Azərbaycanın
müstəqilliyi naminə
fədakarlıq nümunəsi
Dünyanın
siyasi arenasında öz yeri olan,
Azərbaycan xalqının
şərəf simvolu
ümummilli lider Heydər Əliyevin fəaliyyət dövrü
xalqımızın yüz
illərlə həsrətində
olduğu Azərbaycanın
dövlət müstəqilliyinin
əldə edilməsi,
onun azad inkişafı və yüksəlişi naminə
aparılan mübarizələr
və qələbələr
tarixidir. Bu dövrün
az qala
yarıdan çoxu sovet dönəminə, imperiya rejimi dövrünə təsadüf
edir. Nə qədər qəribə
olsa da əslində
Heydər Əliyev elə bu illərdə
Azərbaycanın gələcək
müstəqilliyi üçün
göstərdiyi misilsiz
xidmətlərlə adını
tarixə yazmışdı.
Tanrı onu məhz öz missiyasını yerinə
yetirmək üçün
ən sərt və amansız mübarizələrdən belə
qalib çıxarır,
qoruyur və irəli aparırdı.
"Mən istəyirdim mənim
ölkəm, mənim xalqım istənilən şəraitdə
müstəqil yaşaya bilsin. Mən istəyirdim Azərbaycan
hər şeydən əvvəl iqtisadi cəhətdən
müstəqil olsun. Çünki istənilən müstəqilliyin
əsası iqtisadiyyatdır. Mən burada çoxlu elektrik
stansiyası tikdirdim. Moskvada məndən soruşurdular: bu
sizin nəyinizə lazımdır? İzah edirdilər ki, Sovet
İttifaqının vahid enerji sistemi var, bu nəyə
lazımdır? Deyirdim ki, istəyirəm bizdə yeni iş
yerləri olsun və s. Mingəçevirdə hər biri 250
meqavat gücündə 9 kompleksdən ibarət Kür SES-i
tikdirdim. Yenikənd SES-in tikintisini başladım, ancaq
yarımçıq qaldı. Qayıdandan sonra Dünya
Bankından kredit alıb onun tikintisini başa
çatdırdım və istismara buraxdıq". Onun 1970-ci
illərdə Azərbaycanı yüksəlişə və
iqtisadi tərəqqiyə aparan xidmətləri saysız-hesabsız
idi. Sovet rejiminin sərt qaydalarından çox böyük
ustalıqla istifadə edib bir onillikdən bir qədər
artıq vaxtda respublikanın iqtisadi, milli-mədəni
simasını dəyişməyi bacarmış və Kremlin
hakimiyyət kuluarlarında işgüzar, bacarıqlı,
peşəkar dövlət xadimi kimi tanınmağa
başlamışdı. Bu, bir tərəfdən Heydər Əliyevin
dostlarının dairəsini genişləndirmişdisə,
digər tərəfdən rəqiblərinin, ona həsəd
aparanların sayını artırmışdı.
1982-ci ildə ona "Heydər Əliyevin
artıq Kremldə lazım olduğunu" deyəndə, bir qədər
tərəddüd etmişdi. Yox, qorxmaq, çəkinmək
bu şəxsiyyətin xarakterinə yad olan keyfiyyətlər
idi. O, sadəcə Azərbaycanın bəlkə də
müstəqilləşməsi üçün
başladığı işlərin yarımçıq
qalmağına təəssüflənirdi. Lakin tale onu yeni
sınaqlara hazırlayırmış kimi, nəhəng bir
dövlətin hakimiyyət intiriqalarının cərəyan
etdiyi Moskvaya çəkib apardı. Ağır iqtisadi
böhranın çökdürməkdə olduğu ölkənin
ən çətin və problemli sahələrinə rəhbərlik
etmək tapşırılan SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini Heydər Əliyev yorulmaq bilmədən
çalışır və heyrətamiz gücü,
bacarığı, müdrik qərarları ilə sadə
sovet adamlarının belə dərin hörmət və rəğbətini
qazanırdı.
