2010 - Ekologiya ili

 

    Əkiblər yemişik, əkək ki, yesinlər

 

    Hələ qədim zamanlardan bağ salmaq, gül basdırmaq, ümumiyyətlə yaşıllıq yaratmaq ata-babalarımızın adəti olub. Ağac əkmək, xüsusilə meyvə ağacı, tənək əkmək bolluq, şirinlik, mehribançılıq nişanəsi hesab edilib. Xalq inamına görə, həyətdə, yaşayış evinin ətrafında ağac əkilərsə, ailəyə xeyir-bərəkət, xoş güzaran qismət olar.

 

    "Barlı ağacın başına dolanarlar" fikri ilə ömür sürən ulularımız təbiətə, yaşıllığa, ağaca həyat mənbəyi kimi baxmış, ağac əkməyi, ona qulluq etməyi insanın doğuluşu və kamilliyi qədər müqəddəs saymışlar.

    Görün ulularımız nə deyiblər, "Ağacı arx qırağında ək ki, yıxılanda el-obaya körpü olsun", "Ağaclı kəndi sel basmaz", "Ağacı çox olan elin məzarı az olar"...

    Azərbaycanın qədim sakinləri torpağa toxum səpməyi, onu əkib-becərməyi həyatın pozulmaz qanunu sayırdılar. Hələ uzun əsrlər bundan əvvəl yaranmış "Avesta"da Zərdüşt əkinçiliyi, bağçılığı təbliğ etmiş, yaşıllığı gözəllik və həyat mənbəyi adlandırmışdı."Avesta"da deyilir: "Kim ki, əkir, o müqəddəs iş görmüş olur" Bu qədim yazılı abidədə el şənliklərində, toy və bayram günlərində hər adamın üç ağac əkib-becərməsi tövsiyə edilmişdir.

    Ağacların da insanlar kimi taleyində bir oxşarlıq mövcuddur. Hərəsinin öz adı, öz taleyi. Onlar da insanlar kimi "doğulur", torpağın bələyində bəslənir, boya-başa çatır, pöhrələri cavanlaşa-cavanlaşa qocalır, qocala-qocala dünyadan köçür.

    Qədim çağlardan bizim elimiz - Odlar yurdumuz bağçılıq-meyvəçilik diyarı kimi tanınıb. Xalqımız yüzillik ağacın da, körpə fidanın da bir övlad kimi qorunub qayğısına qalmış, qocaman ağacların yerini versin - deyə cavan qələmlər əkmiş, onların böyüyüb ərsəyə çatmasına qayğı ilə yanaşmışdır. Axı, ağac da insan kimi qulluq istəyir. Müdriklərimiz deyiblər: "Ağac əkmək, bağ salmaq hünər deyil, gərək onu qoruyub saxlamağı bacarasan, muğayat olasan". İllər boyu hər ağacın başına pərvanə kimi dolanmasan, səndən üz döndərər, barını görməzsən. Bağa baxarsan bağ olar, baxmazsan dağ olar".

    "Nə əkərsən, onu da biçərsən".

    Babalarımız həmçinin deyiblər: "Ağaca salam ver, axı o da canlıdır, saymazsan inciyər. Ağacın, otun, çiçəyin muradı var. Onları yaşıl vaxtı qırmaq olmaz. Bu vaxt onlar murad üstündə olurlar. Qıranda muradı gözündə qalır.

    Ulu Dədə Qorqud da öz alqışlarında "Kölgəlicə qaba ağacın kəsilməsin", - deyə öz igidini, yurddaşını alqışlamış, kölgəlicə qaba ağacın kəsilməsini" ən böyük qəbahət, düşmənçilik kimi qiymətləndirmişdir.

    Xalqımızın təfəkküründə ağacla bağlı inanclar da yaranmışdır. Novruz günü el-oba arasında ağacların bar gətirməsi üçün onları zamına götürmə adəti geniş yayılmışdı. Elə ki, Novruzun topu atıldı səhər erkən meyvə ağaclarının yanına gələrdilər. Ağacları qorumaq məqsədilə bir nəfər əlinə balta və yaxud dəhrə alıb özünü elə göstərirdi ki, guya ağacı kəsmək istəyir. Bu zaman elin ağsaqqalı ona yaxınlaşıb soruşardı, - De görüm, nə etmək istəyirsən, ağacı niyə kəsirsən?

    -Bəhər gətirmir, -deyə birinci şəxs cavab verərdi.

