Heydər Əliyev - əsl
milli lider obrazı
Azərbaycan
xalqı əsrlər boyu bir-birindən ağır tarixi
sınaqlardan keçib və öz müqəddəratını
şərəflə həll edib. Millətin mübarizələrlə zəngin
ömürlüyündə qazancı da, itkisi də
azadlıq idealı kimi böyük olub. Vətənin
ikinci müstəqillik dövründə isə iki milli əhəmiyyətli
sınaqla üz-üzə gəldik və xalq yenə də
bu olduqca mürəkkəb məqamlarda son dərəcə
müdriklik nümayiş etdirdi.
İyirminci yüz ilin əvvəllərində
olduğu kimi, sonlarında da hadisələrin və gəlinən
qərarların arxasında millətin qüruru
dayanmışdı. Sovetlər birliyinin
dağılması ilə bir arada Azərbaycanın qürur və
qətiyyət sahibləri bütün vəziyyətlərdə
reallığı nəzərə alaraq öz
düşüncəsilə, iradəsilə hərəkət
edərək ürək sözünü dedi.
Ötən əsrin 90-cı illərində və bir qədər
əvvəl cərəyan edən hadisələr bütün
aydınlığı ilə bir həqiqəti üzə
çıxardı: ənənəsi olmadan mütəşəkkiliyin
və təşkilatlanmanın cəmiyyətdə
özünü doğrultması, müdafiə olunması
mümkün deyil. Həmin proses ictimai-iqtisadi, sosial əzablar
içərisində çətinlik çəkən cəmiyyətdə
mütləq əksəriyyətin dəstəklədiyi, qətiyyətli
şəxsiyyətin rolu olmadan yalnız uğursuz eksperimentlərlə
nəticələnə bilərdi.
1993-cü ilin iyun hadisələri baş
verərkən o vaxtkı iqtidar da, müxalif qüvvələr
də dəqiq anladılar ki, saxta cazibədar şüarlarla
özlərini cəmiyyətə sırımaq olmaz. Ona görə də idarəçilik səriştəsi
olmayanlar hərəkətlərinin
faydasızlığını başa düşərək
siyasi meydandan uzaqlaşdılar. Xalqın
istəyi, tələbi belə idi - dağılmaq təhlükəsində
olan dövləti iradəsi, təcrübəsi, nüfuzu
böyük olan bir şəxs idarə etməlidir. Hadisələrin sonrakı davamı onu
açıqca göstərdi ki, ümumiyyətlə, Heydər
Əliyevdən başqa Azərbaycanı təhlükəli
qovğadan qurtaracaq bir siyasətçi belə yoxmuş.
Biz bu tarixi yaşamışıq və
şükürlər olsun, Vətənə xidmət
üçün çox lazımlı təcrübə
toplaya bilmişik.
O vaxtdan illər, bir-birini tamamlayan mərhələlər
keçmişdir. Azərbaycanda vəziyyət
sabitliyə doğru kökündən dəyişmiş, təhlükələr
sovuşmuş, xaosa son qoyulmuşdur. Ölkə
hər cəhətdən seçdiyi inkişaf yolunun bəhrələrini
görməkdədir. Hüquqi dövlət,
demokratik cəmiyyət, bazar münasibətlərini əsas
götürən iqtisadi sistem bütün atributları ilə
qurulmuşdur. Bunlar ölkənin tərəqqisinə,
vətəndaşların yaşayış səviyyəsinin
yüksəlməsinə imkan verir.
Bütün ziddiyyətli
prosesləri ilə 1993-cü il müstəqil
dövlətçilik tariximizdə böyük
dönüş ili olaraq xatırlanır. O zaman çərçivəsində
cərəyan edən hadisələr dövlətçiliyimizi
və insanları ciddi sınaqlarla üz-üzə
qoymuşdu. Bu məqam hər şey və Azərbaycanın
taleyi demək idi. Artıq Gəncədə
qardaş qanı tökülmüş və cəmiyyət
demək olar ki, vətəndaş müharibəsinə
sürüklənmişdi. O vaxtkı iqtidarın səriştəsizliyi
ucbatından 4 iyundan başlayaraq ölkədə getdikcə
geniş miqyas alan anarxiyadan sui-istifadə
edən təcavüzkar Ermənistanın silahlı birləşmələri
də cəbhə xəttində həmlələrini gücləndirmişdi.
