Ümummilli liderin zəfər yolu

 

    Əgər 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev Azərbaycanı düşdüyü bəladan qurtarmaq üçün hakimiyyətə qayıtmasa idi, yenicə müstəqilliyini qazanmış ölkəmiz, kim bilir, hansı ağır müsibətlərə düçar olacaqdı. O vaxt Azərbaycan ümmanda səmtini itirmiş bir gəmi vəziyyətində idi. Hər an qayalara çırpılıb param-parça olmaq, birdəfəlik batmaq təhlükəsi vardı. Hakimiyyətdə təmsil olunan AXC-Müsavat cütlüyünün nümayəndələri gəminin sükanını hərə öz istədiyi səmtə döndərir, nəzarətdən çıxmış ictimai-siyasi proseslərin idarəsini taleyin ümidinə buraxmaqdan başqa yol araya bilmirdilər.

 

    Ölkəni ağır vəziyyətə gətirib-çıxaran təkcə o vaxtkı iqtidarın naşılığı deyildi. Başı hakimiyyət davalarına qarışmış iqtidar və AXC-dən ayrılmış siyasi partiya rəhbərləri qarşıdurmanı daha da gərginləşdirir, kobud səhvlərə yol verir, Qarabağ müharibəsində ağır məğlubiyyətlər bir-birini əvəz edirdi. Bütün cəbhə boyu hücuma keçən Ermənistanın silahlı birləşmələri rayonlarımızı işğal edirdi. Xalq Şuşanın, Laçının, Kəlbəcərin itirilməsində haqlı olaraq birbaşa iqtidarı ittiham edirdi. Ölkəni mitinqlər dalğası bürümüşdü. Eyni zamanda, hərbiləşmiş müxalifətin liderləri də bu vəziyyətdən bəhrələnir, hakimiyyətin istefasını tələb edirdilər.

    Hadisələr sürətlə dəyişirdi. Qardaş qırğınının bir addımlığında idik. Xalq çıxış yolunu yalnız dünya şöhrətli siyasətçi olan ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü.

    AXC-Müsavat rəhbərliyində təmsil olunanlar fəaliyyətləri ərzində xalqa arxalana bilmədilər. Onlar meydan mitinqlərində xalqı ətraflarına topladıqları ilə öyünürdülər. Unudurdular ki, xalq onlara görə yox, Qarabağa görə, Kremlin ayrı-seçkilik siyasətinə etiraz əlaməti olaraq meydanlara axışmışdı.

    Nə ordu quruculuğunun qayğısına qalan vardı, nə sabitlik yaratmağın. Ziyalılar unudulmuşdu. Ağsaqqal, ağbirçək saya salınmırdı. Qanunlar işləmirdi. Hüquq-mühafizə orqanları siyasiləşmişdi. Cəzasızlıq şəraiti gündən-günə daha təhlükəli vəziyyət alır, cinayətkarlıq sürətlə artırdı.

    ...1993-cü ilin 9 iyunu! Həmin gün xalqımızın xilaskarı Heydər Əliyev qardaş qırğınının qarşısını almaq, vətəndaş müharibəsini dayandırmaq missiyası ilə Bakıya qayıtdı. Bu, haqqın, ədalətin himayədarı Heydər Əliyevin ümidi artıran, inamı gücləndirən qayıdışı idi.

    Heydər Əliyevin müstəqilliyini elan etmiş Azərbaycan rəhbərliyinə gəlişi tarixi bir zərurət idi. Azərbaycana xarici təcavüz güclənmişdi, ölkənin dövlət müstəqilliyi böyük təhlükə altında idi. Azərbaycanın böhrandan çıxarılması, müstəqil dövlətin qurulması, inkişaf etdirilməsi, demokratik təsisatların tətbiqi, siyasi və iqtisadi islahatların həyata keçirilməsi kimi mürəkkəb, taleyüklü məsələlərin həllinə yalnız Heydər Əliyev dühası qadir ola bilərdi...

    1993-cü ildə o dövrdəki iqtidar xalqın, ziyalıların tələbi ilə Heydər Əliyevi Naxçıvandan Bakıya hakimiyyətə dəvət edəndə öz hakimiyyətini demək olar ki, tam itirmişdi. Məqsəd bu böyük insanın kölgəsində gizlənmək idi. Heydər Əliyev bunu bilsə də, Bakıya gəlməyə razılıq verdi, çünki söhbət hakimiyyətin yox, xalqın taleyindən gedirdi. Azərbaycanın dövlətçiliyindən, müstəqilliyindən gedirdi.

