Heydər Əliyevin
hakimiyyətə yenidən qayıdışı müstəqil
Azərbaycanda sahibkarlığın inkişafına
güclü stimul yaratdı
Azərbaycan xalqı hər
il Milli Qurtuluş Gününü böyük təntənə
ilə qeyd edir. Məhz həmin gün - 15 iyun 1993-cü ildə
ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası
Ali Sovetinin sədri seçildi. Bu, Azərbaycan xalqının
tarixində çox əhəmiyyətli bir hadisə idi.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə yenidən
gəlişi ilə ölkəyə yeni ab-hava gətirdi, Azərbaycanımızı
dağılmaq təhlükəsindən xilas etdi.
Ermənistan silahlı qüvvələrinin Azərbaycana
hərbi təcavüzü, ictimai-siyasi sabitliyin pozulması,
ölkədə rəhbərliyin tez-tez dəyişməsi nəticəsində
90-ci illərin əvvəllərindən etibarən
iqtisadiyyatın əksər sahələrində istehsalın
tənəzzülü başlamış və bu proses getdikcə
dərinləşərək xroniki səciyyə
almışdı. İkinci dəfə hakimiyyətə
qayıdışı zamanı ulu öndər bu vəziyyəti
təhlil edərək deyirdi: "Respublika iqtisadiyyatı, demək
olar ki, tamamilə dağıdılıb, xalqın rifah
halı aşağı düşüb. Lakin respublikanın
böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın
coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri,
uzun illər boyu yaranmış əsas fondları
respublikanı bu ağır böhrandan çıxarmağa
imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə
bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət
etməliyik".
Dahi şəxsiyyətin rəhbərliyi ilə
aparılan ardıcıl və məqsədyönlü siyasət
nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması,
istehsalda yaranmış geriləmə proseslərinin
qarşısının alınması və digər tədbirlərdən
sonra iqtisadiyyatda tənəzzül tədricən aradan
qaldırıldı və bununla da iqtisadi inkişafın
mahiyyətcə yeni mərhələsinin təməli qoyuldu.
Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər
sahələrdə iqtisadi göstəricilərin artımı,
həyata keçirilən geniş miqyaslı iqtisadi
islahatların ilkin nəticələri ulu öndərin siyasətinin
düzgünlüyünü və Azərbaycanın bazar
iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq
edirdi.
1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"
Azərbaycan Respublikasının siyasi, iqtisadi və informasiya
blokadası şəraitində olan bir vaxtda imzalandı. Həmin
dövrdə Azərbaycan haqqında dünyada təsəvvür
ya ümumiyyətlə yox idi, yaxud da ki, respublikamız barəsində
yalnız mənfi rəy formalaşmışdı. Heydər Əliyev
belə bir gərgin şəraitdə dünyanın 7
inkişaf etmiş qüdrətli dövlətini təmsil edən
11 neft şirkəti ilə "Əsrin müqaviləsi"ni
imzalamağa müvəffəq oldu. Azərbaycan
üçün həyati əhəmiyyəti olan bu
müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar
olunmasında, həm də xarici siyasətdə
uğurların əldə edilməsində müstəsna rol
oynadı. "Əsrin müqaviləsi"nin
imzalanmasından 3 il sonra, 1997-ci ilin noyabrında həmin
müqavilənin iştirakçılarından ibarət Azərbaycan
Beynəlxalq Əməliyyat Şirkəti
"Çıraq" yatağının ilk quyusundan neftin
fontan vurmasına nail oldu və bu vaxtdan başlayaraq, 2002-ci
ilin sonunadək həmin yataqdan 24,5 milyon ton neft və 3,5
milyard kubmetr qaz hasil edildi. Ümumiyyətlə, 2002-ci ildə
Azərbaycanda 15,3 milyon ton neft hasil edilərək son iyirmi
dörd ildə ən yüksək göstərici əldə
olundu.
"Əsrin müqaviləsi"nin imzalanması ilə
yanaşı, hasil olunacaq neftin dünya bazarına
çıxarılması üçün əlverişli
marşrutun axtarılıb tapılması da mühüm əhəmiyyət
kəsb edirdi. Layihə çərçivəsində ilkin
neftin hasil olunmağa başladığı dövrdə onun
Bakı-Novorossiysk kəməri vasitəsiylə nəqli həyata
keçirilirdisə, artıq tezliklə neft hasilatının
50 milyon ton və ondan daha artıq səviyyəyə
çıxarılması
planlaşdırıldığından alternativ neft kəməri
layihələri tələb olunurdu. Digər tərəfdən
neftin nəqli məsələsi həm də siyasi səciyyə
daşıdığından marşrutun seçilməsində
maraqlı dövlətlərin də rəylərinin nəzərə
alınması vacib idi. Məhz belə bir vəziyyətdə
Heydər Əliyev Azərbaycan neft kəmərinin
çoxvariantlılığı ideyası ilə
çıxış etdi. Beləliklə, o vaxt Bakı-Supsa kəməri
işə salındı, eyni zamanda, "Əsrin müqaviləsi"
çərçivəsində hasil olunacaq əsas neftin nəqli
üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
inşa edilməsi üzrə danışıqlar intensivləşdirildi.