Bir sıra daxili və xarici düşmən
qüvvələrin dağıdıcı nəzərləri
Azərbaycana dikilmişdi. Yeni
yaranmış gərgin siyasi şəraitdə həmin
qüvvələr Cənubi Qafqaz regionundakı maraqlarını
perspektivi böyük olan Azərbaycanı parçalamaqla həyata
keçirmək niyyətində idilər. Bunun üçün artıq münbit ictimai-siyasi zəmin
yetişmişdi. Ancaq xalq bu təhlükələri
vaxtında duyaraq çətin situasiyadan, ağır imtahandan
maneələri yararaq alnı açıq çıxdı.
Millət öz düşüncəsi,
ağlı ilə hərəkət etmək istiqamətini -
xaosdan sabitliyə aparan yolu seçdi. Uzun illər Azərbaycana
rəhbərliyi dövründə onu öz əlləri ilə
qurub-yaratmış, iqtisadiyyatını və cəmiyyətini
inkişaf etdirmiş, bununla yanaşı, özü də
dünya şöhrəti qazanmış böyük siyasətçi
Heydər Əliyevə üz tutdu... Bu, mürəkkəb,
təhlükəli proseslərdən görünən ən
optimal çıxış variantı, alternativsiz seçim
idi. Və sonrakı hadisələr də
göstərdi ki, xalqın bu seçimdə qətiyyətliliyi,
iradəsi, yenidən öz unudulmaz rəhbərinə sədaqət
nümayiş etdirməsi, onun müdrikliyinə
tapınması ümumilikdə Azərbaycan dövlətçiliyinin
xilası kimi həyati məna kəsb edən bir missiyanı
şərtləndirmişdir.
1993-cü ilin 15 iyununa qədərki hadisələr
ölkədə hakimiyyətlə xalq arasında birliyin
olmamasını, dövlət idarəçiliyində
boşluğun hökm sürdüyünü sübut edirdi.
Yuxarı rəhbərlik eşelonunda tez-tez dəyişən
səriştəsiz kadrların başı kürsü
davasına qarışdığından dövlətin
müdafiəsi və idarə olunması məsələsi
tamamilə unudulmuş, bununla da hakimiyyətin yerlərdə
sosial-siyasi dayaqları sarsılmışdı. Orduda kök salmış korrupsiya, dövlət əmlakının
dağıdılması iqtisadiyyata ciddi zərbələr
vururdu.
Tarixi 15 iyundan sonra respublikanın ictimai-siyasi həyatında
bir canlanma, dövlətçilikdə böyük quruculuğun
əsasları müəyyənləşməyə
başladı və bu proses ötən illər ərzində
davamlı surətdə bir-birini əvəzləyən
uğurlarla müşayiət olundu. Heydər Əliyev
ilkin olaraq xalqı vətəndaş müharibəsi təhlükəsindən,
dövləti ağır siyasi, iqtisadi böhrandan qurtarmaqla həyati
dönüşə başlamağın
mümkünlüyünü yəqinləşdirərək
bu işdə böyük vətənpərvərlik, iradə
və zəka nümayiş etdirdi. Məhz
bu taleyüklü məsələlərin
reallaşmasından sonra bütün diqqət cəbhə xəttində
müdafiəyə və bununla yanaşı, iflic olmuş
iqtisadiyyatın reabilitasiyasına yönəldildi. Böyük Qurtuluşdan dərhal sonra xalqın
lideri daxili vəziyyətin stabilləşməsinin
qayğısına qaldı.
Tarixi təcrübə və
araşdırmalar da sübuta yetirdi ki, Heydər Əliyevin
geniş xalq kütlələrinin təkidləri ilə
hesablaşaraq Azərbaycan iqtidarına ikinci gəlişi təkcə
xalqın və müstəqilliyi təhlükələrdən
qurtarmaqla bitmirdi, onun etibarlı daimi müdafiəsini
reallaşdırırdı. Qurtuluş
geniş anlamda, xarakterinə görə, bütövlükdə
xalqın varlığı, mənəvi, ruhi, mədəni
mövcudluğu, sabahı ilə bağlı problemləri
özündə ehtiva edirdi.
