Xilaskarlıq və quruculuq missiyası

 

    Ötən əsrin sonlarına doğru dünyada cərəyan edən qlobal siyasi proseslərin məntiqi yekunu kimi sosializm sisteminin süqutu bütövlükdə postsovet ölkələrində insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində ciddi dönüş yaratmaqla bərabər, Azərbaycanın öz müstəqilliyini elan etməsinə, habelə beynəlxalq birliyin bərabərhüquqlu subyekti kimi dünya dövlətləri sırasına qoşulmasına imkan verdi. 1991-ci ilin 18 oktyabrında müstəqillik qazandıqdan sonra Azərbaycanda hüquqi dövlət ideyasının reallaşmasına zəmin yaradılması, ölkədə milli-mənəvi dəyərlərə qayıdış, demokratik intibahın başlanması xalqın gələcək taleyi ilə bağlı bir sıra aktual problemlərin həlli zərurətini də ön plana çıxardı. Bir ictimai-iqtisadi formasiyadan digərinə adlamış respublikamızda məzmun və mahiyyətcə yeni olan proseslər cəmiyyətin bütün sahələrini əhatə edərək keçid dövrünün qeyri-müəyyənliyinin aradan qaldırılması üçün zəruri əsaslar formalaşdırdı.

 

    Müstəqil respublikamızda hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması məqsədi hələ 1991-ci il oktyabrın 18-də qəbul edilən Azərbaycan Respubllikasının "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda əksini tapmışdı. Demokratiya və azad bazar iqtisadiyyatı prinsiplərini gələcək inkişaf modeli kimi seçmiş Azərbaycanda hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri rəsmən elan edilmişdi. Lakin müstəqilliyin ilk illərində bir sıra obyektiv və subyektiv səbəblər üzündən Azərbaycanda bu sahədə, demək olar ki, əsaslı irəliləyiş baş vermədi. Ötən əsrin 90-cı illərinin əvvəlindən başlayaraq, bir tərəfdən Ermənistanın Azərbaycana qarşı ərazi işğalçılığı siyasətinin genişlənməsi, digər tərəfdənsə respublikada hakimiyyəti qeyri-qanuni ələ keçirmiş diletant qüvvələrə qarşı ictimai inamsızlığın dərinləşməsi, sosial-iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, xaos və özbaşınalıq, habelə yeni dövrün tələblərinə cavab verən qanunların yoxluğu və dövlət suverenliyinin itirilməsi təhlükəsi vətəndaş cəmiyyətini əlçatmaz ideyaya, xam xəyala çevirmişdi.

    Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. De-yure müstəqilliyini bəyan etmiş Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına, müstəqil siyasət yeritməsinə ciddi problemlər mövcud idi.

    Dövlətin xarici siyasətinin düzgün qurulmaması, təsadüfi şəxslərin Xarici İşlər Nazirliyi kimi mühüm diplomatiya idarəsinin rəhbərliyinə gətirilməsi nəticəsində Azərbaycan informasiya blokadası ilə üzləşmişdi. Ermənistanın işğalının getdikcə geniş miqyas aldığı bir vaxtda ölkə həqiqətlərinin dünya miqyasına çıxarılması üçün lazımi diplomatik işlər görülmür, əksinə, ayrı-ayrı qonşu dövlətlərdə kəskin reaksiya doğuran, qarşılıqlı münasibətlərdə etimadsızlıq və gərginlik yaradan məsuliyyətsiz bəyanatlara, çağırışlara yol verilirdi.

    Belə bir ağır durumda hakimiyyətini zorla qorumaq üçün silaha əl atan AXC-Müsavat rəhbərləri 1993-cü ilin iyun ayının əvvəllərində Gəncədə ciddi hərbi-siyasi məğlubiyyətlə üzləşdikdən sonra ölkədə vəziyyət daha dramatik vəziyyət almış, respublika vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir böhranlı və ağır vəziyyətdə xalqın çıxış yolunu yenə də müdrik rəhbərinin - ulu öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsində görməsi bir sıra obyektiv reallıqlarla şərtlənirdi. Əksəriyyət başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qiyamı yatırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə alternativsiz lider məhz Heydər Əliyevdir! Həmin dövrdə xalqın ulu öndərə olan böyük sevgi və inamını dolayısı ilə etiraf etmək məcburiyyətində qalan və xalqın qəzəbindən qorxuya düşən AXC-Müsavat hakimiyyətinin Heydər Əliyevi acizanə şəkildə Bakıya dəvət etməsi də məhz bu reallıqla şərtlənirdi.