    Respublikaya rəhbərlik edən şəxs yalnız xalqın, tarixin imtahanından deyil, qanunsuz silahlı dəstələrin, amansız sui-qəsd cəhdlərinin təhlükəsindən də keçməli, faktiki olaraq, öz həyatı ilə risk etməli idi. Buna yalnız xalqını çox sevən, öz həyatını xalqına qurban verə bilən, xalqın taleyini həll etmək məsuliyyətini öz üzərinə götürən şəxsiyyət gedə bilərdi. Azərbaycan ziyalılarının xalqa müraciətində göstərildiyi kimi, çətin işi öz öhdəsinə götürəcək və həll edə biləcək yeganə siyasi öndər Heydər Əliyev idi. Ümummilli lider xalqın tələbi ilə hakimiyyətə gəldiyi və Azərbaycan Ali Sovetinin sədri seçildiyi gün xalqının qarşısında söz vermişdi: "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm."

    Ümummilli liderimizin belə bir kəlamı var: "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə". 1993-cü ilin yayına qədər belə idi və ona görə də Azərbaycanda normal dövlət quruculuğu mümkün deyildi. Ölkə cəzasızlıq mühitinə düşmüşdü...

    Azadlığı, müstəqilliyi bəzən tarixi şərait özü yetişdirir. Xüsusən, imperiyalar dağılanda bu, qaçılmaz olur. SSRİ-nin dağılması da zamanın diqtəsi və qaçılmaz proses idi. SSRİ-nin tərkibində olan xalqlar müstəqillik qazandı, öz dövlətlərini qurdular. Müstəqilliyi qoruyub saxlamaq üçün bacarıq, təcrübə, peşəkarlıq tələb olunurdu. Bu iş üçün isə ulu yaradan xalqımıza Heydər Əliyev kimi böyük dühanı bəxş etmişdi.

    Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçiləndən sonra söylədiyi qısa nitqindən bir məqamı xatırlatmaq istərdim: "Ali Sovetin sədri kimi Azərbaycanın tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam ... Bununla əlaqədar olaraq, bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək..." Bu çox böyük proqram idi. Yalnız özünə tam güvənən böyük siyasi xadimlər belə vəd verə bilərdilər. Nəzərə alsaq ki, ölkə ağır vəziyyətdə idi, ordu yox idi, iqtisadiyyat tamam dağılmışdı, ölkədə qanunsuz silahlı dəstələr meydan sulayırdı, ulu öndərin necə böyük cəsarət, fədakarlıq nümunəsi göstərdiyi bir daha aydın olar. O vaxt qonşu dövlətlərlə münasibətlər də gərgin vəziyyətdəydi. Azərbaycanı parçalamağa cəhd göstərən ölkələrin güclü təzyiqi vardı.Ancaq Heydər Əliyev qüdrətliydi. Bütün işləri öz inamı, qətiyyəti, böyük idarəetmə təcrübəsi ilə yoluna qoydu. Dövlətçiliyi möhkəmləndirdi, müstəqilliyimizi qoruyub saxladı, ölkəni inkişaf etdirdi.

    Bu gün 1993-cü ilin 15 iyun tarixindən başlanan yol uğurla davam etdirilir. Ölkədə sabitlik dönməz xarakter alıb, insan və vətəndaş hüquq və azadlıqları hər sahədə qanunlarımızın bütün ciddiliyi ilə qorunur. Hüquqi islahatlar nəticəsində Avropa standartlarına cavab verən qanunlar qəbul edilib, üçpilləli məhkəmə sistemi formalaşıb. Ədliyyə orqanları dünya təcrübəsinə uyğun fəaliyyət göstərir. Azərbaycanın beynəlxalq əlaqələri möhkəmlənib. Dünya ölkələri Azərbaycanla hesablaşır. Ordumuz gündən-günə güclənir. Ümumi daxili məhsulun həcminə görə neçə ildir, dünyada liderliyimizi qoruyub saxlayırıq.

    Xilaskarlıq missiyası ümummilli liderimiz Heydər Əliyevin taleyinə yazılmış vəzifə idi. Onu uğurla yerinə yetirdi. Üstəlik, ölkəmizi çox böyük, firavan gələcəyə aparan dəyərli ideyalar qoyub getdi. Bu ideyaları qədirbilən xalqımız ulu öndərin layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirir. Ötən illərdə dönə-dönə sübut olunub ki, bu siyasətin alternativi yoxdur...

 

 

    Əliəjdər ƏLƏKBƏROV,

    Cəlilabad Rayon Məhkəməsinin sədri

 

     Xalq qəzeti.- 2010.- 13 iyun.- S. 4.