Qurtuluş gününün Azərbaycan cəmiyyətinə
verdiyi töhfələr indi zaman keçdikcə dərindən
dərk olunur. Ən böyük nailiyyətlərdən
biri odur ki, Heydər Əliyevin Qayıdışı
dünyanın diqqətini Azərbaycana cəlb edə bildi və
bu mənada qısa zamanda ölkəmiz beynəlxalq iqtisadi
sistemə daxil oldu. Bu inteqrasiyanın 1994-cü ildə Qərbin
iri neft şirkətləri ilə imzalanmış məşhur
"Əsrin müqaviləsi" kimi böyük bir
başlanğıcı var. Xəzər hövzəsinin Azərbaycan
sektorunda zəngin enerji ehtiyatlarının işlənilməsi
ideyası dünyamiqyaslı kompleks iqtisadi layihələrin
birbaşa respublikamızla bağlanmasını real müstəviyə
çıxardı. Belə bir siyasətin sayəsində
iqtisadiyyatımızın daha yüksək formada təkamülünü
həyata keçirmək nəticə etibarilə Azərbaycanda
sabitliyin, ictimai təhlükəsizliyin dönməz xarakter
almasına güclü təsir göstərdi. İctimai qayda-qanun mühitinin, qanunçuluğun
aliliyinin bərpası ona imkan yaratdı ki, müstəqil
dövləti beynəlxalq aləmin hüquqi subyekti kimi
tanıdan, ictimai quruluşu müəyyən edən amillərdən
olan ilk Konstitusiya qəbul edildi. Və daxili, eyni zamanda,
xarici arenada çəmiyyətin həyatında həqiqi
azadlıq ab-havasının görünməsinə, iqtisadi,
elmi, mədəni, mənəvi potensialın
açılmasına, hüquqi baxımdan köklü dəyişikliklərin
yalnız inkişaf səciyyəsi daşımasına
böyük bir impuls verdi.
Böyük lider Heydər Əliyevə
görə, demokratizm amili dövlətçilikdə birincilərdən
olmaq şərtilə, dünya üçün xüsusilə
əhəmiyyət daşıyan anlayışdır. 1993-cü ilin ortalarından başlayaraq ölkədə
bütün demokratik prinsiplər bərqərar edilmiş,
insan hüquq və azadlıqlarına, siyasi plüralizmə
geniş imkanlar açan qanunvericilik bazası
yaradılmışdır. Bunu tez bir
zamanda, həm də Qərbin onilliklərlə
ölçülən demokratiya təcrübəsinin səviyyəsində
reallaşdırmaq artıq fövqəladə bir güc deməkdir.
Heydər Əliyev hər dövrü, hər mərhələsi
məktəb olan həqiqətən qeyri-adi bir ömür
yaşamış, yalnız mənsub olduğu Azərbaycan
xalqının, türk xalqlarının deyil, ümumən
dünya xalqlarının təsəvvüründə
özünün mükəmməl obrazını, aydın
cizgiləri ilə seçilən möhtəşəm
portretini yaratmışdır.
Heydər Əliyevi dövlət idarəçiliyi
məharətinə görə sələfləri ilə
müqayisə eləmək çətindir, çünki
onların heç biri bu sahədə böyük istedada malik
olmamış, bir sıra hallarda isə şəraitin
birbaşa əsirinə çevrilmişdir. Və bu isə
o deməkdir ki, həmin görkəmli şəxsiyyətlərin
rəhbərlik təcrübəsi tamamilə başqa tipli bir
rəhbər olan Heydər Əliyevə çox az şey vermişdir...
Sual olunur: Heydər Əliyevin böyük dövlətçilik
düşüncəsi, qeyri-adi ictimai-siyasi idarəçilik
məharəti (və ümumən zəmanəmizin
böyük türkünün əzəmətli şəxsiyyəti!)
hansı əsaslar üzərində formalaşıb
inkişaf etmişdir?..