"Heydər Əliyev: hakimiyyətin
çəkisi" sənədli filminin müəllifi,
dünya kinosunun tanınmış simalarından olan rejissor
Andrey Konçalovski müsahibələrinin birində bu dahi
azərbaycanlı haqqında belə deyir: "Bu insan tarix
yaradıb. O böyük milli qəhrəmandır. O bir
çox məsələlərdə dünyanın istənilən
ölkəsinin rəhbərini qabaqlayır. Heydər Əliyev
təkcə Azərbaycan və azərbaycanlılar
üçün deyil, həm də Rusiya üçün,
bütün keçmiş Sovet İttifaqı və bu
ucusuz-bucaqsız geniş ərazidə yaşayan bütün
xalqlar üçün çox iş görüb. O ölkəni
quran, dövləti yaradan və möhkəmləndirən
çox böyük dahi şəxsiyyətlərdən
biridir. Ona görə bu səviyyədə olan şəxsiyyətlərə
hörmət və şərəflə yanaşmaq
lazımdır".
Amma Kremldə 1980-ci illərin
sonlarında bu fenomenal dahi şəxsiyyətə heç də
hamı sevgi və məhəbbətlə, hörmət və
rəğbətlə yanaşmırdı. Onun istedadı və
sürətlə artan nüfuzu çoxlarını qorxuya
salmış, paxıllığına və qəzəbinə
səbəb olmuş, rəqib bilənlərsə
bütün vasitələrlə onu məhv etməyə
çalışmışlar. Lakin Tanrı onu, taleyinə
düşən xilaskarlıq və quruculuq missiyasını
yerinə yetirmək üçün daim qorumuşdur...
1993-cü ilin qanlı qadalı
günlərini, yenicə müstəqilliyə qovuşmuş
Azərbaycanın məhv olmaq və dövlətçiliyinin
süquta uğramaq təhlükəsi qarşısında
qaldığı məqamların canlı şahidləri
olaraq hansı iztirab və həyəcanlar
yaşadığımızı xatırlamaq belə
içimizi sarsıdır. Erməni işğalının
böyük miqyas aldığı, ölkə daxilində
qardaş qanının axıdıldığı, xaos və
hakimiyyətsizliyin doğurduğu anarxiyadan üzülən
xalq məzlum-məzlum bütün ümidlərini məhz
dahi oğlu Heydər Əliyevin gəlişinə
bağlamışdı. "Ölüm yatağında"
olan ölkənin son ümidinə Heydər Əliyev gəldi.
Tikib, qurub, yaradıb, sonra qoyub getdiyi ölkədə
gördükləri onu dəhşətə gətirdi. Ona
görə də Azərbaycanın 1993-cü il iyun
ayındakı gerçək mənzərəsini Heydər Əliyev
mətbuata belə açıqlayırdı: "İndi Azərbaycanda
vəziyyət belədir; iqtisadiyyat büsbütün
dağılmışdır. O ki, qaldı ictimai-siyasi vəziyyətə,
bundan pisini ağıla gətirmək olmaz".
Məhz ona görə dünya
politoloqları və kütləvi informasiya vasitələrinin
nümayəndələri 1993-cü ilin iyun ayını Azərbaycan
dövlətinin və xalqının xoşbəxt gələcəyə
bilet alması, Heydər Əliyevin həyatında və
bioqrafiyasında isə misli görünməmiş yüksəlişin
parlaq tarixi kimi dəyərləndirirlər.
Sovet İttifaqının
dağılması, dünyanın bütün geosiyasi
qatlarının dəyişməsi, dünya
ağalığına cəhdlərin güclənməsi, Cənubi
Qafqazda, Orta Asiyada və Avrasiya regionlarında eyni vaxtda
yeni-yeni müstəqil dövlətlərin yaranması
bütövlükdə yeni liderlərin meydana
çıxmasını tələb edirdi. Sadəcə
bacarıqlı insanlara deyil, fenomenal lider keyfiyyətlərinə
malik, genetik cəhətdən innovasiyalara uyğunlaşa bilən
şəxsiyyətlərə ehtiyac var idi. Lakin müstəqilliyin
ilk illərində hakimiyyətdə olan insanlar arasında bu
keyfiyyətdə insanlar yox idi. Ümummilli lider Heydər Əliyev
sonralar o dövrü xarakterizə edərək deyirdi: "Azərbaycanın
kommunist hökuməti o zaman öz xalqına qarşı
satqınçılıq mövqeyi tutdu və nəticədə
getməyə məcbur oldu. Ancaq bu hökumətin yerinə təsadüfi
və səriştəsiz adamlar gəldi və çox tezliklə
də özlərini rüsvay etdilər. Bir ildən sonra onlar
demək olar ki, hərəsi bir yerə, prezident də öz kəndinə
qaçdı".
