Binəqədidə Qurtuluş Günü qeyd olunmuşdur

 

    Müasir Azərbaycan dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən sayılan tarixi Qurtuluşdan ötən illər müstəqil Azərbaycanın çiçəklənmə və yüksək inkişaf dövrü kimi xarakterizə olunur. Məhz 1993-cü ilin təlatümlü iyun günlərində ölkəmiz parçalanmaq, dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşəndə müdrik xalqımız düzgün qərar qəbul edərək yeganə ümidi, xilaskarı olan Heydər Əliyevi təkidlə paytaxta dəvət etdi.

 

    Canından da artıq sevdiyi Vətəninin, xalqının həmin bu çətin günlərində bu dəvəti qəbul edərək hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən birdəfəlik xilas etdi. İndi üstündən illər ötməsinə baxmayaraq, qədirbilən xalqımız bu əlamətdar tarixi böyük bayram təntənəsi ilə qeyd edir, müasir Azərbaycan dövlətçiliyin qurucusu və memarı ulu öndər Heydər Əliyev şəxsiyyətinə olan sonsuz məhəbbət və ehtiramlarını bildirir.

    Milli Qurtuluş Günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətində YAP rayon təşkilatı ilə birlikldə keçirilən toplantıda da bu barədə geniş danışıldı. Ümummilli liderimizin xalqımız qarşısındakı tarixi xidmətləri minnətdarlıqla xatırlandı, ulu öndərin xatirəsi dərin ehtiramla yad olundu. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Alı Qocayev dövlətçiliyimizin tarixində ən müdhiş dövr sayılan 1993-cü ilin iyun günlərinin siyasi mənzərəsini xarakterizə edərək həmin çətin, məsuliyyətli anlarda xalqımızın düşünülmüş qərarı nəticəsində böyük xilaskar Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə Azərbaycanın qurtuluşunun başlandığını diqqətə çatdırdı. "Heydər Əliyev Azərbaycanı azərbaycanlılara qaytardı", - deyən A.Qocayev bildirdi ki, bununla da ölkəmiz qurtuluş savaşından qələbəyə, inkişafa yol aldı. Qeyd olundu ki, ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafı üçün elə möhkəm təməllər qoymuşdur ki, bu gün möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizi həmin təməllər üzərində bütün sahələrdə sürətlə inkişaf etdirir, əbədi tərəqqiyə qovuşdurur.

    Sonra Milli Məclisin üzvü, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxış edərək göstərdi ki, Azərbaycanın Qurtuluş epopeyasının müəllifi olan ulu öndər Hedər Əliyevin ağlı, zəkası sayəsində xalqımız 1993-cü ilin təlatümlü günlərindən, çətin sınaqdan şərəflə çıxdı. Azərbaycanın 17 il əvvəlki siyasi mənzərəsi barədə dolğun məlumat verən E.İbrahimov ulu öndər Heydər Əliyevə olan ümumxalq məhəbbətindən, dərin və sonsuz inamdan söhbət açdı. Qeyd olundu ki, AXC-Müsavat, eləcə də ondan əvvəlki siyasi hakimiyyətlərin Heydər Əliyevə olan biganə, soyuq münasibətlərin baxmayaraq, xalq bu böyük şəxsiyyətə həmişə xilaskar kimi baxmışdır. Elə 1993-cü il iyunun 9-da xalqın çətin günlərində ona arxa, həyan durmaq üçün paytaxta üz tutan Heydər Əliyevin gəlişi ilə Azərbaycanın qurtuluşu başlandı. İyunun 15-də Azərbaycan Respublikasının üzərində xoşbəxtlik günəşinin doğduğunu diqqətə çatdıran natiq bildirdi ki, Heydər Əliyevin siyasi hakimiyətə tarixi qayıdışı torpaqları itirilmiş, igid övladları şəhid olmuş, əhalisi qaçqın düşmüş, daxili hərc-mərclikdən, səriştəsiz rəhbərliyin naşı siyasətindən cana doymuş bir millətin daxili dünyasında ümid çırağı yandırdı.

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Həsən Bayramov qeyd etdi ki, 1993-cü il oktabrın 3-də keçirilən prezident seçkilərində xalq əmin-amanlığa, xoşbəxt gələcəyə səs verərək ulu öndər Heydər Əliyevi özünə rəhbər seçdi. Bu dahi şəxsiyyət Azərbaycanı öz əbədi müstəqilliyinə qovuşdurdu, ölkəmizi siyasi sabitlik və yüksək inkişaf yoluna çıxardı. Natiq bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətlə inkişaf etdiyini, xalqımızın rifahının gündən-günə yaxşılaşdığını diqqətə çatdırdı.

    Tədbir "Azadlıq prospekti" metrostansiyasının yaxınlığındakı parkda geniş konsert proqramı ilə başa çatdı.

 

 

    Vaqif BAYRAMOV

 

    Xalq qəzeti.- 2010.- 12 iyun.- S. 5.