 

    Qurtuluşa aparan yol

 

    AXC-Müsavat rəhbərləri Gəncədə böyük fəlakətlər törətdiklərinə, qanlar axıtdıqlarına baxmayaraq, günahsız olduqlarını, bu qarşıdurmaya sərəncam vermədiklərini israr edir, bir-birini günahlandırır, canlarını təhlükədən qurtarmağa, sığortalanmağa çalışırdılar. Belə bir vəziyyətdə Bakıya gəlmək və heç bir təhlükədən çəkinmədən Gəncəyə, hadisələrin cərəyan etdiyi, qiyamçıların gözünü qan tutduğu bir bölgəyə səfər etməyi, hadisələrə düzgün siyasi qiymət verməyi yalnız Heydər Əliyev kimi fenomenal şəxsiyyət bacara bilərdi!

    Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsi isə onun sadəcə, hakımiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. Bu gün Heydər Əliyev ömrünün mənalı, əzəmətli tarixi olduğu kimi, həm də Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümüdür. Əgər xalqın təkidi ilə Heydər Əliyev həmin gün yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki, mümkün olacaqdı. Bu qayıdış ilk növbədə Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçılıyini qoruyub saxladı, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi. Ümummilli liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin, qanunsuzluqların, kütləvi iğtişaşların, aclığın, səfalətin qarşısı alındı. O, Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinin, kütləvi qanlar axıdılmasının qarşısını aldı, atəşkəsin imzalanmasına nail oldu. Bu da təsadüfi deyildir ki, Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi respublikanın çağdaş tarixində dönüş və qurtuluş mərhələsi kimi dəyərləndirilir.

    Azərbaycan Milli Məclisinin 1997-ci il 27 iyun tarixli qərarı ilə 15 iyunun hər il Milli Qurtuluş Günü kimi qeyd edilməsi də obyektiv reallığa əsaslanır. "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin, müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin, şərəfli missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi" - deyə Milli Məclisin qərarında vurğulanır.

 

    Böyük uğurların iqtisadi təməli

 

    Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. "Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır" - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diqtə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etmişdir.

    XX əsrin qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən "Əsrin müqaviləsi" Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir. 16 ildə bir çox inkişaf etmiş dövlətlərin əsrlərlə keçdiyi inkişaf yolunu inamla qət edən respublikamızın inanılmaz iqtisadi və siyasi nailiyyətlərinin bazisinə çevrilən bu müqavilə, eyni zamanda, Azərbaycanın yüksək siyasi iradəsini, milli maraqlarını sonadək müdafiə etmək, təbii sərvətlərinə sahib çıxmaq əzminin təntənəsi kimi tarixiləşmişdir.

    İllər ötdükcə, ölkə vətəndaşları müstəqil Azərbaycan dövlətinin memarı, dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində əfsanədən gerçəkliyə çevrilən bu hadisənin siyasi və iqtisadi əhəmiyyətini, bugünkü uğurların əsasında məhz yeni neft strategiyasının dayandığını daha dolğun şəkildə dərk edirlər. "Əsrin müqaviləsi"nin fövqəladə əhəmiyyəti həm də onunla şərtlənir ki, məhz bu tarixi razılaşma əsasında Xəzər dənizində ilk dəfə beynəlxalq əməkdaşlığın əsası qoyulmuş, region dövlətlərinin karbohidrogen ehtiyatlarının mənimsənilməsi prosesində müsbət təcrübə yaranmış, transmilli enerji və kommunikasiya layihələrinin gerçəkləşməsinə start verilmiş, bütövlükdə regionun hərtərəfli inkişafında keyfiyyətcə yeni mərhələ başlanmışdır. Müqavilə çərçivəsində Qərb şirkətlərinin respublikamıza milyardlarla dollar investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlığın güclənməsinə ciddi təkan vermişdir.

    Ümumiyyətlə, 1996-cı ildən uğurla reallaşdırılan bu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının strukturu mülkiyyət və təşkilati-hüquqi baxımdan köklü surətdə dəyişdirilmiş, bir sıra mərkəzi və dövlət idarəetmə orqanları ləğv edilmiş, digərlərinin tənzimləmə funksiyaları saxlanılmaqla təsərrüfat funksiyaları dayandırılmışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında iqtisadi sahədə həyata keçirilən islahatların başlıca qayəsini həm də iqtisadiyyatın liberallaşdırılması prosesinin sürətləndirilməsi - iqtisadi cəhətdən güclü və müstəqil milli şirkətlərin yaradılması, insanların biznes təşəbbüskarlığının, özünüifadə imkanlarının artırılması kimi mühüm prinsiplər təşkil etmişdir.