    Ağsaqqal məsləhət görərdi ki, gəl, sən bu ağacı kəsmə, mən onu zamına götürürəm, bu il çox bar gətirəcək. Beləliklə, eyni qayda ilə bar verməyən bütün meyvə ağaclarını səksəndirib zamına götürərdilər. Bundan sonra ayağı sayalı, əli bərəkətli oğlan, yaxud qız uşağı ağacın kökləri üstə noğul, nabat, qovurğa tökərdi, şirin su səpərdi. Bütün ailə sevinər, şadlıq edərdi, biri-birinə xeyir-bərəkət arzulayır, - barlı-bəhərli olsun, şirin olsun! - deyərdilər.

    Və yaxud ilaxır çərşənbənin axırında baltanın künüynən meyvə ağaclarının kötüyünə bir-iki dəfə yüngülcə vürüb deyərlərmiş: "Nə yatmısan, oyan, bərəkət payını götür". Belədə həmin il ağacların bəhəri bol olurmuş. Daha sonra bağın bir küncündə, elə yerdə tonqal qalayırdılar ki, külək onun tüstüsünü meyvə ağaclarına tərəf aparsın. Deyərdilər ki, ağaclar tüstülənməsə meyvələri çürük və içi boş çıxar. Xalq arasında dağdağan, qarağac, zoğal, əncir, çinar, tut müqəddəs sayılır və pir-ocaq hesab edilir. Şabalıd və qoz ağacları bolluq, firavanlıq rəmzidir. Xalq etiqadına görə, onları qırmaq, kəsmək, yandırmaq günahdır, adamı qarğıyar, işi düz gətirməz. El arasında deyirlər, nar, alma, armud hər kəsin dilək ağacıdır. Onları əkib-becərən xeyir tapar.

    Meyvə ağaclarını, bağ sahələrini "yaman gözdən", "bədnəzərdən" qorumaq inancı xalqımız arasında indi də yaşamaqdadır. Bunun üçün ağacın başına heyvan kəlləsi asar və güman edərlər ki, onların məhsulları bol olacaq, hər cür bəladan qorunacaqdır.

    Keçmişdə hər bir ailə üzvünün, xüsusilə il ərzində doğulmuş hər körpənin adına, hər uzaq səfərin şəninə ağac əkər, ona qulluq göstərib əzizləyərdilər.

    Qubanın el ağsaqqallarının dediyinə görə, keçmiş zamanlarda burada hər bir oğlan və qız 100 ağac peyvənd etməli, onlara qulluq göstərməli və bar verəndə ailə qurmalı idilər. Bu, gözəl ənənə kimi indi də qorunub saxlanılır. Yaşıl ormana bənzəyən Şəki- Zaqatala, Quba-Xaçmaz bağlar diyarı ildən-ilə bu yolla yaranıb. Minlərlə adam ağacların kölgəsində sərinləyib, ölənlərə rəhmət deyib.

    Bəzən də elə olur ki, baxımsızlıq üzündən min-bir əziyyət bahasına əkdiyimiz ağaclar bu gün quruyub heç-puç olur. Təəssüf ki, aramızda ağaca çıxıb oturduqları budağı kəsən, laqeyd, vecsiz adamlar hələ də var. Niyə biz quruyan, susuzluqdan torpağı cadar-cadar olan yerdə ağac görəndə yanından düz keçək, "mənə nə qalıb, bu iş üçün maaş alan var da, qoy o eləsin" - deyək. Deməli, biz gözləməliyik ki, yaşadığımız binanın həyətində əkilən ağaclara, kollara, əlaqədar təşkilatlar, bu iş üçün ayrılmış bağbanlar qulluq edəcək, yadlarına düşəndə gəlib su verəcəklər. Özümüz sulasaq olmazmı? Axı bu, bizim xeyrimizədir.

    Bir də bəzi kənd yerlərində qədim bağlar qocalıb məhv olur. Digər tərəfdən, onların çoxu baltalanıb... Yerində də təzə bağlar salınmayıb. Nəticədə yüz illər boyu xalqımızın süfrəsinə bəzək, masasına çərəz, qonağına əvəzsiz hədiyyə olmuş bir çox meyvələrə, bağ-bostan bitkilərinə möhtac qalmışıq.

