Heydər Əliyevin
hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz
xilas edildi
Xalqımızın
ümummilli lideri, Azərbaycan dövlətinin
yaradıcısı və qurucusu, dünyanın ən
nüfuzlu siyasi xadimlərindən biri Heydər Əliyevin
xatirəsi ölkə idmançılarının da qəlbində
həmişə yaşayacaqdır. Ulu öndər Heydər Əliyev
Azərbaycanda müstəqil dövlət quruculuğunun memari
idi. Azərbaycan xalqının hər bir nümayəndəsi
bu böyük insanı ölkənin milli təhlükəsizliyinin
və sosial-iqtisadi rifahının təminatçısı
kimi qəbul edirdi.
XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcədə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. Çünki tarixdə onun Heydər Əliyev kimi dühası, müdrik rəhbəri var idi. Heydər Əliyev XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınan və qəbul edilən bir şəxsiyyət idi. Heydər Əliyev 34 illik çoxcəhətli fəaliyyəti və müdrik rəhbərliyi ilə Azərbaycan xalqının tarixində böyük rol oynamış, ümummilli lider statusunu qazanmışdır. Onun möhkəm iradəsi, hər şeyə nüfuzetmə qabiliyyəti, qibtə doğuracaq hafizəsi hamını heyran edirdi. Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada tanınmağa başladı. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı da xalqımıza, Azərbaycana müstəsna uğurlar gətirib.
Azərbaycan tarixində fərəhli, şərəfli günlər çoxdur. Ancaq bunların içərisində müstəqillik bayramı xüsusi yer tutur. XX əsrdə xalqımız iki dəfə özünün müstəqil dövlətini yaratmağa müvəffəq olmuşdur. Ancaq 1918-20-ci illərdəki müstəqilliyi qoruyub saxlaya bilmədik. Bu hadisələrin nəticəsi tarixdən hamımıza yaxşı məlumdur. Çox da uzaq olmayan tariximiz - 1988-1990-cı illər də yaxşı yadımızdadır. Belə ki, ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq tələbləri, bunun ardınca məlum Sumqayıt hadisələri, hegemonluğunu itirmək istəməyən imperiyanın Bakıda törətdiyi Qanlı Yanvar hadisələri, eyni zamanda Azərbaycanın o zamankı səriştəsiz rəhbərlərinin yeritdikləri bəsit siyasət ucbatından torpaqlarımızın bir qismi itirildi. Müstəqillik zərurəti də məhz belə bir şəraitdə yarandı. Məlum olduğu kimi, bugünkü müstəqilliyimiz asanlıqla qazanılmamışdır. O, Azərbaycanın mərd oğul və qızlarının qanı bahasına əldə edilmişdir.
1991-ci ilin oktyabrında Azərbaycan özünün itirilmiş müstəqilliyini yenidən bərpa etdi. Bu, çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Biz yenidən bir çox xalqlar kimi azad və müstəqillik şəraitində yaşamaq, müstəqil dövlətimizi yaratmaq imkanı əldə etdik. Dünya dövlətləri sırasına çıxmaq, Azərbaycanın adını, Azərbaycan dövlətini dünyaya tanıtmaq imkanı qazandıq. Lakin təəssüflər olsun ki, uzun illər həsrətində olduğumuz müstəqilliyin ilk illərində ağır, məşəqqətli günlərlə rastlaşdıq. 1991-1993-cü illərdə çox böyük çətinliklər, bəlalarla üz-üzə dayandıq. Qarışıqlıq, anarxiya, xaos, hətta müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdik. Hətta, 1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi yarandı. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın dünyanın xəritəsindən silinmək təhlükəsi meydana çıxdı. Bu zaman ölkənin güclü bir liderə ehtiyacı yarandı. Böyük çaşqınlıqlar içərisində qalan xalq hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər.
Beləliklə, Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi.
İndi həmin vaxtdan 17 il
keçir. Heydər Əliyev hakimiyyətə
qayıtmasaydı, 1991-cı ildən yenidən bərpa
edilmiş müstəqilliyimizin tarixi elə 1993-cü ildə
başa çatmış olacaqdı. Çox
güman ki, biz bu gün çətinliklə əldə
oluunmuş müstəqilliyimizin on yeddi illiyini qeyd edə bilməyəcəkdik.
Bəli, Azərbaycanı parçalanma və
məhvolma təhlükəsindən xilas edə biləcək
yeganə bir şəxsiyyət Heydər Əliyev idi. Elə buna görə də Heydər Əliyev
xalqın qəti iradəsi ilə, demokratik və qanuni yolla
yenidən ölkə rəhbərliyinə qayıtdı.
Təsadüfi deyil ki, tale özü Azərbaycanı
yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq
kimi çətin və şərəfli bir missiyanı məhz
Heydər Əliyevə həvalə etdi. Bununla
da illərlə davam edən siyasi hakimiyyət böhranı,
anarxiya və özbaşınalığa son qoyuldu. Azərbaycanda yeni tarixi mərhələ - dövlət
müstəqilliyinin möhkəmləndirilməsi
dövrü başlandı.