 

    Qüdrətli dövlət - müstəqil xarici siyasət

 

    Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası baxımından hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasətini də diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev bu istiqamətdə mühüm islahatların həyata keçirilməsini təmin etmişdir. Böyük strateq hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.

    Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizim, söz, mətbuat və sərbəst toplaşmaq azadlığı bərqərar olmuş, dövlət idarəcilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə-hüquq islahatları uğurla davam etdirilmişdir. Ölkənin idarəetmə sistemində siyasi mədəniyyət elementləri güclənmiş, icra hakimiyyəti orqanlarının işinin dinamikliyi artmış, yerli özünüidarə orqanları formalaşmışdır. Ulu öndərin respublikaya rəhbərliyi illərində ölüm cəzasının, mətbuat üzərində siyasi senzuranın ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, respublikada üçpilləli məhkəmə sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması, Konstitusiyaya mütərəqqi əlavə və dəyişikliklərin edilməsi və digər məsələlər demokratik inkişaf yolunda əldə etdiyimiz mühüm nailiyyətlərdəndir.

    Müstəqil respublikamızın 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyasında xarici siyasətin konseptual xarakterinin, məqsəd və vəzifələrinin səhih şəkildə əksini tapması da məhz ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Dövlətin idarəetmə sisteminin əsasını təşkil edən Konstitusiyanın 10-cu maddəsində göstərilir: "Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur".

    Bu prinsipi rəhbər turaraq yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən Azərbaycan nətıcədə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur. Böyük öndərin rəhbərliyi altında Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri ümummilli mənafelərə, habelə siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etmişdir.

 

    Suveren demokratiya modeli

 

    Müstəqilliyin ilk illərində cəmiyyətdə həllini gözləyən bir sıra problemləri - yeni iqtisadi-siyasi sistemin qaçılmaz reallıqlarının ictimai rəydə hələ yaxşı "həzm olunmadığını", dövlətçilik üçün daxili və xarici təhdidlərin aradan qalxmadığını, sivil siyasi münasibətlər sisteminin formalaşmadığını nəzərə alan ulu öndər Heydər Əliyev bir müddət "dəmir əl" siyasətinə üstünlük vermək məcburiyyətində qalmış, totalitar düşüncə tərzinin ziyanlı komplekslərindən azad olmamış cəmiyyətin liberal demokratik islahatlara tədricən hazırlanmasını vacib saymışdır. Bunun üçün dövlət idarəetmə sistemində institusional xarakterli islahatların həyata keçirilməsini təmin edən, iqtisadi inkişaf üçün etibarlı zəmin hazırlayan, qanunçuluğu, hüquq qaydalarını möhkəmləndirən böyük strateq demokratiyanı üstqurum elementi kimi dəyərləndirərək onun bazisində güclü iqtisadiyyatın dayandığını böyük müdrikliklə vurğulamışdır.

    Böyük strateqin demokratikləşmə konsepsiyası xalqın təkamülə əsaslanan demokratiya yolu ilə irəliləməsi, vətəndaş cəmiyyəti institutlarının iqtisadi nailiyyətlərə adekvat olaraq inkişaf etməsi, insan hüquq və azadlıqlarına etibarlı təminat mexanizmlərinin formalaşdırılması, habelə məhkəmə-hüquq sisteminin mərhələli şəkildə müasirləşdirilməsi məsələlərini özündə ehtiva etmişdir. Heydər Əliyev cəmiyyətdə demokratiyaya münasibətdə AXC-Müsavat hakimiyyəti dövründə formalaşmış yanlış təsəvvürləri dəyişmək üçün ilk növdədə milli qanunvericilik sisteminin təkmilləşdirilməsini və müasirləşdirilməsini vacib saymışdır. Ulu öndər Heydər Əliyev dəfələrlə bildirmişdir ki, demokratikləşmə prosesi dövlətin siyasi, iqtisadi, sosial-mədəni həyatının modernləşdirilməsi, əhalinin maarifləndirilməsi, təfəkkürünün və vərdişlərinin tədricən dəyişdirilməsi, ictimai davranış normalarının yeniləşməsi ilə birlikdə həyata keçirilməlidir.

    Azərbaycan xalqının vahidliyinə çalışan Heydər Əliyev özünün fitri idarəçilik istedadı sayəsində respublikada ümumbəşəri dəyərlərlə çulğaşan, milli xüsusiyyətləri, mental dəyərləri qoruyan ədalətli, sivil və demokratik cəmiyyətin möhkəm əsaslarını yaratmış, dövlət-vətəndaş münasibətlərində hər birinin mənafeyini prıoritet götürmüşdür.

