Azərbaycanın dövlət müstəqilliyi bizim
tarixi nailiyyətimizdir
Azərbaycan Respublikası Milli Məclisinin hüquq siyasəti
və dövlət quruculuğu komitəsi, Suraxanı Rayon
İcra Hakimiyyəti və Suraxanı rayonu Heydər Əliyev
Mərkəzinin birgə təşkilatçılığı
ilə Milli Qurtuluş Gününə həsr olunmuş
silsilə tədbirlərin davamı olaraq "15 iyun - Azərbaycanın
dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir"
mövzusunda konfrans keçirilmişdir.
Konfransdan əvvəl ulu öndərin rayondakı Heydər Əliyev parkında ucalan abidəsi ziyarət edilmiş və önünə gül dəstələri qoyulmuşdur. Daha sonra konfrans iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olmuş və Mərkəzin sifarişi ilə hazırlanmış "Millət atası" filminə baxmışlar.
Heydər Əliyev Mərkəzinin elektron lektoriya zalında keçirilən konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, xalqın ən ağır günlərində - 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyətlə Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə, ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuşdur.Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir.Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevdir.
Konfransda məruzə ilə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov xüsusi vurğulamışdır ki, ölkədə ilk dəfə olaraq qanunverici və icra orqanlarının belə bir formatda tədbir keçirməsi təqdirəlayiq haldır.Ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği məqsədi ilə yaradılan Suraxanı rayonu Heydər Əliyev Mərkəzi Heydər Əliyev siyasətinə, Heydər Əliyevə olan məhəbbətin bariz nümunəsidir. Daha sonra çıxışına davam edən natiq qeyd etmişdir ki, Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun dövlətçiliyimizin xilas günü olmaqla yanaşı, həm də Azərbaycanın gələcəyini müəyyənləşdirdi.
Natiq, eyni zamanda bildirmişdir ki, ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi onun sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. Bu gün Heydər Əliyev ömrünün mənalı, əzəmətli tarixi olduğu kimi, həm də Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin rəmzi təcəssümüdür.
Heydər Əliyev dağılmaqda olan, parçalanan, yox olmaq təhlükəsinin bir addımlığında dayanan Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etmiş, dünyada söz və nüfuz sahibi, sabit, inkişaf edən Azərbaycan yaratmışdır. Konfransda çıxış edən Milli Məclisin deputatları Musa Quliyev, Fəzail Ağamalıyev, Rafael Cəbrayılov, Azay Quliyev qeyd etmişlər ki, Azərbaycan xalqının ümummilli lderi, ulu öndər Heydər Əliyev xalqın ən ağır dövründə xilaskarlıq missiyasını öz üzərinə götürərək müdrikliklə yerinə yetirmişdir.Milli dövlətçiliyin qorunub saxlanması, möhkəmlənməsi, dünya birliyində öz layiqli yerini tutması, ən əsası isə xalqa xidmət missiyasını həyata keçirməsi ulu öndərin fəaliyyətində prioritet istiqamət olmuşdur.Natiqlər 15 iyun gününün Azərbaycan xalqının tarixində dönüş günü olduğunu diqqətə çatdırmışlar.
Konfransın işini yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov xüsusi vurğulamışdır ki, ümummilli liderimiz Heydər Əliyevin görmək istədiyi Azərbaycan bu gün reallığa çevrilib və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında böyük Heydər Əliyev yolu ilə inamla daha yüksək inkişafa doğru addımlayır. Azərbaycan regionun lider dövlətinə çevrilmişdir.
Bu gün hər bir azərbaycanlı Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etməkdə olan Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur və ümummilli liderə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməkdə görür.
Qürur hissi ilə söyləmək istəyirəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ulu öndərimizin "Azad, sərbəst, demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcəkdir" arzusu tam reallığa çevrilir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.-
17 iyun.- S. 5.