Azərbaycanla Türkiyə
arasında energetika sahəsində əməkdaşlıq
daha da genişlənir
Azərbaycan və Türkiyənin
dövlət və hökumət başçılarının
qarşılıqlı səfərləri
ölkələrimiz arasında
mövcud dostluq, qardaşlıq münasibətlərinin
getdikcə dərinləşməsinə,
müxtəlif sahələrdə
əməkdaşlığın inkişafına səbəb
olur. Təsadüfi deyil ki, bu səfərlər "bir millət, iki dövlət" olan Azərbaycan və Türkiyəni bir-birinə qırılmaz
tellərlə getdikcə
daha möhkəm bağlayır, regionda dostluq və əməkdaşlığa dair
bir nümunəyə,
örnəyə çevrilir.
Bu baxımdan Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin iyunun 7-də qardaş Türkiyəyə
işgüzar səfəri
diqqəti cəlb edir.
Təsadüfi deyil ki,
iyunun 7-də İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin
Türkiyənin dövlət başçısı Abdullah Gül
və qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla
görüşləri zamanı ölkələrimiz
arasında bütün sahələrdə münasibətlərin
inkişafından məmnunluq ifadə olunmuşdur. Azərbaycanla Türkiyə
arasında təbii qazla bağlı imzalanacaq sənədlərlə
ölkələrimizin energetika
sahəsində əməkdaşlığının
yeni mərhələyə
qədəm qoyacağı
vurğulanmışdır. Xatırladaq ki, Azərbaycanla Türkiyə
arasında energetika, eləcə də digər sahələrdə
əməkdaşlığın təməli möhkəm
və düşünülmüş
siyasətə əsaslanır.
Artıq uzun illərdir ki, iki qardaş ölkə arasında əməkdaşlıq uğurla
davam etdirilir. Azərbaycan və Türkiyə arasında energetika sahəsində əməkdaşlığa
dair sənədlərin
imzalanması, qlobal enerji layihələrinin reallaşdırılması istiqamətində
göstərilən birgə
səy dostluq və qardaşlıq münasibətlərinin daha
da dərinləşməsinə
gətirib çıxarmışdır.
Təkcə onu demək
kifayətdir ki, son illər qlobal, dünya səviyyəli enerji və nəqliyyat layihələrinin təşəbbüskarı
rolunda çıxış
edən Azərbaycan Respublikası bütün
bu layihələrin reallaşdırılmasında qardaş
Türkiyənin böyük
dəstəyinə və
gücünə
arxalanır. Məhz bunun nəticəsidir
ki, artıq dörd ildir ki, Azərbaycanda "Əsrin müqaviləsi"
çərçivəsində hasil edilən xam neft Heydər
Əliyev adına Bakı - Tbilisi - Ceyhan əsas ixrac boru kəməri
ilə qardaş ölkənin Ceyhan limanına, oradan isə tankerlər vasitəsilə dünya bazarına çıxarılır. Bundan əlavə, Xəzərin
Azərbaycan sektorundakı
"Şahdəniz" yatağından
çıxarılan təbii
qaz da Bakı
- Tbilisi - Ərzurum boru kəməri vasitəsilə Türkiyəyə,
oradan isə Yunanıstana və digər Şərqi Avropa ölkələrinə
ixrac olunur. Göründüyü kimi,
Azərbaycan malik olduğu karbohidrogen ehtiyatlarının dünya
bazarına çıxarılması
üçün ən
təhlükəsiz və
əlverişli marşrut
kimi Türkiyə Respublikasının ərazisinə
həmişə böyük
üstünlük vermişdir.
Bu da regionda əbədi
sülhün və sabitliyin təmin olunmasına, əməkdaşlıq
əlaqələrinin möhkəmləndirilməsinə
mühüm töhfələr
vermişdir. İyunun
8-də İstanbulda, "Çırağan"
sarayında Asiyada Qarşılıqlı Fəaliyyət
və Etimad Tədbirləri üzrə
Müşavirənin zirvə
toplantısında
çıxış edən
dövlətimizin başçısı
İlham Əliyev bu barədə demişdir: "Ölkəmizdə
başlanılmış və
uğurla həyata keçirilmiş müxtəlif
layihələr olduqca
geniş regional əməkdaşlıq üçün
möhkəm əsas yaradır. Mən xüsusən də enerji təhlükəsizliyinə
aid olan layihələri qeyd etmək istəyirəm. Həmin layihələr ilk olaraq boru
kəməri layihələri
kimi başlandı, hazırda isə bütün iştirakçılara
fayda gətirən çox mühüm regional əməkdaşlıq
nümunəsinə çevrilibdir".