1999-cu ilin noyabrında ATƏT-in İstanbul zirvə
toplantısının sammiti çərçivəsində
Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri
ABŞ-ın dövlət başçısının
iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru
kəmərinin inşa edilməsinə dair hökumətlərarası
saziş imzaladılar. Bu kəmərin çəkilməsi
yolunda yaradılan çoxsaylı əngəllərə
baxmayaraq ulu öndər Heydər Əliyevin siyasi iradəsi və
uzaqgörənliyi sayəsində maneələr dəf edilərək
sözügedən layihənin gerçəkləşməsi
reallığa çevrildi, kəmərin tikintisinə
başlanıldı. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə
gələrkən respublikada ümumi daxili məhsul
istehsalında böyük geriləmə müşahidə
edilirdi. Lakin ulu öndərin rəhbərliyi ilə
respublikada görülən təxirəsalınmaz tədbirlər
nəticəsində iqtisadiyyatda tənəzzülün
qarşısı alındı və beləliklə,
1994-1995-ci illərdə bugünkü nailiyyətlərin əldə
olunmasının təməli qoyuldu. Hazırda həmin tarixi
dövrü təhlil etdikdə onu sabitləşmə
dövrü kimi səciyyələndirmək olar. Məhz həmin
illərdə geriləmənin qarşısı alındı
və 1996-cı ildən etibarən dirçəliş
dövrü başlandı.
Ümummilli liderimiz haqqında söhbət açarkən
iş adamı olaraq diqqəti bir məqama da yönəltməyi
zəruri sayıram. Bu böyük şəxsiyyət yenidən
Azərbaycana hakimiyyətə qayıtdıqdan sonra
sahibkarlığın inkişafına xüsusi diqqət
yetirdi. Bunun üçün ilk növbədə özəl
bölmənin formalaşmasına, tərəqqisinə əlverişli
şəraitin yaradılması məqsədilə onun
hüquqi bazası hazırlanmalı idi. Ona görə də
ulu öndərin tövsiyəsi ilə bazar münasibətləri
əsasında iqtisadiyyatın inkişafına şərait
yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi
və rəqabət mexanizminin formalaşması, həmçinin
rəqabətin qorunması ilə bağlı bir sıra
qanunvericilik aktları hazırlanaraq qəbul edildi. Eyni zamanda,
sahibkarlığın inkişafı sahəsində 1993-1995 və
1997-2000-ci illəri əhatə edən iki dövlət
proqramının imzalanması da bu sahənin
formalaşmasına öz müsbət təsirini göstərdi,
kiçik və orta sahibkarlığın
inkişafını Azərbaycan dövlətinin iqtisadi siyasətinin
prioritet istiqamətlərindən birinə çevirdi.
Sözügedən dövlət proqramları çərçivəsində
iqtisadiyyatımızın və sahibkarlığın tənzimlənməsi
sahəsində əhəmiyyətli tədbirlər həyata
keçirildi, sahibkarlara dövlət maliyyə yardımı
sistemi formalaşdırıldı. Eyni zamanda, sahibkarlara zəruri
texniki yardım - məsləhət, informasiya və s. xidmətlər
göstərən strukturlar formalaşdırıldı. Sahibkarların
vergi yükünün azaldılması istiqamətində
dövlət səviyyəsində müəyyən tədbirlər
görüldü. Belə ki, mənfəət və əlavə
dəyər vergisi dərəcələri, məcburi
sığorta haqqı aşağı salındı,
kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi
tətbiq edilməyə başlanıldı.
Ümummilli liderimiz Heydər Əliyev 2002-ci ilin aprel-may
aylarında yerli və xarici iş adamları ilə
görüşlər keçirdi. Ulu öndərimiz yerli
sahibkarlarla görüşündə yekun nitqində dedi ki,
siz bilməlisiniz ki, biz lazım olan qayğını göstərəcəyik.
İnanıram ki, siz də sahibkarlıq xüsusiyyətlərini
daha da dərindən mənimsəyəcəksiniz, sağlam,
öz xalqına, vətəninə sədaqətlə xidmət
edən sahibkarlar kimi inkişaf edəcəksiniz. Bunlar
hamısı Azərbaycanda iqtisadiyyatın sürətlənməsini
təmin edəcəkdir... Bilin ki, Azərbaycan Prezidenti
bütün sahibkarların himayədarı və
dayağıdır.
