydınlaşmış olar.
Şair bu qayda ilə "beş yaşında belini bağlayıb ibadət və gecə-gündüz zikr etdiyini" deyərək artıq "altı yaşında insanlardan qaçdığını, göyə çıxıb mələklərdən dərs aldığını, 7 yaşında Arslan Babanı arayıb bulduğunu, haqqın sirlərini öyrəndiyini hikmətlərində qeyd edir. Səkkiz yaşında onun üçün səkkiz yana yol açıldığını hikmətlər söyləyərək başına nur saçıldığını, pirinin əlindən mey içdiyini, yəni, vəhdət şərabını içdiyini Allaha and olsun deyə - bildirir. Sonra isə şair bəyani-halını davam etdirərək "doqquz yaşına dolanda doğru yola", on yaşında dəliqanlı oldum, "Kul Xoca Ahmed" adı aldığın, xoca olandan sonra ibadətə başladığını hikmətlərində şeir dili ilə oxuculara çatdırır. Bu qayda ilə şair öz həyat yolunu bəyan edərək, 63 yaşında bir quyu qazıb, orada yaşadığını, o səbəbdən altmış üçdə girdim yerə", - deyərək həzrəti peyğəmbərə sevgisini bildirmək üçün, ondan sonra işıqlı dünyada yaşamadığına bir işarə edir. Peyğəmbərə olan məhəbbətini bu yolla bildirən şair bəzi məlumatlara görə ömrünün sonuna qədər orada yaşamış, 120 il ömür sürmüşdür. O, öləndən sonra həmin çilləxana ibadətgaha çevrilmişdir.
Bu qayda ilə şair 63 yaşına qədər həyat hadisələrini xatırlayır, sonda isə 63 yaşında yerə girdiyini deyir. Xalq arasında yayılan rəvayətə görə, Əhməd Yəsəvinin on minlərlə müridi olmuş, onlar dünyanın hər yerinə yayılaraq kafirləri haqq yoluna dəvət etmişlər. Həzrəti Məhəmməddən sonra Xocanı ikinci böyük şəxs hesab edən türkmənlər onun haqqında belə bir atalar sözü də işlədirlər. "Məkkə Mədinədə Məhəmməd, Türküstanda Xoca Əhməd". Tarixi mənbələrdən məlumdur ki, bir dəfə Toxtamışla müharibədə qələbə çalan Əmir Teymur döyüşdən əvvəl Əhməd Yəsəvini yuxuda görmüş, qələbədən sonra uçulub dağılan məqbərəsini təmir etdirərək, orada böyük bir məqbərə tikdirmişdir. Onun qəbri üzərində bu sözlər yazılıb: "Qeybin açarı ondadır, ondan başqa heç kim bilməz".
Məlum olduğu kimi, türk xalqlarının ədəbiyyatında ilk meracnaməni sufi şair, XII əsrdə yaşamış, yəsəvilik təriqətinin böyük nümayəndəsi Xoca Əhməd Yəsəvinin 3-cü xəlifəsi Süleyman Bakirqan yazmışdır. Merac mövzusu klassik ədəbiyyatda bir, təsəvvüf ədəbiyyatında başqa bir şəkildə işlənmişdir.
İstər real həyatda, istərsə də ruhən meraca qalxan Məhəmməd (ə.s) hər iki halda qərib və yetimlərin halından xəbərdar olur. Meracdan qayıdan peyğəmbər ilk öncə fağırların halını sorur, qəriblərin izini bulmağı özünə əsas vəzifə etdiyini deyir.
Qəriblik mövzusu təsəvvüf ədəbiyyatında daha çox canın (ruhun) bu fani dünyada qonaq olması ideyasına əsaslandığından sufi şairlərin bəzən əsərlərində dünyanı gəzmələri haqqında söylədikləri fikirlər müstəqim mənada başa düşülməməlidir. Bu səyahət çox zaman könül səyahəti, yəni ruhun səyahətidir ki, Tanrıya qovuşmaqda böyük rol oynayır. Şair qəriblik dedikdə özünü bu günahlarla dolu olan dünyada qərib saydığını nəzərə çatdırır. Ancaq onu da demək lazımdır ki, vəhdəti-vücudçu dərvişlər, xüsusi ilə də Xorasan, Rum dərvişləri diyar-diyar gəzib təriqət görüşlərini yayırdılar. Tarixi qaynaqlar da bunu göstərməkdədir.
Bu missiyanı yerinə yetirənlərdən biri də Əhməd Yəsəvi olmuşdur. Əhməd Yəsəvinin 16-cı hikmətindən məlum olur ki, o, həqiqətən Xorasan, Şam və İraqda olmuş, orada keçirdiyi qəriblik hisslərini belə bəyan etmişdir.
Şair bəzən özünün Türküstandan ayrılmasını "Yusifini ayırdılar oz Kənanından" deyirsə, doğulduğu yerin "Doğulduğum yer o kutlu Türküstan" olduğunu dönə-dönə vurğulayır. Şair qəribin illər uzunu hər hansı bir yerdə yaşamasından asılı olmayaraq, orada özünü bir qonaq hesab edir.
Qəriblik çəkən insanın hər bir maddi ehtiyacları ödənilsə də, onun "taxtı və baxtının zindan" olduğunu vurğulayır. Şair qəriblikdə olarkən "Arslan Babanın onu arayıb bulması, gizli olan sirlərdən agah olmasını" oxucuya çatdırır. Qürbət çəkən şairə haqq şeirlərinin agah olmasına Arslan Babanın yardımçı olduğunu dönə-dönə vurğuladığını görürük. Hətta o, "Allaha həmd olsun" deyərək, babasının ruhunun onu qürbətə salmasından söz açır.
Şair bu hikmətlərinin sonunda məzarının məhz Türküstanda olacağını bildirməklə, oz vətəninə qayıtmasını oxucuya çatdırır. Bundan başqa, şair hər anda qəriblərə "dost olmağı" təkrar-təkrar vurğulayır.
Ola bilsin ki, Əhməd Yəsəvinin də qəriblərə münasibətilə bağlı olan şeiri onun özünə qarşı ünvanlanan bir müraciət formasıdır. İnsanları "qəriblərə məlhəm olmağa", "onların halını sormağa" çağırır.
Təsəvvüf ədəbiyyatının formalaşmasında sufi sairlərin böyük rolu olmuşdur. Sufilik yolunu tutanlar həm də sözün həqiqi mənasında ilahi eşqə mübtəla olan aşiqlər idi. Belə ki, onlar "haqq ilə haqq olan"lar idilər.
Beləliklə, Əhməd Yəsəvinin həm dünyagörüşündəki, həm də yaradıcılığındakı mövzu və ideyaların sonrakı sufi şairlərə böyük təsiri olmuşdur. Bu mövzular sonralar öz dairələrini genişləndirsə də, ilkin qaynağını Əhməd Yəsəvi yaradıcılığından götürülməsi məlum olur. Əhməd Yəsəvinin hikmətləri zaman keçdikcə, araşdırıldıqca öz aktuallığını itirməməsinin səbəbi, ona bu qədər məhəbbətin olması, onun yaradıcılığının Qurani-Kərimdən bəhrələnməsi və onu təbliğ etməsi olmuşdur.
Xuraman HÜMMƏTOVA,
filologiya üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2010.- 11 iyun.- S. 7.