Eyni zamanda, dövlətimizin başçısı Azərbaycanın
tarixi İpək Yolunun bərpasına mühüm töhfələr
verdiyini diqqətə
çatdıraraq hazırda
ölkəmizin iştirakı
ilə reallaşdırılan
Bakı - Tbilisi - Qars dəmir yolu layihəsinin Asiya ilə Avropanı birləşdirməklə
regionda yaşayan xalqlara rifah gətirəcəyini
vurğulamışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə
işgüzar səfərinin
əhəmiyyətini artıran
məqamlardan biri də, şübhəsiz ölkələrimiz arasında
bir sıra vacib sənədlərin imzalanması ilə bağlıdır. Xatırladaq
ki, səfər çərçivəsində Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti
arasında təbii qazın satışı və nəqli sahəsində Anlaşma Memorandumu, həmçinin
Azərbaycandan Türkiyəyə
və Türkiyə ərazisindən
təbii qazın satışı və nəqlinə dair Bəyannamə, Azərbaycanın
Sənaye və Energetika Nazirliyi ilə Türkiyənin Enerji və Təbii Sərvətlər
Nazirliyi arasında təbii qazın satışı və nəqlinə dair Anlaşma Memorandumu imzalanmışdır. Məlum
olduğu kimi, bu sənədlər "Şahdəniz" layihəsinin
ikinci mərhələsi
çərçivəsində hasil ediləcək qazın Azərbaycandan Türkiyəyə ixracını
nəzərdə tutur.
Azərbaycanla Türkiyə arasında
energetika sahəsində
əməkdaşlığın daha da möhkəmləndirilməsinə
xidmət edəcək
həmin sənədlərin
çox nəhəng
bir layihənin reallaşdırılmasına gətirib
çıxaracağını bəyan edən Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinə müsahibəsi zamanı demişdir: "Əgər
bu məsələnin
maliyyə tərəfinə
nəzər salsaq görərik ki, ilkin hesablamalara görə, bu layihənin həyata keçirilməsi üçün
20 milyard dollar sərmayə qoyulacaqdır.
Nəzərə alsaq
ki, 1995-ci ildən bu günə qədər Azərbaycanın
neft-qaz sektoruna 40 milyard dollar sərmayə qoyulubsa, görərik ki, bu, nə dərəcədə
böyük maliyyə
resursları tələb
edən layihədir. Digər tərəfdən,
bu layihənin icrası bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz potensialı tam şəkildə realizə
edilsin... Bu bizə imkan verəcək ki, 5 ildən sonra "Şahdəniz" yatağından
əlavə ən azı 16 milyard kubmetr qaz hasil
edilsin və nəql olunsun". Eyni zamanda, Azərbaycanın artıq çox güclü və şaxələndirilmiş qaz
ixracı infrastrukturunun
olduğunu bəyan edən dövlətimizin başçısı demişdir
ki, mövcud kəmərlərin genişləndirilməsi
Azərbaycana istənilən
istiqamətdə kifayət
qədər qaz ixrac etməyə imkan verəcəkdir. Bununla da ölkəmizə böyük həcmdə valyuta axını başlanacaq, Azərbaycanın
regiondakı və qitədəki mövqeyi xeyli güclənəcəkdir.
Elə iki ölkə arasında enerji sazişinin imzalanma mərasimindən sonra Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız
və Azərbaycanın
sənaye və energetika naziri Natiq Əliyev keçirdikləri mətbuat
konfransında da energetika sahəsində əməkdaşlığa təkan
verən bu sənədləri yüksək
qiymətləndirmiş, bir
sıra vacib məqamlara aydınlıq
gətirmişlər. Belə ki, türkiyəli nazir ölkələrimiz arasında təbii qaz məsələsi ilə bağlı uzun müddət davam edən müzakirələrdən söhbət
açaraq bildirmişdir
ki, danışıqların
əsas məğzini
"Şahdəniz - 2" adlandırılan layihənin
qiymət mexanizmi ilə bağlı 2008-ci ilin aprelindən tənzimlənməli
olan qiymətin razılaşdırılması, 2006-2017-ci illərdə istifadəyə
veriləcək "Şahdəniz
- 2" layihəsi və
tranzit tariflərinin müəyyən olunması
təşkil edirdi. Bununla bağlı, fikrini davam etdirən
T.Yıldız demişdir:
"Azərbaycan qazı
Türkiyə və Avropanın təbii qaza olan ehtiyacının
təmin olunması,
"Nabukko" layihəsinin
gələcəyi baxımından
olduqca mühümdür.
İmzaladığımız saziş bu istiqamətdə
işimizə xidmət
edir".
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev də Türkiyədə imzalanmış sazişi tarixi hadisə kimi dəyərləndirərək
bu addımın böyük qaz ölkəsi olan Azərbaycanın qardaş
Türkiyə ilə enerji əlaqələrini
gücləndirəcəyinə imkan yaradacağını
bildirmişdir. Qardaş Türkiyənin "Azəri
- Çıraq - Günəşli",
"Bakı - Tbilisi - Ceyhan"
və "Şahdəniz"
layihələrində fəal
iştirakını yüksək
qiymətləndirən N.Əliyev
yeni qaz sazişinin ölkələrimiz
arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini vurğulamışdır.
Göründüyü kimi, Azərbaycanla qardaş Türkiyə arasında əməkdaşlıq
əlaqələri getdikcə
dərinləşir və
bu istiqamətdə imzalanan hər bir sənəd ölkələrimizi bir-birinə
getdikcə daha çox yaxınlaşdırır. Bu isə ölkələrimizə
böyük iqtisadi faydalar və xalqlarımıza firavanlıq
gətiməklə yanaşı,
regionda əməkdaşlığın
möhkəmləndirilməsinə, dövlətlərin enerji
təhlükəsizliyinin təmin
olunmasına mühüm
töhfələr verir.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2010.- 11 iyun.- S. 3.