Heydər Əliyev qədim türk torpağı olan
Naxçıvanda dünyaya gəlmişdir... Naxçıvanın
min illərlə ölçülən mürəkkəb, gərgin
bir tarixi var, bu torpaqda onlarla böyük türk
hökmdarının marağı, siyasəti, ehtirasları
toqquşmuş, qanlı vuruşmalar, qırğınlar
olmuşdur. Bugünkü
naxçıvanlıların dünyagörüşündə,
mənəviyyatında, əxlaqında çox-çox qədim
dövrlərin bir-birinin üstünə qalanmış,
süxurlanmış düşüncə mədəniyyətinə
rast gəldiyimiz kimi, dillərində,
danışıqlarında həmin qədimlikdə olan
türk leksikonunu, intonasiyasını görərsiniz.
...Naxçıvan kasıb yerdir, qışı soyuq,
yayı istidir. Və naxçıvanlıların
çörəyi, özləri demişkən, daşdan
çıxır... Görünür, sərt həyat tərzi
bu yerlərin əhalisinin, insanlarının xarakterinin
formalaşmasında az rol
oynamamışdır. Lakin
naxçıvanlılar bu kasıb torpağı əsrlər,
hətta min illər boyu canları bahasına qorumuşlar,
qurbanlar, şəhidlər vermişlər. Ona görə
də naxçıvanlıların nəzərində, yəqin
ki, Naxçıvandan gözəl bir diyar yoxdur...
Heydər Əliyevin qısa bir zamanda
qazandığı müqayisəyəgəlməz
ictimai-siyasi uğurların ən mühüm şərti,
heç şübhəsiz, onun qorxmazlığı, cəsarəti,
qranit kimi möhkəm iradəyə malik olmasıdır.
Azərbaycanda, ümumən keçmiş
Sovetlər İttifaqında Heydər Əliyevin həmin
xüsusiyyətləri barədə əfsanələr
dolaşır. Əlbəttə, məsələ
bu əfsanələrin reallığa nə dərəcədə
yaxın olub-olmamasında deyil, məsələ ondadır ki,
cəmiyyət, ictimai şüur Heydər Əliyevi əfsanəvi
şəxsiyyət kimi tanıyır. O, istər dövlət
təhlükəsizliyi orqanlarında, istərsə də Azərbaycan
Respublikasının bilavasitə rəhbərliyində
çalışdığı illərdə cəsarətli
qərarlar qəbul etmiş, həmin qərarları dönmədən,
heç bir maneəyə güzəştə getmədən
həyata keçirmiş, demək olar ki, bir dəfə də
sözündən dönməmişdir... Özündən əvvəlki
respublika rəhbərliyinin liberallığına, mərkəzdən
(Moskvadan!) asılılığına, şəxsi
rahatlığa meylli olmalarına qarşı Heydər Əliyev
əsl milli rəhbər obrazını qoymuş,bunu bütün kəskinliyi ilə təsdiq
etmişdir.
Heydər Əliyevin dövləti idarə
məharətinin formalaşmasında 50-60-cı illər həlledici
rol oynamışdır, məhz bu illərdə respublika rəhbərliyindəki
yüksəkliyi, eyni zamanda, ona imkan verirdi ki, sovet dövlətçiliyinin
həm məzmunu, həm də praktikasına dərindən bələd
olsun. Bu cür dərindən bələdlik
aşağı-yuxarı qırx yaşlarında olan,
artıq yetkin dövlət adamına birinci növbədə
kifayət qədər mürəkkəb sosial-siyasi mühitdə
fəaliyyətinin strategiyası ilə taktikasını
düzgün əlaqələndirmək məharəti
qazandırdı.
Heydər Əliyev Azərbaycan tarixinin ən müxtəlif
problemlərinin öyrənilməsinə, milli tarixi təfəkkürün
oyadılmasına xüsusi əhəmiyyət verdi, ixtisasca
tarixçi olan (o, Azərbaycan Dövlət Universitetinin tarix
fakültəsini bitirmişdir) Heydər Əliyev
üçün tarix yalnız "üzü keçmişə
siyasət" deyildi, həm də və bəlkə də
daha çox millətin öz həqiqi keçmişini dərindən
öyrənib gələcəyə hazırlıqlı getməsi
üçün bir məktəb, ilham mənbəyi idi. Azərbaycan xalqının mənşəyi,
formalaşması, Azərbaycan millətinin təşəkkülü
kimi mühüm tarixşünaslıq problemləri məhz
70-ci illərdə bütün elmi-ideoloji kəskinliyi ilə
qoyuldu, müşavirələr, müzakirələr
keçirildi. Və bu gərgin
axtarışlar heç bir elmi adı, alimlik dərəcəsi
olmayan Heydər Əliyevin bilavasitə, yaxud dolayısı ilə
rəhbərliyi altında gedir, vaxtaşırı ona məlumatlar
verilirdi.