Sahibkarlara dövlət qayğısının ən
yüksək səviyyədə bir daha təsdiqi olan bu
görüşlər və onların nəticəsi kimi
2002-ci ilin avqust-sentyabr aylarında imzalanmış çox
mühüm fərman və sərəncamlar ölkədə
sahibkarlığın inkişafında yeni bir mərhələnin
əsasını qoydu.
Ulu öndərimiz yaxşı bilirdi ki, ölkə
iqtisadiyyatının yenidən qurulması sahəsində
qarşıda duran vəzifələrin yerinə yetirilməsi
sahibkarlığın inkişafını sürətləndirməkdən,
ölkənin sosial-iqtisadi problemlərinin həllində onun
rolunu gücləndirməkdən və fəaliyyətini
iqtisadiyyatın inkişafı tələblərinə daha da
uyğunlaşdırmaqdan, bu istiqamətdə dövlət
köməyini genişləndirməkdən, regionlarda sahibkarlığın
inkişafı sahəsində mövcud potensialın
reallaşdırılmasından asılıdır. Ona görə
də ümummilli liderimizin 17 avqust 2002-ci il tarixli fərmanı
ilə imzaladığı "Azərbaycanda kiçik və
orta sahibkarlığın inkişafının Dövlət
Proqramı (2002-2005-ci illər)" bu istiqamətdə həyata
keçirilməli olan dövlət tədbirlərinin
sistemliliyinin təmin edilməsində mühüm rol oynayaraq,
ölkədə sahibkarlığın inkişafına
böyük təkan verdi. Xatırlatmaq yerinə düşər
ki, qəbul edilmiş həmin sənəd özəl bölmədə
ölkə iqtisadiyyatı potensialının daha səmərəli
reallaşdırılması baxımından struktur dəyişikliklərinin
həyata keçirilməsinə, sahibkarlığın
inkişafı mexanizmlərinin yaradılmasına yönəldilmişdi.
Ulu öndərimiz Heydər Əliyev
sahibkarlığın regional inkişafının sürətləndirilməsinə
xüsusi diqqət yetirirdi. Məhz yuxarıda adı çəkilən
Dövlət Proqramı da sahibkarlığın
inkişafının prioritet istiqamətinin reallaşması
baxımından kompleks tədbirləri əhatə edirdi. Həmin
proqram çərçivəsində nəzərdə
tutulan müddətdə ölkə regionlarının
investisiya xəritələri hazırlandı, regional təşviq
mexanizmləri müəyyənləşdirildi və
reallaşdırıldı. Bundan başqa, regional infrastrukturun
yaradılması və inkişafı istiqamətində bir
sıra ciddi tədbirlər həyata keçirildi ki, bunun da nəticəsində
yerlərdə özəl bölmənin inkişafı
sürətləndi, sahibkarlıq üçün əlverişli
şərait yarandı.
Ulu öndərimizin özəl bölmədə diqqət
yetirdiyi məsələlərdən biri də
sahibkarlığa maliyyə dəstəyinin gücləndirilməsi
idi. Bu məqsədlə 27 avqust 2002-ci il tarixdə "Azərbaycan
Respublikasının Sahibkarlığa Kömək Milli Fondu
haqqında Əsasnamənin təsdiq edilməsi barədə"
fərman imzaladı. Bu fərman dövlət büdcəsi vəsaiti
hesabına kiçik və orta sahibkarların etibarlı maliyyə
müdafiəsi sistemi yaradılmasını
reallaşdırdı. Adı çəkilən sənədin
icrası nəticəsində, eyni zamanda, investisiya layihələrinin
güzəştli şərtlərlə maliyyələşdirilməsi
mexanizmi təkmilləşdirildi.
Sahibkarlığa maliyyə dəstəyinin gücləndirilməsindən
danışarkən bir məqamı da xatırlatmaq istərdim.
Ümummilli liderimizin "Azərbaycan Respublikasında
sahibkarlığın inkişafına dövlət himayəsi
sahəsində əlavə tədbirlər haqqında" 10
sentyabr 2002-ci il tarixli fərmanı ilə dövlət
büdcəsindən sahibkarlığın inkişafına
ayrılan vəsaitin həcmi artırıldı, ipoteka və
girov mexanizmləri təkmilləşdirildi, girov qoyulan əmlakın
bazası genişləndirildi.
