Mədəniyyətlər
körpüsü, sülhün
və sabitliyin təminatçısı olan
ölkələr - Türkiyə
və Azərbaycan
Qardaş ölkədə
keçirilən silsilə
tədbirlərdə bu
fikir dəfələrlə
təkrarlandı
Türkiyə və Azərbaycan dünyanın
elə bir mühüm regionunda yerləşir ki, burada sülhə, sabitliyə, mədəniyyətlərin
dioloquna daha çox ehtiyac duyulur. Bu coğrafi
məkanda yaşayan iki qardaş xalqın sahib olduğu üstün mədəni keyfiyyətlər
onların bu missiyanı uğurla həyata keçirmələrinə
geniş imkanlar açır.
Bəzi üzdəniraq qüvvələr
daim təkzib etməyə çalışsalar da, bu
reallıq artıq bütün dünya tərəfindən qəbul
olunur. Bu günlərdə Türkiyədə dünyanın
120 ölkəsindən gələn yeniyetmələrin
iştirakı ilə keçirilən "8-ci türk dili
olimpiadaları şənliyi" bunu bir daha təsdiq etdi. Şənlikdə
türk dilində şeir, mahnı ifa edən müxtəlif
xalqların nümayəndələri bir daha bəşəriyyəti
sülhə, qardaşlığa, birlik və bərabərliyə
dəvət etdilər. Olimpiadanın Qəzzaya insani yardım
aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə
İsrail hərbçiləri tərəfindən müdaxilə
edildiyi günlərə təsadüf etməsi isə
qarşıya qoyulan məqsədin əhəmiyyətini
artırdı, ona daha dərin məna qatdı, humanizmin,
barışın önəmini daha da artırdı. Tədbiri
işıqlandırmaq üçün Azərbaycandan dəvət
olunan bir qrup media nümayəndələri olaraq biz bunun bir
daha şahidi olduq.
Ankarada start verilən şənliklər
İstanbulda möhtəşəm finalla yekunlaşdı. Tədbirin
keçirildiyi məkanda müxtəlif dövlətlərə
aid bayraqların əzəmətlə dalğalanması,
şüarlar, xalqların qardaşlığını tərənnüm
edən böyük afişalar istər-istəməz insanda
xoş duyğular yaradır, dünyanın hər tərəfindən
bura gələn insanlara çox əhəmiyyətli mesaj
verirdi. Hər halda şənliyin təşkilatçılarının
da məqsədi bu mesajı verməklə yanaşı
Türkiyənin, türk xalqının sülh missiyasına sədaqətli
olduğunu diqqətə çatdırmaqdı. Və hər
halda buna böyük ölçüdə nail olundu.
Məlumat üçün deyək
ki, türk dili olimpiadaları 2003-cü ildən keçirilməyə
başlanılıb. Həmin il baş tutan şənliklərdə
17 ölkədən nümayəndələr iştirak edib.
Aradan 7 il ötüb və iştirakçı ölkələrin
sayı artıq 120-yə, dünyanın 7 qitəsindən tədbirə
gələn yeniyetmə-şagirdlərin sayı isə 750-yə
çatıb. Bu il Azərbaycanı olimpiadada 22 şagird təmsil
etdi. Onlar 6 müxtəlif qruplarda yarışdılar. Azərbaycanlı
yeniyetmələrimizin ən çox şeir və mahnı
qrupunda uğur qazanması gözlənilirdi və bu, belə
də oldu.
Ankaradakı şənliklər
çərçivəsində
"finalçıların" stend yarışının təşkil
olunması tədbirə xüsusi rəng qatdı. Burada
dünyanın 120 ölkəsinin tarixini, mədəniyyətini,
hətta mətbəxini tanıtmaq üçün kifayət
qədər imkan var idi. Sevindirici haldır ki, onlar arasında ən
çox diqqəti cəlb edən məhz Azərbaycan stendi
idi. İçərişəhərdəki tarixi abidələrimizin
əksinin xüsusi işıqlandırma vasitələriylə
canlandırılması, ümummilli liderimiz Heydər Əliyevin
və Prezident İlham Əliyevin portretləri və
bütün bunların fonunda dalğalanan nəhəng Azərbaycan
bayrağı hər bir həmvətənimizin və türk
qardaşlarımızın könlünü
oxşayırdı. Dekorasiyası Karvansaraya bənzədilən
və hər bölməsi xüsusi zövqlə bəzədilən
bu stendə insanlar axın-axın gəlirdi. Tən ortada Azərbaycanın
milli arnamentləri ilə zəngin səhnədə milli rəqslərimizi
ifa edən qızlarımız sürəkli
alqışlanırdılar. Bütün bunlar insanda belə
bir təəssürat yaradırdı ki, sanki, Ankarada deyil,
İçərişəhərdə keçirilən bayram
tədbirlərini izləyirsən.
Xüsusilə diqqətimizi
çəkən bir məqam da bu idi ki, şənliyə gələn
böyük əksəriyyətin əlində Azərbaycan
bayrağı, başlarında isə üzərində Azərbaycan
bayrağı əks olunan beretkalar var idi. Sonradan bizim stendimizdə
ölkəmizin bayrağını almaq üçün
növbəyə dayanan türkləri görəndə bir
daha Türkiyə xalqının Azərbaycana olan tükənməz
sevgisinin əbədiyyətə qədər davam edəcəyinə
əminlik yarandı.