Azərbaycana rəhbərlik etdiyi illərdə
yalnız Azərbaycan ictimaiyyəti deyil, ümumən sovet
ictimaiyyəti gördü ki, Heydər Əliyev təkcə
qorxmaz, cəsarətli, möhkəm iradəli bir rəhbər
yox, həm də müdrik, ensiklopedik məlumata, güclü
məntiqə malik, cəmiyyəti dərindən bilən, onu
bu və ya digər məqsəd uğrunda hərəkətə
səfərbər etməyi bacaran təşkilatçı
dövlət xadimi, yüksək səviyyəli ideoloqdur...
80-ci illərin ortalarında artıq Heydər
Əliyev sovet dövləti rəhbərliyində yalnız Azərbaycan
xalqının yox, ümumən türk-müsəlman
xalqlarının lideri idi, türk dünyasının həm
strateji, həm də taktiki problemlərini həll etmək
yalnız onun üzərinə düşürdü. Və Heydər Əliyev döyüşürdü.
...Deyəsən, Allah sovet türklərinə o qədər
də kiçik olmayan bir şans vermişdi. Qətiyyətli,
müdrik, enerjili türkün ətrafında birləşmək,
türklərin dağılmış hüquqlarını, səlahiyyətlərini
bərpa etmək, bəlkə də, mümkün idi. Lakin türk respublikalarının rəhbərlərində
bu dəfə də lazımi cəsarət olmadı. Rus şovinizmi isə ayaqda idi. M.Qorbaçov mənfur
"perestroyka" fırıldağına
başlamışdı... Heydər Əliyevin
qarşısında iki yol qalırdı: ya axıracan
döyüşmək, ya da öz karyerasını gözləyib
gicbəsər M. Qorbaçovun avantürist
sayıqlamalarını müdafiə etmək...
80-ci illərin sonu 90-cı illərin əvvəllərində
Azərbaycanda Heydər Əliyevin Vətənə dönməsinə
münasibət birmənalı deyildi: Moskvanın
"kadrlar"ı, hakimiyyətə can atan (lakin dövlət
idarəçiliyi sahəsində səriştəsiz)
qüvvələr, onlara qoşulmuş
"maraqlılar"... "qüvvətli
əl"dən (əslində "qüvvətli
baş"dan!) çəkinirdilər; geniş xalq kütlələri,
xüsusilə orta və yüksək ixtisaslı ziyalılar,
yazıçılar, mədəniyyət, elm xadimləri, əmin-amanlıq
tərəfdarları... isə təcrübəli dövlət
xadimini gözləyirdilər.
...Heydər Əliyev Azərbaycana ölkənin ümumən
məhv olmaq təhlükəsi altında olduğu zaman gəldi.
Və Azərbaycanı nəinki xilas etdi, onu həm
də türk dünyasının qabaqcıl məmləkətlərindən
birinə çevirdi. Bu gün Azərbaycan
haqqında danışmaq türk dünyası barəsində,
Heydər Əliyev haqqında danışmaq isə türk
böyüklərindən biri barəsində bəhs etmək
deməkdir. Müstəqillik əldə etmiş
heç bir (digər) türk dövlətinin
başçısı bu səviyyəyə, ümumən
türk dünyasının lideri olmaq səviyyəsinə gəlib
çatmamışdır...
Vaxtilə Prezident Heydər Əliyev birmənalı
şəkildə Azərbaycan insanına tövsiyə edirdi:
"Hər bir azərbaycanlı milli mənsubiyyətinə
görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı
- Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini yaşatmalıyıq"- deyərkən
O, bu zaman bütöv xalqın - azərbaycanlı superetnosun
harada və hansı vəziyyətdə olmasını, şəraiti
fərqləndirmədən ümumilikdə onlarda milli
duyğuların canlanması işinə bir iradəlilik,
sürət impulsu verirdi.
Quruculuğun ilk mürəkkəb dönəmlərində
və indiki inkişaf prosesində soydaşlarımızın
keçmiş tarixi vətənlərində, eləcə də
xidməti və sosial baxımdan bağlı olduqları
ölkələrdə təşkilatlanması dövlətimizin
qarşıya qoyduğu məqsədlərdən olmuşdur.
