Ölkədə ictimai-siyasi sabitliyin yaranması Heydər Əliyevin tarixi xidmətidir

 

    Müstəqilliyin ilk illərində Azərbaycan Respublikası öz tarixinin çox mürəkkəb dövrünü yaşamışdır. Azərbaycan xalqının suveren dövlətdə yaşamaq arzusu, azadlıq ideallarına bağlılığı onun müstəqilliyinin əleyhinə olan düşmən dairələrin maraqlarına toxunduğundan, onlar xalqı bu yoldan çəkindirmək, onun gələcəyə inamını sarsıtmaq üçün müxtəlif təxribatlara və digər çirkin vasitələrə əl atırdılar ki, bu da öz növbəsində respublikadakı ictimai-siyasi duruma ciddi surətdə mənfi təsir göstərirdi.

 

    Keçən əsrin 90-cı illərinin əvvəllərində ölkədə anarxiya, xaos və dağıdıcılıq siyasəti baş alıb gedir, ağır sosial-iqtisadi vəziyyət, sabitliyi pozmaq istəyən qüvvələrin azğınlığı, bir-birinin ardınca həyata keçirilən təxribatlar, dövlət çevrilişi cəhdləri, mütəşəkkil cinayətkarlığın təhlükəli xarakter alması ictimai-siyasi və sosial ziddiyyətlərin kəskinləşməsinə rəvac verirdi. Bu şəraitdən istifadə edən cinayətkar aləm xeyli qol-qanad açmış, nəticədə respublikada cinayətkarlıq mahiyyətcə daha təhlükəli olmuşdu. Bütün bunlar əhalini qorxuya salır, dövlət orqanlarının normal işini pozur, onların nüfuzuna xələl gətirirdi.

    Belə bir çətin anda xalqın çağırışı və təkidi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı bütün bu təhlükəli proseslərin qarşısını aldı. Prezident Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidməti ondan ibarət oldu ki, o, Azərbaycan dövlətçiliyini xilas etdi.

    1994-cü il avqustun 9-da ümummilli lider Heydər Əliyev" Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında" fərman imzaladı. Bu fərman ölkədə konstitusiyalı dövlət quruluşunun mühafizəsinə, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərindən qorunmasına yönəlmiş və cinayətkarlığa qarşı mübarizədə əsaslı dönüş yaratdı.

    Həmin fərmana əsasən, Azərbaycan dövlətinin inkişafına mane olan amillərə qarşı mübarizə metodları və üsulları genişləndirilmiş, cinayətkarlığa şərait yaradan halların aradan qaldırılmasına yönəldilmiş əməli tədbirlər gücləndirilmiş, müvafiq təşkilati və praktiki tədbirlər planlaşdırılmış və uğurla həyata keçirilmişdi. Bu tədbirlər nəticəsində hüquq-mühafizə orqanları sistemində və digər sahələrdə cinayətkarlarla əlbir olan, təxribatlar törədən, vəzifədən sui-istifadə edən, rüşvətxorluq və bir sıra başqa qanunsuz əməllərlə məşğul olan, pozuntulara və əyintilərə yol verən şəxslər müəyyən olunub tutduğu vəzfələrdən kənarlaşdırılaraq məsuliyyətə cəlb olundular.

    Ulu öndər Heydər Əliyevin bu və digər fərman və sərəncamlarında qarşıya qoyulan vəzifələrin hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi, görülmüş kompleks və çevik əməliyyat tədbirləri 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişi cəhdlərinin aradan qaldırılması, ölkə Prezidentinin fiziki məhvinə yönəldilmiş sui-qəsdlərin qarşısının alınmasını, onların təşkilatçılarının ifşa olunmasını təmin etmiş, respublikada siyasi qarşıdurma yaratmaq cəhdlərinə qətiyyətlə son qoymuşdu.

    Narkotiklərin yayılması və narkomanlıqla mübarizə ümummilli lider Heydər Əliyevin bir çox fərman və sərəncamı ilə ümumdövlət səviyyəsinə qaldırılmış, bu sahədə cinayətlərin qarşısının alınması üçün dövlət proqramları, Milli Məclis tərəfindən müvafiq qanun qəbul edilmiş, təşkilati və digər tədbirlər həyata keçirilmişdir.

    Doxsanıncı illərdə mütəşəkkil dəstələrə qarşı aparılan qətiyyətli mübarizənin ən mühüm nəticələrindən biri də o oldu ki, əvvəlki illərin xofu insanların canından çıxmağa başladı, onlarda qanunun gücünə, hakimiyyətə, dövlətçiliyə inam yarandı. Əvvəllər qorxu və təzyiqlər altında susmağa məcbur olan yüzlərlə vətəndaş törədilmiş cinayətlər barədə dövlət orqanlarına məlumatlarla müraciət etməyə başladı. Əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində keçmiş illərdə törədilən və açılmamış qalan sifarişli qətllər, adam oğurluqları, işgəncələr və şəxsiyyət əleyhinə olan digər cinayətlər, oğurluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə (reket) və mülkiyyət əleyhinə olan digər bu kimi cinayətlər açılmış, təqsirkar şəxslər ədalət mühakiməsinə verilmişdir.

    Azərbaycan iqtisadiyyatının düşdüyü çətin vəziyyətdən çıxarılması, bu sahədə yeni iqtisadi münasibətlərin formalaşdırılması üçün ümummilli lider Heydər Əliyevin yeritdiyi siyasət və onun nəticələri göz qabağındadır. Bu gün ölkə iqtisadiyyatı əvvəlki illərin böhranından qurtulmuş və tədricən, dönmədən inkişaf yolu ilə irəliləməkdədir. Bu yöndə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri - iqtisadiyyatın inkişafına mane olan, xalqın əmlakına göz dikən, korrupsiya və rüşvətxorluğa qurşanan ünsürlərə qarşı barışmaz, qətiyyətli və amansız mübarizə aparmaqdır.

    Respublikada sabitliyin bərpası hüquq-mühafizə orqanlarına ictimaiyyətin inamının artmasına, cəmiyyətdə mövcud olmuş qorxu və cinayətkarlar arasında hökm sürmüş cəzasızlıq əhval-ruhiyyəsinin aradan götürülməsinə səbəb olmuşdur. Ayrı-ayrı siyasətbazların milli taleyimizə yönəlmiş pərdəarxası oyunlarına, siyasi anarxiyaya son qoyulmuşdur.

    Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq iqtisadi və maliyyə sisteminə inteqrasiya istiqaməti götürən, sosial ədalət prinsipinə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yoluna qədəm qoymağa imkan yaratmışdır.

    Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində ölkədə cinayətkarlıq cilovlandı və kriminogen durum tam nəzarət altına alındı. Ümummilli liderimizin tarixi xidmətlərindən biri də bu oldu.

 

 

    Kəmalə QULUBƏYOVA,

    Ədliyyə Nazirliyi Ədliyyə

    Akademiyasının əməkdaşı

 

    Xalq qəzeti.- 2010.- 13 iyun.- S. 5.