Ümummilli lider Heydər Əliyevin müdrik
daxili və xarici siyasəti nəticəsində hüquqi
demokratik dövlət quruculuğu, Milli Ordunun
formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın
nüfuzunun yüksəldilməsi sahəsində böyük
işlər görülmüşdür. Ulu
öndərimiz Heydər Əliyev dünyanın bir çox
aparıcı dövlətlərinin rəhbərləri,
nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar
dairələrlə yüksək səviyyəli rəsmi
görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini,
dövlətimizin mövqeyini dünyaya
çatdırmış, bununla da ölkəmizə diqqət
və maraq güclənmişdir. Siyasi-iqtisadi əlaqələrimiz
genişlənmiş, mühüm müqavilə və
sazişlər imzalanmışdır...
Qarabağ münaqişəsinin dinc yolla
nizama salınması, işğal edilmiş
torpaqlarımızın azad olunması istiqamətində
ardıcıl, fəal xarici siyasət yürüdülməyə
başlandı. Ölkənin iqtisadi həyatında
mühüm dəyişikliklər baş verdi
- aqrar islahatlar aparıldı, eyni zamanda özəlləşdirməyə
başlanıldı. Azərbaycanın iqtisadi
potensialını hərəkətə gətirmək, maliyyə
sistemini yenidən qurmaq sahəsində ciddi addımlar
atıldı.
Ulu öndərimizin yenidən hakimiyyətə
qayıdışından sonra dövlət çevrilişinə
cəhdlər oldu. Lakin bu dahi şəxsiyyətin
işıqlı dühası, zəngin siyasi təcrübəsi,
xalqa möhkəm bağlılığı, nüfuzu, ən
gərgin və həlledici anlarda vəziyyəti real qiymətləndirmək
bacarığı və qətiyyəti sayəsində həmin
cəhdlərin qarşısı qətiyyətlə
alındı. Dövlət
çevrilişinə cəhd göstərən qüvvələr
bir həqiqəti unutmuşdular. Bu da xalq
amili idi. 1994-cü ilin oktyabr və 1995-ci
ilin mart hadisələrində xalqımız dövlətçilik
prinsiplərinə sədaqətini, iqtidarın
yürütdüyü xarici və daxili siyasəti dəstəklədiyini
yekdilliklə nümayiş etdirdi.
Xalqımızın ümummilli lideri Heydər
Əliyev bu hadisələr zamanı müstəsna
dözüm, mətanət və siyasi müdriklik göstərdi,
xalq iradəsinin təmsilçisi, dövlət təhlükəsizliyinin
yeganə təminatçısı olduğunu bir daha sübut
etdi. Düşmənin məkrli planı,
Azərbaycanı daxildən parçalamaq niyyəti dövlət
başçısının siyasi uzaqgörənliyi, qətiyyəti
və sarsılmaz iradəsi ilə puça
çıxdı.
Ulu öndər Heydər Əliyevin
müdrik siyasəti ilə xalqımız dünyada təklənmək
təhlükəsindən xilas olmuşdur. Bir fakta diqqət yetirək. Dahi
şəxsiyyətin Lissabon sammiti zamanı göstərdiyi
müdriklik xalqımızın tarixinə qızıl hərflərlə
yazılmışdır. Bu bir həqiqətdir
ki, neçə illərdən bəri Ermənistan
havadarları ilə birlikdə dünya diplomatiyası sahəsində
Azərbaycanın düşmən obrazını
yaratmışdı. Ölkəmiz siyasət
aləmində tənha qalmışdı. Dost xalqlar da bizim haqq sözümüzü deməkdə
çətinlik çəkirdilər. Hər
yerdə Azərbaycan günahkar hesab edilirdi. Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi
dünya siyasətində Azərbaycan haqqında
yaranmış qeyri - obyektiv münasibəti və
baxışları alt-üst etdi. Onun
uzaqgörən siyasəti addım-addım Avropaya pəncərə
açdı, BMT-nin yüksək kürsüsündən
dünyaya yayıldı. Azərbaycanın
haqq sözünü deyənlərin sayı artdı. Lissabon
sammiti məhz bu haqq və ədalətin təntənəsi
idi: 52 dövlət Azərbaycanı müdafiə etdi. Bu,
böyük qələbə idi... Belə
faktların sayı istənilən qədərdir.
Bəli, xalqına arxalanan, amalı
xalqına xidmət olan, xalq üçün quran, yaradan
insanlar xoşbəxt insanlardır. Onlar
millətin taleyini təyin etmək məsuliyyətinin nə
demək olduğunu anlayır, bu məsuliyyəti ləyaqətlə
daşıyır, həyatda xoşbəxtliyi ancaq gələcək
nəsillərin şərəfi, varlığı və
rahatlığı üçün çalışmaqda
görürlər. Bu cür insanlar tək-tək
olur, bəlkə də yüz ildə bir dəfə
dünyaya gəlirlər. Amma ən çətin,
böhranlı anlarında, xalq "olum ya ölüm"
dilemması qarşısında qalanda gəlir və müqəddəs
xilaskarlıq missiyasını həyata keçirirlər,
öz həyatlarını millətə xidmətə həsr
edirlər. Millətlə birlikdə
özləri də yüksəlirlər, millətlə birlikdə
onları da bütün dünya tanıyır, şöhrəti
aləmə yayılır. Heydər Əliyev kimi...
Dilqəm QULİYEV,
Azərbaycan Dövlət
Bədən Tərbiyəsi və
İdman
Akademiyasının prorektoru, professor
Xalq qəzeti.- 2010.-
13 iyun.- S. 8.