Bu baxımdan, artıq ənənəviləşmiş
effektiv həmrəylik siyasətin timsalında həmişə
azərbaycanlıların diaspor şəklində
formalaşması məsələsi öncül xətt olaraq
ideoloji-tarixi əhəmiyyətini həyat həqiqətinə
çevirmiş, qoruyub saxlamış və möhkəmləndirmişdir.
Zəngin dövlət idarəçiliyi təcrübəsi
(və potensialı) olan Azərbaycan Prezidenti türk
dünyasının birliyi üçün böyük
işlər görmüş, bu birliyin strategiyasını
hazırlamışdır.
Ulu öndərimizin türk kimliyinə bu
dərəcədə bağlılığı, təbii
başlanğıca istinad etmişdir. Heydər
Əliyevin dünya ilə ilk tanışlığı
türk düşüncə tərzinin hələ
üstün mövqeyə malik olduğu, "türk"
sözünün hələ tam yasaq edilmədiyi ötən əsrin
20-ci illərinin sonu 30-cu illərinin əvvəllərindən
başlanmışdır. O illərin inqilabi
coşğunluğu, ideoloji-siyasi təlatümləri təlim-tərbiyə
müəssisələrində, istər-istəməz milli
hisslərə güzəştə getməli olmuşdur. Heydər Əliyev də ilk təhsilini məhz belə
bir məktəbdə, bu güzəşti təmin edən
milli təfəkkürlü müəllimlərin rəhbərliyi
ilə almış, 30-cu illərin təbəddülatlı
ideyalar mühitində tərbiyələnmişdir. Türkçülük duyğuları da Heydər Əliyevdə
hələ erkən gənclik illərində
oyanmışdır.
Azərbaycan 1991-ci ilin oktyabrında
dövlət müstəqilliyini əldə etdikdən
sonrakı mərhələdə ümummilli liderimiz
türkdilli xalqlarla münasibətlərin genişləndirilməsi
vacibliyini böyük uzaqgörənliklə, müdrikliklə
önə çəkmişdir. Hələ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik
etdiyi dövrdə böyük öndərin ələlxüsus
Türkiyə ilə ən müxtəlif sahələrdə əlaqələrin
genişləndirilməsi istiqamətində atdığı
addımlar bunu bir daha təsdiqləyir. O ağır illərdə
ulu öndərimizin bilavasitə təşəbbüsü ilə
inşa edilən, Heydər Əliyevin "ümid
körpüsü, ümid yolu" adlandırdığı
körpü də türk dünyasından Türkiyəyə
doğru uzanan yollardan biri idi.
...Heydər Əliyevin türk dünyasının
problemləri ilə daha ardıcıl məşğul
olduğu mərhələ 1993-cü ildən, müstəqil
Azərbaycan Respublikasının prezidenti seçiləndən
sonra başlayır. İstanbulda İqtisadi Əməkdaşlıq
Təşkilatının 2-ci görüşünün
iştirakçılarına 5 iyul 1993-cü il tarixli
müraciətində Heydər Əliyev demişdi:
"İqtisadi Əməkdaşlıq Təşkilatı
ölkələrinin - Türkiyənin, İranın,
Pakistanın, Əfqanıstanın, Qazaxıstanın, Özbəkistanın,
Türkmənistanın, Qırğızıstanın,
Tacikistanın, Azərbaycanın istifadə edilməmiş zəngin
təbii sərvətləri, material ehtiyatları vardır.
Onlardan birgə istifadə olunması əsl müsəlman
intibahına çevriləcək, bütün bəşəriyyətin
inkişafına töhfə verəcəkdir"... Bu
müraciətdə türklük düşüncəsinin ən
azı üç tarixi əlaməti əks olunur:
1) ayrı-ayrı türk dövlətlərinin müstəqilliyinin
müdafiə olunması;
2) türk (və ümumən müsəlman)
dünyasının birliyinə
çalışılması;
3) həmin birliyin dünyada harmoniya
yaradılmasına xidmət etməsi ideyasının
müdafiəsi.