Heydər Əliyev müdrikliyə,
vətənpərvərliyə, siyasətdə dəyərlər
iyerarxiyasına və şəxsiyyətə hörmətə
söykənən fenomen insan idi. XX əsrin ən qanlı, nəhəng
miflərindən biri - Sovet imperiyası dağılanda Heydər
Əliyevin əməlləri və qərarları sovet
eksperimentinin xeyrinə olan son arqumentlər kimi tarixdə
qaldı, sonra isə yeni, layiqli və xoşbəxt həyat
imkanları haqqında təkzibedilməz sübuta
çevrildi.
Heydər Əliyevin böyük
miqyaslı siyasətçi olduğu artıq sovet dönəmindən
bəlli idi və respublikamızın bir dövlət kimi
varlığının qorunmasında məhz onun
ölçülü-biçili siyasi qərarları,
uzaqgörən strategiyası və taktikası, məqsəd
və vəzifələrin miqyası öz hökmünü
verdi. Ölkədə kəskin hakimiyyət
böhranının, vətəndaş müharibəsi
ehtimalının və müstəqilliyi itirmək təhlükəsinin
qarşısını çox böyük ustalıqla alan
Heydər Əliyev məhz bu gərgin məqamlarda
dünyanın yeddi nəhəng və güclü dövlətinə
ölkəsində birgə neft çıxartmağı, emal
etməyi və daşımağı təklif etdi və bu təklif
qəbul olundu. 1994-cü il sentyabrın 20-də 11
tanınmış neft şirkətinin iştirakı ilə
"Əsrin müqaviləsi" imzalandı. Bununla da Heydər
Əliyevin qətiyyəti, siyasi müdrikliyi sayəsində
Azərbaycan Xəzər dənizini və onun enerji
resurslarını bütün dünyanın üzünə
açdı.
1997-ci ildə rus yazarı Aleksandr
Baraday bu faktı belə qiymətləndirirdi: "Sovet məktəbinin
müdrik siyasətçisi Heydər Əliyev öz ölkəsini
Türkiyə, ABŞ və ərəb dünyası ölkələri
üçün əvəzedilməz geosiyasi həlqəyə
çevirdi. O çox dahiyanə bir gedişlə öz
ölkəsinin neft sənayesinin aksiyalarını
dünyanın nəhəng dövlətləri və
transmilli şirkətləri arasında
bölüşdürdü və bununla da onların Azərbaycanın
daxili sabitliyinin əldə edilməsində maraqlı
olmalarını təmin etdi. Ona görə də Heydər Əliyev
hər ehtimala qarşı Moskva ilə əlaqələri
saxlamaqda davam edərək, daha müstəqil siyasət yeritməyə
qadirdir".
O vaxt üçün iqtisadi,
siyasi və informasiya blokadasında olan, hakimiyyət uğrunda
daxili çəkişmələrin səngimədiyi, əksinə
daha qorxulu, gizli xarakter aldığı, qonşu dövlətlərin
ciddi təzyiqlərinə məruz qalan gənc müstəqil
dövlətin belə bir addım atması bir çoxları
tərəfindən Heydər Əliyevi məğlubiyyətə
aparan səhv kimi qiymətləndirilsə də tarix onun qələbəsinə
qərar verdi. "Əsrin müqaviləsi"nin
mühüm əhəmiyyətlərindən biri də ondan
ibarət idi ki, bu müqavilə respublikada çox
güclü qanunvericilik bazası yaratdı, investorlar öz
kapitallarının etibarlı müdafiəsinə
inandılar və bununla da Azərbaycan əlverişli və
etibarlı investisiya mühiti olan sivil bir ölkəyə
çevrildi. Ölkə bununla ilk növbədə iqtisadi
inkişaf üçün bünövrə əldə etdi. 1997-ci
ildən başlayaraq istehsal, maliyyə və kənd təsərrüfatı
sahəsində göstəricilər daim artmağa
başladı.