 

    Qurtuluşdan başlanan tərəqqi yolu

 

    Bu gün əminliklə demək olar ki, müstəqil Azərbaycanın hazırkı böyük və həlledici uğurlarının bünövrəsini 1993-cü ilin 15 iyun tarixindən götürür. Müstəqil Azərbaycan Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik konsepsiyasına istinad edərək yeni-yeni uğurlara doğru inamla irəliləyir. 2003-cü ildən ölkəyə inamla rəhbərlik edən cənab İlham Əliyev mütərəqqi inkişaf strategiyasını davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirilmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Dövlət başçısı İlham Əliyevin prezidentliyinin hər iki mərhələsində məhz bu istiqamət əsas götürülmüş və iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir.

    Şübhəsiz, hər bir dövlətdə demokratikləşmə prosesinin həyata keçirilməsi üçün ilk növbədə insanın azadlığını təmin edən iqtisadi mühit olmalıdır.

    Məhz bunun nəticəsidir ki, Azərbaycan cəmi 17 il müddətində inanılmaz inkişaf yolu keçərək bir sıra Qərb dövlətlərinin onilliklər ərzində zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə nail olmuş, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində böyük uğurlar əldə etmişdir.

    Azərbaycan demokratik inkişaf yolunun təkamülə əsaslanan suveren modelini qəbul edir, demokratiyanın zorla ixracı cəhdlərini qəbul etmir. Azərbaycan gerçəkliyində müəyyən kənar dairələrin xalqın iradəsinin əleyhinə hansısa addım atmasının qeyri-mümkünlüyü də konkret reallıqlar fonunda tam təsdiqini tapmışdır. Xalqın inamına söykənən cənab İlham Əliyev 2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkiləri zamanı bəzi destruktiv qüvvələrin ölkəni yenidən 90-cı illərin əvvəlindəki xaos və anarxiyaya, vətəndaş qarşıdurmasına sürükləmək cəhdlərini puça çıxarmış, milli maraq və mənafelər naminə böyük siyasi qətiyyət nümayiş etdirmişdir. Xüsusən də son parlament seçkiləri ərəfəsində dövlətçiliyə qarşı yönəlmiş cinayətkar qəsdlərin qarşısının alınması naminə atılan cəsarətli addımlar xalq-iqtidar birliyinin növbəti təzahürünə çevrilməklə, ifrat radikalizm mərəzindən qurtula bilməyən qaragüruhun siyasi iflası ilə nəticələnmişdir. Bütün bunlara nəzərən Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən inkişaf modelinin formalaşması faktı tam təsdiqini tapmışdır. Demokratik quruculuq yolu ilə gedən respublikamız həssas bölgədə yerləşsə də, onun həm iqtisadi, həm də siyasi sahələrdə özünəməxsus inkişaf modeli formalaşmışdır. Azərbaycanda demokratik inkişaf suverenlik və özünütəminetmə prinsiplərinə söykənir. Bu konseptual elmi-fəlsəfi yanaşma tərzi cılız iddialarını yeni müstəqil dövlətlərə qəbul etdirməyə çalışan, milli məxsusluğa arxa çevirib dünyaya yeni mövcudluq üsulu vermək istəyən ayrı-ayrı siyasi mərkəzlərə, ikili standartlardan çıxış edən beynəlxalq təşkilatlara tutarlı cavabdır.

    Ümumi qənaət bundan ibarətdir ki, bu sürətli inkişaf və tərəqqi prosesində Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, dövlətinin taleyini cənab İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Dövlət rəhbərinin müəyyən etdiyi prioritetlərin uğurla icrasına ümumxalq dəstəyi daim özünü qabarıq göstərir. Bu gün Azərbaycan xalqı İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın və həmrəyliyin qarantı hesab edir, ona tam güvənir. Azərbaycanın mənafelərinə xidmət göstərən amalların həyata keçirilməsində öz rəhbərinə dəstəyini əsirgəmir. Çünki xalq həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, bizi Azərbaycanın parlaq, firavan sabahına aparan siyasi kursun alternativsizliyini yaxşı dərk edir, bu siyasəti birmənalı dəstəkləyir.

 

 

    Rafael CƏBRAYILOV,

    Milli Məclisin deputatı

 

   Xalq qəzeti.- 2010.- 13 iyun.- S. 3.