Azərbaycan təhsilinin
bugünkü yüksək səviyyəsi bilavasitə ulu
öndər Heydər Əliyevin adı ilə
bağlıdır
Dünyanın
bütün xalqlarının tarixində olduğu kimi, Azərbaycan
tarixində də görkəmli şəxsiyyətlər
çox olmuşdur. Qətiyyətli dövlət xadimi,
hünərli sərkərdə, tarixi kəşfləri olan
alim, yaradıcılığı min illər boyu yaşayacaq
şair, yazıçı, mədəniyyət xadimi və
sairə. Bu adamların hamısı tariximizə məhz qeyd
etdiyimiz keyfiyyətləri ilə düşmüşdür. Ancaq
böyük dövlət xadimi Mustafa Kamal Atatürkün
söylədiyi kimi, tarixin ən dəyərli şəxsiyyətləri
maarifçilər və maarifin - təhsilin himayədarlarıdır.
Azərbaycan xalqı, xüsusən,
ölkəmizin təhsil ictimaiyyəti xoşbəxtdir ki,
milli tariximizdə təhsilin misilsiz himayədarı,
qayğıkeşi kimi əbədiyaşarlıq
qazanmış görkəmli şəxsiyyətimiz vardır.
O, Azərbaycan təhsilinin son 40 ildəki inkişaf yolunun
banisi, məktəbin və müəllimin daimi himayədarı,
böyük dövlət xadimi Heydər Əliyevdir. Onun siyasi
fəaliyyəti dünya siyasətçiləri tərəfindən
yeni nəsil üçün örnək, möhtəşəm
məktəb kimi qiymətləndirilir.
"Müəllim bütün
xalqın hörmət və ehtiramını
qazanmışdır. Cəmiyyətimizin ümidi, gələcəyi
olan uşaqların təlim-tərbiyəsi kimi ən
mühüm, ən vacib iş ona etibar edilmişdir. Müəllim
öz biliyini, təcrübəsini, qiymətli nəyi varsa, hamısını
şagirdlərinə, xalqa bəxş edir..." Ulu öndərin
müəllim peşəsini seçmiş insanlara verdiyi bu
qiymət istənilən təhsil işçisi
üçün böyük fəxr və iftixar mənbəyidir.
Onun tikdirdiyi, qurub-yaratdığı çoxsaylı
bağça, məktəb, texniki peşə məktəbi,
texnikum və ali təhsil müəssisələri isə Azərbaycanın
milli sərvəti kimi dəyərləndirilir. O böyük
xidmət bütövlükdə xalqımızın
yaddaşında yazılmışdır və öz müəllifinə
əbədiyaşarlıq qazandırmışdır. Fikrimizi
ümummilli liderimizin ölkəyə birinci dəfə rəhbərlik
etdiyi dövrdə və böyük qurtuluşdan sonrakı
illərdə təhsillə bağlı həyata
keçirdiyi bəzi tədbirləri yada salmaqla davam etdirək.
1969-82-ci illərdə Azərbaycanda
xalq təhsilinin inkişafını xüsusi nəzarətə
götürmüş Heydər Əliyevin rəhbərliyi ilə
möhtəşəm bir məktəb tikintisi prosesi
getmişdi. Təxminən 420 min şagird yeri olan 792 ümumtəhsil
məktəbi, 67 min yeri olan 414 məktəbəqədər tərbiyə
müəssisəsi, yeni internat məktəbləri və
yataqxanalar tikilmişdi. Təhsilin bütün mərhələ
və formaları 1969-cu ildən əvvəlki dövrə
nisbətən iti sürətlə inkişaf etdirilirdi. İstehsalatda
çalışan gənclərin belə təhsildən kənarda
qalmaması üçün axşam, qiyabi və növbəli
təhsil şəbəkəsi
formalaşdırılmışdı ki, bu da hamının
müvafiq təhsil ala bilməsi üçün zəmin
yaradırdı. 1981-82-ci dərs ilində belə şagirdlərin
sayı 146 minə çatdırılmışdı. Bu isə
7 milyona yaxın əhalisi olan bir ölkə üçün
böyük göstərici idi.
