Hüquqi və demokratik
dövlətin qurucusu
Tarixən zamanın nəbzini
tutmağı, hadisələrə obyektiv qiymət verməyi,
siyasi potensialını düzgün dəyərləndirməyi
bacaran liderlər təmsil etdikləri xalqları zamanın sərt
fırtınalarından, çətin sınaqlarından
üzüağ çıxarmış, milli xilaskara
çevrilmişlər. Müdrik və təcrübəli
dövlət xadimləri ən çətin vəziyyətlərdə
belə düzgün qərarlar qəbul etməklə,
dövlətlərini böyük fəlakətlərdən
qorumuşlar. Azərbaycan xalqının taleyində
böyük rol oynamış ulu öndər Heydər Əliyev
də bütün siyasi fəaliyyəti dövründə
üzləşdiyi çətinlikləri, maneələri,
problemləri, mətinliklə dəf edən, məğlubiyyət
sözünü yaxına buraxmayan, inamlı qərarları
ilə milyonlarla insanın taleyində müstəsna rol oynayan
lider kimi xatırlanır.
Ulu öndər Heydər Əliyev bu gün həm də
müstəqil Azərbaycan dövlətinin xilaskarı və
qurucusu kimi çağdaş tariximizə
möhürünü vurmuşdur. Böyük strateqin Azərbaycanın
dövlət müstəqilliyinin əldə edilməsi və
möhkəmləndirilməsi istiqamətində cərəyan
edən proseslərin önündə getdiyini birmənalı
olaraq təsdiqləyən faktlar kifayət qədərdir. Ötən
əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda
cərəyan edən mürəkkəb və ziddiyyətli
ictimai-siyasi proseslərə qətiyyən biganə qalmayan ulu
öndər Heydər Əliyev hələ Naxçıvan Ali
Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə,
lider təəssübkeşliyi ilə müstəqilliyin
qazanılması və milli özünüdərkin təmin
olunması prosesində yaxından iştirak etmişdir. Respublikamızda
geniş vüsət almış milli azadlıq hərəkatı
ilə eyni dövrdə xalqda milli heysiyyatı,
özünüdərki daha da gücləndirən, milli
dövlət rəmzlərinə hörmət təlqin edən
genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər
Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik
etdiyi dövrdə atılmışdır. Naxçıvanda
ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi
olan üçrəngli dövlət bayrağının bərpası,
muxtar respublikada SSRİ-nin saxlanılmasına münasibəti
öyrənən referendumun boykot edilməsi və digər
mühüm hadisələr bunun əyani təsdiqidir.
Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət
müstəqilliyini əldə etsə də, həmin
dövrdə hakimiyyətdə olan naşı və səriştəsiz
qüvvələr ölkənin keyfiyyətcə yeni mərhələdə
üzləşdiyi problemlərin öhdəsindən gələ
bilməmişlər. Nəticədə ölkədə
iqtisadi tənəzzül prosesi dərinləşmiş,
xalqın yaşayış səviyyəsi pisləşmiş,
qanunçuluğun, hüquq qaydalarının təminatında
ciddi problemlər yaranmışdı. Xüsusən də
1992-ci ilin mayında silahlı yolla hakimiyyətə gələn
AXC-Müsavat rəhbərliyinin siyasi səriştəsizliyi,
qətiyyətsizliyi bütövlükdə Azərbaycan
dövlətçiliyinə ciddi təhlükəyə
çevrilən neqativ meyillərin baş qaldırmasına -
siyasi mübarizədə qanunsuz silahlı birləşmələrdən
istifadəyə, etnik separatizmə, vətəndaş itaətsizliyinə
gətirib çıxarmışdı. Nizami ordunun
olmaması, xalqın düşmənə qarşı
lazımi səviyyədə səfərbər olunmaması
son nəticədə Azərbaycanın cəbhə bölgəsində
də ciddi uğursuzluqlarla üzləşməsinə səbəb
olurdu. 1993-cü ilin iyun ayında o zamankı iqtidarın
"milli qəhrəman" adı verdiyi Surət
Hüseynovun Gəncədə sılahlı qiyama əl
atması isə ölkədəki hərc-mərcliyin, anarxiya
mühitinin, siyasi hakimiyyətə qarşı total
inamsızlığın məntiqi sonluğa yetişməsi
idi.
Bu gün 1991-1993-cü illərin o böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində Vətən, millət sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. Hakimiyyəti ələ keçirərək inanılmaz bir hərisliklə ölkənin sərvətlərini çapıb-talayan, iqtisadi-siyasi və mənəvi böhranın qarşısını almaqda aciz olan məlum qüvvələr xalqın inamından sui-istifadə etməklə, əslində, özlərini uçuruma yuvarladılar. Bir daha təsdiqləndi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz. Belə acınacaqlı şəraitdə xalqın üzdə olan ziyalıları, sadə və zəhmətkeş insanları öz daxili inamlarına söykənərək respublikanı xaos və anarxiya mühitindən, parçalanma təhlükəsindən, sosial-iqtisadi tənəzzüldən, bir sözlə, böyük fəlakətlərdən qurtaracaq, onu möhkəm sabitlik, davamlı sosial-iqtisadi tərəqqi və yüksəliş yoluna çıxaracaq yeganə düzgün ünvanı göstərdilər. Əksəriyyət yaxşı başa düşürdü ki, məhz ulu öndər Heydər Əliyev kimi müdrik strateqin siyasi rəhbərliyə qayıdışı respublikanı üzləşdiyi böyük faciələrdən qoruya bilər.