...Heydər Əliyev türk birliyinin möhkəmlənib
inkişaf etməsində Türkiyənin rolunu həmişə
yüksək qiymətləndirmiş, Türkiyə
Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal
Atatürkün tarixi fəaliyyətini dönə-dönə
dəyərləndirmiş, onu "iyirminci əsrin bəşəriyyətə
verdiyi böyük dühalardan" saymışdır.
Türk dünyasının fəxri, yaxud böyük
türklərdən biri Heydər Əliyevin portretini
böyük şəxsiyyətin aşağıdakı
sözləri tamamlayır: "Özünün yeni yüksəliş
dövrünü yaşayan çağdaş türk
dünyası bəşər sivilizasiyasına yeni misilsiz
nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir
çox türk cümhuriyyətlərinin bu sıraya
qoşulması türk dünyasının gələcəyinə
işıqlı ümidlər oyadır. İqtisadi,
siyasi və mədəni həyatın sıx telləri ilə
birləşməyə başlamış türk xalqları
yeni dünyanın mühüm amillərindən birinə
çevrilməkdədir".
... Dünyanı idarə etmək məsuliyyətini
öz üzərinə götürmüş beynəlxalq təşkilatlar,
siyasi xadimlər Qafqazdakı münaqişələrin həllində
Azərbaycan Prezidentinin nüfuzuna ümid edirdilər. Ona görə ki, Heydər Əliyev dünya ictimaiyyətinin
nəzərində belə bir böyük siyasi nüfuzu
qazanmışdır. O, dəfələrlə beynəlxalq
miqyaslı problemlərin müzakirəsində iştirak
etmiş, həlledici fikirlər söyləmişdir. Heydər
Əliyev yalnız Azərbaycanın, ümumən azərbaycanlıların
rəhbəri deyil, dünyanın gələcəyi
üçün məsuliyyət daşıyan böyük
ictimai-siyasi xadimlərdəndir... Lakin yer üzündə
mövcud olduqları müddətdə bir nəfər də
olsun normal düşüncəli dövlət xadimi yetirə
bilməyən ermənilərin xarakteri, münaqişəyə
qoşulma maneraları, ondan istifadə
"bacarıq"ları elədir ki, normal, müasir
düşüncə ilə onlara cavab vermək, prinsip etibarilə
mümkün deyil. Bu gün ermənilərlə
konstruktiv söhbət aparmaq üçün heç bir
şərait yoxdur. Elə bir adam, təskilat
tapmaq mümkün deyil ki, bu millətin adından
danışmaq səlahiyyətinə malik olsun,
özünü ermənilərin lideri olaraq sərbəst,
orta əsrlərdə formalaşmış erməni mifindən
azad hiss edərək ikitərəfli, yaxud çoxtərəfli
danışıqlar apara bilsin. Ona görə ermənilərlə
danışığın çox az
şey verəcəyini nəzərə alan Heydər Əliyev
bütün diqqətini müvəqqəti sülh şəraitində
Azərbaycan dövlətçiliyini sürətlə
inkişaf etdirməyə, düşmən üzərində
taktiki yox, məhz strateji qələbə qazanmağa
vermişdir. Doğrudan da yalnız Azərbaycanı deyil,
bütövlükdə dünyanı mənfur erməni mifindən
xilas etməyə artıq böyük ehtiyac vardır... Ermənilərin onlara sığınacaq vermiş, ərazilərində
dövlət yaratmaq üçün şərait
yaratmış azərbaycanlılara növbəti xəyanəti
dünya xalqlarına, dünya "əfkari-ümumiyyə"sinə
nə qədər tez çatsa, dünya onu gözləyən
fəlakətdən o qədər tez qurtaracaqdır.
Müasir Azərbaycan dövləti Heydər
Əliyevin rəhbərliyi ilə müstəqil həyatının
çətin, ziddiyyətli yaşantılarını
çoxdan geridə qoymuşdur. Demokratik
quruluşun mahiyyətini göstərən amillərin
gerçəkləşməsi sayəsində dövlətimiz
bu gün dünya birliyində layiqli yer tutur. Bayrağımız demək olar ki, bütün beynəlxalq
təşkilatlarda ucaldılmışdır. Millətimizin daxili potensialı, ictimai
düşünəsi ona imkan verir ki, Azərbaycan demokratizmi
heç də digər ölkələrin demokratizmindən
geri qalmasın.
