Xalqı fırtına və təlatümlərdən çıxaran lider

 

    Bugünkü Azərbaycan Heydər Əliyevin açdığı yolla inamla irəliləyir

 

    Tanrı ondan heç nəyi əsirgəməmişdi, o da öz xalqından heç bir imkanını əsirgəmədi. Ulu yaradan ona insan üçün lazım olan savad, bilik, istedad, peşəkarlıq, səriştə, qətiyyət, mətanət kimi bütün müsbət keyfiyyətləri, üstəlik liderlik məharətini və öndər müdrikliyini bəxş etmişdi. O isə ömrünün bütün dövrlərində xalqa xidmət etməyin nümunəsini yaradaraq Azərbaycan Respublikasına güclü iqtisadiyyat, firavan həyat, gələcəyimizi qura biləcək yüz minlərlə savadlılar ordusu, müdafiə qüdrəti, güclü dövlət, xalqın öz sabahına inamını, möhtəşəm siyasi birlik nümunəsi olan partiya və nəhayət... özündən sonra ölkəmizi böyük uğurla idarə edə biləcək lider bəxş etmişdir. Bu yazıda xalqımızın XX əsrin sonlarında düşdüyü fırtına və təlatümlərə böyük mərdanəliklə qalib gəlmiş, dünyanın yeni xəritəsində qüdrətli bir dövlət formalaşdırmış Böyük Azərbaycanlı Heydər Əliyevin həmin keyfiyyətlərindən qısa da olsa söz açmağa çalışacağıq.

 

    Heydər Əliyev. Bu gün dünyanın elə bir guşəsi yoxdur ki, orada Azərbaycan sözü işlədiləndə öncə Heydər Əliyev ad-soyadı yada düşməsin. Bu möhtəşəm ənənənin təməli 70-ci illərin əvvəllərində qoyulmuşdu. Heydər Əliyev ölkəmizə birinci dəfə rəhbərlik etməyə başladığı həmin illərdə Azərbaycan SSRİ məkanında geridə qalmış, kənd təsərrüfatı ölkəsi kimi tanınırdı. Halbuki respublikamızın iqtisadi potensialı, xüsusən, təbii sərvətləri Azərbaycanın ən imkanlı, inkişaf etmiş respublika kimi önə çıxmasını təmin edə bilərdi. 1969-cu ilin məşhur 14 iyul tarixli plenumundan sonra respublikamız tədricən nəinki SSRİ miqyasında, hətta, bütün dünyada elmi-texniki və sosial-iqtisadi baxımdan iti sürətlə inkişaf edən ölkə imici qazanmağa başladı. Uzun illərdən bəri arzu edilənləri həyat həqiqətlərinə çevirmək üçün işləmək lazım idi. Ancaq Heydər Əliyevdən əvvəlki rəhbərlərin işlədiyi kimi yox, məhz Heydər Əliyev prinsipiallığı, təşəbbüskarlığı, təşkilatçılığı və səriştəsi ilə işləmək lazım idi. Çox yaxşı bir haldır ki, ulu öndərin həmin idarəçilik prinsipləri artıq bir dövlətçilik məktəbi kimi, siyasi akademiya kimi formalaşmışdır. Həmin məktəbin ən mükəmməl məzununun isə yuxarıda qeyd etdiyimiz kimi bilavasitə ulu öndərin öz ailəsində yetişməsi də tam təbii, tamamilə qanunauyğun bir hal idi. Çünki gənc müstəqil Azərbaycanı ulu öndərdən sonra məhz onun siyasi varisi idarə edə bilərdi. Necə ki, idarə edir.

    Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-82-ci illəri heç zaman görünməyən bir sosial-iqtisadi və elmi-texniki inkişaf dövrü adlandırırıq. Konkret faktlara müraciət etməyəcəyik. Ancaq həmin illərdə Azərbaycan iqtisadiyyatının əvvəlki 50 ildəkindən çox inkişaf etdiyini, gələcək müstəqil Azərbaycan dövləti üçün həm maddi-texniki baza, həm də kadr baxımından böyük hazırlıq işləri aparıldığını mütləq yada salmalıyıq. Azərbaycan təhsilinin, səhiyyəsinin, mədəniyyətinin və digər sahələrin inkişafını da həmçinin. Ulu öndərin ömrünün Moskva illəri - 1982-87-ci illər isə onun təkcə öz xalqına deyil, bütün türk xalqlarına xidməti ilə müşahidə edilirdi. Məhz o səbəbdən də türk düşməni olan Mixail Qorbaçov Heydər Əliyevlə bir yerdə işləyə bilməzdi. Halbuki, onun özü dəfələrlə Heydər Əliyevin böyük siyasətçi olduğunu etiraf etmiş, fəqət ulu öndərin türkçülük, azərbaycançılıq təəssübkeşliyi ilə heç zaman barışa bilməmişdi.

    Ulu öndərin Moskvada tutduğu bütün vəzifələrdən kənarlaşmasından sonrakı həyatı da hər bir azərbaycanlı üçün böyük örnək idi, məktəb idi. Sonralar qəzetlər yazırdılar ki, xəstəliyinə görə bütün vəzifələrdən istefa vermiş Heydər Əliyevin üzləşdiyi təzyiq və təsirlərə o zamankı SSRİ rəhbərlərinin heç biri dözə bilməzdi. Heydər Əliyev isə həmin təzyiqlərə nəinki dözdü, hətta, Kremlin qurduğu siyasi labirintlərdən məhz siyasət qəhrəmanı kimi, dahi siyasətçi kimi şanlı qələbə ilə çıxdı və xalqına qurtuluş gətirmək üçün Azərbaycana üz tutdu. Ancaq Azərbaycanda onun üzərinə düşən ilk və həddən artıq ağır missiya Naxçıvan Muxtar Respublikasının məşəqqətlərdən və məhrumiyyətlərdən xilas edilməsi idi. Həmin dövrün ictimai-siyasi proseslərini tədqiq edən tarixçilər yazırlar ki, Heydər Əliyevin Naxçıvana qayıdışı ilk növbədə bu qədim türk diyarının ermənilər tərəfindən işğalının qarşısını aldı. Akademik Yaqub Mahmudov yazır ki, Heydər Əliyevin siyasi fəaliyyətinin ən çətin, ən ağır, eyni zamanda ən səmərəli dövrlərindən biri də məhz onun Naxçıvana rəhbərlik etdiyi dövr olmuşdur. Həmin dövrdə SSRİ silahlı qüvvələrinin Naxçıvandakı hissələri Muxtar Respublikadan çıxarılmış, düşmənə layiqli cavab verilmiş, üç rəngli bayrağımız ilk dəfə olaraq dövlət bayrağı kimi qaldırılmış, Muxtar Respublika rəhbərliyinin adındakı Ali Sovet sözü Ali Məclis ifadəsi ilə əvəz edilmiş, Sovet Sosialist Respublikası ifadəsi isə birdəfəlik ləğv edilmişdi. Bütün bunlara nail olan Heydər Əliyev nəinki xaricdən, hətta Bakıdan da müxtəlif təzyiqlər görürdü. Ulu öndər həmin təzyiqlərə cavab verməklə yanaşı Türkiyə və İrandakı şəxsi nüfuzundan istifadə edərək muxtar respublikanın enerji təchizatını və ərzaq təminatını həll edirdi. Ən başlıcası isə yuxarıda qeyd etdiyimiz kimi Muxtar Respublikanın işğalının qarşısı alınmışdı.