SSRİ büdcəsinin
imkanlarından öz xalqının mənafeyinə məharətlə
istifadə edən Heydər Əliyev ittifaqın ən
böyük zavodlarından bir neçəsinin Azərbaycanda
inşa edilməsinə nail olmuşdu. Həmin zavodlar tamamilə
yeni istehsal müəssisəsi olduğuna görə
çoxsaylı ixtisaslı fəhlələrə və
mütəxəssislərə ehtiyac yaranırdı. Ulu
öndər Azərbaycanda 54 yeni texniki-peşə məktəbinin
yaradılmasına, mövcud ali məktəblərdə yeni
zavodların tələbatına uyğun müasir
ixtisasların açılmasına, yüzlərlə gəncin
oxumaq üçün SSRİ-nin müvafiq ali məktəblərinə
göndərilməsinə nail oldu. Ulu öndər ittifaq əhəmiyyətli
zavodlar üçün ixtisaslı fəhlə kadrları
yetişdirilməsini əsas tutaraq texniki peşə təhsili
sistemində çalışanlardan 2 nəfərin Sosialist Əməyi
Qəhrəmanı, 1 nəfərin "SSRİ xalq müəllimi",
9 nəfərin əməkdar müəllim, 12 nəfərin əməkdar
istehsalat təlimi ustası fəxri adına layiq görülməsini,
90 nəfərin isə müxtəlif orden və medallarla təltif
olunmasını təmin etmişdi. Bunun bircə adı var idi
- öz xalqına şərəfli xidmət edilməsi.
1970-80-ci illərdə
respublikanın ali məktəblərində 100-dən
artıq yeni kafedra, 40-dan çox yeni fakültə
açılmışdı, ali məktəblərdə 100-ə
qədər yeni ixtisas üzrə tələbə
hazırlığına başlanmışdı. Həmin illərdə
Azərbaycanda 6 yeni ali məktəb - Azərbaycan Dövlət
Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu
(1973-cü il), Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu
(1973-cü il), Stepanakert Dövlət Pedaqoji İnstitutu
(1973-cü il), Azərbaycan İnşaat Mühəndisləri
İnstitutu (1975-ci il), Azərbaycan Texnologiya İnstitutu (Gəncə-1981-ci
il) və Naxçıvan Dövlət Pedaqoji İnstitutu
(1982-ci il) bilavasitə ulu öndər Heydər Əliyevin
xeyir-duası və şəxsi təşkilatçılığı
ilə yaradılmışdı. Həmin illərdə yeni
yaradılmış texnikumların sayı isə yeni ali məktəblərin
sayından iki dəfə çox idi - 12 orta ixtisas məktəbi
təsis edilmiş və
formalaşdırılmışdı.
Biz yuxarıda qeyd etdik ki, ulu öndər yeni yaradılmış istehsalat müəssisələrində çalışacaq ixtisaslı kadrların SSRİ-nin ən nüfuzlu ali məktəblərində hazırlanmasına böyük əhəmiyyət verirdi. Ancaq çox sonralar - 1996-cı ildə ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrü xatırlayan ulu öndər danışırdı ki, biz həmin zavodların adından istifadə edərək gənclərimizi ümumiyyətlə, xalq təsərrüfatının bütün sahələrinə, xüsusən, ordu quruculuğuna aid olan ixtisaslar üzrə oxutdururduq. Tarixçilər yazırlar ki, 1980-ci ildə SSRİ-nin 49 şəhərinin 170 ali məktəbində 244 ixtisas üzrə 3500 nəfərdən çox azərbaycanlı tələbə və 100 nəfərdən çox aspirant təhsil alırdı. Təkcə Moskvanın 42 ali məktəbində 136 ixtisas üzrə 800, Leninqradın 25 ali məktəbində isə 348 nəfər azərbaycanlı gənc təhsil alırdı. Xüsusilə qeyd edilməli məqamlardan biri isə o idi ki, həmin ali məktəblərə qəbul edilmiş gənclərin yola salınmasında hər il ulu öndərin özü iştirak edirdi. İqtisadçılar yazırlar ki, Heydər Əliyevin 1969-82-ci illərdə Azərbaycan təhsilinə göstərdiyi qayğı və diqqətin nəticəsidir ki, respublikamız öz dövlət müstəqilliyinə nail olduqdan sonra ölkənin idarə edilməsi üçün ixtisaslı kadr qıtlığı ilə üzləşmədik. Belə faktlar bir neçə postsovet ölkələrində qeydə alınmışdı. Siyasətçilər isə yazırlar ki, Heydər Əliyevin 1969-82-ci illərdə oxumaq üçün SSRİ-nin müxtəlif şəhərlərinə göndərdiyi gənclərin müəyyən faizi oxuduğu şəhərdə qalmışdı ki, bu da hazırda Rusiya, Ukrayna, Belarus və başqa ölkələrdə məhz ziyalı Azərbaycan diasporunun formalaşdırılmasına zəmin yaratmışdır.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, Heydər Əliyev müəllim adını uca tutmağın nümunəsini yaratmışdı. Eyni zamanda ulu öndər müəllim əməyinin yüksək səviyyədə qiymətləndirilməsinin də xiridarı idi. O, ömrü boyu hamının layiq olduğu qiyməti verməyi sevmişdi. Ancaq müəllimlər onun gözündə daha uca idi. Ona görə də 70-ci illərin sonunda orden və medallarla təltif olunan maarif işçilərinin sayı artıq 8718 nəfərə çatmışdı. O illərdə Azərbaycanın öz orden-medallarının olmadığını, belə təltiflərin bilavasitə Moskvanın təsdiqi ilə verildiyini nəzərə alsaq, Heydər Əliyevin həmin xidmətinin miqyası barədə təsəvvür yaranar. Yaxud, həmin illərdə Azərbaycanın üç müəllimi Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 817 nəfərə əməkdar müəllim fəxri adı verilmişdi. Təltif edilən və mükafatlandırılanlar arasında orta məktəb müəllimləri daha çox idi. Bunun səbəbini izah etməyə isə ehtiyac yoxdur.