Ümummilli lider müstəqil Azərbaycanın
iqtisadiyyatının təkcə neft sənayesi üzərində
qurulmasının da gələcəkdə yaxşı nəticələr
verməyəcəyini bilirdi. Məhz ona görə də
neftin gəlirləri hesabına iqtisadiyyatın digər sahələrini
inkişaf etdirmək, infrastruktur layihələrin
reallaşdırılmasına çalışmağın
vacib olduğnu qeyd edir və buna səy göstərirdi. Keçmiş
postsovet məkanında ilk dəfə Azərbaycanda dövlət
başçısı Heydər Əliyevin göstərişi
ilə torpaq islahatına start verildi. Aqrar islahatın bu
fazası ilə bərabər kolxoz və sovxozların şəxsi
və fermer təsərrüfatlarına keçməsi kənd
təsərrüfatına yeni həyat verdi. Onun təşəbbüskarlığı,
qətiyyətli və prinsipial qərarları Azərbaycan
iqtisadiyyatını tədricən dirçəldir, ona yeni nəfəs
verirdi. Az bir zaman içində bazar iqtisadiyyatına
keçidin qanunvericilik bazası formalaşmağa, iqtisadi həyatımızda
sahibkarlıq fəaliyyəti yaranmağa başladı. Kommunist
rejimindən yenicə ayrılmış Azərbaycanda
sahibkarlığın inkişafına böyük maneələrin
olacağını çox dəqiq bilən Heydər Əliyev,
onları şəxsən himayə edir, vaxtaşırı
görüşlər keçirir, problemlərini öyrənir
və onlara dəstək olurdu.
Heydər Əliyev yenidən
hakimiyyətə gələndən sonra artıq müstəqil
dövlət rəhbəri olaraq özünün peşəkar
və yaradıcı siyasi tərcümeyi-halına yeni regional
diplomatiya strategiyasını da əlavə etdi. Ağır
çəkili siyasətçi, tarixçi və filosof,
müstəsna yaddaşa malik natiq və şübhəsiz ki,
fenomenal dövlət xadimi Heydər Əliyev, bir çox
opponentlərinin qeyd etdiyi kimi, bircə əl verib
görüşməklə istənilən adamı öz
mühakimələrinin doğruluğuna inandırmağı
bacarırdı. Bu insan istənilən səviyyədə və
ranqda olan şəxsi paritet danışıqlar aparan bir səviyyəyə
gətirməyin ustası idi.
"Bizim ölkələrimiz
arasında əlaqələrin möhkəmlənməsində
və Azərbaycanın inkişafında Heydər Əliyevin
xidmətləri əvəzsizdir. Mən onunla 1998-ci ilin
iyulunda Birləşmiş Krallığa səfəri
zamanı görüşümüzü çox yaxşı
xatırlayıram". Kraliça ülyahəzrət II
Yelizavetanın bu sözləri Heydər Əliyevin istənilən
mənsəbdən olan şəxslərlə
qarşılıqlı münasibətlər qurmaqda fenomen
keyfiyyətindən xəbər verir.
Ulu öndər Heydər Əliyevin
Azərbaycan dövləti və bütöv Azərbaycan
xalqı qarşısında misilsiz xidmətlərindən
biri heç şübhəsiz onun xalqımızın təkid
və tələbi ilə gənc dövlətin sükanı
arxasına keçib müstəqil Azərbaycan
Respublikasını ən qorxulu faciədən - məhv olmaq və
tarixin səhnəsindən silinmək təhlükəsindən
xilas etməsi oldu. Onun ilk gündən başlayaraq, siyasi və
iqtisadi əməkdaşlığı inkişaf etdirmək
naminə həyata keçirdiyi strateji əməkdaşlıq
strategiyası təkcə MDB məkanında deyil,
bütün Qərb dövlətləri ilə sıx
münasibətlər qurmağa imkan verdi.
Heydər Əliyev türk
dünyası ilə münasibətləri nəinki qorudu, həm
də yüksək səviyyədə inkişaf etdirdi. Nahaq
deyil ki, Türkiyənin görkəmli dövlət və
siyasi xadimi Bülənt Ecevit onu belə dəyərləndirirdi:
"Qüdrətli öndərsiz bir millət heç nəyə
nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər
qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min
ildən bir yetişən dahilərdəndir".