    Elimizdə-obamızda ahıl-ağsaqqalların müdrik bir məsəli çox geniş yayılmışdır: Əkiblər yeyirik, əkərik yeyərlər. Amma bir iş var ki, görəsən bu öyüd-nəsihətə əməl edən varmı?... Rəhmət köhnə kişilərə, min rəhmət! Əkiblər yeyirik. Az adam deyir ki, mən də əkim, sonra gələnlər yesin. Heç uzağa getməyək, götürək elə Abşeron kəndlərini. Bu torpağın nemətlərindən çox yazıblar. Amma hayıf ki, indi o nemətlərin adı qalıbsa, da dadı gedib, həm də qəhətə çıxıb, həm də əvvəlki keyfiyyətlərinin heç yarısı da qalmayıb. Hər şeyi görə-görə gələn Abşeron qocaları baxın görün nələr deyir, necə giley-güzar edirlər. Hanı bağlarımızın yaraşığı püstə, badam, iydə, innab, tut, zeytun. Pirşağı kəndində vaxtilə o qədər püstəliklər olub ki, indi ondan əsər-əlamət qalmayıb. Təkcə bir Pirşağıdamı olub püstəliklər? Bakının əksər kəndlərinə yaraşıq verib onlar. Püstəyə indi təkəm-seyrək Fatmayıda, Əmircanda və başqa kəndlərdə rast gəlmək olar. Ancaq innab lap tək-tük qalıb. Yəqin ki, bəzilərimiz püstə, innab adını eşidibsə də, bəlkə də dadını bilmir. Bu nemətlər bizim təkcə bayram süfrələrimizi yox, elə adi çay süfrələrimizi də bəzəyirdi. Vaxt var idi ki, cibimizə töküb tum kimi çırtlardıq püstəni.

    Abşeron nemətlərini saymaqla qurtarmaq olmur. Həddindən artıq xeyri olan cirəni, zirəni, razyananı da unutmamalıyıq. Onlardan dadlı şorqoğalı bişirilməsində, müxtəlif dərmanlar hazırlanmasında istifadə olunur.

    Süfrələr yaraşığı, vaxtilə kasıbın da, dövlətlinin də süfrəsindən əskik olmayan cirə-duz hanı? Hanı Hövsanın məşhur şıxverdi soğanı, hanı ətri yeddi qonşuya gedən Abşeron zəfəranı, hanı? Əgər təcili tədbirlər görülməsə, bunun nə ilə nəticələnəcəyini demək çətindir.

    Bizim xalqa qayğıkeşlik, xeyirxahlıq kimi xüsusiyyətlər xasdır. Vaxt vardı ki, bağ salanlar təkcə özlərinə deyil, yetim-yesirin də halına qalaraq elat camaatı üçün də bağlar salardılar. Ona görə də hər bağda, hər ağacda bir ad yaşayır. Bağı-bağatı olmayanlar həmin bağların məhsulundan istifadə edərdilər.

    Gəlin, əkdiyimizi becərək, becərdiyimizin də qayğısına qalaq! Yaşıllıq sağlamlığın rəhnidir, insan orqanizminə lazım olan vitamindir. Yaşıllıq olmasa, nəfəs aldığımız hava da olmaz, çaylar, bulaqlar quruyar.

    Müəyyənləşdirilmişdir ki, ağaclar çox olan yerlərdə xəstəlik törədən zərərli mikroorqanizmlər 8 dəfə, zərərli qazlar isə 5 dəfə azalır.

    Gəlin boynumuza alaq ki, son vaxtlaradək respublikamızda yaşıllaşdırmanın vəziyyəti heç də yaxşı halda deyildi. Çox yerlərdə ata-babalarımızın yaxşı ənənələri unudulur, həm də onların yaratdıqları meyvə ağacları, əkib-becərdikləri məhv edilirdi. Kəndlərimizin çoxunda yanacaq, qaz olmadığından, minlərlə, on minlərlə qocaman ağac da, yaş pöhrələr də qırılırdı. "Yaş kəsən- baş kəsər" zərb-məsəlini ulularımız necə də yerində deyiblər.

    Gəlin xalqımızın yüzillərdən, minillərdən bəri qoruyub saxladığı bu xeyirxah, nəcib əməlləri göz bəbəyimiz kimi qoruyub gələcək nəsillərə çatdıraq. Yaşayış məntəqələrinin, yol kənarlarının, həyətlərin yaşıllaşdırılmasında, meşə və bağ salınmasında, ağacların calaq edilməsində fəal iştirak edək.

 

 

    Tofiq BABAYEV,

    əməkdar mədəniyyət işçisi

 

    Xalq qəzeti.- 2010.- 12 iyun.- S. 7.