Azərbaycan regional lider kimi bütün dünyada böyük nüfuz qazanmışdır

 

    Bizim yolumuz müstəqillik, inkişaf yoludur. Azərbaycan xalqı öz taleyini özü müəyyən edir və müəyyən edəcəkdir. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır və ildən-ilə daha yaxşı yaşayacaqdır... Vaxt keçdikcə, imkanlarımız, xarici əlaqələrimiz genişləndikcə Azərbaycan haqqında real vəziyyəti danmaq mümkün olmayacaqdır.

 

    İlham ƏLİYEV,

    Azərbaycan Respublikasının Prezidenti

 

 

    Birləşmiş Ştatlar Azərbaycan hökuməti və xalqı ilə möhkəm münasibətləri yüksək dəyərləndirir və həm öz regionunda, həm dünyada sabitliyə töhfə verən, çiçəklənən və demokratik dövlət kimi Azərbaycanın suverenliyi və inkişafına sadiq olaraq qalır.

 

    Barak OBAMA,

    Amerika Birləşmiş Ştatlarının Prezidenti

 

 

    Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən bu vaxta qədərki xarici siyasət tarixinə qısa nəzər saldıqda 1993-cü ilin yayında baş verən hakimiyyət dəyişikliyindən sonra bu sahədə əsaslı yeniləşmə diqqəti cəlb edir.

 

    Ümummilli lider Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində xarici siyasətimizin ölkənin strateji maraqları əsasında yenidən qurulmasına imkan yarandı. Qüdrətli şəxsiyyət xarici siyasət sahəsində qarşıya qoyulan vəzifələri müəyyənləşdirərkən demişdir ki, Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir. Bu sahədə əsas vəzifə dünyanın bütün dövlətləri ilə bərabər hüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirmək, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir. Azərbaycan dövlətinin strateji maraqlarının regionda baş verən hadisələrə əhəmiyyətli təsir göstərə bilən müxtəlif dövlətlərin və beynəlxalq güc mərkəzlərinin maraqları ilə uzlaşdırılması da zəruri məsələlərdəndir. Bu gün Azərbaycanın xarici siyasəti məhz bu motivlər üzərində qurulduğundan ölkəmizin beynəlxalq aləmdəki nüfuzu xeyli artmış, əlaqələri genişlənmişdir.

    Əsası ümummilli lider Heydər Əliyev tərəfindən möhkəm təməllər üzərində qurulmuş xarici siyasətimizin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən düşünülmüş formada davam etdirilməsi dünyanın diqqət mərkəzindədir. Əgər biz Azərbaycanı 10 il əvvəlki dövrü ilə müqayisə etsək, bu zaman ciddi irəliləyişlərin şahidi olarıq. Hazırda Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri cərgəsinə qoşulmaqdadır. Ölkəmizin sülhsevər xarici siyasətinə sadiqliyinin nəticəsidir ki, bu gün Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bütün beynəlxalq qurumlar və dünyanın əksər dövlətləri Azərbaycan Prezidentinin mövqeyini dəstəkləyir. Dövlət başçımızın məntiqli xarici siyasəti Ermənistanı dünyada işğalçı, Azərbaycanı isə sülhsevər dövlət kimi tanıdıb. Artıq dünyanın qüdrətli dövlətləri də ölkəmizin dünyada sabitliyə və təhlükəsizliyə böyük töhfələr verdiyini yüksək qiymətləndirirlər. Təkcə bir fakta diqqəti cəlb etmək istərdim. Son 20 gün ərzində Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə iki məktub göndərmiş, müdafiə naziri Robert Qeyts Azərbaycana səfər etmiş, bu ölkənin dövlət katibi Hillari Klinton da dövlətimizin başçısına Azərbaycanın sürətli iqtisadi inkişafından, iri layihələrin müvəffəqiyyətlə reallaşdırılmasından məmnunluq ifadə olunan məktub ünvanlamışdır.