    Ümummilli liderimizin Naxçıvanda olduğu dövrdə yaradılmış Yeni Azərbaycan Partiyası, həmin partiyanın müstəqilliyimizin əbədiləşdirilməsi, dövlətimizin möhkəmləndirilməsi və xalqın sosial-rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi çoxsaylı tədbirlər barədə dəfələrlə yazılmış və söylənilmişdir. Elə ulu öndərin möhtəşəm Qayıdışı və xalqa Qurtuluş gətirməsi barədə də az yazılmayıb. Ən başlıcası o idi ki, 1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyi növbəti dəfə əldən gedə bilərdi və ölkədə vətəndaş müharibəsi baş qaldıra bilərdi. Heydər Əliyev həmin bəd proqnozların hər ikisini yalan etdi. Müstəqilliyimiz ədəbilik qazandı, vətəndaş müharibəsi törətmək istəyənlər xalqın milli birliyinin şahidinə çevrildilər. Bu barədə də kifayət qədər yazıldığına görə biz ulu öndərin dünya miqyaslı şöhrətini təsdiq edən başqa bir məqama diqqət yetirmək istəyirik.

    1996-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində 9 dildə çıxan "Planetin səsi" qəzetinin bir sayında (¹21) maraqlı material verilirdi. Kütləvi informasiya vasitələrinin təmsilçilərinin simpoziumunda iştirak edən çoxsaylı jurnalistlərdən 9-na belə bir sual verilir: "Dünyanın hansı üç supersiyasətçisinin adını çəkə bilərsiniz?" Fransa, Rusiya, Almaniya, Türkiyə və ABŞ jurnalisti ilə yanaşı...Ermənistan jurnalisti də Heydər Əliyevin adını çəkir (sual verənlər arasında Azərbaycan jurnalisti olmayıb). Maraqlı məqam odur ki, fransız jurnalist Jak Şirak, Fidel Kastro və Heydər Əliyevi, amerikalı jurnalist Corc Buş, Heydər Əliyev və Marqaret Tetçeri, erməni qələm sahibi isə Bill Kliniton, Heydər Əliyev və Boris Yeltsini super siyasətçi hesab edir. Yəni erməni siyasətçiləri arasında bu ada layiq görülən kimsə tapılmır. Nəticədə 9 jurnalistin hərəsi üç siyasətçinin adını çəkir və ... 27 ad içərisində Heydər Əliyevin adı 6 dəfə, Marqaret Tetçer və Boris Yeltsinin adı 3 dəfə, Helmut Kol və Süleyman Dəmirəlin adı 2 dəfə çəkilir.

    Bu, o zaman idi ki, Heydər Əliyev aclıq, məhrumiyyətlər, xaos və anarxiya, siyasi böhran, hərbi başıpozuqluq, cinayətkarlıq, terror, təxribat içərisində boğulan Azərbaycanı cəmi üç ildə həmin bəlalardan xilas etmiş, sosial-iqtisadi inkişaf relsinə salmışdı. Bu, o dövr idi ki, Heydər Əliyev nəinki Avropanı, hətta, bütün dünyanı heyrətləndirən mükəmməl bir Konstitusiyanın qəbul edilməsinə nail olmuş, dünya dövlətlərinin Azərbaycana olan marağını birə on qat artırmışdı. Azərbaycanı yaxşı tanıyan, burada bir çox siyasi qüvvələrin maraqlarının toqquşduğunu yaxşı bilən ekspertlər belə düşünürdülər ki, bu Qafqaz Respublikası siyasi böhrandan və iqtisadi tənəzzüldən heç zaman xilas ola bilməyəcək. Ancaq Heydər Əliyev mümkün hesab edilməyən hər şeyi mümkün edən siyasət dahisi idi.

    ...Bu gün Azərbaycan xalqı növbəti dəfə Qurtuluş bayramını qeyd edir. Bu bayram respublikamızın bütün dünyada qüdrətli dövlət imici qazandığı günlərə təsadüf edir. Bu gün Azərbaycan Qurtuluş bayramını Prezident İlham Əliyevin dünya siyasətçiləri arasında özünəməxsus liderlik keyfiyyəti ilə seçildiyi dövrdə qeyd edir. Azərbaycan artıq məhz Heydər Əliyevin istədiyi, arzu etdiyi respublika səviyyəsinə qalxmışdır.

 

 

    Əyyub ƏYYUBOV,

    iqtisad elmləri doktoru,

    professor

 

   Xalq qəzeti.- 2010.- 13 iyun.- S. 7.