Azərbaycan stendinin ölkəmizin
adına layiq bir şəkildə hazırlanması heç
şübhəsiz təşkilatçıların diqqəti
və ciddi hazırlıqları hesabına mümkün
olmuşdu. Ona görə də təşkilatçılar ilə
görüşməyi qərara aldıq. Məlum oldu ki,
bölməni "Çağ" Öyrətim İşlətmələri
Şirkəti təşkil edib. Şirkətin təmsilçisi
Həsən Aksoy bildirdi ki, stendin dizaynını Azərbaycandakı
türk liseylərinin şagirdləri hazırlayıblar:
"Bu işdə Ankarada fəaliyyət göstərən
dostluq dərnəyi də mühüm rol oynayıb. Milli
geyimli oğlan və qızlarımızla şəkil çəkdirməyə
tələsən insanların növbəyə durması isə
türklərin Azərbaycan mədəniyyətinə
heyranlığından irəli gəlir. Burada xarici qonaqlar da var. Onlar da
stendə maraqla baxırlar. Bu isə
onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yer tutub, nüfuz qazanıb. Rəsmi Bakının yürütdüyü
xarici siyasət bu məsələdə mühüm rol oynayır. Azərbaycan artıq dünyada
Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təminatçısı kimi
qəbul olunur. Biz həm türk
insanına, həm də xarici vətəndaşlara Azərbaycanın
digər diqqət çəkən xüsusiyyətini,
gəzməli- görməli
yerlərini tanıtmağa
çalışırıq ki, gələcəkdə
ölkədə turizmin
inkişafına öz
töhfəmizi verə
bilək."
Həsən bəydən onu
da öyrəndik ki, "8-ci türk dili olimpiadası şənlikləri"ndə iştirak
etmək üçün
Azərbaycandan 2 min 500 şagird
müraciət edib.
Onlardan yalnız 22-si tədbirdə
iştirak etmək hüququ qazanıb. Azərbaycanlı şagirdlərin çıxışları Türkiyədə
xüsusi maraqla izlənildiyi üçün
seçimdə çox
diqqətli olublar.
Həsən bəy əlavə etdi ki, ötən il "7-ci türk
dili olimpiadası şənlikləri"nin yarış
proqramında türk dili ilə yanaşı
Azərbaycan dili də var idi.
"Məqsədimiz hər
iki dilin bir millətə aid olduğunu və onların hər baxımdan çox yaxın olduqlarını göstərmək idi."
Ankarada ikigünlük şənliklərdə
Azərbaycana diqqətlə
yanaşıldığı açıq-aşkar ortada
idi. 119 ölkədən
gələn nümayəndələr
bir konsert proqramında çıxış
etdikləri halda, azərbaycanlı şagirdlər
2 saatadək davam edən xüsusi hazırlanmış konsert
proqramıyla izləyiciləri
coşdurdular. Tədbirdə ölkəmizin Türkiyədəki
səfiri Zakir Həşimov də iştirak edirdi. Ona "Çağ" Öyrətim
İşlətmələri Şirkəti tərəfindən
xatirə plaketi təqdim olundu.
"8-ci türk dili olimpiadları şənlikləri"ndə Türkiyə
rəsmilərinin çıxışlarında
ifadə etdikləri fikirlər də əhəmiyyətli idi.
Qardaş ölkənin
dövlət naziri və Avropa Birliyi məsələləri
üzrə baş müzakirəçi Egemen
Bağış bildirdi
ki, Türkiyə Qərbə inteqrasiya siyasətinə üstünlük
versə də, Ankaranın xarici siyasətində türk dünyası ilə əlaqələrin inkişafı
da əsas prioritetlərdən birini təşkil edir. Bu baxımdan qardaş Azərbaycan və Orta Asiya ölkələriylə
münasibətlər daim
diqqət mərkəzindədir:
"Böyük Atatürk
hələ 1930-cu illərdə
demişdi ki, vaxt gələcək Sovetlər Birliyi dağılacaq və əsarətdə yaşayan
türkdilli xalqlar azadlıqlarına qovuşacaqdır.
Türkiyə bu vəziyyətə
hazır olmalı və qan qardaşlarımıza
lazımi dəstəyi
verməlidir." Egemen Bağış
qətiyyətlə bildirdi
ki, bu gün
Türkiyə bu siyasətə sadiqdir.
Şənliklər Türkiyənin müxtəlif
şəhərlərində 10 gün davam etdirildi. İyunun
9-da İstanbulda keçirilən
finalda çıxış
edən Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğan sülhə
təhlükə törədən
bütün ölkələrə
müraciət edərək
bildirdi ki, dünyanın gələcəyi
barışın, sabitliyin,
inkişafın təmin
olunmasından asılıdır.
O bir daha bəyan etdi ki, bunun üçün
həmin dövlətlər
məsuliyyət hiss etməli
və öz haqsız, insanlığa zidd əməllərindən
əl çəkməlidirlər.
Azərbaycanın torpaqları dərhal
işğaldan azad olunmalı, İsrailin fələstinlilərə qarşı
həyata keçirdiyi
amansız siyasətə
son qoyulmalıdır.
Tədbir gələcəyə böyük ümidlər
ifadə edən çıxışlarla sona
çatdı. 120 ölkədən gələn
yeniyetmələr birlikdə
"Yeni bir dünya qururuq" mahnısını ifa etdilər.
Rauf ƏLİYEV,
Bakı
-
Xalq qəzeti.- 2010.- 12
iyun.- S. 6.