    ABŞ Prezidenti öz məktubunda regional sabitliyin gücləndirilməsi və ümumi təhlükəsizlik problemlərinin aradan qaldırılmasında ABŞ-la Azərbaycan arasındakı tərəfdaşlıqdan qürur hissi duyduğunu xüsusi vurğulayıb. İki ölkə arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi də diqqətə çatdırılır. ABŞ Prezidentinin Azərbaycanın həm öz regionunda, həm də dünyada sabitliyə və təhlükəsizliyin təmin olunmasına böyük töhfələr verməsini yüksək qiymətləndirməsi təsadüfi deyil. Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirakı, Əfqanıstanda, İraqda və Kosovoda sülhməramlı qüvvələrin keçirdiyi əməliyyatlarda fəallıq göstərməsi beynəlxalq aləmdə çox yüksək qiymətləndirilir. ABŞ Prezidenti Barak Obama müdafiə naziri Robert Qeyts vasitəsilə Azərbaycan Prezidentinə göndərdiyi sonuncu məktubunda da beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycan dövlətinin siyasətini yüksək qiymətləndirərək yazır: "Bu gün Azərbaycan əsgərləri Əfqanıstanda nümunəvi xidmət göstərir və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (BTYQ) təkrar təchizatın asanlaşdırılması məqsədilə Azərbaycanın hava yollarını və hava məkanını açmaq qərarınız ölkənizin təhlükəsizlik sahəsində qətiyyətli tərəfdaş kimi nüfuzunu daha da möhkəmləndirdi. Enerji sahəsində Cənub dəhlizinin inkişafında Azərbaycanın liderliyi, həmçinin regionun çiçəklənməsini gücləndirdi və qlobal enerji təhlükəsizliyini möhkəmləndirdi".

    Dünyanın super dövlətinin başçısının Azərbaycanı hər hansı bir sahədə lider hesab etməsi ölkəmizin dünya birliyində nüfuz qazanmasından xəbər verir. Bununla yanaşı, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verməsi, ATƏT-in Minsk qrupu həmsədrlərinin yeniləşmiş Madrid prinsipi təklifinə razılıq verməsi də diplomatiyamızın uğurlarındandır. Yeri gəlmişkən, Prezident İlham Əliyev Türkiyədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri adlı müşavirədə çıxış edərkən söyləmişdi ki, yeniləşmiş Madrid prinsiplərində Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğaldan əziyyət çəkmiş bütün insanların öz doğma torpaqlarına qayıtması məsələləri öz əksini tapır. Biz bu məqamın Barak Obamanın məktubunda da diqqətə çatdırıldığının şahidi olduq. Unutmamalıyıq ki, ABŞ həm də Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Bu mənada ölkəmizə qarşı ABŞ-ın xoş münasibət bəsləməsi və iki ölkə arasında tərəfdaşlığı dəyərləndirməsi yüksək qiymətə layiqdir.

    Azərbaycanın öz təbii sərvətlərindən düşünülmüş şəkildə istifadə etməsi, sürətli iqtisadi tərəqqiyə nail olması, çoxlu sayda yeni iş yerlərinin açılması ölkəmizlə əməkdaşlığa meyl edən dövlətlərin sayını xeyli artırıb. Bir vaxtlar xəyallarda əfsanə kimi canlanan Bakı - Tbilisi - Ceyhan əsas ixrac neft və Bakı - Tbilisi - Ərzurum qaz kəmərlərinin reallaşdırılması möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş siyasətinin bəhrəsidir. Bundan sonra Azərbaycan öz təbii sərvətlərini Avropaya və dünya bazarlarına müstəqil çıxara bilər. Bu iri layihələrin reallaşdırılmasını yüksək qiymətləndirən ABŞ dövlət katibi Hillari Klinton bunları Azərbaycanın çox yüksək uğuru hesab edir. Dövlət katibi əminliklə bildirib ki, Azərbaycan öz davamlı liderliyini qoruyub saxlayacaq və Birləşmiş Ştatlar bu ölkə üçün güclü tərəfdaş olacaq. ABŞ-da yaxşı bilirlər ki, 5 ildən sonra Azərbaycanın "Şahdəniz" yatağından əlavə ən azı 16 milyard kubmetr qaz hasil ediləcək və nəql olunacaq.

    Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində təminatçı dövlətlərdəndir. Azərbaycanda həyata keçirilən qlobal enerji layihələri ölkəmizin nüfuzunu daha da artırıb. Eyni zamanda Azərbaycanın dost ölkələrlə əlaqələri də qırılmaz tellərlə bağlanır. Bu yaxınlarda Azərbaycanda rəsmi səfərdə olmuş Belarus Prezidenti Aleksandr Lukaşenko da keçirdiyi görüşlərdə ölkəmizdəki sürətli inkişafı yüksək qiymətləndirmiş, ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün energetika, kənd təsərrüfatı, tikinti, turizm, yüksək texnologiyalar və digər sahələr üzrə mühüm əhəmiyyətli sənədlər imzalanmışdır.

    A.Lukaşenko səfəri zamanı Azərbaycanın həm daxili inkişafından, həm də xarici siyasətindəki uğurlarından heyranlıqla danışdı. O, dövlətimizin başçısına müraciət edərək "Siz bütün bu işləri yüksək bacarıqla görürsünüz" - dedi. A.Lukaşenko sözünə davam edərək bildirmişdi ki, "Əgər ölkədə insanlar haqqında düşünən və öz xalqını sevən Prezident varsa, deməli, bu dövlətin perspektivləri çox böyükdür".

    Belarus dövlət başçısı bu fikri ilə Azərbaycanda xalqla Prezident arasında qırılmaz vəhdət olduğuna, xalqın öz Prezidenti ətrafında sıx birləşməsinə və Prezidentin insanlara yüksək diqqət və qayğı göstərməsinə işarə edirdi.

    Azərbaycan Prezidentinin xarici siyasətində Türkiyə ilə münasibətlər, qardaş ölkə ilə bütün sahələr üzrə əməkdaşlıq, həmrəylik nümayiş etdirilməsi xüsusi olaraq özünü büruzə verir. Son hadisələr - Türkiyə - Ermənistan sərhədlərinin açılmasında Türkiyəyə edilən təzyiqlər, Qəzza sektoruna humanitar yardım aparılarkən İsrail hərbçilərinin Türkiyə gəmilərinə hücum edərək mülki vətəndaşları qətlə yetirməsi və digər sahələrdə Azərbaycanın qardaş Türkiyə dövləti ilə həmrəyliyi çox yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz bütün məsələlərdə Türkiyəyə dəstəyimizi əsirgəməmişik. Bu, dövlət başçımızın xarici siyasətinin uğurudur. Elə buna görə də Azərbaycan Prezidentinin Türkiyəyə sonuncu dəfə işgüzar səfəri dünyanın diqqət mərkəzində idi. Bunu dünya mətbuatında dərc olunan məqalələr də təsdiqləyir. Türkiyənin "Zaman", "Hürriyyət", "Milliyyət" qəzetləri, "CNN Türk" televiziyası, "Amerikanın səsi" (VOA) radiosu, "Cihan" agentliyi və digər kütləvi informasiya vasitələri bu səfəri çox yüksək dəyərləndirmiş, dövlət başçımızın enerji təhlükəsizliyi məsələlərinə kompleks şəkildə yanaşmanın və beynəlxalq terrorizmə qarşı mübarizənin gücləndirilməsinin zəruriliyi, ölkəmizin həyata keçirdiyi iri infrastruktur layihələrin bölgədə əməkdaşlığa böyük zəmin yaratması barədə fikirlər xüsusi olaraq diqqətə çatdırılmışdır.

    Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrin yüksək qiymətləndirilməsi xarici siyasətdə qazandığımız uğurların bəhrəsidir. Ölkəmizin bugünkü reallıqları və əldə edilmiş nailiyyətlər də bunu təsdiqləyir.

    Sonda bir məsələni də qeyd edək. Belə ki, dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycanın bugünkü reallıqları və əldə edilmiş nailiyyətlər onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur. Heç bir təzyiq bizi ana xəttimizdən döndərə bilməz. Bizim yolumuz müstəqillik, inkişaf yoludur. Bizim reallıqlarımızı danmaq mümkün deyil. Bu reallıqlar Azərbaycanın xarici siyasətində özünü daha qabarıq şəkildə göstərir.

 

 

    Əliqismət BƏDƏLOV

 

    Xalq qəzeti.- 2010.- 12 iyun.- S. 1.