Əlbəttə, bu gün həmin faktları sadalamaq çox asandır. Uzaq keçmiş olmadığına görə faktlar və rəqəmlər hamı üçün əlçatandır. Üstəlik qədrşünas xalqımızın qələm sahibləri ulu öndərin həyatının müxtəlif dövrlərinə aid çoxsaylı kitablar yazmışdır.
Heydər Əliyevin tarixi xidmətlərindən biri də 1993-cü ilin yayında öz dövlət müstəqilliyini ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı bəlalardan, məhrumiyyətlərdən, vətəndaş müharibəsindən xilas etməsi idi. Öz möhtəşəm qayıdışı ilə ölkəyə qurtuluş, xalqa nicat gətirən ulu öndər dövlət müstəqilliyimizə əbədilik qazandırmış oldu. Bu isə Azərbaycan təhsilinin üzünə növbəti dəfə günəş doğması idi. Müstəqilliyin ilk illərində xaos və anarxiya içərisində boğulan Azərbaycanda ən çox zərərdidə olan sahə təhsil sistemi idi. Heydər Əliyevin qayıdışı nəticəsində ən çox çiçəklənən, ən irimiqyaslı layihələrlə inkişaf etdirilən sahə də məhz təhsil sistemi oldu. Ölkə həyatının bütün sahələrində olduğu kimi təhsil sistemində də uğurlu islahatlara start verildi. Doğrudur, ilk illərdə bu sahədə inkişafdan deyil, təhsilin böhrandan çıxarılmasından danışa bilirdik. 1998-ci ilin martında isə ulu öndərin sərəncamı ilə təhsil islahatlarının həyata keçirilməsi üçün xüsusi Proqram hazırlayan Dövlət Komissiyası yaradıldı. Komissiyanın hazırladığı "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" ölkə ictimaiyyəti tərəfindən böyük maraq və canıyananlıqla uzun müddət müzakirə edildi. Maraqlıdır ki, həmin proqram sonrakı ilin iyun ayında - Qurtuluş Günü Prezident fərmanı ilə təsdiq olundu. Burada bir rəmzi məna axtaran həmkarlarımızın fikrincə Qurtuluş Günü elə təhsilimizə də qurtuluş gətirmişdi.
İslahat Proqramının icrasına başlayan Azərbaycan təhsil ictimaiyyəti, xüsusən, Təhsil Nazirliyi qısa müddətdə ölkə təhsilinin müasir standartlar əsasında yenidən qurulması, təhsil sistemimizin beynəlxalq aləmə inteqrasiyası, yeni dərslik siyasətinin istiqamətlərinin müəyyənləşdirilməsi və başqa sahələrdə həmin illər üçün uğur sayılacaq kifayət qədər addımlar atdı. Ən başlıcası, 1999-cu ildə ölkəmizdə "Ümumi təhsilin dövlət standartları" təsdiqləndi.
"Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi birinci dövrdə Azərbaycan təhsilinə göstərdiyi qayğını möhtəşəm qayıdışından sonra da uğurla davam etdirdi" - ifadəsini söyləyənlər öz fikirlərini əsaslandıraraq yazırlar ki, ulu öndər 2000-ci ildə milli təhsil tariximizdə analoqu olmayan Azərbaycan Müəllimlər İnstitutunun və 12 bölgədə onun filiallarının yaradılması barədə fərman imzaladı. Bu isə ölkənin ümumi təhsil sahəsi üçün müəllim hazırlığının əhatəsini genişləndirmək üçün müstəsna əhəmiyyət kəsb edirdi. Həmin ali məktəbin bölgələrdə filiallarının yaradılması isə ucqar kənd rayonlarında qeydə alınan müəllim çatışmazlığının aradan qaldırılmasına xidmət edirdi.
Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətdə olduğu illər təhsil ictimaiyyətinin yaddaşında müəllimlərin maaşlarının müxtəlif illərdə 10 dəfədən çox artırılması ilə, istedadlı uşaq və gənclərin maddi və mənəvi həvəsləndirilməsi məqsədiylə onlar üçün "Qızıl kitab"ın təsis edilməsi, Prezident təqaüdlərinin təyin olunması, Azərbaycan müəllimlərinin XI qurultayının keçirilməsi ilə qaldı. Eyni zamanda, həmin illərdə ölkənin 6 aparıcı ali məktəbinə - Bakı Dövlət Universiteti, Dövlət Neft Akademiyası, Texniki Universitet, Kənd Təsərrüfatı Akademiyası, Naxçıvan Dövlət Universiteti və Dövlət İqtisad Universitetinə maliyyə müstəqilliyi verildi. Bununla yanaşı Milli Konservatoriya və Rəssamlıq Akademiyası adlı 2 yeni ali məktəbin yaradılması da ulu öndərin 1993-2003-cü illərdə müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə reallaşdırılmışdır. Heydər Əliyev həmin dövrdə 7 ali məktəbə universitet statusu verilməsi, 5 ali məktəbin yubileyinin keçirilməsi, 300 nəfərdən artıq təhsil işçisinin fəxri adlarla, orden-medallarla təltif olunması, ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrə Prezident təqaüdünün verilməsi, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı xüsusi əhəmiyyət kəsb edən sərəncamlar imzalamışdı. Əlbəttə, bütün bunlar ulu öndərimizin ümumilikdə Azərbaycan təhsilinə göstərdiyi qayğı və diqqətin bəzi məqamlarıdır. Biz - Bakı təhsil ictimaiyyətinin nümayəndələri ümummilli liderimizin təhsilə, məktəbə, müəllimə göstərdiyi qayğı və diqqəti çox görmüşük. Çünki elə bir il olmazdı ki, ulu öndər yeni dərs ilinin başlanması münasibətilə paytaxtın hansısa məktəbinə getməsin. Bütün bunlar tarixdir. Özü də şanlı, şərəfli tarix.
Məmnunluq hissi ilə qeyd edirəm ki, biz bu gün də Azərbaycan təhsili barədə söz açarkən ilk növbədə yadımıza Heydər Əliyev ad-soyadı düşür. Çünki bu gün Heydər Əliyevin qurub-yaratdığı, dünya dövlətləri sırasına çıxartdığı müstəqil Azərbaycan dövlətinə onun siyasi kursunun ən layiqli davamçısı olan Prezident İlham Əliyev rəhbərlik edir. Dövlət başçımızın 2003-cü ilin payızından sonra Azərbaycan təhsilinin inkişaf etdirilməsi, maddi-texniki bazanın müasirləşdirilməsi, beynəlxalq aləmə inteqrasiyanın genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının daha geniş tətbiq edilməsi, şagird biliklərinin dünya standartları səviyyəsində qiymətləndirilməsinə nail olunması və başqa sahələrdə qətiyyətli addımlar atılması üçün imzaladığı 16 Dövlət Proqramı onun Azərbaycan təhsilinə münasibətindən xəbər verir. Bu gün Azərbaycan təhsili barədə söz açarkən dərhal yadımıza düşən ikinci ünvan da bilavasitə ulu öndərimizin adı ilə bağlıdır: Heydər Əliyev Fondu. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin icrası zamanı 226 yeni məktəb tikilmiş, uşaq-gənclər və yeniyetmələrlə bağlı 10-dan çox kütləvi layihə reallaşdırılmışdır. Bu qəbildən olan layihələrin təşkili və icrası davam etdirilir. Bu gün Azərbaycan təhsil sistemini böyük uğurla idarə edən, milli təhsilimizin hərtərəfli inkişafında xüsusi xidmətləri olan təhsil naziri, professor Misir Mərdanov da bilavasitə ulu öndərimiz Heydər Əliyevin seçimidir.
...Bu gün Azərbaycan təhsili inkişaf edir, beynəlxalq aləmdə özünəməxsus nüfuz qazanır, dünya təcrübəsinə yiyələnir, milli ənənələri yaşadır və ən başlıcası, müstəqil Azərbaycan gənclərinə yüksək elm və bilik öyrədir. Uğurlar istənilən qədərdir. Çünki təhsil sistemimizin getdiyi yol Heydər Əliyev yoludur.
Nailə
RZAQULİYEVA,
Bakı Şəhəri üzrə
Təhsil
İdarəsinin müdiri, əməkdar
müəllim
Xalq qəzeti.- 2010.-
12 iyun.- S. 4.