1993-cü ilin iyununda Bakıya qayıdan Heydər Əliyev böyük qətiyyət və bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə, ictimai-siyasi sabitliyin bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə nail olmuşdur. Ulu öndər bir qrup ziyalı ilə birgə Bakıdan Gəncəyə yola düşərək baş vermiş silahlı qarşıdurmanın əsl səbəblərini araşdırmış, özünün müdrik və uzaqgörən addımları ilə silahlı qarşıdurmanın miqyasının genişlənməsinin qarşısını almışdır. Gəncədə olarkən "Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdırlar" - deyən ulu öndər bir daha prinsipial mövqeyini ortaya qoymuş, AXC-Müsavat hakimiyyətinin ölkəni vətəndaş qarşıdurması həddinə çatdırdığını açıq bildirmişdir. İyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratmışdır. Beləliklə də, 15 iyun Azərbaycanın böyük faciə və dəhşətlərdən qurtulmasının rəmzi ifadəsinə çevrilmiş, xalqımızın qəlbində özünə möhkəm yer tapmışdır.
1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev özünün qətiyyəti və möhkəm iradəsi ilə Azərbaycan dövlətçiliyini növbəti ağır faciələrdən xilas edə bilmişdir. Sonrakı mərhələdən etibarən Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü islahatlar insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb olmuşdur. Heydər Əliyevin "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" 9 avqust 1994-cü il tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir.
1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Əsas qanunda təsbit olunmuş bir sıra mühüm müddəalar məhkəmə hakimiyyətinin müstəqilliyinə ciddi təminat yaratmış, bu prinsip önə çəkilməklə sonrakı mərhələdə yeni qanunvericilik aktları qəbul olunmuşdur.
1996-2003-cü illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" memorandum olmuşdur. Həmin memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir. 1998-ci ilin 22 fevralında ümummilli lider Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalamış, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilmişdir. İnsan hüquqları sahəsində proqram xarakterli bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il 18 iyul tarixdə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunmuşdur.
Ulu öndər cəzanın humanistliyi məsələsinə də daim xüsusi diqqətlə yanaşmışdır. 1993-cü ildən tətbiqinə moratorium qoyulmuş ölüm cəzası 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur. Yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın qanunvericiliyinin Avropa standartlarına uyğun təkmilləşdirilməsinə, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına ciddi təkan vermişdir.
Hər bir liderin dövlət idarəçiliyində qazandığı uğur və nailiyyətləri şərtləndirən başlıca amillərdən biri də ciddi təmələ söykənən siyasi varislik ənənələrinin qorunmasıdır. Söhbət ölkənin və dövlətin sabit, dinamik inkişafının təkamül yolu ilə davam etdirilməsi xəttinin etibarlı şəkildə qorunmasından gedir. Heydər Əliyev təkcə güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lider, layiqli davamçı yetişdirmişdir. Xalqın sosial sifarişi əsasında Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı 2003-cü ilin oktyabrından üzərinə götürmüş cənab İlham Əliyev də öz siyasətini bu ənənələr çərçivəsində qurur. Ümummilli liderin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, onun xalqına, dövlətinə necə bağlı lider olduğu bir daha təsdiqini tapır. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü, şübhəsiz, uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir.
Siyasi liderlik, şübhəsiz, kütlələri ətrafında birləşdirmək bacarığında ifadə olunur. Dövlət başçısı İlham Əliyevin milli birlik və həmrəylik konsepsiyası dərin məzmun yükü ilə cəmiyyətin mənəvi bütövlüyündə və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ona xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı vermişdir. Cənab İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik toplumların birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürütmüşdür.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulamışdır ki, dövlətin əsas vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Respublikada son 7 ildə həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması da bir sıra reallıqlarla şərtlənmiş, cəmiyyətin sosial sifarişini əks etdirmişdir.
Dövlət başçısı hər bir vətəndaşın hüquq və azadlıqlarının etibarlı təminatına, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğuna yönəlmiş mütərəqqi islahatları da keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirir. Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etməsi, habelə insan hüquq və azadlıqları sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığının yeni mərhələyə qədəm qoyması məhkəmə-hüquq islahatlarını, liberallaşma prosesinin keyfiyyətcə yeni mərhələdə davam etdirilməsini vacib məsələ kimi önə çıxarmışdır. Bu reallığı düzgün qiymətləndirən Prezident İlham Əliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatlarını yeni dövrün tələblərinə uyğunlaşdırmağa çalışır. Bu islahatların qayəsində isə məhz insana və vətəndaşa həssas münasibət məramı dayanır. Ölkə vətəndaşlarının mütləq əksəriyyəti Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edəcəyinə, iqtisadi cəhətdən qüdrətlənəcəyinə və demokratik dövlətlər cərgəsində layiqli yer tutacağına ürəkdən inanırlar.
Ülvi QULİYEV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2010.- 13 iyun.- S. 4.