O illərdə sahibkarlığın dövlət tənzimlənməsinə də xüsusi fikir verilirdi. Kiçik və orta sahibkarlıq subyektlərinin müəyyən edilməsi meyarlarının təkmilləşdirilməsi ilə əlaqədar müvafiq normativ-hüquqi sənədlər hazırlandı. Bununla da sahibkarlıq sektoruna dövlət köməyinin ünvanlılığı daha da artırıldı. Kiçik sahibkarlıq subyektləri üçün səmərəli vergi sisteminin formalaşdırılması məqsədilə sadələşdirilmiş sistem üzrə verginin tətbiqi təcrübəsi geniş təhlil olundu və bu sistem təkmilləşdirildi. Həmin dəyişikliklər sadələşdirilmiş sistem üzrə vergi ödəyicilərinin bazasının genişlənməsinə, regionlarda kiçik sahibkarlığın inkişafının stimullaşdırılmasına müsbət təsir göstərdi.
"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" ulu öndərimizin 2002-ci il 2 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş sənədlərlə ölkədəki mövcud lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirildi, lisenziyanın müddəti 2 ildən 5 ilə qədər uzadıldı.
Yeni lisenziyalaşdırma sisteminin tətbiqi, şübhəsiz ki, azad rəqabətin inkişafına, istehsal olunan məhsulun və göstərilən xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb oldu. Bu sistemin tətbiqi məqsədilə fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər hazırlandı və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edildi. Tələb olunan əlavə sənədlərin sayı minimuma endirildi və lisenziyalaşdırma sistemində şəffaf mexanizmin yaradılması təmin edildi. Bununla yanaşı, xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edildi. Bu sənəddə kütləvi xarakter daşıyan fəaliyyət növləri üzrə dövlət rüsumunun məbləği minimal həddə müəyyənləşdirildi.
Sahibkarlığın hüquqlarının müdafiəsi və dövlət-sahibkar münasibətlərinin inkişafı o dövrdə günümüzün reallığına çevrilmişdi. "Azərbaycan Respublikası Prezidentinin yanında Sahibkarlar Şurasının yaradılması haqqında" Azərbaycan Prezidentinin 27 avqust 2002-ci il tarixli fərmanının icrası ilə əlaqədar yaradılan Sahibkarlar Şurası ölkədə sahibkarlığın inkişafında, bu sahədə dövlət qayğısının artırılmasında, mövcud problemlərin vaxtaşırı təhlil edilərək müvafiq tədbirlərin görülməsində böyük rol oynamışdır.
Ulu öndərimizin "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" 28 sentyabr 2002-ci il tarixli fərmanı ölkədə sahibkarların hüquqlarının qorunması sahəsində xüsusi əhəmiyyət kəsb etmişdir. "Yoxlama və nəzarət funksiyalarını həyata keçirən dövlət orqanları ilə sahibkarlıq subyektləri arasında partnyorluq sazişinin nümunəvi forması" hazırlanaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmişdir. Bu sənəd sahibkarlarla dövlət tənzimləmə və nəzarət orqanları arasında sıx əməkdaşlığı, anlaşma münasibətlərinin qurulması istiqamətlərini müəyyənləşdirmişdir...
...Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi-sosial siyasət artıq yeddinci ildir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ümummilli liderimiz kimi möhtərəm İlham Əliyevin də ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, özəl bölmənin, sahibkarlığın inkişafı sosial-iqtisadi sistemin inkişafında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır. Sahibkarlığın inkişafı cəmiyyətdə kəskin təbəqələşmənin qarşısını alır, inkişaf prosesində harmoniya yaradır.
Azərbaycanda sahibkarlığın inkişafına göstərilən qayğını mən bir iş adamı, sahibkar kimi həm ulu öndərimizin vaxtında, həm də indi açıq-aydın hiss edirəm. Məhz rəhbəri olduğum "Bərdə-Çörək" Açıq Səhmdar Cəmiyyətinin hazırkı səviyyəyə çıxması, böyük uğurlar qazanması bu diqqətin bariz ifadəsidir. Sahibkarlığa yaradılan əlverişli şəraitin məntiqi nəticəsidir ki, müəssisəmiz yüksək istehsal və keyfiyyət göstəricilərinə görə respublikada nüfuz qazanıb. Burada reallaşdırılan texnoloji islahatlar öz bəhrəsini verib: məhsul keyfiyyətinə görə alıcılarda böyük razılıq hissi yaradıb.
Bu gün ulu öndərin ölməz ideyaları inkişafımızın yoluna işıq salır, ölkəmiz bu ideyalardan bəhrələnərək uğurlu sabaha doğru inamla irəliləyir.
Məhərrəm
SƏFİYEV,
iqtisad
elmləri üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2010.-
13 iyun.- S. 6.