Heydər Əliyev öz həyatından
artıq sevdiyi, əziz bildiyi xalqına dünyanın hörmət
bəslədiyi müstəqil Azərbaycan dövləti qoyub
getmişdir. Bundan böyük irsmi
vardır?! Əslində öndər millətə
yeni lideri tanıtmaqla, bu böyük irsi qorumağın yolunu
da göstərirdi.
Azərbaycanın dövlətçilik
tarixində Heydər Əliyev fenomeninin oynadığı
müstəsna rol bu gün birmənalı olaraq hamı tərəfindən
etiraf olunur. Xalq bu böyük şəxsiyyətin
qiymətini sağlığında verib - onu özünün
böyük rəhbəri, lideri, atası sayıb. Bu böyük şəxsiyyət millətinin
tükənməz sevgi və rəğbətini sağlığında
gördüyü işlərlə qazanıb. Azərbaycanın müstəqil dövlət kimi
mövcudluğu, qorunub saxlanılması, ölkədə
davamlı siyasi sabitliyin təmin olunması, iqtisadi yüksəlişin
və tərəqqinin başlanması məhz ulu öndərimiz
Heydər Əliyevin xidmətlərinin nəticəsidir.
Məhz bu böyük işlərin nəticəsində biz
indi azadlıq, sabitlik, təhlükəsizlik şəraitində
yaşayır, müstəqil Azərbaycanın gələcəyi
barədə çox nikbin qənaətdə ola
bilirik.
Azərbaycanın Heydər Əliyev kimi qüdrəti ilə
dünyada tanınan liderinin indiki mərhələdə siyasətini
davam etdirən Prezident İlham Əliyevi dost ölkələr
əməkdaşlıqda uğurların varisliyini təmin edəcək
bir siyasətçi kimi dəyərləndirib. Eyni
zamanda, biz bu realist qüvvələrin müsbət rəy və
mülahizələri ilə yanaşı, bəzən daxildə
müəyyən mürtəce, inkarçı mövqe ilə
rastlaşdıq. Amma bu narazı qism
geniş sosial bazadan məhrumdur. Onların
inkarçılığı həqiqətdən və
reallıqdan kənar olduğuna, sağlam fikri əks etdirmədiyinə
görə, ictimai rəyə təsir göstərmək
iqtidarında deyil.
Artıq Azərbaycanda milli birlik, sabitlik,
demokratiya bərqərar ediləndən sonrakı dövr
üçün sivil dəyərlərə geniş miqyasda
inteqrasiya olunmaq dövrü vüsət almışdır.
Ölkəmizin inkişafının, dünya
dövlətləri ilə əməkdaşlığının
strateji tərəflərindən biri də hazırda beynəlxalq
sülhün və təhlükəsizliyin qorunması məsələsidir
ki, Prezident İlham Əliyev bu sahədə də qətiyyətli
mövqedədir.
Prezident İlham Əliyev vətənpərvər,
dünyəvi təfəkkürü ilə, Azərbaycanı
yüksək mədəniyyətli, mənəviyyatlı
diyara çevirmək yolundadır. Dünya
tarixində millətlər zəngin nemətləri ilə
yox, məhz böyük mədəniyyətləri ilə
tanınırlar. Bu gün Azərbaycanda
yürüdülən siyasətin milli mahiyyəti və
professionallığı, çevikliyi bütün
inkişafı milli-mənəvi potensial üzərində
qurmağında təzahür edir. Heydər Əliyevin
bizə qoyub getdiyi zəngin irs,
formalaşdırdığı böyük dövlətçilik
ideologiyası elə bir bütöv kompleksdir ki, imkanlar
reallaşdıqca onun tərkib hissələri, məziyyətləri
də tədricən artır. Bu mənada, cənab İlham Əliyevin
təqdim etdiyi həyatın bütün sahələrinə
yönəlmiş inkişaf konsepsiyasının
tipologiyası keçmiş sovet respublikalarının
heç biri ilə müqayisə oluna bilməz...
Nizami CƏFƏROV,
Azərbaycan MEA-nın
müxbir üzvü,
Milli Məclisin mədəniyyət
məsələləri
komitəsinin
sədri
Xalq qəzeti.- 2010.-
11 iyun.- S. 4.