Heydər Əliyev böyük
qonşumuz Rusiya ilə münasibətləri bərpa etdi,
öz islam köklərini unutmadı və nəhayət Qərb
dövlətləri ilə etimadlı münasibətlər
qurdu. 1995-2007-ci illərdə Fransanın prezidenti olmuş Jak
Şirak onun xidmətlərini belə dəyərləndirirdi:
"Bu özünəməxsus unikal şəxsiyyət Azərbaycanı
çiçəklənməyə doğru apardı. Müxtəlif
görüşlərimiz zamanı, xüsusilə
Dağlıq Qarabağ münaqişəsilə bağlı
danışıqlarda mən onun konflikti sülh yolu ilə həll
etmək üçün göstərdiyi qəhrəmanlığı,
müdrikliyi və qətiyyəti yüksək qiymətləndirirəm".
Şübhəsiz dünyanın
bütün siyasi məktəblərində, Mitteran, Bismark,
Adenaur, de Qoll, Çörçill kimi tarixi şəxsiyyətlərlə
yanaşı Heydər Əliyevi - Azərbaycan dahisini də
öyrənmək lazımdır. Çünki şəxsiyyətin
tarixi dəyişikliklərə təsiri, bu şəxsiyyətin
miqyasını səciyyələndirir. Tarixin gedişini dəyişmək
iqtidarında olan siyasətçilərin taleyinə, həmişə
olduğu kimi, ən təhlükəli və ağır məsuliyyət
düşür. Bu məsuliyyəti necə
daşımasından, ölkəsinin tarixi inkişafı
üçün hansı istiqaməti seçməsindən
asılı olaraq politoloqlar o tarixi şəxsiyyət
fenomenini tarixi liderlərin üç tipindən birinə aid
edirlər - konservator, islahatçı və ya
inqilabçı.
Heydər Əliyev birmənalı
olaraq islahatçı lider idi. Adət-ənənəni, milli
mənəvi dəyərləri, mədəniyyəti
qayğı ilə qoruyan, amma, eyni zamanda, ictimai
düşüncənin ağrılı islahatının və
dekonstruksiyasının məsuliyyətini üzərinə
götürən lider. 1990-cı illərdə məhz bu lider
nəqliyyat dəhlizi məsələlərini
aktuallaşdıraraq Azərbaycana Şərqi və Qərbi
birləşdirən ölkə statusunu qazandırdı,
respublikanı regional geosiyasi oyunçu formatına daxil etməyi
bacardı.
Bu gün, 1993-cü ilin o müdhiş iyun günlərindən 17 il keçəndən sonra biz çox qətiyyətlə deyə bilərik ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı qatı millətçilikdən və dini fanatizmdən qorudu, azərbaycançılıq fəlsəfəsilə xalqı və bütün dünyaya səpələnmiş azərbaycanlıları bir məfkurə ətrafında topladı, müstəqil dövlətçiliyi möhkəm təməl üzərinə çıxarıb inkişaf etdirdi, yeni iqtisadi strategiya sayəsində ölkəni inkişaf müstəvisinə çıxardı, milli ordunu formalaşdırdı və s. və i.
Nə yaxşı bu gün Azərbaycan fenomenal siyasət ustası Heydər Əliyevin arzularının işığına doğru getməkdədir. Ümummilli liderin siyasi zəmanəti və yüksək xalq etimadı ilə 2003-cü ildə prezidentlik missiyasına başlayan İlham Əliyev qısa zamanda misilsiz uğurlara imza atdı və xalqın sonsuz hörmət və rəğbətini qazandı. Bu gün bütün dünyada müasir dövrün lideri obrazının bütün keyfiyyətlərini beynəlxalq aləmə öz siyasi fəaliyyəti ilə nümayiş etdirən Prezidentimiz cənab İlham Əliyev müstəqil Azərbaycanın milli maraqlarını, mənafeyini ləyaqətlə və qətiyyətlə qorumaqdadır. Gəlin razılaşaq ki, bu şansı da ölkəmizə qazandıran məhz ulu öndər Heydər Əliyev olmuşdur.
Dilfərə MƏMMƏDOVA,
Azərbaycan Dövlət İqtisad
Universitetinin dosenti
Xalq qəzeti.- 2010.- 13 iyun.- S. 5.